Məhkəmə qərarları › İş №2-1(103)-914/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-914/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-914/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Məmməd Allahverdi oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə yazılı cavab verilməsi və poçt vasitəsilə göndərilməsi tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10801/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə yazılı cavab verilməsi və poçt vasitəsilə göndərilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə ehtiyatda olan zabit, prezident təqaüdçüsü, 2014-cü ildən 2-ci qrup müharibə əlilidir. Onun müraciətinə əsasən xx.xx.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə o əyani müayinə olunmuş və əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA nömrəli forma 88 yazılıb elektron sistemə daxil edildikdə, ona xx.xx.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Bu barədə xx.xx.2021-ci il tarixə kimi dəfələrlə, xx.xx.2021-ci il tarixdə isə axırıncı dəfə onun şəxsi kabinetinə cavabdehin cavab məktubu yerləşdirilərək orada göstərilmişdir ki, “0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir". Bu barədə iddiaçının şəxsi kabinetində qeydiyyat var və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək iddiaçının elektron şəxsi kabinetinə cavabdeh tərəfindən qeyd edilən məzmunda 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə ona göndərilməmiş, o, bu barədə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı şəxsi kabinetinə baxış keçirərkən görmüşdür ki, ümumi, səhifədə əlilliyin qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşmüş, axrıncı qiymətləndirilmə sistemdən silinmiş, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir. Bu səbəbdən o cavabdehə dəfələrlə müraciət etmişdir. Hazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixdə müraciətinə cavabdeh tərəfindən cavab verilməyərək “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbləri növbəti dəfə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10801/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilərək icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, onun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və vəsatətlərini nəzərə almadan iddia tələbini geri qaytarmışdır. Məhkəmə tərəfindən iş üzrə icraat aparılan müddətdə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmadığından, iddia tələbinin dəqiqləşdirilməsi nəzərə alınmadığından hesab edir ki, qərardad ləğv edilməli və iddia tələbi üzrə icraat davam etdirilərək iddiası təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in qeyd olunan 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İş materiallarına əsasən müəyyən olunur ki, iş materialları Bakı Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli məktubu ilə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iş üzrə xx.xx.2023-cü il tarixinə (saat 12:00-a) məhkəmə iclası təyin edilmiş, bu barədə iddiaçıya (e-kabineti var) iddia ərizəsində göstərilən ünvanı üzrə məlumat (həmçinin, “SMS” xəbərdarlıq) və ona prosessual hüquq və vəzifələrin izahı barədə bildiriş göndərilmiş və həmin bildirşdə İPM-in 55-ci maddəsinə əsasən ardıcıl olaraq 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmişdir (iş vərəqi 122-127). Lakin iddiaçı həmin məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası xx.xx.2023-cü il tarixinə saat 14:50-yə təxirə salınmış və bu barədə ona xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi, eləcə də eyni tarixli hüquqi yardım barədə məkbub ünvanlanaraq, həmin məktubda ona İPM-in 55-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etmədyi təqdirdə, iddia ərizəsinin geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunacağı bildirilmişdir. Həmin məhkəmə sənədləri ona poçt vasitəsilə (poçt qəbzi ştrix kod SX003738373AZ) rəsmi qaydada xx.xx.2023-cü il tarixdə çatdırılmışdır (i.v.13-137). İddiaçı həmin məhkəmə iclasına da gəlməmiş, beləliklə də 30 gündən artıq müddət ərzində ardıcıl olaraq icraatından yayınmışdır. Göründüyü kimi, iş materiallarının təhlili ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın geri götürülmüş sayılaraq icraata xitam verilməsi işin hallarına və prosessual hüquq normalarına uyğun olmuşdur. Ona görə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmadan iddia ərizəsinin geri götürülmüş hesab edilməsi barədə əsassız qərardad çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10801/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10801/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar