Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-914/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial X2 İdarəsinə qarşı “ona əvvəlki 3 illik müddət üçün ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial X2 İdarəsinə qarşı “ona əvvəlki illərdə almadığı 3 (üç) illik müavinətin hesablanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5969/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və ona xx xxxxxx 2019-cu il tarixdə 033476 saylı "veteran vəsiqəsi” verilmişdir. O, “veteran vəsiqəsi” təqdim edildikdən sonra müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində təqaüdü hər ay alır. Həmin vəsiqənin verildiyi müddətdən 3 il əvvəlki dövrün təqaüdünün hesablanaraq verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial X2 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 613 saylı xx.xx.2001-ci il tarixli Fərmanı ilə müharibə veteranlarına ayda 55000 manat məbləğində müavinət ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 641 saylı xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Ərizəçiyə müharibə iştirakçıları üçün nəzərdə tutulan təqaüd qanunamüvafiq olaraq təyin edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial X2 İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona əvvəlki illərdə almadığı 3 (üç) illik müavinətin hesablanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın müavinətin vəsiqənin alınması tarixindən etibarən verilməsini qeyd etməsi qanunvericiliyin tələbinə tamamilə ziddir və qanunvericilikdə belə bir norma nəzərdə tutulmamışdır. Belə ki, vəsiqənin nə zaman alınmasından asılı olmayaraq o, müharibə veteranı statusunu 1990– 1994-cü illər ərzində vətən uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün 1994-cü ildən qazanmışdır. Vəsiqənin verilməsi yalnız müharibə veteranı olmağını təsdiq edən sənəddir, lakin, bu vəsiqənin verildiyi andan müharibə veteranı olmağını ifadə etmir. Cavabdeh təşkilat tərəfindən onun müraciətindən imtina edilməsi qanunsuz olmaqla yanaşı, onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, vətəndaşa müvafiq müavinət hüququ yaranmazdan, yəni müharibə veteranı statusu əldə etməmişdən əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İş materiallarından görünür ki, İddiaçı AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə veteran vəsiqəsi verilmişdir. DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi vətəndaşa xx xxxxxx 2019-cu il tarixdən, yəni veteran statusunu aldığı vaxtdan müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə prezident təqaüdü təyin etmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə yenidən DSMF-nin Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə müraciət edərək, müharibə veteranı kimi ona ödənilməyən əvvəlki 3 il üçün müavinət ödənilməsini xahiş etmiş, müvafiq inzibati orqan isə əsaslı olaraq şəxsə veteran vəsiqəsi aldığı tarixdən prezident təqaüdü təsis edildiyindən, əvvəlki 3 il üçün müavinət ödənilməsi barədə tələbindən imtina etmişdir. Hesab olunur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Belə ki, şəxs Şöbəyə müraciət etdiyi tarixdə Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin Təqaüdü”nün təsis edilməsi haqqında xx xxxxx 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 80 manat məbləğində Prezident Təqaüdü təyin edilmişdir. O, 3 illik müddətin ödənilməsi tələbini irəli sürmək üçün «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 4-cü maddəsində müavinətin növləri sadalanmışdır. Lakin sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də, həmin Qanunun 9.1-ci maddəsinə əsasən “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi, şəxsə sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın Şöbəyə müraciət etdiyi tarixdə Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanı qüvvədə olduğu üçün Şöbəyə ona sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Beləliklə, şəxsin müraciət etməzdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi hüququ yaranmış olmamışdır. Vətəndaşa sosial müavinət təyin edilməsinin mümkünsüzlüyünü təsdiq edən yuxarıdakı faktlardan başqa aşağıdakı əsaslarda onun belə bir hüququnun olmadığını bir daha təsdiqləyir. Şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. «Sosial müavinətlər haqqında» AR Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəadan da göründüyü kimi, qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. xx xxxx 1994 tarixli «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsində və AR Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx xxxxxx 2019 tarixdən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir’ ’müddəasında da tapır. Yəni, güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anıyla şərtləndirilmişdir. Şəxsin müharibə veteranı statusunu almaq üçün döyüşlərdə iştirak etməsi bizim üçün mübahisə predmeti deyildir, lakin şəxsin «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması) onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Oxşar mövqe müharibə əlilinə təqaüdün ödənilməsiylə bağlı Ali Məhkəmənin 2-1(102)-575/2018 saylı qərarında və digər qərarlarında əks olunmuşdur. Həmin qərarda hüququn yarandığı anın müəyyən olunması aşağıdakı kimi əsaslandırılmışdır: “Hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin Təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əiaqədar üçüncü dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikasının Prezidentinin Təqaüdünü almaq hüququ ona üçüncü dərəcə əlillik təyin edildiyi andan yəni, xx.xx.2016cı il tarixdən yaranmışdır.” Ali Məhkəmənin bu qərarından da aydın görünür ki, müharibə əlili statusunun verildiyi an döyüşlərdə iştirak anı deyil, əlilliyin müəyyən olunduğu andır və həmin andan da təqaüdü almağa hüquq yaranmış hesab olunur. Nəzərə alsaq ki, müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı (müharibə əlili statusunun yarandığı an) kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil, əlilliyinin rəsmiləşdirildiyi (müəyyən olunduğu) an müəyyən olunur, eyni yanaşma müharibə veteranları üçün də tətbiq olunmalıdır. Çünki aşağıdakı əsaslara görə bu münasibətlər tamamilə analoji münasibətlərdir: Hər iki kateqoriyadan olan şəxslərin xüsüsi statusunun yaranması üçün əsas (müharibə veteranı və müharibə əlili statusu) vətənin bütövlüyü uğrunda döyüşlərdə iştirak olmuşdur, hər iki kateqoriya şəxsin statusu rəsmiləşdirilir (müharibə əlillərində əllilik arayışı ilə, veteranlarda veteran vəsiqəsi ilə). Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, müharibə veteranlarının da xüsusi statusu,yəni qanunvericilikdə onlar üçün müəyyən edilmiş istənilən hüquq ,o cümlədən, sosial ödənişləri almağa hüquq müharibə əlillərində olduğu kimi, onların xüsusi statusunun rəsmiləşdirildiyi anda, yəni vəsiqənin verildiyi anda yaranmış olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5969/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, ona müharibə veteranı adı və vəsiqəsi xx.xx.2019-cu ildə verilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən onun əvvəlki üç il üçün, yəni xx.xx.2016-cı il tarixdən müavinət almaq hüququ yaranmışdır. Cavabdehin etirazında göstərilmiş dəlillər əsassızdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçının cavabdə qarşı olan tələbi “ona müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən üç il əvvəlki dövrün təqaüdünün heablanaraq verilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın rədd olunması ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Əvvəla qeyd olunmalıdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü’’nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hakimiyyətlərin bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmələr hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Odur ki, məhkəmə kollegiyası qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı müharibə veteranı vəsiqəsini Prezident təqaüdü təyin edildiyi vaxtdan sonra aldığından (xx.xx.2020-ci il) və ona həmin andan etibarən Prezident təqaüdü təyin olunduğundan, onun əvvəlki üç ilə görə (xx.xx.2016-xx.xx.2019-cu illər üzrə) müavinət tələb etməyi əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5969/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-914/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-914/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver