Məhkəmə qərarları › İş №2-1(103)-911/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-911/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-911/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə onun hüquqlarının qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7673/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron RİH Abşeron rayon Dövlət Arxivinin 02.03.2021-ci il tarixli arxiv çıxarışının surətindən görünür ki, ünvan 8 Sovxoz əmək kollektivi şurasının 1 saylı 11.05.1990-cı il tarixli protokolunun qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. 2 saylı südçülük-tərəvəzçilik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 64 saylı 11.04.1991-ci il tarixli qərarından çıxarışdan görünür ki, İddiaçı 0.10 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında sovxozun əmək kollektivi şurasının 10 fevral 1991-ci il tarixli 1 saylı qərarı və sovxozun 29 saylı 1 mart 1991-ci il tarixli əmri nəzərə alınaraq vətəndaşa göstərilən sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən İddiaçı adına verilmiş Bakı şəhərinin Pirşağı qəsəbəsində olan 1000 kv.m. ölçüdə torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. AR Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət TİMHQ və Şəhərsalma Kadastrl İdarəsinin Abşeron rayon X1, Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 23 noyabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 40 kv.m, köməkçi sahəsi 40 kv.m. olan iki otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 64 saylı 11.04.1991-ci il tarixli qərarına əsasən 20503 reyestr kitabında 71 inventar nömrəsi ilə 23 noyabr 2004-cü il tarixdə qeydə alınmışdır. İddiaçı ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********06saylı 28.04.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə1000 kv.m. torpaq sahəsi göstərilmiş, lakin faktiki olaraq torpaq sahəsi 1806 kv.m.-dir. Belə ki, fərdi yaşayış evi kadastr planında göstərilən koordinatlardan kənarda olmaqla əlavə torpaq sahəsi üzərində inşa edilmişdir. Bundan əlavə təqdim edilən sənədin tarixində uyğunsuzluq vardır. Belə ki, Abşeron rayonu 2 saylı Sovxoz üzrə 14 saylı əmrdən çıxarış 29.05.2000-ci il tarixdir, lakin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 28 saylı çıxarışın tarixi isə 01.03.1991-ci il tarixdir. Qeyd olunanlar nəzərə alınaraq tələbin təmin olunmasından imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 saylı qərarına əsasən iddiaçıya (İddiaçı) ünvan 6 ünvanında yerləşən torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” də tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər qanunauyğun şəkildə hazırlanaraq hüquqlarının dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, müraciəti təmin olunmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında»” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7673/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarınnı daşınmaz əmalakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq nəzərə alınmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, Abşeron rayonu 2 No-li sovxozun 9 saylı 29.05.2000-ci il tarixli əmri ona şəhid ailəsi olaraq ev tikmək üçün ayrılmış 0,10 sot torpaq sahəsi ilə bağlı verilmişdir, həmin torpaq sahəsinin onun hazırki işdə çıxarış verilməsini tələb etdiyi torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, belə ki, həmin torpaq sahəsi başqa yerdə yerləşir, həmin torpaq sahəsində digər oğlu ev tikdirib, orada yaşayır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbinin Abşeron rayon 2 saylı sovxozun 01.03.1991-ci il tarixli əmri, Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli qərarına əsasən ona ayrılmış 10 hektar torpaq sahəsinin və Abşeron rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2008-ci il tarixli qərarına əsasən ayrılmış 1000 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi kimi nəzərə alınmasını xahiş etmişdir. Sonda iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 28.04.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən hansı tarixdə alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə 21.06.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı adına 3 ayrıayrı torpaq sahəsi verilmişdir: - birincisi, Abşeron rayon 2 saylı sovxozun 01.03.1991-ci il tarixli 29 saylı əmri ilə fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,10 ha torpaq sahəsidir, hansı ki, sonradan həmin əmr Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 saylı qərarı ilə nəzərə alınaraq həmin torpaq sahəsində iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir; - ikincisi, Abşeron rayon AİK-nin 01.07.2008-ci il tarixli 86 saylı qərarı ilə Abşeron rayonu Pirşağı qəsəbəsində həyətyanı torpaq sahəsi kimi verilmiş 1000 kv.m. torpaq sahəsidir, hansı ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının adına DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən 10.10.2008-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir; - üçüncüsü isə, Abşeron rayonu 2 No-li sovxoz üzrə 9 saylı 29.05.2000-ci il tarixli əmrlə sovxozun sakini- şəhid (ailəsi) İddiaçı ailə üzvlərinin çoxluğunu nəzərə alaraq onun özünə məxsus ev tikmək üçün ona ayrılmış 0,10 ha torpaq sahəsi. İş materiallarından görünür ki, iddiaçı ona Abşeron rayon 2 saylı sovxozun 01.03.1991-ci il tarixli 29 saylı əmri ilə verilmiş və Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 saylı qərarı ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0,10 ha torpaq sahəsi, həmçinin Abşeron rayon AİK-nin 01.07.2008-ci il tarixli 86 saylı qərarı ilə Abşeron rayonu Pirşağı qəsəbəsində həyətyanı torpaq sahəsi kimi verilmiş, DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş 1000 kv.m. torpaq sahəsində, yəni ümumilikdə ərazisi 20 sot olan torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş və həmin evə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsində 20503 saylı reyestr kitabında (71 No-li inventar işi 23.11.2004) qeydə alınmış və ona bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin ünvanı Sabunçu rayonu, Sovxoz küçəsi, ev 52/1 kimi göstərilmişdir. İddiaçı yuxarıda qeyd olunan ünvanda tikdirdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina edərək, “torpaq sahəsinin planı və ölçüsü” sənədində 1000 kv.m. torpaq sahəsi göstərilsə də, faktiki torpağın 1806 kv.m. təşkil etməsinə, fərdi yaşayış evinin kadastr planında göstərilən koordinatlardan kənarda olmaqla əlavə torpaq sahəsi üzərində inşa edilməsinə, Abşeron rayonu 2 No-li sovxoz üzrə 14 No-li əmrdən çıxarışın 29.05.2000-ci il tarixli, Milli Arxiv İdarəsi tərəfindən verilmiş 29 nömrəli çıxarışın isə 01.03.1991-ci il tarixli olmasına istinad etmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. Əvvəla, işə birinci instansiya qaydasında baxılarkən iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunda istinad etdiyi torpaqayırma sənədlərinin tarixləri arasında ziddiyyətin nədən ibarət olması, bu barədə sənədlərin cavabdehdə olub-olmaması, olduğu təqdirdə həmin sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Bununla bağlı apellyasiya baxışı zamanı cavabdeh inzibati orqandan iddiaçının tələbinin təmin olunmasından imtina edilməsinin əsasını təşkil edən sənədləri məhkəməyə təqdim etmək təklif olunmuşdur. Bu barədə cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçı tikdirdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən təqdim etdiyi sənədlər sırasında səhvən, bu işdə çıxarış verilməsini istədiyi torpaq sahəsinə aidiyyəti olmayan- Abşeron rayonu 2 No-li sovxozun 9 saylı 29.05.2000-ci il tarixli əmrini də təqdim etmişdir. Bu səbəbdən cavabdeh inzibati orqan iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması barədə tələbinin təmin olunmasından imtina edərkən buna əsaslardan biri kimi Abşeron rayonu 2 No-li sovxoz üzrə 14 No-li əmrdən çıxarışın 29.05.2000-ci il tarixli, Milli Arxiv İdarəsi tərəfindən verilmiş 29 nömrəli çıxarışın isə 01.03.1991-ci il tarixli olduğunu göstərmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının hazırki işdə hüquqi marağı Abşeron rayon 2 saylı sovxozun 01.03.1991-ci il tarixli 29 saylı əmri ilə verilmiş və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0,10 ha torpaq sahəsi, həmçinin Abşeron rayon AİK-nin 01.07.2008-ci il tarixli 86 saylı qərarı ilə Abşeron rayonu Pirşağı qəsəbəsində həyətyanı torpaq sahəsi kimi verilmiş, DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş 1000 kv.m. torpaq sahəsi (iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evi məhz bu iki torpaq sahəsi üzərində tikilmişdir), ümumilikdə 20 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb, ona bu barədə reyestrdən çıxarışın verilməsi ilə bağlıdır. O ki qaldı iddiaçının cavabdeh inzibati orqana müraciət edərkən hüquqmüəyyənedici sənədlər qismində səhvən təqdim etdiyi Abşeron rayonu 2 No-li sovxozun 9 saylı 29.05.2000-ci il tarixli əmrinə, həmin əmr yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya şəhid ailəsi olaraq ev tikmək üçün ayrılmış 0,10 sot torpaq sahəsi ilə bağlı verilmişdir ki, həmin torpaq sahəsinin iddiaçının hazırki işdə çıxarış verilməsini tələb etdiyi torpaq sahəsinə heç bir aidiyyəti olmamaqla yanaşı, iddiaçının sözlərinə görə həmin torpaq sahəsində digər oğlu ev tikdirib, orada yaşayır. Həmçinin qeyd olunmalıdır ki, Abşeron rayonu 2 No-li sovxozu tərəfindən verilmiş 9 saylı 29.05.2000-ci il tarixli əmrin iddiaçının hazırki işdə mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin bir hissəsi ilə bağlı verilmiş, yəni Abşeron rayon 2 saylı sovxozun 29 saylı 01.03.1991-ci il tarixli əmrindən fərqli əmr olması faktı həm də hər iki əmrin verilməsi üçün əsas olan sənədlər sırasında qeyd olunmuş məlumatlarla təsdiq olunur. Belə ki, 29 saylı 01.03.1991-ci il tarixli əmrdə Əsas: F.91, s.1a, s.v. 47 səh., digər 9 saylı 29.05.2000-ci il tarixli əmrdə isə Əsas: F.91, s.1a, s.v. 56 səh. göstərilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağının adına mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin yerləşdiyi, Abşeron rayon 2 saylı sovxozun 01.03.1991-ci il tarixli 29 saylı əmri ilə verilmiş və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0,10 ha torpaq sahəsi, həmçinin Abşeron rayon AİK-nin 01.07.2008-ci il tarixli 86 saylı qərarı ilə Abşeron rayonu Pirşağı qəsəbəsində həyətyanı torpaq sahəsi kimi verilmiş, DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş 1000 kv.m. torpaq sahəsi, ümumilikdə 20 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb ona bu barədə çıxarışın verilməsi ilə bağlı olduğu nəzərə alınaraq ona iddia tələbini dəqiqləşdirmək təklif olunmuşdur. Bununla bağlı iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını və çıxarış verilməsini tələb etdiyi torpaq sahəsinin 20 sot olduğu, həmin torpaq sahəsi üzərində iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin yerləşdiyi və cavabdehin imtinasında göstərilən uyğunsuzluq olduğu qeyd olunan 29.05.2000-ci il tarixli Sovxoz əmrinin bu torpaq sahəsinə aidiyyətinin olmadığı müəyyən olundu. İddiaçı müraciətində həm də fərdi yaşayış evinin reyestrdə qeydə alınmasını istədiyi üçün cavabdeh imtinasında evin “torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlardan kənarda olmaqla əlavə torpaq sahəsi üzərində inşa edildiyini bildirilmişdi. Lakin sonradan iddiaçı fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun ona məxsusluğunu təsdiq edən sənədin mövcudluğunu nəzərə alaraq təkcə hüquqlarının torpaq sahəsi ilə bağlı qeydə alınmasını istədiyi üçün cavabdehin imtinası yalnız Abşeron rayonu 2 nömrəli Sovxoz tərəfindən verilmiş əmrin tarixi ilə bağlı uyğunsuzluğun mövcud olub-olmadığı hissədə araşdırılmışdır. Yuxarıda da qeyd olunanlardan məlum olmuşdur ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı Abşeron rayon 2 saylı sovxozun 29 saylı 01.03.1991-ci il tarixli əmri olmuşdur, yəni Sovxozun digər 9 saylı 29.05.2000-ci il tarixli əmrinin həmin torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Beləliklə, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı ayrı-ayrılıqda verilmiş 2 hüquqmüəyyənedici sənədi mövcuddur: biri- Abşeron rayon 2 saylı sovxozun 29 saylı 01.03.1991-ci il tarixli əmri, digəri isə- Abşeron rayon AİK-nin 01.07.2008-ci l tarixli 86 nömrəli qərarı. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aidddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya ayrıldığı dövrdə səlahiyyətli olan qurumlar tərəfindən müvafiq qərar (və əmr) əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq xalq deputatları sovetinin icraiyyə komitəsi tərəfindən onun qərarı əsasında ayrılırdı. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2.5-ci bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana təqdim etdiyi hər iki hüquqmüəyyənedici sənəd- Abşeron rayon 2 saylı sovxozun 29 saylı 01.03.1991-ci il tarixli əmri və Abşeron rayon AİK-nin 01.07.2008-ci il tarixli 86 saylı qərarı qüvvədədir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin sənədlərin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hər iki sənəd hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Abşeron rayon 2 saylı sovxozun 29 saylı 01.03.1991-ci il tarixli əmri və Abşeron rayon AİK-nin 01.07.2008-ci il tarixli 86 saylı qərarı qanuni qüvvədə olmaqla yanaşı, Mülki Məcəllənin 139-1.1.5-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5, 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdehin imtinasında istinad etdiyi- ““torpaq sahəsinin plan və ölçüsü” sənədində torpağın ölçüsü 1000 kv.m. göstərilsə də, faktiki olaraq 1806 kv.m. təşkil etməsi” barədə dəlili isə əsassızdır. Belə ki, cavabdeh bu zaman iddiaçıya digər hüquqmüəyyənedici sənədlə 0,10 ha torpaq sahəsinin ayrıldığını nəzərə almamışdır. İddiaçının təqdim etdiyi sənədin tarixində uyğunsuzluğun olması faktı isə məhkəmə kollegiyası tərəfindən araşdırıldı və məlum oldu ki, 29.05.2000-ci il tarixli Sovxozun əmrinin hazırki işdə mülkiyyət hüququnun qeydə alınması tələb olunan torpaq sahəsinə heç bir aidiyyətı yoxdur. Beləliklə, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan Abşeron rayon 2 saylı sovxozun 29 saylı 01.03.1991-ci il tarixli əmri və Abşeron rayon AİK-nin 01.07.2008-ci il tarixli 86 saylı qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcəllənin 139-1.1.5-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5, 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu baxımdan iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər imtina ilə eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qərarın sonunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsini qeyd etdiyi torpaq sahəsinin ölçüsünü göstərməsə də, bu hal kobud pozuntu kimi qəbul edilmir və Kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdehin apelyasiya şikayəti təmin olunmadığı üçün birinci instansiya məhkəməsinin qərarı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə cavabdehin üzərinə reyestdən çıxarışın verilmə öhdəliyi qoyulmuş torpaq sahəsi İddiaçı ünvan 6 ünvanında yerləşən ünvan 8 ayrılmış 0.10 hektar və Abşeron rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2008-ci il tarixli 86 nömrəli qərarı ilə ayrılmış 1000 kv.m. torpaq sahəsi hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7673/2021 saylı 07 oktyabr 2021-ci il tarixli qərarı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməli olan torpaq sahələri ünvan 8 ayrılmış 0.10 hektar və Abşeron rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2008-ci il tarixli 86 nömrəli qərarı ilə ayrılmış 1000 kv.m torpaq sahəsi hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar