Məhkəmə qərarları › İş №2-1(103)-916/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-916/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-916/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli, 4/3-7062 nömrəli məktubunda qeyd edilmişdir ki, “...Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023cü il tarixli 4/2-1634 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.1993-cü il tarixdən sonra həqiqi hərbi xidmətiniz əmrlərlə tam təsdiqlənmədiyinə görə Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur”.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin 5.04.2023-cü il tarixli 4/2-1634 nömrəli arxiv arayışından görünür ki, Cəbrayıl RHKdan gəlmiş hərbi mükəlləfiyyətli, 1965-ci il təvəllüdlü, X2 N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1993-cü il tarixli və N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1993-cü il, yanvar 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması barədə məlumat aşkar olunmamışdır.

4. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayon sakini 1965-ci il təvəllüdlü istefada olan əsgər İddiaçı xx.xx.1993-cü il tarixdə keçmiş Cəbrayıl RHK tərəfindən səfərbər olunaraq N nömrəli hərbi hissəyə təhvil verilmişdir. Hərbi xidmətdən ehtiyata tərxis olunması barədə SHXÇDXnin Cəbrayıl rayon şöbəsində heç bir məlumat yoxdur. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2009-cu il tarixli məktubuna əsasən barəsində cinayət işi və təqsirləndirici materiallar olmadığı üçün xx.xx.2009-cu il tarixdə hərbi qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı barəsində Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur;

6. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1993-cü ilin avqust-sentyabr aylarında N №-li hərbi hissədə xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki,1992-ci ildə işğalçı Ermənistan Silahlı Qüvvələrinin hücumu ilə əlaqədar 1993-cü il avqust ayının 23-də Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. Cəbrayıl rayonunun Qumlaq kəndindən o da olmaqla bir dəstə təşkil edib avtobusla Zəngilan rayonunun Sarlı Xəştab kəndində yerləşən N №-li hərbi hissəyə döyüş mövqeyinə ön xəttə aparılmış və onlar dərhal ermənilərlə döyüşə girmişlər. Təxminən 10 gündən sonra o, yaxın qohumunun vəfatı ilə əlaqədar komandirindən icazə alıb kəndlərinə qayıtmışdır. Bir neçə gündən sonra Füzuli rayonundan yollar erməni silahlı qüvvələri tərəfindən bağlanmış və ətraf rayonların əhalisi Araz çayından İran İslam Respublikasının ərazisinə keçməyə başlamışdılar. O, qohumları ilə birlikdə İmişli rayonuna gəlmişdir. Sonralar o, öz hərbi hissəsinə qayıdıb döyüşlərdə iştirak etmək istəsə də, həmin hərbi hissəni tapa bilməmişdir. Lakin bir müddətdən sonra eşitmişdir ki, hərbi hissə Goranboy rayonunun Goran kəndindədir. O, həmin kəndə getmişdir. Orada ona deyilmişdir ki, buraya qeyd edilən hərbi hissə gəlməyib. O, da ailəsinə qayıtmalı olmuşdur. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, müraciətinin təmin olunmasından imtina edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2- 1634 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.1993-cü il tarixdən sonra həqiqi hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “((hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin sadalanan halları ilə iddiaçının N saylı hərbi hissənin hərbi qulluqçusu olması müəyyən olunsa da, onun hərbi xidmətdən tərxis olunması barədə heç bir sübut, yəni nə bu faktı təsdiq edən hərbi biletində müvafiq qeydlər, nə də bununla bağlı müvafiq hərbi hissənin nizami hissə üzrə əmri mövcud deyil. Döyüş əməliyyatlarında iştirak etməsi faktı isə özlüyündə iddiaçıya müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Çünki baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.

12. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa, “İnzibati icraat haqqında” Qanunua, Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etmişdir.

b)Apellyasiya instansiya məhkəməsində icraat

13. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, barəsində müvafiq əmrlər və sair qeydlər xidmət etdiyi hərbi hissələr və ya hərbi komissarlıq, hərbi nazirlik tərəfindən bilərəkdən, səhlənkarlıqdan və nədənsə verməmişlər. Bu mənada iddiaçının təqsirim yoxdur, onlar cavab verməlidirlər.Bundan başqa məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavablardan da görünür ki, iddiaçı fərarilik etməmiş, barəsində də cinayət işi və təqsirlənidirici materiallar olmadığı bildirilir.Həmçinin, onunla birlikdə cəbhədə olub döyüşmüş iki nəfərin və komandirinin hal-hazırda sağ olduqlarını, onlarla hələ də əlaqəsi oldğunu və onlar da bu iş üzrə şahidlik edə bildiklərini nəzərə alaraq lazım gələrsə onların məhkəmə prosesində şahid qismində iştirakını təşkil edə bilər. Lakin məhkəmədə bildirdilər ki, şahidlərə ehtiyac yoxdur. Hansı ki, şahid ifadələri də əsas sübut növlərindən biri sayılır. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iş tirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

20. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. İşin hallarından müəyyən olunur ki, iddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023cü il tarixli 4/2-1634 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.1993-cü il tarixdən sonra iddiaçının həqiqi hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur”.

28. Məhkəmə Kollegiyası işin hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək cavabdehin imtinasını əsaslı hesab edir.

29. Tətbiq edilən normativ hüquqi aktların (Bu qərarın 20-22-ci bəndləri) tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı hallar müəyyən edilməlidir: Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməməsi, eləcə də hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş olması; və həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır.

30. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

31. Məhkəmə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsinə görə ona müharibə veteranı adı verilməsi üçün tətbiq edilən qanunvericiliyin şərtləri ödənilməlidir.

32. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

33. İşin sadalanan halları ilə iddiaçının N saylı hərbi hissənin hərbi qulluqçusu olması müəyyən olunsa da, onun hərbi xidmətdən tərxis olunması barədə müvafiq hərbi hissənin nizami hissə üzrə əmri mövcud deyil.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, yalnız şahid ifadəsi əsasında iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil və müvafiq hal sübut edilmiş sayıla bilməz. Çünki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə vətəndaşa müharibə veteranı adının verilməsi zamanı bütün sənədlərə məcmu şəkildə qiymət verilməli, şəxsin hərbi xidmətə çağrılması və döyüş bölgələrində iştirak etməsi arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müəyyən edilməlidir.

35. Hazırki iş üzrə sənədlər toplusu ilə, o cümlədən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə iddiaçının döyüş bölgəsində iştirak etməsi müəyyən olunmadığından, şahid qismində ifadə verən şəxsin izahatı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir.

36. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

37. Qeyd olunmalıdır ki, tətbiq edilən maddi hüquq normalarının təhlili (Bu qərarın 20-22ci bəndi) belə nəticəyə gəlməyə əsas verir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İddiaçının hərbi hissədən tərxis olunduğu barədə məlumat təqdim olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

38. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir.

39. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

40. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar