Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-915/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınmasının bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyata alınmasının bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7559/2023 saylı 30 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-20016/2023 saylı xx.xx.2023-cü il tarixli və 18/2-23073/2023 saylı xx.xx.2023-cü il tarixli eyni məzmunlu məktublarında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1991ci il tarixdən ünvan 3 ünvanında, xx.xx.2011-ci il tarixdən ünvan 4 ünvanında, xx.xx.2022ci il tarixdə Binəqədi rayonu, 7-ci mikrorayon, X5 küçəsi 1 ünvanında qeydiyyatda olmuş, qeyd edilən ünvandan xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İddiaçı onun Polis İdarəsinin inzibati binasından qeydiyyatdan çıxarılmasını əsassız sayaraq həmin ünvana qeydiyyatının bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 3-13-46/2-A-41xx/xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, onun yaşayış yeri olmayan şəxs kimi ünvan 7 ünvanına qeydiyyata alınması barədə müsbət rəyin verilməsi qanuna müvafiq deyildir. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən Sizin, ünvan 8 ünvanında tikilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi yekunlaşdıqdan sonra yaşadığı ünvana qeydiyyata alınması məsələsinə baxılacaq. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək,“faktiki olaraq Binəqədi qəsəbəsi, Gülüstan massivində yerləşən fərdi yaşayış evində yaşadığını, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyini, bununla da qeydiyyatdan çıxarıldığı Binəqədi rayon Polis İdarəsinin inzibati binasına, ünvan 9 ünvanına inzibati binaya qeydiyyata alınmasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişlər. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olduğu ünvandan məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Binəqədi rayon Polis İdarəsinin inzibati binasına, ünvan 9 ünvana inzibati binaya qeydiyyata alınmışdır. Bu yaxınlarda Binəqədi rayon Polis İdarəsi tərəfindən inzibati binadan o pasport qeydiyyatından çıxarılmışdır və ona məxsus şəxsiyyət vəsiqəsi hal-hazırda etibarsızdır. O, faktiki olaraq Binəqədi qəsəbəsi, Gülüstan massivində yerləşən fərdi yaşayış evində yaşayır. Onun yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir və hüquqmüəyyənedici sənədləri olmadığından pasport qeydiyyatına alınmaq mümkün deyildir. Başqa bir ünvana da qeydiyyata alınmağı mümkünsüzdür. Pasport qeydiyyatının bərpası ilə bağlı Binəqədi RPİ-nə müraciət etmişdir, lakin əsassız olaraq imtina edilmişdir. Verilmiş xx.xx.2023-cü il tarixli cavabda yaşayış yeri olmayan şəxs kimi qeydiyyata alınma barədə müsbət rəy verilməsinin qanuna müvafiq olmaması və yaşadığı fərdi yaşayış evinin sənədləşdirilməsi yekunlaşdıqdan sonra yaşadığı ünvana qeydiyyata alınma məsələsinə baxılacağı göstərilmişdir. Bu tamamilə əsassızdır, belə ki, fərdi yaşayış evinin nə vaxt konkret olaraq sənədləşdiriləcəyi məlum deyildir, onun hal-hazırda qeydiyyatsız qalması hüquqlarını tamamilə məhdudlaşdırmışdır və bu halın nə qədər davam edəcəyi məlum deyildir. Məhkəmə qaydasında da özbaşına tikililərə mülkiyyət hüququ tanınması mümkünsüzdür və qanunvercilikdə nəzərdə tutulmamışdır. Yaşadığı fərdi yaşayış evinə ünvan-nömrə belə verilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7559/2023 saylı 30 avqust 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır, əlavə olaraq göstərilmişdir ki, qərarda göstərilmiş Xaçmaz şəhəri, Ü.Hacıbəyov keçəsində paylı mülkiyyətdə olan fərdi yaşayış evi faktiki olaraq qardaşına məxsusdur və o, ailə üzvləri ilə birlikdə yaşayır. O, 1997-ci ildən ünvan 11 ünvanına pasport qeydiyyatına alınmış və daimi yaşayış yeri Bakı şəhəridir. Məhkəmə tərəfindən işə baxılan zaman qeyd edilən amillər nəzərə alınmamışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, Binəqədi rayon ərazisində yerləşən mülkiyyət hüquqları qeydə alınmayan fərdi yaşayış evində yaşayır, onun paylı mülkiyyətində Xazmaz rayonunda yerləşən daşınmaz əmlak qeydə alınsa da, həmin əmlakla bağlı məhkəmə mübahisələri mövcuddur, bu səbəbdən də həmin əmlaka pasport qeydiyyatına alına bilmir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdr. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı tələbi “faktiki olaraq Binəqədi qəsəbəsi, Gülüstan massivində yerləşən fərdi yaşayış evində yaşadığını, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyini, bununla da qeydiyyatdan çıxarıldığı Binəqədi rayon Polis İdarəsinin inzibati binasına- ünvan 9 ünvanına inzibati binaya qeydiyyata alınması” barədədir. Bununla bağlı iddiaçı X4 cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddia məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçının adına Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində paylı mülkiyyət hüququ ilə fərdi yaşayış evi qeydə alındığından və həmin qeyd qüvvədə olduğundan, iddiaçının qanuni yaşayış yeri mövcud olduğundan onun polis idarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması barədə tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir, 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Prezidentinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.3-cü bəndinə əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 3-13-46/2-23088/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, inzibati binada qeydiyyatda olan vətəndaşların hərbi çağırışçı yaşına çatmış hərbi çağırışdan qəsdən və ya faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi səbəbindən hərbi çağırışdan yayınması, qanunvericiliklə barələrində mülki hüquqi öhdəlik təyin olunmuş şəxslərin öhdəlikdən boyun qaçıraraq, baş vermiş cinayətlərdə şübhəli şəxs qismində axtarılan vətəndaşların faktiki yaşayış yerlərinin müəyyən olunmaması, habelə məhkəmə və digər dövlət qurumlarının inzibati bina qeydiyyatında olan vətəndaşlara ünvanladığı bildiriş və məktubların vətəndaşlara faktiki yaşayış yerləri məlum olmadığı üçün vaxtında və operativ qaydada çatdırılmalarında, aidiyyəti qurumların fəaliyyətinin fəal təmin edilməsi və bu vətəndaşların tapılmasının operativliyini təmin etmək məqsədilə vətəndaşların faktiki yaşadığı ünvan üzrə yaxud ailə üzvlərinin və ya qohumlarının ünvanına qeydiyyata alınması daha məqsədə müvafiq hesab edilmişdir. Həmçinin vətəndaş İddiaçı DİN-in müvafiq göstərişinin tələblərinə uyğun olaraq faktiki yaşayış yeri və imkanları araşdırılmışdır. Müəyyən edilmişdir ki, Binəqədi rayonu ərazisində istifadələrində olan, lakin hüquqi sənədi olmayan mənzildə faktiki yaşayır və bu səbəbdən onun yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilməsi mümkünsüzdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********92 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********92- 10301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində paylı mülkiyyətdə fərdi yaşayış evi aşkar edilmişdir. Beləliklə, hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının faktiki yaşadığı Binəqədi rayon ərazisindəki fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur, Binəqədi Rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınmasını tələb etsə də, hazırda Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində paylı mülkiyyət hüququ ilə adına fərdi yaşayış evi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırki işdə iddiaçının adına Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində paylı mülkiyyət hüququ ilə fərdi yaşayış evi qeydə alındığından və həmin qeydlər qüvvədə olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının qanuni yaşayış yeri mövcuddur. Bu səbəbdən birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının tələbinin əsassız olduğu üçün onun təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7559/2023 saylı 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7559/2023 saylı 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-915/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-915/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver