Məhkəmə qərarları › İş №2-1(103)-912/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-912/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-912/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 826/2024 saylı 26 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 385 saylı qərarından görünür ki, 7-ci mkr., S.S.Axundov küçəsində, 5/200 kv.m 34 saylı yaşayış binasının yanında uzun müddət icarə əsasında istifadə etdiyi torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Bələdiyyə tərəfindən 200 kv.m. torpaq sahəsinin alıcıya verilməsi öhdəliyi müəyyən edilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, qeyd edilən torpaq sahəsinə dair üzərində onun mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh qurum tələbin təmin olunmasından imtina edərək xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı- satqısına dair akt təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasnı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 385 saylı qərarı ilə adına ayrılmış 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında 200 kv.m. torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müraciətinə əsasən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 385 saylı qərarı ilə 7-ci mikrorayon, Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 200 kv.m. torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi əvvəllər Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi əsasında uzun illər İddiaçı istifadəsində olmuşdur. xx.xx.2006-cı il tarixdə, İddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bələdiyyənin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 547 № li müqavilə bağlanmış və sözügedən torpaq sahəsinə plan cizgi təqdim edilmişdir. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xüsusi bank hesabına 1000 manat vəsait keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********45 saylı məktubu ilə müraciət təmin edilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair ləğv edilmiş X9 Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarında göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən torpaq sahəsinin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi S.S.Axundov küçəsi yolkənarı ərazidə asfalt örtüklü ümumi istifadədə olan sahədə, 5 mərtəbəli yaşayış binasından 0.6 metr məsafədə yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-826/2024 saylı 26 sentyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakı əsaslara görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-826/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarını əsassız və qanunsuz hesab edir. Cavabdehin imtinasında və etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1. İddiaçının özünə aid torpaq sahəsini qeydiyyata alınması üçün ilk müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verən cavabdeh sözügedən torpaq sahəsinə dair ləğv edilmiş X9 Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqısatqısına dair akt təqdim edilməməsini qeyd edir. 2. Bundan sonra yəni məhkəmə araşdırması zamanı cavabdeh qeyd edir ki, idarənin elektron kadastr baza məlumatlarında göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.

3. Qeyd olunanlarla yanaşı, cavabdeh əlavə olaraq göstərir ki, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədin həmin torpaq sahəsinə aid olmasını müəyyənləşdirmək mümkün deyil. 4. Torpaq sahəsi yaşayış binasının 06 metr məsafəsində ümumi istifaddədə olan ərazidə yerləşir. Cavabdehin gətirdiyi müxtəlif arqumentləri əsassız və qanunsuz hesab edirik. Bildiririk ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialının iddiaçıya və məhkəməyə ünvanladıdığı 01 may 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 385 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər (müqavilə, cizgi sənədi, qəbz və.s.) Dövlət Arxivinin Bakı filialında mövcuddur. (arxiv sənədləri işə əlavə olunub). Əlavə olaraq bildirirlir ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin müraciəti və müvafiq orqanların rəyi Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Torpaq sahəsinə dair X9 Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməməsi və ya aktın arxiv idarəsinə təhvil verilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın iddiaçının adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin, qeyd edilməlidir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İkinci arqument üzrə: Binəqədi rayon Binəqədi bələdiyyəsini məktubundan görünür ki, vatandaş İddiaçı Əll oğlunun adına Binəqədi Rayon Binəqədi Bələdiyyəsi tərəfindən 385 saylı 29 dekabr 2006-ci tarixli qararla, S.S.Axundov küçəsində 5/34 saylı yaşayış binasının yanında icarə əsasında istifadəyə verildiyi 200 kv.metr torpaq sahəsi Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin inzibati ərəzisidir və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı Sərəcamı, Bakı Şəhər Memarlıq va Şəhərsalma Baş İdarasinin ayrıc aktı əsasında Binəqədi Rayon Binəqədi Bələdiyyəsinə təhvil verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizası tərəfindən tərtib edilmiş "27" noyabr 2023-cü il tarixli ekspert rəyinə görə sahəsi İddiaçı ayrılmış Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 385 saylı qərarı ilə, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında 200 m² torpaq sahəsi mərkəzə təqdim edilmiş "kadastrportali.az" elektron kadastr portalı məlumat bazasından görünür ki, Bələdiyyə mülkiyyətindədir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun tələbləri aşağıdakılardan ibarətdir. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Üçüncü arqument üzrə: bildiririk ki, cavabdeh qeyd etmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən torpaq sahəsinin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Halbuki, sözügedən torpaq sahəsinə mütəxəssis və ekspert tərəfindən baxış keçirilən zamanı iddiaçıya təhvil verilmiş boş torpaq sahəsinin yerləşmə vəziyyəti tam müəyyən olunmuş. Torpaq sahəsinin ölçülərinin və yerləşmə vəziyyətinin 437 saylı, 29 dekabr 2006-cı il tarixli 385 saylı qərara alavə olunmuş torpaq sahəsinin situasiya planının göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. Bir sözlə İddiaçı aid torpaq sahəsi yerləşmə vəziyyətinə, ölçüsünə və konfiqurasiyasına görə iş materiallarında olan cizgidə göstərilmiş torpaq sahəsinə uyğun gəlir. Mülki işdə olan sənədlərdən göründüyü kimi bələdiyyə tərəfindən yerləşmə planı və ölçülərinə dair sənəd təsdiq edilmişdir. Dördüncü arqument üzrə: Məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, iddiaçının sahibliyinə verilmiş torpaq sahəsi üzərində hüquqların mövcudluğunu təsdiq edən sənədlərin qanuna uyğun olduğu və hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olduğu tam təsdiqini tapır. Lakin birinci instansiya məhkəməsi (hakim Həmid Ağalarov) tərəfindən məhkəmə ekspert rəyini mötəbər sübut kimi nəzərə alınmamalı olduğu qənaətinə gəlməsi tam əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin istinad etdiyi hallar yalnız cavabdehin əsassız arqumentlətrindən ibarətdir. Halbuki, təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Məhkəmə nəzərə almalı idi ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 385 saylı qərarı ilə 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında 200 kv.m. torpaq sahəsi İddiaçı adına ayrılmışdır. Sözügedən torpaq sahəsinin dəyəri İddiaçı tərəfində tam ödənilmiş və 2006-cı ildə torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Torpaq sahəsi ilə bağlı digər mübahisələr olmayıb və yoxdur. bütün bunlarişin mübahisəsiz halıdır. Ən əsası Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında 200 m² torpaq sahəsi İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişikdir. Bakı İnzibatı Məhkəməsinin hakimi Hamid Ağalarov tərəfindən xx.xx.2023-cu il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 385 saylı qərarı ilə, İddiaçı ayrılmış, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında 200 kv. m. torpaq sahəsinin (həmçinin iddiaçı tərəfindən faktiki olaraq göstərilən torpaq sahəsinin) ayrılmamışdan əvvəl və hazırda dövlətin və ya bələdiyyənin mülkiyyətində olub-olmaması müəyyən edilsin. 2. İddiaçı tərəfindən faktiki iddia olunan torpaq sahəsi yerləşmə vəziyyətinə, ölçüsünə və konfiqurasiyasına görə iş materiallarında olan cizgidə göstərilmiş torpaq sahəsinə uyğun gəlirmi? Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizası şöbəsinin eksperti, ali texniki təhsilli, "Tikinti-texniki obyektlərin tədqiqi ixtisası uzrə 2018-ci ildən ekspert iş stajına malik olan, ədliyyə qulluqçusu X6 tərəfindən tərtib edilmiş "27" noyabr 2023-cü il tarixli ekspert rəyi aşağıdakı kimidir: Mülki iş materiallarında olan, Binəqədi rayonu. Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 385 saylı qərarı ilə, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında 200 m² torpaq sahəsi İddiaçı ayrılmışdır. Qərara əlavə olunmuş Situasiya planında ayrılan torpaq sahəsinin eni 14 metr uzunluğu 14,3 metr olmaqla (200 m²), sol tərəfdən 54 saylı yaşayış evi ilə, yuxarı tərəfdən yol və 5b saylı yaşayış evi ilə sağ tərəfdən yol ilə aşağı tərəfdən isə S.S Axundov küçəsi ilə əhatə olunduğu müəyyən olundu. Qeyd olunan tarixdə tədqiqat obyektinə keçirilən baxış zamanı iddiaçı tərəfindən təqdim olunan boş torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən olundu. Aparılmış tədqiqatla təqdim olunmuş torpaq sahəsinin ölçülərinin və yerləşmə vəziyyətinin 437 saylı, 29 dekabr 2006-cı il tarixli 385 saylı qərara alavə olunmuş torpaq sahəsinin situasiya planının göstəricilərinə uyğun olduğu, yəni sol tərəfdən 5/34 saylı yaşayış evi ilə, yuxarı tərəfdən yol və 5b saylı yaşayış evi ilə sağ tərəfdən yol ilə, aşağı tərəfdən isə S.S. Axundov küçəsi ilə əhatə olunduğu müəyyən olundu. Mərkəzə təqdim edilmiş "kadastrportali.az" elektron kadastr portalı məlumat bazasından görünür ki, iddiaçı tərəfindən baxış zamanı təqdim olunan torpaq sahəsi "X2 kateqoriyasına aid olmaqla, Bələdiyyə mülkiyyətindədir. Məhkəmə tərəfindən ekspert rəyində qeyd edilən məlumatların dəqiqləşdirilməsi ilə bağlı ekspert X6 xx.xx.2024-cü il tarixli məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmədə iştirak edən ekspert verilən sualları aydın şəkildə cavablandıraraq göstərmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyə torpağıdır, “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına istinadən bələdiyyə torpağı olduğu görünür. “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına çıxış Azərbaycan Respublikasının İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təmin edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına biganə yanaşaraq, məhkəmə iclasında müəyyən olunmuş həqiqətə deyil, cavabdehin fikirlərinə önəm vermişdir. Bildiririk ki, birinci instansiya Məhkəməsi (hakim Həmid Ağalarov) cavabdehə məhkəmə sorğusu ünvanlayaraq, ekspertin “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına çıxışın olub-olmamasını müəyyən etmək qərarına gəlmişdir. Məhkəmə sorğusuna cavabdeh tərəfindən cavab verilmədiyinə görə birinci instansiya Məhkəməsi (hakim Həmid Ağalarov) dəfələrlə (üç dəfə) məhkəmə iclasını təxirə salaraq, cavabdeh idarənin işçisinə zəng etməklə, məhkəməyə bir cavab göndərilməsini xahiş etmişdir. Bu onu deməyə əsas verir ki, məhkəmə iclasına sədirlik edən məhkəmə sorğusunu cavabdehə göndərməkdə məqsədi işin abyektiv araşdırılması üçün deyil, iş materiallarına sənəd əlavə etmək olmuşdur. Bildirirk ki, məhkəməyə göndərilmiş vəkil sorğusu barədə məlumat verilmiş və vəkil sorğusunun surəti elektron məhkəmə sistemində kabinetə yerləşdirilmişdir. Məhkəmənin ekspert rəyinə münasibətdə xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab verən "xxxx" MMC -nin xx.xx.2024-cü il tarixli məktubunda yalan məlumat verərək, “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasının mövcut olmaması barədə qeyd etdiklərini mötəbər hesab etmişdir ki, iddia tələbinin təmin olunmaması məhz bununla əlaqədardır. Halkbuki, vəkil sorğusuna cavab verən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2024-cü il tarixli cavab məktubunda“kadastrportali.az” elektron kadastr portalı məlumat bazasının mövcut olması və ekspertizanın aparılmasında adıçəkilən kadastr portalı məlumat bazasından istifadə olunduğu göstərilir.

Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq 3-cü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına aid olduğundan apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 385 saylı qərarı ilə adına ayrılmış 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında 200 kv.m. torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı- satqısına dair aktın təqdim edilməməsi” əsası ilə tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi “iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olduğundan və bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından, bələdiyyənin həmin qərarı iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməməsi” qənaətinə gələrək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Hazırki işdə iş materiallarından müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 385 saylı qərarı ilə 7-ci mkr., S.S.Axundov küçəsində, 5/200 kv.m 34 saylı yaşayış binasının yanında uzun müddət icarə əsasında istifadə etdiyi torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixli müqavilə də bağlanmışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğularına cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, S.S.Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında yerləşən 200 kv.m torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsinə dair məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində aşkar edilməmişdir. Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 385 saylı qərarı ona əlavə edilmiş müqavilə və cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin müraciəti və müvafiq orqanların rəyi Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4379 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mütəxəssis rəyi təqdim edilmədiyinə görə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 385 saylı qərarı ilə İddiaçı ayrılmış, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında 200 kv.m torpaq sahəsinin ayrılmamışdan əvvəl dövlətin və ya bələdiyyənin mülkiyyətində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına əsasən baxış zamanı iddiaçı tərəfindən təqdim olunan torpaq sahəsinin “X2” kateqoriyasına aid olmaqla, bələdiyyə mülkiyyətində olduğu müəyyən olundu. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iddiaçı tərəfindən faktiki iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinin, ölçüsünün və konfiqurasiyasının, iş materiallarında olan situasiya planında göstərilmiş torpaq sahəsinə uyğun gəldiyi müəyyən olundu. “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına əsasən baxış zamanı iddiaçı tərəfindən təqdim olunan torpaq sahəsinin “X2” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətində olduğu müəyyən olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, vahid elektron kadastr məlumat bazasında şərti sərhədlərlə göstərilən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş cizgidə istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Sahə çoxmərtəbəli yaşayış binasından 0.6 metr məsafədə yol ilə bina arasında qalan ümumi istifadədə olan sahədir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində "kadastrportalı.az" elektron kadastr portalı məlumat bazası mövcud deyildir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu verilərək 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 5/34 saylı yaşayış binasının yanında yerləşən 200 kv.m torpaq sahəsindən 30 metrlik radius aralığında olan hər hansı daşınmaz əmlakın qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın, müsbət halda sənədlərin surətlərinin təqdim olunması xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq cavabdeh qurum tərəfindən 9 aprel 2025-ci il tarixli 3-21-3-30/2-13561/2025 nömrəli məktubla iddia olunan torpaq sahəsinin 30 metrlik radius aralığında hər hansı daşınmaz əmlakın qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. İşin apellyasiya baxışı zamanı iddiaçının vəkili tərəfindən elektron kabinetə yüklənmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Bınəqədi rayonu, X13 küçəsi, ev 5/34 ünvanında yerləşən 173.8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyat hüququ əsasında İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 311 nömrəli reyestr kitabının 29563 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, yuxarıda göstərilən sözügedən mülkiyyət hüququ ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşir. Belə olan halda həmin faktın hazırki mübahisənin həllində cavabdeh qurum tərəfindən eyni faktiki vəziyyətdə olan subyektə (konkret halda iddiaçıya) münasibətdə bərabərlik hüququnun tətbiqi baxımından nəzərə alınması məqsədəmüvafiq deyil. Bundan əlavə, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından məlum oldu ki, Bakı şəhəri, Bınəqədi rayonu, X13 küçəsində yerləşən 200.0 kv.m torpaq sahəsi iki tərəfdən sərhədləri şərti, bir tərəfdən yer səthi səviyyəsində mişar daş hasar və şərti bir tərəfdən bir mişar daş hasar və metal borular vasitəsilə sərhədlənib. Tikili yoxdur. Torpaq sahəsinə dair hüquqməyyənedici sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən torpaq sahəsi S.S.Axundov küçəsi yol kənarı ərazidə asfalt örtük olmaqla 5 mərtəbəli yaşayış binasından 0.6 məsafədə yerləşir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün akta əlavə olundu. Əvvəlki müraciətə əsasən təkrar müayinə yazıldı. Torpaq sahəsinin yerləşmə planı və koordinatları: XY 402526.4449 4475731.6510; 402540.4342 4475731.10.1; 402540.0457 4475716.8067; 402526.0542 4475717.3563. Təqdim olunmuş ortofoto görüntüyə əsasən iddiaçının göstərdiyi torpaq sahəsinin çoxmərtəbəli yaşayış binası ilə yol arasında qalan ümumi istifadədə olan torpaq sahəsi olduğu görünür. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi çoxmərtəbəli yaşayış binasından 0.6 metr məsafədə yol ilə bina arasında qalan yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-826/2024 saylı 26 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X12 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar