Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-909/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində "xxxx" MMC göstərilməklə sərəncamın iddiaçının xüsusi mülkiyyətində olan evə aid hissəsində etibarsız hesab edilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4979/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq cavabdehin 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının ünvan 1 ünvanda yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4979/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsiə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materaillarında olan sərəncamdan görünür ki, sərəncamın aid edildiyi ərazi onlara məxsus və mülkiyyətlərində olan torpaq və fərdi yaşayış evi əhatə edir. Sərəncamda göstərilmiş ərazinin hüdudları daxilində yerləşir. Həmin Sərəncamda bir-bir həmin ərazidə yerləşən vətəndaşların adlarının və ya ünvanlarının yazılmaması o demək deyil ki, həmin sərəncam onların hüquqlarını pozmur. Həmin Sərəncamda göstərilən ərazinin daxilinə onlara məxsus evin yerləşdiyi Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşiarı küçəsi ev 33-ü də əhatə edir. Məhz buna görə MTK həmin sərəncama istina edərək onlara qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Laki bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin ünvanın sərəncamla əhatə edilib edilməməsini məüyyənləşdirmək üçün yerli baxış və ya ekspertiza keçirməmişdir. Yalnız formal olaraq inzibati aktın onlara aid olmadığını qeyd etmişdir. Hakimin gəldiyi nəticə onun əsaslandırması ilə heç də uyğun deyil. Belə ki, əgər hakim hesab edirdisə ki, inzibati akt onlara aid deyil, o zaman iddianı rədd etməli deyil, subyektiv hüquqlarının pozulmadığı üçün iddia mümkünsüz sayılmalı idi. Hakim eyni zamanda iş materialları ilə iddia ərizəsində göstərilən yaşayış evinin qəzalı, və ya şəhərin ümumi görünüşünə xələl gətirən bir yaşayış evi olması, yəni sərəncamın təsir dairəsinə düşə biləcəyi barədə sübut olmadığının qeyd etmişdir. Əgər belə idisə, onda hakim iddianı təmin etməli idi və sərəncamın ona aid hissəsini etibarsız saymalı və ya iddianı mümkünsüz hesab etməli di. Yenə də hakim səhv nəticəyə gələrək, iddianı rədd etmişdir. Evin qəzalı olmaması qənaitinə gələn hakimi necə olur ki, iddianı təmin etmir. Əgər hakimi hesab edirdisə ki, ev yararlı olduğu üçün sərəncamın təsir dairəsinə düşmür, onda yenə iddanın mümkünsüz hesab etməli idi. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin qanunsuz və əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçılar Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının ünvan 1 ünvanda yerləşən İddiaçı1 Məmməd oğlunun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid hissədə etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMCnin istifadəsinə verilmiş, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, müvafiq qanunvericiliyə əsasən sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsinin və sakinlərin köçürülməsi "xxxx" MMC tərəfindən həll edilməli olur. Göründüyü kimi mübahisələndirilən Sərəncamla Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli, Novruzov qardaşları küçəsinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız, şəhərin və ərazinin görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir binalar tikilməsi üçün torpaq sahəsi MMC-nin istifadəsinə verilmişdir. İddia ərizəsindən və tərəfin məhkəmə iclasınakı izahatına əsasən sərəncamın təsir dairəsində olan İddiaçı1 Məmməd oğlunun xüsusi mülkiyyətində olan ev şəhərin və ərazinin görünüşünə xələl gətirən və yaşayış ücün yararsız olan ev deyildir. Kollegiyanın qənaətinə görə sərəncamda qeyd edilən Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli, Novruzov qardaşları küçəsinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız, şəhərin və ərazinin görünüşünə xələl gətirən köhnə tipli tikililər olması nə iddiacıların, nə də ücüncü şəxslərin dəyərləndirilməsi ilə deyil, müvafiq icra orqanlarının rəyləri ilə müyyən oluna bilər. Belə bir rəy mövcudluğu iş materiallarından müəyyən olunmur. Kollegiya qeyd edir ki, mübahisələndirilən sərəncamın iddiaçıların hüquqlarını pozma ehtimalı o halda ola bilərdi ki, iddiaçıların yaşadığı ev yaşayış üçün yararsız, şəhərin və ərazinin görünüşünə xələl gətirən köhnə tipli tikili olmasın, həm də qeyd edilən keyfiyyətlərə malik olmadığı halda sökülməsi sərəncamda birbaşa nəzərdə tutulsun. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, “sərəncamda məhz X1 mülkiyyətində olan əmlakla və İddiaçı2 yaşadığı əmlaklar ilə bağlı heç bir göstəriş verilməmiş, inzibati qərar qəbul edilməmişdir”........... Eyni zamanda, istisna deyil ki, sərəncamdan irəli gələn hüquqlarını həyata kecirilməsi, yəni ərazinin planlaşdırılması, insanların sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə təmin edilməsi məqsədilə tikinti aparılması "xxxx" MMC tərəfindən iddiacının mülkiyyətində olan evin qarşılıqlı razılıq əsasında alınmasını da zəruri etsin. Belə bir zərurət yarandığı halda, mübahisələndirilən sərəncam ücüncü şəxsə belə bir razılaşmanın aparılması imkanını yaradır. İddiacılar da iddia ərizələrində xüsusi mülkiyyətlərində olan fərdi yaşaış evinin yalnız qarşılıqlı razılıq əsasında alınmasının mümkünlüyünü vurğulamışlar. Belə olan halda, iddiacı İddiaçı1 Məmməd oğluna aid evin də sərəncamın əhatə etdiyi əraziyə düşməsi onların mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilməz. Çünki, mübahisələndirilən sərəncamın məzmunundan aydın olur ki, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşaış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı prinsipləri cərcivəsində "xxxx" MMC, yalnız iddiacı ilə razılıq əldə edərək müqavilə bağladıqdan sonra həmin sərəncamdan irəli gələn hüquqlarını həyata kecirə bilər. Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır (Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§118 və 180)). "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir.Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş; Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalı olduğu bildirilmişdir. Qeyd olunmalıdır ki, hazırkı halda sərəncamın iddiacıya aid hissədə ləğv edilməsi nəzəri və xəyali hüquqları təmin etmiş olar, beləliklə də, iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün praktik və effektiv hüquq müdafiə vasitəsi hesab edilə bilməz. Belə ki, bir şəxsin hüququnun dişər şəxs(lər)ə daha cox zərər vurulması yolu ilə bərpa olunması ictimai maraqlara və mütənasiblik prinsipinə uyğun hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İş materiallarında isə mübahisələndirilən inzibati aktın etibarsızlıq əsasları müəyyən olunmamışdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4979/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-909/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-909/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver