Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-913/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 23 avqust 1958-ci il tarixdə doğulmuşdur, orta məktəbi bitirdikdən sonra 1976-cı ildə həbi xidmətə çağırılmış və xidmətini Şimal Hərbi Dəniz Donanmasının “Hərbi gəmisi”ndə keçirmişdur. 1976 – 1979-cu illərdə hərbi xidmət dövründə “maşinist ocaqçı” olmuşdur. Xidmət dövrünün zərərli sahə olması Azərbaycan Respublikası Müdafiə Nazirlinin 20 may 2019-cu il tarixli 12/1588 saylı məktubu ilə təsdiq edilir. Hərbi xidmətdən sonra o, ocaqçı peşəsində işini davam etdirmişdir. Hərbi xidmətdən sonra Ermənistanın Masis rayonu “Ararat” X4 kənd məktəbinin ocaqçısı və s. müxtəlif peşələrdə işləmişdir. Həmin vaxt ocaqçı peşəsində də çalışmışdır. Bu barədə əmək kitabçasında qeydlər yazılmışdır. 22 iyul 1980-cı il tarixdən 22 noyabr 1980-cı il tarixədək – 4 ay, 9 fevral 1981-ci il tarixdən 1 oktyabr 1981-ci il tarixədək – 8 ay, 1 aprel 1984-cü il tarixdən 5 sentyabr 1988-ci il tarixədək – 4 il 5 ay “ocaqçı” peşəsində işləmişdir (cəmi 5 il 5 ay). 27 sentyabr 1988-ci il tarixdən 121 nömrəli əmrlə X9 Məmulatları Zavodunda ocaqçı peşəsində işləmiş və 1 fevral 1990-cı il tarixdə 11-k nömrəli əmrlə işdən azad olunmuş, 1 il 8 ay 27 gün “ocaqçı” peşəsində işləmişdir. "xxxx" ASC-nin 43 saylı 27 dekabr 2019-cu il tarixli məktubu ilə həmin sahənin zərərli sahə olduğu təsdiq edilir. 26 noyabr 1990-cı il tarixdə 165k nömrəli əmrlə 24 noyabr 1990-cı il tarixdən 9 noyabr 1995-ci il tarixədək 4 il, 11 ay, 15 gün, “Azyolmaş” İB-nin X1xana təsərrüfatında 5-ci dərəcəli ocaqçı maşinist peşəsində işləmişdir. Bu barədə ASC-dən 26 dekabr 2019-cu il tarixli arayış alınmışdır. İddiaçının hazırda 62 yaşı var, ümumilikdə 30 ildən çox əmək stajı var, əmək fəaliyyətinin 15 ildən çox hissəsi zərərli sahəyə aiddir. Bu səbəbdən də iddiaçı hesab edir ki, ümumilikdə 30 ildən çox əmək stajıvə qanunla nəzərdə tutulmuş müddətdə zərərli sahədə iş stajı olduğundan, ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF orqanına müraciət etmişdir. lakin qurumun 8 may 2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, onun tələb olunan güzəştli iş stajı olmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yoxdur. DSMF orqanı onun sovxozda və X9 Məmulatları Zavodunda ocaqçı, “Azyolmaş” İB X1xana təsərrüfatında 5-ci dərəcəli ocaqçı işləməyini nəzərə alsa da, hərbi xidmət dövründəki müvafiq müddəti nəzərə almamışdır. Halbuki, 2 noyabr 1976-ci il tarixdə hərbi xidmətə çağırılmış, 29 noyabr 1979-cu il tarixədək hərbi xidmətdə olmuş və xidməti zamanı Hərbi Dəniz Donanmasının “Hərbi gəmisi”ndə maşinist ocaqçı vəzifəsini icra etmişdir, həmin vəzifə zərərli sahə hesab olunur.Həmin dövrdə qüvvədə olmuş «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanundavə «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda hərbi dəniz gəmilərində ocaqçı peşəsində xidmət keçmiş və ya işləmiş şəxslərin əmək fəaliyyəti zərərli sahə kimi qeyd edilmişdir. Eyni zamanda SSRİ Nazirlər Kabinetinin təsdiq etdiyi zərərli, yeraltı sahələrdəvə s. sahələrdə işləyən şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı 1 və 2 nömrəli siyahılarda bərk yanacaqla işləyən gəmi ocaqçılarına güzəştli şərtlərlə pensiyatəyin edilməsi əks olunmuşdur. Ona görə də iddiaçının üç illik hərbi xidmət dövründə ocaqçı kimi işləməsinin DSMF orqanı tərəfindən nəzərə alınmaması əsassızdır. İddiaçının sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə qurumdan verilən 15 sentyabr 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Mingəçevir X2 işləyən isehsalat qazaxanasında ocaqçı, X1xana təsərrüfatında ocaqçı maşinist peşəsində işlədiyi qeyd edilmişdir, həmin peşələr yuxarıda qeyd olunan qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) peşəsinə uyğun deyil. 2006-cı ilədək qüvvədə olmuş «Pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə əssən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə pensiya təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan iş yerlərində (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinmüvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır. Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Lakin DSMF orqanı göstərilən halları nəzərə almamışdır, qurumunun imtinası əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə, İPM-in müddəalarına əsaslanaraq, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əməkpensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2900/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 23 avqust 1958-ci il tarixdə doğulmuşdur, 1976 – 1979-cu illərdə X12 Donanmasında hərbi xidmətdə olmuş və xidməti zamanı “Hərbi gəmi”də maşinist kimi qulluq keçmişdir. 1980-ci ilin iyul ayından əmək fəaliyyətinə başlamış, müxtəlif işlərdə, o cümlədən ocaqçı peşəsində işləmişdir. Həmin peşə güzəşti şərtlərlə əmək pensiyası hüququ verən sahəyə aiddir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi göstərilmişdir ki, onun 2006-cı ilin 1 yanvar tarixədək 25 il ümumi iş stajı toplanma da, onun 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajı yoxdur. Onun işlədiyi ocaqçı peşəsi kömürlə və şistlə işləyən sahəyə aid olmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə sayılmır. İddiaçı hazırda «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsaslanaraq, cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1- dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin (3. Dəniz və çay donanması) bəndində 23003020 – 13502 kodu ilə “bütün adlarda maşinistlər”, “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000 – 13786 kodu ilə "qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları), o cümlədən külü aralamaqla məşğul olan” peşələri nəzərdə tutulmuşdur. Sadalanan qanunvericilik normalarından göründüyü kimi 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajına, o cümlədən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC-dən ünvanlanmış 28 iyul 2023-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş X11 həqiqətən 26 noyabr 1990-cı il tarixli 165k saylı əmrə əsasən 24 noyabr 1990-cı il tarixdən 9 noyabr 1995-ci il tarixədək “AZYOLMAŞ” İB-nin Mingəçevir “Yol Maşınları” Zavodunun qazla işləyən qazanxana təsərrüfatında 5-ci dərəcəli ocaqçı maşinisti peşəsində işləmişdir. X11 işlədiyi qazanxana kömür və şistlə işləməyib, qazla işləyib. Onun işlədiyi ocaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Belə ki, qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinisti sahəsinə aiddir. Həmçinin "xxxx" ATSC X9 Məmulatları Filialından ünvanlanmış 1 avqust 2023-cü il tarixli məktubda bildirilmişdir ki, 1958-ci il təvəllüdlü X11 27 sentyabr 1988-ci il tarixdən 1 fevral 1990-cı il tarixədək Mingəçevir X2 işləyən istehsalat qazanxanasında tam 8 saatlıq iş günü ilə ocaqçı peşəsində çalışmışdır. Göstərilən iş yeri və peşə həmin dövrdə qüvvədə olmuş 22 avqust 1956-cı il tarixli 1173 saylı keçmiş SSRİ Nazirlər Sovetinin qərarı ilə təsdiqlənmiş «Güzəştli şərtlərlə və güzəştli miqdarda dövlət pensiyası hüququ verən ağır əmək şəraiti olan istehsalatların, sexlərin, peşələrin və vəzifələrin 2 nömrəli Siyahısı»nın “Ümumi peşələr” adlanan XXXİİİ bğlməsinin istehsalat qazanxanalarının və istehsalat sobalarının ocaqçıları sətrinə uyğun güzəştli şərtlərlə əmək pensiyası üçün tələb olunan güzəştli iş stajına hüquq verirdi. 1993-cü ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Güzəştli pensiya təyinolunub-olunmaması aidiyyatı dövlət orqanlarının səlahiyyətindədir. Göründüyü kimi iddiaçı X8 işlədiyi “ocaqçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmadığından, onun 12 il 6 ay güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlədə stajı toplanmır. Nəzərə alınmalıdır ki, iddiaçının hərbi xidmət dövründə çalışdığı hərbi gəmidə “maşinist” vəzifəsi yuxarıda qeyd olunan 1 nömrəli Siyahıya aiddir və bu, işin mübahisələndirilməyən halını təşkil edir. Lakin iddiaçının 1988 – 1990-cı və 1990 – 1995-ci illərdə işlədiyi ocaqçı vəzifəsinin kömür və ya şistlə işləyən ocaqçı vəzifəsinə aid olmadığı müvafiq olaraq "xxxx" ATSC X9 Məmulatları Filialından və "xxxx" ASC-dən alınmış məktublarda (arayışlarda) təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları) nəzərdə tutulsa da, iddiaçının işlədiyi ocaçı vəzifəsi qazla işləyən ocaqçılara aiddir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2900/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-913/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-913/2024
08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver