Məhkəmə qərarları › İş №2-1(103)-916/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-916/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-916/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddiaçının adına olan AB-İ 812805 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehnə qarşı iddia qaldıraraq iddiaçının 2004- 2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin stomatologiya fakultəsində ali təhsil almağı və internatura kursu keçməyi ilə bağlı müvafiq sənədin (diplumun) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ilin iyul ayında Naxçıvan şəhərində ali məktəbə qəbul olmaq üçün test imtahanında iştirak etmiş, topladığı balla yazdığı Dövlət Universtetlərinə qəbul olunmadığından Universitetdə oxumaq üçün həmin ilin sentyabr ayında Azərbaycan Beynəlxalq Universtetinə müraciət etmişdir. Lazım olan zəruri sənədləri toplayıb ABUnun tələbə qəbul üzrə səlahiyyətli şəxslərinə təqdim etmişdir. Nəticədə 20 sentyabr 2005-ci il tarixdə müqavilə yolu ilə müsabiqədən keçdikdən sonra ABU-nun «stomatologiya» fakültəsinə daxil olaraq beş il həmin fakültədə oxumuşdur, illik təhsil haqqlarını ödəmiş, stomatologiya fakültəsini bitirdikdən sonra 2009- cu ilin iyul ayında Azərbaycan Beynəlxalq Universtetinin Stomatologiya klinikasına daxil olmuş, 10 ay internatura kursu keçmiş, 27 sentyabr 2010-cu ildə isə internaturanı bitirməklə bağlı Azərbaycan Benəlxalq Universtetinin Stomatoloji klinikası tərəfindən ona 119 №-li sertifikat verilmişdir. ABU ləğv olunduqdan sonra 2012-ci ilin oktyabr ayında həmin Universitetin stomotoloji klinikası tərəfindən ona AB-İ seriyalı 812805 №-li diplom verilmişdir. Bundan sonra 17 fevral 2015-ci il tarixli 353 №-li əmr ilə mən Dövlət Sərhəd Xidmətində 5 il gizir qismində xidmət etmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş, N №-li hərbi hissənin maddi-texniki təminat şöbəsinin tibb bölməsinin həkim-stomatoloqu vəzifəsinə təyin edilmiş, 18 avqust 2016-cı il tarixli 1471 №-li əmrlə tibb xidməti leytenantı zabit rütbəsi verilmiş və 14 aprel 2020-ci il tarixli 515 №-li əmrlə vəzifədən azad olunmaqla DSX-nin rəisinin sərəncamına götürülmüşdür. Bu müddət ərzində aldığı diplom ilə bağlı onun heç bir problemi olmamış və bununla əlaqədar olaraq 08 yanvar 2013cü il tarixli Ş23151/0371 №-li Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktub verilmiş və məktubda qeyd olunmuşdur ki, göstərilən diplom (yəni adına verilən diplom) Təhsil Nazirliyi tərəfindən Azərbaycan Bəynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. Lakin, 2019-cu ilin oktyabr ayında DSX-nin Kadrlar Baş İdarəsində ona bildirilmişdir ki, aldığı diplom saxtadır. Bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsində araşdırma aparılmış, həmin şöbənin prokuroru Cəmil Məmmədov tərəfindən qəbul edilmiş 23 fevral 2021-ci il tarixli qərarla barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2- ci maddəsinə əsasən rədd edilmiş, ali təhsil almağı ilə əlaqədar hüquqi faktın müəyyən edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan əlavə 2021-ci ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinə məktubla müraciət etmiş, lakin Təhsil Nazirliyi 31 avqust 2021-ci il tarixli 31- 341- 1124/10 №-li məktubu ilə bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına AB-İ 812805 №-li diplom blankının hüquqi əsası yoxdur. Həmin cavab 2021-ci ilin sentyabr ayında poçt vasitəsi ilə təqdim edilmişdir. Bundan sonra o, 2004-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin «stomatologiya» fakültəsində ali təhsil almağı və internatura kursu keçməyinin hüquq faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə Bakı şəhər Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(003)-4121/2021 №-li qərardadı ilə ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş, bununla bağlı Təhsil Nazirliyinə mürəciət etməsi, müraciətindən imtina olduğu halda isə həmin imtina ilə bağlı inzibati qaydada Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması göstərilmişdir. Qeyd etdiyi qərardaddan şikayət vermiş, 04 noyabr 2021-ci il tarixli 2(003)- 4121/2021 №-li Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2021-ci il tarixli 2(103)-11764/2021 №-li qərardadı ilə şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(003)- 4121/2021 №-li qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdiyi mülki iş üzrə ərizə və ona əlavə olunmuş sənədlər ona 11 fevral 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsi tərəfindən rəsmi qaydada qaytarılmışdır. Beləliklə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin izah etdiyi kimi, iddiaçının Təhsil Nazirliyinə müraciəti olmuş və bununla bağlı cavabdeh tərəfindən 31 avqust 2021-ci il tarixli 31-341-1124/10 №-li məktubla imtina verilmişdir. Lakin, hazırki iddia ərizəsindən əvvəl qeyd etdiyi kimi hüquq faktının müəyyən edilməsi ilə bağlı Bakı şəhər Xəzər rayon Məhkəməsinə müraciət etmiş və bütün sənədlər ona 11 fevral 2022-ci il tarixdə təhvil verilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş cavab məktubu tam əsassızdır, ona görə ki, təhsil almağı və internatura kursunun keçməyi tam bəllidir. Bu halı istintaq orqanı da müəyyən etmiş və müvafiq qərar qəbul etmişdir. Eyni zamanda Təhsil Nazirliyi də aldığı diplomun nümunəvi sənəd olmasını 2013-cü ildə verdiyi məktubla etiraf etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adına olan AB-İ 812805 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddiaçının adına olan AB-İ 812805 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AB-İ 812805 nömrəli diplomun surətinə əsasən İddiaçı Azərbaycan Beynəlxal Universitetinə 2004-cü ildə daxil olmuş, 2009-cu ildə həmin universitetin Stomatologiya ixtisasını bitirmişdir. Dövlət imtahan komissiyasının 30 iyun 2009-cu il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir. - xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən, universitet qismində Nizamnamə qismində fəaliyyət gostərən Azərbaycan Beynəlxalq Universiteti (rektor, hüquq elmlər doktoru, akademik X4), sifarişçi qismində X5 olmaqla, Universitet İddiaçı əgər müsabiqədən keçərsə, stomatologiya ixtisasının əyani şöbə üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı öhdəsinə götürür. - Azərbaycan Beynəlxalq Universitetinin 28 iyul 2009-cu il tarixli arayışına əsasən məzun (tələbə) İddiaçı 2004-cü ildən 2009-cu ilə qədər Stomatologiya fakultəsində təhsil almışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibb Universitetinin 199 nömrəli vəsiqəsinə əsasən, İddiaçı 2009-cu ilə Azərbaycan Beynəlxalq Universitetini bitirmiş, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək Respublika Stomatoloji Mərkəzində internatura kursu keçmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin 15 iyul 2010-cu il tarixli A5/1477 nömrəli arayışına əsasən İddiaçı həqiqətən 2009-cu ilin iyun ayında Azərbaycan Beynəlxalq Universitetinin «Stomatologiya» fakültəsinin əyani şöbəsini bitirmiş, X1 əmr № 3/2786 (11.07.09) qərarı ilə ona «Stomatologiya» ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Arayış N- saylı hərbi hissəyə təqdim eymək üçün verilir - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ş23151/0371 nömrəli xx.xx.2013-cü il tarixli məktubuna əsasən araşdırma nəticəsində İddiaçı AB-İ № 812805 (qeydiyyat nömrəsi № 172) diplom Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı hüquqi əsası olmayan AB-İ seriyalı 812805 nömrəli diplomundan istifadə etməsi xüsusatı üzrə barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM- nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. - Cavabdeh xx.xx.2021-ci il tarixli, 31-31- 1124/10 nömrəli məktubuna əsasən Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına yazılmış AB-İ 812805 nömrəli diplom blankının hüquqi əsas yoxdur. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(003)- 4121/2021 saylı qərardadına əsasən ərizəçi İddiaçı- 2004-2010- cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin “stomatologiya” fakültəsində ali təhsil alması və internatura kursu keçməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(003)- 4121/2021 saylı qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(003)- 4121/2021 saylı qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11764/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən, ərizəçi İddiaçı şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 4121/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazirki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, ” iddiaçının özünün təqdim etdiyi sənədlər (diplom, tələbə bileti, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2009-cu il tarixli və xx.xx.2010- cu il tarixli A5/1477 nömrəli arayışı) də iddiaçının iddiasının tam əsassız olduğunu, həqiqətən də Universitetdə qanuni əsaslarla təhsil almadığını göstərir. Belə ki, Universitet xx.xx.2005-ci il tarixdə daxili müsabiqə keçirərək iddiaçı ilə müqavilə bağlamış və onu ABU-nun “Stomatologiya” fakültəsinə tələbələr sırasına qanunsuz olaraq qəbul etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda AB-İ 812805 nömrəli diplom blankının hüquqi əsası olmadığından iddiaçıya ali təhsili haqqında diplomunun verilməsindən cavabdehin imtinası əsaslıdır və cavabdehin üzərinə belə bir öhdəlik qoyula bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh haqqında Əsasnamənin 8-ci bəndinə əsasən, Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 8.5. təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) təmin edir; 8.26. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir;(iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan redaksiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 72 nömrəli 30 mart 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin Əsasnaməsi»nin 42-ci bəndinə görə ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Azərbaycan Beynəlxalq Universitetində ali təhsil aldığını iddia etdiyi (2004-2009-cu illər) dövrdə Azərbaycan Respublikasında təhsillə bağlı məsələlər həmin vaxt qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu” ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən Təhsil Qanunu Azərbaycan ərazisində olan bütün təhsil müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilirdi. Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət göstərirdi. Həmin Qanunun 7-ci maddəsində göstərilirdi ki, Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir. Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X11 Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Həmin Qanunun 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanırlar. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Həmin Qanunun 21-ci maddəsinə göstərilirdi ki, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir...Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. “Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında” 16 may 2017-ci il 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilənə qədər (iddiaçının təhsil aldığını iddia etdiyi dövrdə) qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edilən Əsasnamənin 6-cı bəndinə əsasən Komissiyanın əsas vəzifələri aşağıdakılardır:.. 6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi; Həmin Əsasnamənin 7-ci bəndinə əsasən Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir; 7.2. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və təsdiq edir; 7.3. ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını, o cümlədən ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını müəyyən edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında müvafiq qərarlar qəbul edir; 7.4. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planını elan edir və onun əsasında sənəd qəbulunu təşkil edir; 7.5. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodiki işləri aparır, proqram və texniki təminatı layihələşdirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır; 7.5-1. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış, xx.xx.2019-cu ilə qədər qüvvədə olan “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilirdi, 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 82 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nm 2.2-ci bəndinə əsasən, bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. 3.2-ci bəndinə görə, diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Cavabdeh tərəfindən verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırki X7) müəyyən etdiyi qaydada imtahan verməklə qəbul olunmamışdır. Belə olan halda iddiaçının qeyd edilən əsaslardan cavabdeh AR Təhsil Nazirliyindən dövlət nümunəli diplom blankını tələb etmək kimi bir hüququ mövcud deyildir. Digər tərəfdən qeyd edilməlidir ki, Universitet xx.xx.2005-ci il tarixdə daxili müsabiqə keçirərək iddiaçı ilə müqavilə bağlamış və onu ABU-nun “Stomatologiya” fakültəsinə tələbələr sırasına qanunsuz olaraq qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar