Məhkəmə qərarları › İş №2-1(103)-911/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-911/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-911/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı Məmmədrəsul oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Məmmədrəsul oğlunun cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Bakı şəhər Xəzər rayon şöbəsinə) qarşı “pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2- 1(112)-1443/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1443/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir.(hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Məmmədrəsul oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Bakı şəhər Xəzər rayon şöbəsinə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Şəki şəhəri, Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində 01.01.1991-ci ildən 01.01.1993-cü ilə qədər işlədiyi dövrün sığorta stajına daxil edilərək təyin edilmiş pensiyasının həmin illər üzrə orta aylıq əmək haqqında uyğun yenidən hesablanması və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 26.09.1994-cü ildən hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar İ qrup ömürlük əlildir.Lakin ona əlilliklə bağlı pensiya təyin edilərkən 01.01.1991-ci ildən 01.01.1993-cü ilə qədər Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində işləməsi nəzərə alınmamış, həmin müddət cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməmiş, onun pensiyası həmin müddətdə aldığı əmək haqqı nəzərə alınmadan hesablanmışdır.İddiaçı 21.01.2003-cü ildən İ qrup əlildir, müharibə veteranıdır.Onun Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində işləməsi əmək haqqı barədə arayış, akt, əmək kitabçası kimi təsdiqedici sənədlərlə təsdiqlənir.Cavabdeh tərəfindən həmin sığorta stajı dövrünün nəzərə alınsa idi ona 908,40 manat pensiya təyin edilərdi, lakin hazırda həmin sığorta stajı dövrü nəzərə alınmadığı üçün iddiaçının pensiyası 298,65 manat təşkil edir. İddiaçı cavabdehə 01.01.1991-ci ildən 01.01.1993-cü ilə qədər olan müddət ərzində Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində işləməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı Məmmədrəsul oğlu apellyasiya şikayətini müdafiə edərək, izahatında onun Şəki şəhər Cəfərabad İstehlak cəmiyətinin M.Əsədov adına qəsəbə Ticarət Birliyində 01.01.1991-ci ildən 01.01.1993-cü illərdə işlədiyi müddəti sosial sığorta stajına daxil edərək təyin edilmiş pensiyanın həmin illər üzrə orta aylıq əmək haqqında uyğun olaraq yenidən hesablanması, həmçinin qərarın birdəfəlik və dərhal icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçı iddiasını təsdiq edən sübut qismində iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, müharibə veteranı vəsiqəsinin, əlil olması barədə vəsiqənin, əmək kitabçasının, TSEK arayışının, Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin verdiyi tarixsiz arayışı, əmək haqqı haqqında tarixsiz arayışı, 24.06.2003-cü il tarixli aktı,nömrəsiz və tarixsiz aktı,Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun məktublarını, Mərkəzi Hərbi Hərkim Komissiyasının qərarını,onkoloji xəstəliyi haqqında sənədləri,Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsinin 22.11.2018-ci il, 27.11.2018-ci il tarixli arayışlarının surətlərini,hərbi biletinin, itəhsil haqqında diplomlarının surətlərini əlavə etmişdir. Məhkəmə iclasının gedişində İddiaçı məhkəməyə iddiasını təsdiq edən sübut qismində 13 №li, 04.05.1992-ci il tarixli əmrin, 1 nömrəli, 30.04.1992-ci il tarixli əmrin,1991-1992-ci illər üzrə əmək haqqı hesablanması və ödənilməsi cədvəllərinin kserosurətlərini təqdim etmişdir. Cavabdeh tərəfindən iddianın əsassız olmasına dair cavabdehin dəlillərini təsdiq edən sübut qismində məhkəməyə “Mərkəzi Kooperativlər İttifaqı“ Azərittifaq Şəki rayon Kooperativlər Cəmiyyətinin 18.08.2020-ci il tarixli, 43 №li məktubunu, Cəfərabad İstehlak Cəmiyyəti üzrə əmrlər kitabının səhifələrinin, əmək haqqı hesablanması və ödənilməsi cədvəllərinin surətlərini təqdim etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Mərkəzi Kooperativlər İttifaqı“ Azərittifaq Şəki rayon Kooperativlər Cəmiyyəti 24.09.2020-ci il tarixli məktubu ilə məhkəməyə bildirmişdir ki, Şəki rayon Cəfərabad İstehlak Cəmiyyətinin nəzdində M.Əsədov adına Qəsəbə Təsərrüfat hesablı Ticarət Birliyi, Şəki rayon Cəfərabad İstehlak Cəmiyyətinin 82 №li, 28.04.1992-ci il tarixli sərəncamı əsasında yaradılmışdır.İşçi qulluqçular M.Əsədov adına Qəsəbə Təsərrüfat hesablı Ticarət Birliyinin sərəncamına 28.04.1992-ci ildə göndərilmişlər.1991-1992-ci illərdə satıcı vəzifəsində işləmiş Teymurov Fuad Məmmədrəsul oğlunun dövr ərzində əmək münasibətləri barədə qeydlər Şəki RKC-də mövcud olan M.Əsədov adına X2 Ticarət Birliyinə aid olan sərəncam və əmr kitablarında aşkar edilməmişdir.İddiaçı oğlunun adı Şəki rayon Cəfərabad İstehlak Cəmiyyətinin işçi və qulluqçularının əmək haqlarının hesablanması kitabında qeyd edilmiş, lakin Teymurov Fuad Məmmədrəsul oğlunun Şəki rayon Cəfərabad İstehlak Cəmiyyətinin əmr kitabında işləməsinə dair heç bir əmr aşkar edilməmişdir.Qeyd edilən məktubla məhkəməyə Cəfərabad İC üzrə əmr və sərəncamlar kitabının səhifələri, əmək haqqı hesablanması və ödənilməsi cədvəlləri təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş 110799 №li pensiyaçının uçot vərəqində olan sənədlərə əsasən iddiaçıya 26.09.1994-cü ildən İİ qrup (hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar) əlilliyə görə əmək pensiyası təyin olunmuş və 01.02.2003-cü ildən isə İ qrup əlillik dərəcəsi müəyyən edilmişdir,təyin olunmuş pensiyanın məbləği əmək pensiyalarında aparılan artımlarla əlaqədar dövrü olaraq yenidən hesablanmışdır, iddiaçıya pensiya təyin edilərkən iddiaçının təqdim etdiyi 26 saylı, tarixi olmayan arayış nəzərə alınmışdır, həmin arayışda iddiaçının 1991-1993-cü illərdə Şəki RKC-də mövcud olan M.Əsədov adına X2 Ticarət Birliyində işləməsi və əmək haqqı alması əks olunmuşdur. Beləliklə, İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, hərbi xidmətdə olan zaman xəsarət alaraq əlil olmuşdur. 1994-cü ildə ona İİ qrup, 2003-cü ildən isə İ qrup əlillik dərəcəsi müəyyən edilmişdir, iddiaçıya 1994-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən iddiaçının əmək kitabçası 03.01.1991-ci ildə açılmışdır, iddiaçı 01.01.1991-ci ildən 01.01.1993-cü ilə qədər M.Əsədov adına X2 ticarət birliyində işləmişdir, iddiaçı tərəfindən təqdim edilmiş Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin tarixsiz arayışında, əmək haqqı barədə tarixsiz arayışında da iddiaçının 1991-ci ildən 1993-cü ilə qədər həmin ticarət birliyində işləməsi və həmin dövrdə əmək haqları alması göstərilmişdir, Şəki şəhər Əmək və Sosial Müdafiə Mərkəzinin əməkdaşları və Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin baş mühasibinin iştirakı ilə tərtib edilmiş akta əsasən iddiaçının əmək haqqı haqqında arayışın düzgünlüyü yoxlanılmış, aktda arayışın düzgün olması göstərilmişdir, aktda iddiaçının 1991,1992,1993-cü illərdə aldığı əmək haqlarının məbləği göstərilmişdir, iddiaçı qeyd edilən sənədləri əsas kimi təqdijm edərək 01.01.1991-ci ildən 01.01.1993-cü ilə qədər Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində işləməsini iddia edərək həmin müddətin sığorta stajına daxil edilərək iddiaçının pensiyasının yenidən hesablanmasını hazırda tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2.yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1- dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;21.2.5.işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət;21.2.7.zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İddiaçının əmək kitabçasında, Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin arayışında, əmək haqqı haqqında arayışında iddiaçının 1991-ci ildən 1993-cü ilə qədər həmin ticarət birliyində işləməsi və həmin dövrdə aldığı əmək haqlarının məbləği göstərilsə də həm cavabdeh tərəfindən təqdim edilmiş, həm də məhkəmənin sorğusuna cavab olaraq verilmiş Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Şəki rayon Kooperativlər Cəmiyyətinin 45 №li, 24.09.2020-ci il tarixli məktubu ilə və həmin məktuba əlavə edilmiş sənədlərlə məcmu şəkildə qiymətləndirildikdə iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyinə məhkəmədə aradan qaldırılmaz şübhələr yaranmışdır. Belə ki, əvvəla iddiaçının əmək kitabçasında, iddiaçının təqdim etdiyi Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin əmək haqqı və məvacib alması haqqındakı arayışlarında iddiaçının 1991-ci ilin yanvar ayından Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində işləməyi göstərilsə də Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq Şəki rayon Kooperativlər Cəmiyyətinin 45 №li, 24.09.2020-ci il tarixli məktubunda Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin 28.04.1992-ci ildə, yəni iddiaçının işə qəbul edilməsindən 1 il 3 ay sonra yaradılması göstərilmişdir. Belə olan halda iddiaçının təqdim etdiyi əmək kitabçasına, arayışlara əsasən iddiaçı mövcud olmayan müəssisədə işləmiş və məvacib almışdır. Bundan əlavə Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Şəki rayon Kooperativlər Cəmiyyətinin 45 №li, 24.09.2020-ci il tarixli məktubuna əsasən 1991-1992-ci illərdə İddiaçı Məmmədrəsul oğlunun əmək münasibətləri barədə qeydlər Şəki rayon Kooperativlər Cəmiyyətində mövcud olan Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinə aid olan sərəncam və əmr kitablarında aşkar edilməmişdir. Məhkəmə tərəfindən Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Şəki rayon Kooperativlər Cəmiyyətinin 45 №li, 24.09.2020-ci il tarixli məktubuna əlavə edilmiş əmrlər kitabına baxış keçirildikdə də Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin işçi heyəti sırasında iddiaçının adı, soyadı aşkar edilməmişdir. Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Şəki rayon Kooperativlər Cəmiyyətinin 45 №li, 24.09.2020-ci il tarixli məktubuna əlavə edilmiş və iddiaçının özünün də təqdim etdiyi əmək haqlarının hesablanması kitablarının səhifələrində İddiaçı adı, soyadı göstərilsə də onun soyadının pozulmuş soyadın üzərinə yazılması müəyyən edildiyindən qeyd edilən əmək haqlarının hesablanması barədə sənədlərin də etibarlılığı şübhə doğurur. Cavabdeh tərəfindən təqdim edilmiş Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin kiitablarının səhifələrində (1992- ci ilin may-iyul, 1993-cü ilin yanvar dövrləri üzrə) iddiaçı haqqında heç bir məlumat yoxdur. İddiaçının təqdim etdiyi 24.06.2003-cü il tarixli və tarixsiz, Şəki şəhər ƏSMM və Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda iddiaçıya verilmiş əmək haqqı arayışının düzgün olması və 1991-1993-cü illərdə əmək haqqı aldığı əmək haqlarının məbləğləri göstərilsə də bu halların hansı sənədlər əsasında müəyyən edilməsi həmin aktlarda göstərilməmişdir. Eyni zamanda həmin aktlar da ziddiyyətlidirlər, 24.06.2003-cü il tarixli aktda iddiaçının 1993-cü ildə əmək haqqı alması göstərilsə də tarixsiz aktda iddiaçının 1993-cü ildə yanvar ayında qazandığı əmək haqqının aşkar edilmədiyi qeyd edilmişdir ki, bütün bunlar da yenə də həmin aktların da etibarlılığını şübhə altına alır Azərbaycan Respublikasının İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində qeyd edilən dəlillərini araşdırmaq məqsədilə “Azərittifaq” X1 Şəki rayon Kooperativlər Cəmiyyətinə sorğu göndərilmişdir. “Azərittifaq” X1 Şəki rayon Kooperativlər Cəmiyyətinin məhkəməyə ünvanlandığı 14.06.2021-ci il tarixli, 21 saylı məktubun məzmunu Cəmiyyətin yuxarıda göstərilən 24.09.2020-ci il tarixli məktubu ilə eynidir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1443/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar