Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-917/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X11 (Bakı şəhəri 2 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1951-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 595/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X7 tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 251506,40 manat əlavə vergi məbləği və 41397,95 manat maliyyə sanksiyasının onun hesabından silinməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının özünə fərdi yaşayış evi tikməsi Bakı şəhəri X7 tərəfindən əsassız və qanunsuz olaraq çoxmərtəbəli bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlıq fəaliyyəti kimi qəbul edilmiş, kameral vergi yoxlaması aparmış, bu əsasla onun hərəkəti sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmədiyindən vergidən yayınma halı kimi qiymətləndirilərək ona analoji yoxlama adı ilə 2016-cı ilin 4-cü rübünə olan dövrə xx.xx.2018-ci il tarixdə 251506,40 manat əlavə vergi məbləği və 41397,95 manat məbləğində faiz borcu olmaqla, cəmi 292904,35 manat məbləğində borc hesablanmış, həmin borc şəxsi hesab vərəqəsinə işlənərək ondan ödənilməsi tələb edilmişdir. İddiaçı hesab edir ki, vergi orqanı tərəfindən yanlışlığa yol verilmiş, şəxsi ehtiyacları üçün tikilmiş fərdi yaşayış evi beşmərtəbəli olduğundan vergi əməkdaşları onu kommersiya məqsədi üçün tikilmiş bina kimi qəbul etmiş, buna görə də yanlış nəticə çıxarmışlar. Bununla vergi əməkdaşları eyni zamanda vergi qanunvericiliyinin tələblərini pozmuşlar. Belə ki, Xətai rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2016-cı il tarixli 240 nömrəli sərəncamına əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13T ünvanında yerləşən qeyri-yaşayış binasını söküb, onun yerində təqdim etdiyi layihəyə əsasən, yeni müasir üslubda beşmərtəbəli fərdi yaşayış evi tikmişdir. Qeyd olunan sərəncamla ona söküntu aparılan ərazidə çoxmərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Fərdi yaşayış evinin tikintisində tamamlama işləri görülür. Tikinti layihəsinə uyğun olaraq bütün işlər görüldükdən sonra fərdi yaşayış evinə Xətai rayon İcra Hakimiyyətinin “Evlərin hüquqi qeydiyyata alınması komissiyası" tərəfindən istismara qəbul edilməsinə dair müvafiq akt verildikdən sonra fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış alınacaqdır. Onun tərəfindən tikinti aparılması ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdir. Əvvəla, iddiaçı əvvəllər tamam başqa sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla bağlı ********** nömrəli VÖEN almış, sonradan sahibkarlıq fəaliyyətini dayandırdığından VÖEN ləğv edilmişdir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra-fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Vergi Məcəlləsinin 33.4cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, əhalinin fərdi ehtiyaclarının və ya kommersiya məqsədləri ilə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər sayılmaqla apardıqları tikintiyə görə sadələşdirilmiş vergi ödəməlidirlər. İddiaçı isə belə bir fəaliyyətlə məşğul olmamış, özünün şəxsi ehtiyacları üçün fərdi yaşayış evi tikmiş, onun fəaliyyəti Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində qeyd olunmuş bina tikintisi fəaliyyətinə dair anlayışı əhatə etmir. Ona görə də, bu maddələrini tələbləri onun fəaliyyətinə tətbiq edilməməlidir. Bundan əlavə, vergi əməkdaşları heç bir əsas olmadan, onun ləğv etdiyi ********** nömrəli VÖEN-ni özbaşına bərpa etmiş və qanunsuz olaraq bu VÖEN-ə əsasən onun şəxsi ehtiyacları üçün tikdiyi fərdi yaşayış evini sahibkarlıq fəaliyyəti kimi qiymətləndirib 2016- cı ilin İV rübünə ona 292904,35 manat məbləğində vergi borcu hesablamışlar. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilmiş, müraciətə verilmiş xx.xx.2018-ci il tarixli **********264600 saylı cavabda bildirilmişdir ki, müraciətlə əlaqədar əlavə araşdırma aparılmasına zərurət yarandığından araşdırma müddəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.3cü maddəsinə əsasən uzadılmışdır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Həmçinin, xx.xx.2018-ci il tarixli **********627300 saylı məktubla kameral vergi yoxlaması üçün zəruri sənədləri tələb edilmiş, fərdi yaşayış evinin tikintisi ilə bağlı bütün zəruri sənədlər, torpağın mülkiyyət sənədi, tikinti aparıması üçün sərəncamın surəti və təsdiq edilmiş tikinti lahiyəsi yoxlayıcıya təqdim edilmişdir. Yoxlamanın nəticəsinə dair iddiaçıya heç bir məlumat verilmədiyi halda, xx.xx.2018- ci il tarixli **********594600 saylı iddia ərizəsinin surəti iddiaçıya göndərilmiş, həmin iddia ərizəsi ilə İddiaçı xx.xx.2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 217251,23 manat məbləğində borcun tutulması və tutmanın iddiaçının siyahıya alınmış 324000 manat məbləğində əmlakına yönəldilməsi məhkəmədən xahiş edilmişdir. Elə həmin gün, yəni xx.xx.2018-ci il tarixli **********140800 saylı bildirişlə İddiaçı (VÖEN **********) Vergi borclarının ödənilməməsinin araşdırılması nəticəsinə dair” xx.xx.2018-ci il tarixli akt iddiaçıya göndərilmişdir. Həmin aktla müəyyən edilmişdir ki, iddiaçının dövlət büdcəsinə 176054,48 manat əsas vergi borcu ödənilməmişdir, aktın tərtib edilməsində İddiaçı və ya səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Göründüyü kimi, vergi orqanının təqdim etdiyi 3 sənəddə fərqli borc məbləğləri göstərilmişdir ki, bu da yoxlamanın səthi aparıldığını, yoxlamada qərəzli olaraq iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin iştirakı təmin edilməmiş, yoxlamanın nəticəsinə dair tərtib edilmiş hüquqi sənəd - akt iddiaçıya təqdim edilməmişdir. Bundan başqa, “xxxxxxxx” ASC-dən alınmış 18/2990 saylı, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Sarayevo küçəsi, 13T saylı mənzilə elektrik sayğacı quraşdırılmamış və İddiaçı abonent kimi elektron bazada qeydə alınmamışdır. Yəni bu arayış ilə təsdiq olunur ki, İddiaçı inşa etdiyi beşmərtəbəli yaşayış binası satış üçün, başqaları üçün inşa edilməmiş, tikinti sənədlərinə müvafiq olaraq özünə çoxmənzilli fərdi yaşayış evi inşa etmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçının nümayəndəsi və vəkili X16 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 251.506,35 manat məbləğində vergi borcunun hesablanması ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 “vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********583900 nömrəli qərarının maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyinə görə qanunsuz əlverişsiz inzibati akt hesab etməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 595/2019 nömrəli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, İddiaçı 251.506,35 manat məbləğində vergi borcunun hesablanması ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 “vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********583900 nömrəli qərarı maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyinə görə qanunsuz əlverişsiz inzibati akt hesab etməklə ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən silinməsi xahiş edilən 292.904,35 vergi borcunun tərkibi “Vergilərin hesablanması barədə” xx xxxx 2018-ci il tarixli **********583900 saylı qərardan, əlavə faiz hesablamalarından ibarətdir.Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13T ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 3401,02 kv.m olan binanın 2016-cı ilin 4-cü rübündə təməlqoyma işlərinə başlanmasına baxmayaraq, müvafiq hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir.Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********430600 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, 2016-cı ilin 4-cü rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin cari sadələşdirilmiş vergi bəyannaməsinin və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir.Lakin vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və müvafiq sənədlər vergi orqanına təqdim edilmədiyindən xx.xx.2018-ci il tarixdə 2016-cı ilin 4-cü rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 251506,35 manat vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********583900 nömrəli "Vergilərin hesablanması barədə" qərar göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar araşdırılmamış və yekunda doğru olmayan nəticəyə gəlmişdir. Məhkəmə qərarında qeyd edir ki, vergi orqanı iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yaşayış binası tikdirməsi barədə sübutları, yəni yaşayış binasında yerləşən mənzillərin alqı-satqısına dair müqavilələr və digər zəruri sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X6 Araşdırılması Departamentinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə vergi ödəyicisi barədə cinayət işi başlanılmışdır. Başlanılan cinayət işinin istintaqı zamanı bir sıra alqı-satqı müqavilələri, ilkin müqavilələr əldə edilmişdir. Qeyd olunan sənədlərdən aşkar olunur ki, iddiaçı ilə X8 arasında mənzilin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Müqavilənin tələblərinə görə X8 ünvan 3 T ünvanında tikilən binanın 5-ci mərtəbə, 76 kv.m-dən ibarət olan, 2 otaqlı mənzilin və binanın 4-cü mərtəbə, 76 kv.-mdən ibarət olan 2 otaqlı mənzilin ona satılacağı müqabilində iddiaçının bank hesabına ümumilikdə 120.000 manat məbləğində vəsaiti (fərdi olaraq hər mənzil müqavilənin tələblərindən göründüyü kimi 60.000 manat qiymətləndirilib) köçürmüşdür. Həmçinin iddiaçı ilə X12 arasında mənzilin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə görə ünvan 3 T ünvanında tikilən binanın 6-cı mərtəbə, 48 kv.mdən ibarət olan 1 otaqlı mənzilin satılacağı müqabilində iddiaçının bank hesabına ilkin olaraq 30.000 manat məbləğində vəsait köçürülmüşdür. Qeyd olunan və apellyasiya şikayətinə əlavə edilən digər müqavilələr birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə qərarında qeyd olunan sübutlara heç bir münasibət bildirməmişdir. Yaşayış binasının sahibkarlıq məqsədləri üçün istifadə edilməsini sübut edəcək ən tutarlı dəlil, həmin mənzillərin alqı-satqısına dair müqavilələr hesab edilir. Həmçinin xx xxxx 2019-cu il tarixə sözügedən inzibati iş üzrə təyin edilmiş məhkəmə iclasının qeyrimüəyyən müddətə təxirə salındığı bildirilmişdir. İnzibati iş üzrə növbəti məhkəmə iclası barədə məhkəmə bildirişi daxil olmadığından və məhkəmə çəkişməsi sona çatmadığını əsas götürərək xx xxxxx 2019-cu il tarixdə birinci instansiya məhkəməsinin dəftərxanası vasitəsilə iş üzrə sübutlar məhkəməyə təqdim edilmişdir. Sonuncu məhkəmə iclasının keçirilməsindən təxminən 2 ay keçdikdən sonra, Departamentə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019- cu il tarixli yekun məhkəmə qərarı daxil olmuşdur. Məhkəmə qərarında qeyd edir ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67ci maddəsinin tələblərinə riayət edilməmişdir. Bununla əlaqədar bildirilir ki, ünvan 3 T ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 3401,02 kv.m olan binanın 2016-cı ilin 4-cü rübündə təməlqoyma işlərinə başlanmasına baxmayaraq, müvafiq hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Vergi ödəyicisinə «kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» xx xxxx 2018-ci il tarixli **********430600 saylı uyğunsuzluq məktubu göndərilmişdir. Məhkəmə hesab edir ki, vergi orqanının qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən və vergi orqanı tərəfindən hansı sənədlər əsasında hesablama aparılması müəyyən edilmədiyindən qanuni hesab edilə bilməz. Qeyd olunan dəlilə münasibətdə Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün həmçinin Vergi Məcəlləsinin 67.1.9, 83.2.4, 70.3, 16.1, 24.0.1, 94.0.2-ci maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə,Ü.Mayılov) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 apellyasiya şikayəti iddiaçının həmin tələbinə aid hissədə təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-595/2018 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında buraxılmış yanlışlıq düzəldilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2- 1(103)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının nəticə hissəsi “cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 apellyasiya şikayəti iddiaçının həmin tələbinə aid hissədə təmin edilməsin” əvəzinə “cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 apellyasiya şikayəti təmin edilməsin” kimi oxunması qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-39/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər S.Hüseynova, İ.Dadaşov, K.Bədəlov) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Rasim Quliyev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1405/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, “Birinci instansiya məhkəməsinə aid olan icraat materiallarından göründüyü kimi, məhkəməyə müraciət olunarkən iddiaçı mübahisələndirdiyi xx xxxx 2018-ci il tarixli qərarın surətini əlavə etmişdir. Yəni iddiaçı tərəfindən inzibati aktın alınmadığı və ya gec alındığı mübahisələndirilməmişdir. Qeyd edilən halda iddiaçı tərəfindən hansı qaydada və hansı tarixdə həmin qərarın alınması araşdırılmalı və iddiaçının məhkəməyə müraciət edildiyi tarix nəzərə alınmaqla apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüklə bağlı şərtinə qiymət verilməli idi. Apellyasiya məhkəməsinin tətbiq etdiyi və ya tətbiq edilməli olduğu maddi hüquq normasının yoxlanılması üçün müvafiq işin hallarının müəyyən edilməsi zəruri olduğundan, məhkəmə kollegiyası kassasiya şikayətində bildirilmiş dəlilə uyğun olaraq bu qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir. Mübahisələndirilən qərarın vergitutma obyektinin müəyyən edilməsi və vergi məbləğinin hesablanmasına münasibətdə məhkəmə kollegiyası əlavə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir, çünki apellyasiya məhkəməsi tərəfindən iddiaçı vergi ödəyicisi kimi qəbul edilmədiyindən, bu məsələlərə qiymət verilməmişdir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.” Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili və əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq, mübahisələndirilən qərarı poçtla deyil, elektron qaydada göndərdiklərini, qərarın göndərilməsini təsdiq edən reyestr, xəbərnamə və sair sənəd olmadığını bildirdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası ilk növbədə Ali Məhkəmənin “apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüklə bağlı şərtinə qiymət verilməsi” ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən hazırkı apellyasiya icraatı zamanı iddiaçının mübahisələndirilən qərarı hansı tarixdə alınması araşdırılmış və məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi mübahisələndirilən qərarı poçt vasitəsi ilə deyil, elektron qaydada göndərdiklərini və qərarın göndərilməsini təsdiq edən reyestr, xəbərnamə və sair sənəd olmadığını qeyd etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın iddiaçıya göndərilməsi tarixini təsdiq edən hər hansı sənəd-sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi mümkün sayılmalıdır. İş materiallarında olan: DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2014-cü ildə verilmiş RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Xətai rayonu, Sarayevo küçəsi, 13T ünvanda yerləşən, dövlət mülkiyyətində olan 0.006 ha torpaq sahəsi üzərində ümumi sahəsi 49,9 kv.m olan qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 5790 saylı vərəqində qeydiyyata alınmışdır. Qeyri-yaşayış binasının tərkibi – bir mərtəbə, 60,0 kv.m tikintialtı sahədən ibarətdir. Eskiz layihəsindən müəyyən olunur ki, AR FHN X2 Dövlət Agentliyinin “Azkommunlayihə” K.L.İ tərəfindən tərtib edilmiş “Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13T ünvanda tikiləcək yaşayış binasının eskiz layihəsi Xətai rayon İcra Hakimiyyətinin memarı V.Surxayevin imzası və rayon icra hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. Xətai RİHB-nın xx.xx.2016-cı il tarixli 240 saylı sərəncamının çıxarışından müəyyən olunur ki, həmin sərəncam əsasında İddiaçı tərəfindən xüsusi mülkiyyətində olan Xətai rayonu, Sarayevo küçəsi, 13T ünvanda yerləşən qeyri-yaşayış binasını söküb, yerində təqdim olunmuş layihəyə uyğun olaraq çoxmənzilli fərdi yaşayış binasının tikintisinə icazə verilmiş, yaşayış binasının tikintisinin və layihə sənədlərinin tərtib edilməsinin vətəndaşın hesabına yerinə yetirilməsi qərara alınmışdır. “xxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, HX/18/2990 saylı arayışdan müəyyən olunur ki, Xətai rayonu, Sarayevo küçəsi, 13T saylı mənzilə elektrik sayğacı quraşdırılmamış və İddiaçı abonent kimi elektron bazada qeydə alınmamışdır. Vergilər Nazirliyi yanında VCİAD-nın təşkilat analitik və Preventiv tədbirlər İdarəsinin əməkdaşı X9 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli aktın surətindən müəyyən olunur ki, həmin aktla iddiaçının dövlət büdcəsinə 176054,48 manat vergi borcunun olması müəyyən edilmişdir. Bakı şəhəri X4 «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktublarından müəyyən olunur ki, ünvan 3T ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 3401,02 kv.m olan binanın 2016-cı ilin 4-cü rübündə təməlqoyma işlərinə başlanmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kv.m üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməsi tələb olunur. 1. 2016-cı ilin 4-cü rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi. 2. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi səbəblərini izah edən məktub, yaşayış binası üçün ayrılan torpaq sahəsində tikinti işlərinin aparılması barədə icazə sənədinin, yaşayış binasının layihiyə üzrə ümumi sahəsini təsdiq edən sənədlərin surəti, təməlqoymanın vaxtını və tikinti sahəsini özündə əks etdirən sənədlərin təsdiq olunmuş surətləri. Qeyd olunan sənədlər məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olması barədə iddiaçıya məlumat verilmişdir. Bakı şəhəri X4 «Vergilərin hesablanması barədə» xx.xx.2018-ci il tarixli **********583900 saylı qərarının elektron çıxarışından müəyyən olunur ki, vergi orqanı tərəfindən 2016-cı ilin 4-cü rübü üzrə bəyannamə verilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı 251506,35 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmışdır. İddiaçı tərəfindən Vergilər Nazirinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən müəyyən olunur ki, iddiaçı ona vergi orqanı tərəfindən hesablanmış 292904,35 manat vergi məbləğinin silinməsi və qanunsuz olaraq bərpa edilmiş VÖEN-ni ləğv edilməsini xahiş etmişdir. Vergilər nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli **********264600 saylı məktubdan müəyyən olunur ki, vergi borcunun azaldılması barədə xx.xx.2018-ci il tarixli müraciətinə baxılmış, müraciətlə əlaqədar əlavə araşdırmanın aparılmasına zərurət yarandığı üçün araşdırma müddəti “İnzibati icraat haqqında” Qanunun 52.3-cü və 79.1-ci maddələrinin tələblərinə əsasən uzadılmışdır. Müraciətə baxılmasının nəticəsi barədə ona qanunla müəyyən olunmuş müddətdə cavab veriləcək. Fiziki şəxs İddiaçı məxsus şəxsi hesab vərəqəsinin çıxarışından (VÖEN:**********) məlum olur ki, vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə ödənilməmiş 251506,40 manat vergi və 56236,83 manat faiz borcu (cəmi 307743,23 manat) qalmışdır. Bakı şəhəri X15 Departamenti tərəfindən xx.xx.2016-cı ildə verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı ünvan 5 ünvanı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ona ********** saylı VÖEN verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X6 X1 və təhqiqat İdarəsinin xx.xx.2018-ci il tarixli, cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarı ilə fiziki şəxs İddiaçı 176054,48 manat məbləğində, yəni külli miqdarda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin işin icraata qəbul edilərək, ibtidai araşdırma aparılması qərara alınmışdır. (Təhqiqat şöbəsinin təhqiqatçısı, 3-cü dərəcəli hüquqşünas Ləman Cavadzadə) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 40 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X6 Araşdırılması Departamentinin baş direktor müavini, ədliyyə müşaviri cənab Rövşən Abdullayevə ünvanlanmış məktubu ilə xx.xx.2019-cu il tarixli **********711000 nömrəli sorğuya cavab olaraq fiziki şəxs İddiaçı tərəfindən 2016-2018-ci illərdə aparılmış notariat hərəkətlərinə dair 14 ədəd ilkin müqavilə və ləğv edilmə barədə sənədləri, onun adından verilmiş 5 ədəd etibarnamənin surəti və digər sənədlər göndərilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qeyd etmişdir ki, “vergi orqanının qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən və vergi orqanı tərəfindən hansı sənədlər əsasında hesablama aparılması müəyyən edilmədiyindən qanuni hesab edilə bilməz. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən(qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə), həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində kameral vergi yoxlamasının keçirilməsi qaydalarına riayət olunmaqla qəbul edilməli idi. Vergi orqanının Vergi Məcəlləsinin 37.2 və 37.3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətləri publik-hüquqi xarakter daşıdığından vergi orqanı həmin səlahiyyətlərin icrasından özbaşına imtina edə bilməz və bunun üçün əsaslar olduğu halda kameral vergi yoxlamasının məqsədləri üçün vergi ödəyicisindən zəruri məlumatları tələb etməlidir. Lakin vergi orqanı onun üzərinə qoyulmuş vergi nəzarəti funksiyasının icrası ilə bağlı səlahiyyətlərini qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirməlidir. Buradan, kameral vergi yoxlaması üçün müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən hər hansı əlavə sənəd və məlumat tələb edilmədiyi halda, vergi ödəyicisi təqdim etdiyi vergi hesabatlarındakı məlumatların doğru olmasının vergi orqanı tərəfindən təsdiq edildiyini güman etmək hüququna sahibdir. Bunun əksi hüquqi dövlətin təməl prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinin pozulmasına və məmur özbaşınalığına rəvac vermiş olardı. Vergi orqanının kameral vergi yoxlaması zamanı qərarları 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyinə və kameral vergi yoxlamasının keçirilməsi qaydaları pozulduğuna görə qanuni hesab edilmədiyindən, verginin düzgün hesablanması barədə cavabdehin dəlilləri əsaslı sayıla bilməz..” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; Həmin Məcəllənin 37.4.-ci maddəsinə əsasən, Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İş materiallarından müəyyən edilir ki, iddiaçı Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməmişdir. Cavabdeh iddiaçıya «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» xx xxxx 2018-ci il tarixli məktubu göndərmiş və xx xxxx 2018-ci il tarixli vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarı qəbul etmişdir. Göründüyü kimi, vergi orqanı kameral vergi yoxlaması və mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı hər hansı qanunvericilik normasının pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 218.1-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər); - 218.4-ci maddəsinə əsasən, bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər. Həmin Məcəllənin 219.3-ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyriyaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir; - 219.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Bu maddələrin tələblərində vergilərin hesablanması aşağıdakı kimi nəzərdə tutulmuşdur: (1) tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 45 manat; (2) təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 15 manat; (3) tikilən və təqdim edilən binanın qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün hesablanan 45 manat və 15 manat məbləğə 1,5 əmsalın tətbiq edilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər və mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrini təqdim edən şəxslər sadələşdirilmiş vergi ödəyicisi hesab edilməklə tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri və təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri vergitutmanın obyekti hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı ilə X8, X12 arasında ilkin alqı-satqı müqaviləsi bağlanmış, ünvan 3 T ünvanında tikilən binanın müvafiq mənzillərin onlara satılacağı müqabilində 30 000 və 120 000 manat vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 3T ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 3401,02 kv.m olan çoxmənzilli binanın iddiaçı tərəfindən tikintisi və onların bir qisminin ilkin müqavilə kimi təqdim edilməsi bilavasitə Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlərin yerinə yetirildiyini anlamını yaradır. Yəni həmin binanın əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməsi nəticəyə gəlmək üçün əsas yaradır ki, bu əsas üzrə iddiaçı ən azından bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi kimi qiymətləndirilməlidir. Təqdim olunmuş müqavilələrə nəzər saldıqda aydın olur ki, həmin müqavilələr müxtəlif şəxslərlə bağlanılmış daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilələrdən ibarətdir. Qeyd edilən müqavilələrə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra iddiaçı müvafiq mənzilləri satmağı, alıcılar isə almağı öhdəlik kimi qəbul edirlər. Müqavilə əsasında alıcı təqdim edilməsi nəzərdə tutulan mənzilin qiymətinin bir qismini satıcıya ödəyir, qalan qismini isə əsas müqavilə bağlandıqda ödəməyi öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilələrdə vergi ödəyicisi tərəfindən qeyd edilən verginin ödənilməsi barədə hər hansı qeyd aparılmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, sözügedən müqavilələrdə vergi ödəyicisinin, nəinki, sadələşdirilmiş vergini ödəməsi, hətta, alqı-satqı zamanı əmlakın mülkiyyətçisi olmadığı aşkar olunur. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, “binanın kommersiya məqsədləri üçün tikilməməsi”nə dair dəlilləri iş materiallarında olan hər hansı sübutla təsdiq edilmir, əksinə təqdim olunmuş müqavilələrlə binanın sırf sahibkarlıq məqsədləri üçün tikildiyi sübut olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-595/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı İddiaçı 251.506,35 manat məbləğində vergi borcunun hesablanması ilə bağlı cavabdehin “vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********583900 nömrəli qərarının maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyinə görə qanunsuz əlverişsiz inzibati akt hesab etməklə ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-917/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-917/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver