Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-911/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının bərpa olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5769/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2014-cü il tarixindən təyin edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” xx.xx.2020-ci il tarixindən bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1962-cı ildə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 1979-cu ildə başlamışdır. Əmək fəaliyyəti əsasən əl ilə zərərli peşələr olmuşdur. O, hal-hazırda işləmir. Güzəştli şərtlərlə əmək pesniyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixində rəsmi ərizə ilə müraciət edilmiş və cavabdeh pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsal üzrə peşələrin vəzifələrin və göstəricilərin siyahısının Toxuculuq istehsalat bölməsinin (32) toxucular bölməsində metal və sintetik tor toxuyan toxucuların nəzərdə tutulduğunu, xx.xx.1979-xx.xx.1995-ci illər ərzində əmək kitabçasında toxucu işləməsini, lakin təqdim edilən sənədlərdə onun metal və sintetik tor toxuyan toxuculara aid olubolmamasının müəyyən olunmasının mümkün olmamasını əsas gətirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona 52 yaşı tamam olduğu xx.xx.2014-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin pensiya məbləğini o, 4-5 il ərzində almışdır. Sonradan əlillik qazanmışdır və ölmüş ərinin pensiyasına keçirilmişdir. Əlillik dərəcəsi ləğv edilmiş və hazırki günə qədər təyinat aparılmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunun onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2014-cü il tarixindən təyin edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının” xx.xx.2020-ci il tarixindən bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Toxuculuq istehsalatı bölməsinin (32) toxucular bəndində metal və sintetik tor toxuyan toxucular nəzərdə tutulmuşdur. iddiaçıya 12 yanvar 2014-cü il tarixdən Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçının müraciəti əsasında pensiya növü dəyişdirilərək 01 fevral 2018-ci il tarixdən DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş əlillik etibarsız sayıldığından, ona təyin edilmiş əmək pensiyası 07 oktyabr 2020-ci il tarixdən dayandırılmışdır. Sonradan iddiaçı yenidən pensiya növünün dəyşdirilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Hazırkı mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 20 il sığorta stajına, bu müddətin yuxarıda qeyd olunan siyahı üzrə 10 il güzəştli iş stajına malik olmalıdır.İddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi halda, Bakı İnzibati Məhkəməsi qeyd olunanları nəzərə almadan, əsassız və qanunsuz qərar qəbul edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarının iclasları barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, DSMF Suraxanı rayon (şəhər) şöbəsinin xx.xx.2014-cü il tarixli 523 №-li qərarı ilə xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 12 yanvar 2014cü il tarixdən ömürlük güzəştli şərtlərlə yaşa görə 141,04 manat məbləğində əmək pensiya təyin olunmuş, sonradan isə həmin şöbənin xx.xx.2018-ci il tarixli, 155 №-li qərarı ilə sonradan ona xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə növünə keçirilərək 716,03 manat ömürlük pensiya təyin olunmuşdur. Eyni zamanda, işə əlavə olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindn verilmiş **********1 №-li, xx.xx.2022-ci il tarixli arayışından, habelə, cavabdehin hazırkı apellyasiya şikayətinin dəlillərindən görünür ki, ailə başçısını itirməyə görə xx.xx.2020-ci il tarixinədək iddiaçıya 908.95 manat məbləğində əmək pensiyası ödənilmiş, lakin onun həmin pensiya hüququnın qanuni əsasını (ƏPQ m.14.1.2.) təşkil edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona təyin edilmiş İİ qrup əlillik dərəcəsi etibarsız sayıldığından, 07 oktyabr 2020-ci il tarixdən dayandırılmışdır. Bundan sonra, iddiaçı, DSMF Suraxanı rayon (şəhər) şöbəsinin xx.xx.2014-cü il tarixli 523 №-li qərarı ilə 12 yanvar 2014-cü il tarixdən ona güzəştli şərtlərələ təyin edilmiş ilkin pensiya növünə qayıdaraq yenidən pensiya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa edilməsini cavabdehdən xahiş etsə də, sonuncu tərəfindən bu müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə cavabdeh tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının bərpa olunmasından imtina etməsi qanunsuzdur. Birincisi, Əmək pensiyaları haqqında Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 №li Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 26-cı (Yüngül sənaye) bölməsinin 26.1-ci(Toxuculuq sənayesi; ümumi peşələr-fəhlələr: a) darama-toxuma avadanlığının operatorları) bəndi baxımından, DSMF Suraxanı rayon (şəhər) şöbəsinin xx.xx.2014-cü il tarixli 523 №-li qərarı ilə iddiaçının 30 noyabr 1979-cu il tarixli HT-İ ******* nömrəli əmək kitabçası üzrə xx.xx.1979-xx.xx.1995-ci illərdə toxuculuq istehsalatında toxucu peşəsində işlədiyi dövr (işdən görünür ki, pensiya şöbəsinə güzəştli arayış təqdim olunmuşdur) güzüştli staj kimi qəbul edilərək, ona xx.xx.2014-cü il tarixindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Belə olan halda, iddiaçının etimad etdiyi, DSMF-nin Suraxanı rayon şöbəsinin ləğv olunmamış xx.xx.2014-cü il tarixli 523 №-li həmin qərarına olan etimadı nəzərə alınmaqla, onun güzəştli şərtlərlə pensiyasının, ailə başçısını itirməyə görə ödənilən əmək pensiyası (əlillik dərəcəsi etibarsız hesab edildiyindən) dayandırıldığı xx.xx.2020-ci il tarixdən, bərpa edilməsini tələb etməkdə haqlıdır. Çünki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinin tələbinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.5-ci maddəsinin 1-ci cümləsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Eyni zamanda,Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.” Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsindən imtina olunması işin hallarına və qanunvericiliyin tələblərinə zidd olduğu, bununla da, iddiaçının tələbində haqlı olduğu sübuta yetiriilir. İPM-in 34.1-ci maddəsi də məhz nəzərdə tutur ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-911/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-911/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver