Məhkəmə qərarları › İş №2-1(103)-915/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-915/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-915/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2994/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 01.01.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının işlədiyi Bakı üzləmə materialları, X1, Bakı mərmər məlumatları, Bakı şüşə zavodlarının, Bakı üzlük materialları kombinatının və "xxxx" ASC-nin arxiv sənədləri AR Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmiş və məhz bu əsasa görə cavabdeh tərəfindən həmin sənədlər əldə edilə bilmədiyindən, iddiaçıya imtina cavabı verilmişdir. Həmçinin, iddiaçı X1 zavodu ilə yanaşı digər müəssisələrdə də işləmiş, lakin həmin müəssisələrlə bağlı hər hansı araşdırma aparılmamış, müvafiq qurumlara lazımi sorğular verilməmişdir. Belə ki, məhkəmə öz xidməti vəzifəsinə görə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmağa borcludur. İddiaçının mübahisələndirilən "xxxx" ASC ilə bağlı məhkəmə tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış 25.08.2020-ci il tarixli sorğunun cavabına əsasən, "xxxx" 18.05.1998-ci il tarixdə qeydiyyatdan keçmişdir və 26.02.2009-cu ildə dövlət reyestrindən çıxarılmışdır. Həmin müəssisənin “Xırdalan üzlük materialları zavodunun hüquqi varisi olması barədə məlumatlar mövcud olsa da, iddiaçının həmin müəsisədə işləməsi barədə konkret sübutlar mövcud deyildir. Müəsisədə 1998-ci ildə baş verən bu dəyişiklik barədə idddiaçının əmək kitabçasında dəyişiklik qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xeyrinə mübahisələndirilən illərdə Bakı üzləmə materialları, X1, Bakı mərmər məlumatları, Bakı şüşə zavodları, Bakı üzlük materialları kombinatı və "xxxx" ASC-də işlədiyi müddətdə müvafiq müəssisələr tərəfindən sığorta haqlarının ödənilməsinə dair heç bir mötəbər sübut mövcud olmamış, məhkəmə bu zaman iş üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmasına dair xidməti vəzifəsinin tələblərini də yerinə yetirməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırıb, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətinə görə iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. NZ ******* nömrəli hərbi biletin notarial təsdiqli surətinə əsasən iddiaçı 11.11.1974cü ildən 05.11.1976-cı ilədək hərbi xidmət keçmişdir. 25.06.1986-cı il tarixli ZT 027287 nömrəli diplomun notarial təsdiqli surətinə görə iddiaçı 1979-cu ildə həmin texnikuma qəbul olunmuş, 04.06.1986-cı il tarixdə oranı bitirmişdir. İddiaçıya məxsus əmək kitabçasının notarial təsdiqli surətinə əsasən iddiaçı 01.09.1973-cü ildən 23.03.1974-cü ilədək Qənnadı sexində fəhlə işləmiş, 11.11.1974-cü ildən 05.11.1976-cı ilədək hərbi xidmət keçmiş, 19.01.1977-ci ildən Azərbaycan SSR TMSN Bakı Mərmər Məmulatları zavodunda Bakı mərmər sexinə cilalayıcı tələbəsi qəbul olunmuş, 23.03.1977-ci ildə həmin sexin 3-cü dərəcəli frezerçisi keçirilmiş, Azərbaycan SSR TMSN 10.05.1978-ci il tarixli əmri ilə Bakı Mərmər Məmulatları zavodunun adı dəyişdirilib Bakı Üzlük Materialları kombinatı olmuş, 02.07.1979-cu ildə ona 3-cü dərəcəli mərmər kəsicisi ikinci peşə verilmiş, 10.08.1981-ci ildə 2 saylı Bakı sexinə 3-cü dərəcəli daş frezerçisi keçirilmiş, 28.02.1983-cü ildə öz istəyi ilə işdən azad olunmuş, 25.03.1983cü ildə Bakı X3bları sexinə doldurucu şagirdi qəbul olunmuş, 21.04.1983-cü ildə 3-cü dərəcəli şixta dolduran verilmiş, 15.09.1983-cü ildə öz istəyi ilə tutduğu vəzifədən azad olunmuş, 17.11.1983-cü ildə Azərbaycan SSR TMSN X1 kombinatına Üzlük sexinə 3-cü dərəcəli mişarçı qəbul olunmuş, 01.08.1994-cü ildə Baş mexanik-energetik, texniki təhlükəsizlik və nəqliyyat şöbəsinə nəqliyyat üzrə mühəndis keçirilmiş, 15.08.1994-cü ildə müvəqqəti olaraq şöbə rəisi vəzifəsinə keçirilmiş, 01.02.1995-ci ildə Üzlük tavanlar istehsalı sexinə rəis vəzifəsinə keçirilmiş, 01.10.2003-cü ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin iddiaçıya ünvünlanmış 14.01.2020-ci il tarixli **********4 nömrəli məktubunda qeyd olunmuşdur ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən və azı 25 il əmək stajı olmadığından ona pensiyanın təyin edilməsi qanunvericiliklə mümkün deyil. AR Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 24.01.2020-ci il tarixli 5/104 nömrəli məktuba görə, Bakı mərmər məmulatları zavodunun, Bakı üzləmə materiallarının və X1 zavodunun arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. AR Milli Arxiv İdarəsinin birinci instansiya məhkəməsinə ünvanladığı 31.05.2020-ci il tarixli 5/831 nömrəli məktubuna əsasən, Bakı mərmər məmulatları zavodunun, Bakı üzlük materialları kombinatının, Bakı şüşə zavodunun və "xxxx" ASC-nin arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birinci instansiya məhkəməsinə ünvanladığı 25.08.2020-ci il tarixli **********366000 nömrəli məktubuna görə, dövlət reyestrində "xxxx" ASC-nin (VÖEN: **********) 18.05.1998-ci il tarixdə D-2775 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi və X1 zavodunun hüquqi varisi olması barədə məlumat mövcuddur. "xxxx" ASC təsisçilərinin qərarına əsasən ləğv edilmiş və 26.02.2009-cu il tarixdə dövlət reyestrindən çıxarılmışdır. “Əmək pensiyaları haqqında” AR Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 01.01.2020-ci il tarixdə iddiaçının 64 yaş yarımı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanunadək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinin üçüncü abzasının ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı qanunla tələb olunan 25 il sığorta stajına malikdir. Bu fakt əsli məhkəmə kollegiyası tərəfindən tədqiq edilən və işə əlavə olunan ona məxsus əmək kitabçası və hərbi biletlə təsdiq olunur. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. “İnzibati icraat haqqında” AR Qanununun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2). Sadalanan normaların tələblərinə uyğun olaraq, iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Əmək kitabçasının məlumatları cavabdeh tərəfindən mübahisə edilsə də, o, müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, həmin məlumatlara şübhə etməklə, habelə hüquqi faktı inkar yolu ilə ərizəyə və iddiaya etiraz etməklə işini bitmiş saymış, İPM-in 14.3-cü maddəsinin tələbinə müvafiq qaydada iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək əvəzinə, qanunsuz olaraq bunu iddiaçıdan və məhkəmədən gözləmiş və tələb etmişdir. Bunun təbii nəticəsi kimi, cavabdehin faktiki cəhətdən heç bir dəlil ehtiva etməyən imtinasının əsaslandırıcı hissəsi kimi tərtib edilmiş apellyasiya şikayəti də formal mülahizələrdən ibarət olmuşdur. Cavabdehin iddiaçının əmək kitabçasına etirazının əsaslarını təsdiq etmək üçün müvafiq qurumlara hər hansı sorğu ilə çıxış etməsi iş materilları ilə təsdiq olunmur. Belə bir yeganə sorğu 04.08.2020-ci ildə, imtinadan 7 ay sonra, iddiaçı 04.02.2020-ci il tarixdə məhkəməyə müraciət etdikdən sonra Dövlət Vergi Xidmətinə verilmişdir. Halbuki, “İnzibati icraat haqqında” AR Qanununun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Həmin Qanunun 32.2-1-ci maddəyə əsasən, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Eyni Qanunun 30.5-ci maddəsi ilə də qanunverici oxşar tənzimləməyə üstünlük vermiş, bununla da inzibati orqana müraciət edən fərdin hüquqlarının maksimum təminatına rəvac vermişdir. Adıçəkilən normaya görə, inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Həmçinin, İPM-in 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması prinsipi məhkəmənin cavabdeh inzibati orqanın yerinə keçərək, onun əvəzinə sübutların toplanması üçün müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi, eləcə də inzibati prosessual qanunvericiliklə qorunmağa çalışılan balansın (hegemon publik hakimiyyət daşıyıcısı ilə fərdin məhdud imkanlarının ədalət mühakiməsi müstəvisində bərabərliyinin) pozulmasına haqq qazandırmaq kimi başa düşülməməlidir. Belə hallarda obyektiv həqiqət prinsipi də mütləq anlamda qəbul edilərək, sırf fərdin əleyhinə işləyən mexanizmə çevrilməməlidir. İPM-in 15.1-ci maddəsinə görə də, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının 64 yaş yarım və 25 il sığorta stajı şərtlərini ödəyərək, ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2994/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar