Məhkəmə qərarları › İş №2-1(103)-915/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-915/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-915/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8030/2023 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-4042/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1234/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2023-cü il tarixli 2-1(103)-4042/2023 nömrəli qərarı dəyişdirilmiş, İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1234/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə icra edilməsi cavabdeh inzibati orqana göndərilmişdir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında Arayışa əsasən İddiaçı «Baş beynin travmatik xəstəliyi. Posstravmatik ensefalopatiya, kəskin astenonevrotik sindromla. Kəllədaxili hipertenziya» dianozu ilə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlilllik xx.xx.2022-ci il tarixdən 5 il müddətinə təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, məhkəmə qərarına əsasən əlilliyin (61-80% İİ dərəcə) 1990-cı ildən verilməsi tanınmışdır. Göstəricilərə görə əlilliyin müddəti 30 ildən çox olduğu üçün ona əlillik müddətinin təyin olunduğu kimi 5 il yox, müddətsiz təyin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, hazırki iş üzrə məhkəmə qərarının icrası zamanı İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61- 80 faiz pozulmasının) xx.xx.2022-ci il tarixdən müddətsiz təyin edilməli olduğunun nəzərə alınması qərara alınmışdır. Hazırda həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin cavabdehin qərarı düzgün icra etməmişdir mövqeyi ilə razılaşmırlar. Belə ki, məhkəmə qərarının nəticə hissəsində “İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2022-ci il tarixdən təyin edilməsi” öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyularkən əlilliyin təyin edilmə müddəti qeyd olunmamışdır. Məhkəmənin isə birinci instansiya məhkəməsi qərarının məzmunundan İddiaçı İİ dərəcə əlilliyin müddətsiz təyin edilməli olduğunu bildirməsi (qanunvericilik normalarının təhlilinə əsasən) tamamilə yanlışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarı:

2. İPM-in 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə isə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Sözügedən normaların mənasına görə inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilk növbədə İPMdə təsbit edilmiş müddəalar rəhbər tutulmaqla həyata keçirilməlidir. Bununla yanaşı, bir sıra hallarda məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM), eləcə də “İnzibati icraat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq müddəalarının tətbiqi də mümkün və zəruridir.

6. İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir.

33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadda qeyd etmişdir ki, məhkəmə qərarının nəticə hissəsində “İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2022-ci il tarixdən təyin edilməsi” öhdəliyi cavabdehin üzərinə qoyularkən əlilliyin təyin edilmə müddəti qeyd olunmasa da, işin faktiki hallarından və məhkəmə qərarının məzmunundan (qanunvericilik normalarının təhlilinə əsasən) aşkar görünür ki, İddiaçı İİ dərəcə əlillik müddətsiz təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1234/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi, qərarda əlilliyin müddətsiz təyin edilməsi göstərilməmişdir. Məhkəmə qərarı ilə təyin edilməsi qərara alınmış əlilliyin mübahisələndirilən qərardadla müddətsiz müəyyən edilməsi məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi deyil, məhkəmə qərarında göstərilməmiş yeni halın müəyyən edilməsidir. Qeyd olunanlara əsasən məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsi qaydasında məhkəmə qərarının icrası zamanı iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməli olduğunun nəzərə alınmasının qərara alınması əsassızdır. Qeyd olunan halda həmin məsələyə məhkəmə qərarının izah edilməsi qaydasında baxıla bilər. Bu səbəbdən də iddiaçı qərarın izah edilməsi barədə müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2023 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş məhkəmə qərarının icrası ilə bağlı ərizə təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar