Məhkəmə qərarları › İş №2-1(103)-913/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-913/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-913/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X12 ibarət tərkibdə, X17 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8879/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 158-də yerləşən binanın 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126,9 kvm, 3 otaqlı, 65 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci il tarixdə "xxxx" MTK ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 158-də yerləşən binanın 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126,9 kv.m, 3 otaqlı, 65 saylı mənzilin əldə edilməsi ilə bağlı alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin tələbinə uyğun olaraq mənzilin dəyəri-35.000 ABŞ dolları məbləğində pul vəsaitini tam olaraq MTK-ya ödəmişdir, bu barədə ona 29 mart 2005-ci il tarixli maliyyə arayışı verilmişdir. 2005-ci ildən hazırkı vaxta kimi ailəsi ilə həmin mənzildə yaşayır və mənzilin bütün kommunl xərclərini ödəyir. Alqı-satqı müqaviləsi üzrə bütün öhdəliklərini tam yerinə yetirmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli Sərəncamına əsasən "xxxx" MTK-ya Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 000894 və 000896 saylı şəhadətnamələrinə əsasən ünvan 1 məhəllələrdə, 158 saylı ünvanda 1087,0kv.m torpaq sahəsində yerləşən binasının lahiyələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul kommisiyasının 2006-ci il tarixli Aktına əsasən ünvan 1 məhəllələrdə, 158 saylı ünvanda yerləşən 16 mərtəbəli yaşayış binası istismara verilmişdir. xx.xx.2005-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədən də görünür ki, "xxxx" MTK ilə onun arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 158-də yerləşən binanın 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126,9 kv.m, 3 otaqlı, 65 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2005-ci il tarixli maliyyə arayışından da görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 158-də yerləşən binanın 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126,9 kv.m, 3 otaqlı, 65 saylı mənzilin alqı-satqısı ilə bağlı "xxxx" MTK-ya həmin mənzilin tam dəyərini ödəmişdir, MTK-ya heç bir borcu yoxdur.

3. Cavabdeh iddia ərizəsinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin sənəd üzrə sahəsi 126,9 kv.m qeyd edilsə də, faktiki 124,3 kv.m təşkil edir.

4. Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8879/2024 saylı saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MTK arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və mənzil dəyərinin tam ödənilməsi şərtilə ona satılaraq xüsusi mülkiyyətinə verilmişdir. 2006cı il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktı ilə yaşayış binası istismara verilmişdir. Bundan əlavə, həmin yaşayış binasında yerləşən 2 mənzilə dair çıxarış həmin mənzillərin mülkiyyətçilərinə verilmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. xx.xx.2005-ci ildə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış kooperativ mənzil tikinti haqqında müqavilənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 158-də yerləşən binanın 2- ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126,9 kv.m, 3 otaqlı, 65 saylı mənzili almışdır;

11. Maliyyə arayışının surətindən görünür ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 158-də yerləşən binanın 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126,9 kv.m, 3 otaqlı, 65 saylı mənzilinin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.

12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 158 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X4 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən binanın ("xxxx" MTK) istismara qəbul aktının (icazə sənədinin) mövcud olunub-olunmamasına dair məlumat Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində aşkar edilməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 03 mart 2025-ci il tarixli, 3-21-3-30/2-8489/2025 saylı məktubla ünvan 5 ünvanında yerləşən binada X1 (qeydiyyat tarixi: xx.xx.2018, xx.xx.2018) X7 (qeydiyyat traixi: xx.xx.2019) X5 (qeydiyyat tarixi: xx.xx.2023) adına qeydiyyat keçmiş qeyri-yaşayış sahələrinə dair çıxarışların təsdiq edilmiş surətləri təqdim edilmişdir.

15. Apellyasiya icraatı zamanı iddiaçı tərəfindən paylayıcı “Azəriqaz” X9 Qaz İstismarı sahəsi ilə istehlakçı İddiaçı ("xxxx" MTK, mənzil 65) arasında qazın alqı-satqısı barədə xx.xx.2012-ci il tarixli müqavilə təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən “İri şəhərlərin X19 Xidməti” publik hüquqi şəxs Yasamal rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanan xx.xx.2006-cı il tarixli, 10273937 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqaviə təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ

16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25.Bərabərlik hüququ ... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

20. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə 58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vardır. Odur ki, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

24. Hazırkı iş üzrə müəyyən olunur ki, xx.xx.2005-ci ildə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış kooperativ mənzil tikinti haqqında müqavilə ilə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 158-də yerləşən binanın 2- ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126,9 kv.m, 3 otaqlı, 65 saylı mənzili almışdır.

25. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı iş materiallarına əlavə edilmiş ünvan 5 ünvanında yerləşən binada X2 (qeydiyyat tarixi: xx.xx.2018, xx.xx.2018) X10 (qeydiyyat traixi: xx.xx.2019) X8 (qeydiyyat tarixi: xx.xx.2023) qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışlar verilmişdir. Belə olan halda, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı yaşadığı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir.

27. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçının həyat yoldaşı X6 adına xx.xx.2007-ci il tarixli, 019808 nömrəli order verilmiş, həmin orderə əsasən, Bakı şəhəri, Şərifzadə küçəsi ev 1587, mənzil 65-də iddiaçı X13 daxil olmaqla 4 nəfər ailə tərkibi ilə birlikdə yaşamaq hüququ təsbit olunmuş və həmin orderin verilməsinə əsas kimi BŞİH-nin xx.xx.2007-ci il tarixli №189 sərəncamı göstərilmişdir.

28. Bundan əlavə maliyyə arayışının surətindən görünür ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 158-də yerləşən binanın 2-ci giriş, 12ci mərtəbəsində yerləşən ümumi sahəsi 126,9 kv.m, 3 otaqlı, 65 saylı mənzilinin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.

29. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4- cü maddəsinə əsasən Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir və mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu) mənzil fonduna daxildir. Eyni zamanda, 2006-cı ildən qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-6-cı maddəsinin tələbinə görə də mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçıya yerli icra hakimiyyəti tərəfindən order verilməsi özü onu ehtiva edir ki, iddiaçı tərəfindən MTK-nın qərarı ilə kooperativin üzvlüyünə qəbul olunmuş və tərəfindən mübahisəli mənzilə dair pay haqqı tam ödənilmişdir ki, yerli icra hakimiyyəti (Bakı şəhər İH) tərəfindən mübahisəli order verilmişdir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 5 ünvanında yerləşən binada X1 (qeydiyyat tarixi: xx.xx.2018, xx.xx.2018) X7 (qeydiyyat traixi: xx.xx.2019) X3 (qeydiyyat tarixi: xx.xx.2023) adına qeydiyyatdan keçmiş qeyri-yaşayış sahələrinə dair çıxarışlar verilmişdir.

31. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

32. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

33. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsas yoxdur.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

35. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8879/2024 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8879/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 158-də yerləşən binanın 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 126,9 kv.m, 3 otaqlı, 65 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar