Məhkəmə qərarları › İş №2-1(103)-917/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-917/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-917/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-4297/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-4297/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir. (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun (iddiaçının) DİO-da uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 12 il, 07 ay, 18 gün və imtiyazlı hesablama ilə 20 il, 09 ay, 15 gün təşkil etdiyi nəzərə alınmaqla məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) AR Daxili İşlər Nazirliyinin X2 12 avqust 1992-ci il tarixli 35 saylı əmr ilə DİO orqanlarının sıravi heyətinə xidmətə qəbul olunmuş və 23 aprel 2003-cü il tarixli 27 saylı əmrlə həmin orqandan xaric olunmuşdur. O (iddiaçı), DİO-da xidmət illəri barədə “məlumat vərəqəsi”nin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi ilə bağlı cavabdeh AR Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin qanunvericilikdə müəyyən edilmiş müddətdə həmin müraciət cavablandırılmamışdır. Xidmətdən xaric olunarkən əmək kitabçasında onun xidmət illəri təqvim hesabı ilə 12 il 07 ay 11 gün, imtiyazlı hesablama ilə 17 il 03 ay 27 gün göstərilmişdir. DİO-da xidmət illəri hesablanarkən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri nəzərə alınmamışdır. Beləliklə, onun НЗ ******* saylı hərbi biletdə aparılmış qeydə əsasən 25 may 1990-cı il tarixdən 30 aprel 1992-ci il tarixədək olan 1 il 11 ay 05 gün təşkil etmiş, 12 avqust 1992-ci il tarixli 35 nömrəli əmri ilə DİO-nun sıravi heyətinə xidmətə qəbul olunmuş və 23 aprel 2003-cü il tarixli 27 nömrəli əmrlə öz arzusu ilə DİO-dan xaric olunduğundan, təqvim hesablanması ilə 12 il 07 ay 18 gün kimi hesablanmalı, imtiyazlı xidmət illəri hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, AR Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarının tələbləri nəzərə alınmalı idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun 9.5.1 maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası almaq hüququm vardır. Onun DİO-dan xaric olunduğu vaxt, yəni 27 yanvar 2003-cü il tarixdə xidmət illəri təqvimi hesablama ilə 12 il, 07 ay, 18 gün və imtiyazlı xidmət müddəti 20 il 09 ay 15 gün müəyyən olunmuşdur. Buna görə də, onun AR Daxili İşlər Nazirliyinin xətti ilə xidmət illərinə görə pensiya təyin edilməsi müvafiq qanunvericiliyin, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti (sadalanan kateqoriyalar bundan sonra hərbi qulluqçular adlandırılacaq) bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən, xidmətdən buraxılanadək 20 il daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Bu Qanunun 16cı maddəsinə əsasən, hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını AR Nairlər Kabineti müəyyən edir. «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarının 1-ci bəndinə əsasən daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Silahlı qüvvələrdə, sərhəd qoşunlarında, daxili qoşunlarda və Azərbäycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa hərbi birləşmələrdə həqiqi hərbi xidmət; daxili işlər orqanlarında sıravi, kiçik, orta, böyük və yüksək rəis heyəti vəzifələrində xidmət – vəzifəyə təyin olunma günündən. Həmin Qərarın 2-ci bəndinə əsasən, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aiddir: Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki amət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 2 “ aprel 1992-ci il tarixli Qanununun 12-ci maddəsinin “a” bəndinə 30 aprel 2002-сi il tarixdə edilmiş və 2 iyun 2002-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları təsbit olunmuşdur. Yəni, hərbi qulluqçuların xidmət illərinə görə oensiya almaları üçün 20 il uzunmüddətli xidmət illəri deyil, 20 təqvim ilinin mövcud olunması müəyyən edilmişdir. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 12-ci maddəsinin “a” bəndinə 30 aprel 2002-ci il tarixdə edilmiş bu dəyişiklik 02 iyun 2002-ci il tarixdə qüvvəyə minərkən onun daxili işlər orqanlarındakı uzun müddətli xidmət illəri artıq 12 il, 07 ay, 18 gün və imtiyazlı xidmət müddəti 20 il 09 ay 15 gün müəyyən olunmuşdur (təşkil edirdi). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Konstitusiyanın bu müddəsinə istinad edərək hesab olunur ki, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidməti hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti (sadalanan kateqoriyalar bundan sonra hərbi qulluqçular adlanacaq) bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Həmin Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən, xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. “«Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin “a” bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələbələrə müvafiq həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 1 bəndində əsasən, Azərbaycan Respublikasının qanunvericilik sistemi respublika Konstitusiyasından, referendumla qəbul edilmiş aktlardan, qanunlardan, fərmanlardan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ bəndinə əsasən, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Azərbaycan Respublikasının 149-cu maddəsinin Vİ bəndinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun 20.1.11, 20.14, 20.14.1, 31.1, 37.7-ci maddələrinə, AR Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci tarixli qərarının müddəalarına əsasən aparılmış hesablama nəticəsində müəyyən edilir ki, onun DİO-dakı təqvim hesablaması ilə xidmət illəri 12 il 07 ay 18 gün, imtiyazlı xidmət müddəti 20 il 09 ay 15 gün olmuşdur. Qeyd olunanlara əsaslanaraq və İPM-in 45 – 46 maddələrini rəhbər tutaraq, onun (iddiaçının) DİO-da uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 12 il, 07 ay, 18 gün və imtiyazlı xidmət müddəti 20 il 09 ay 15 gün təşkil təşkil etdiyi nəzərə alınmaqla “məlumat vərəqəsi”nin tərtib edilərək DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili Vəkil1 izahatında göstərmişdir ki, Bakı İnzibati Məhkəməsi heç bir araşdırma aparmamışdır. Bakı inzibati məhkəməsi qərəzli olaraq təqdim olunmuş sübutları nəzərə almamış və özünün fərziyyəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı inzibati aktin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə Azərbaycan Respublikasında hüquq və azadlıqların dövlət tərəfindən müdafiə olunmasını nəzərə almamış bununla da Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinin, AR İPM-nin 11.1, 12, 15.1, 58.7, 35.1-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarının tələblərini pozmaqla mənim konstitutsion hüququmu pozmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili Vəkil2 izahatında göstərmişdir ki, İddiaçı 25 may 1990-cı il tarixdən 28 aprel 1992-ci il tarixədək Silahlı Qüwələrdə, 12 avqust 1992-ci il tarixdən 23 aprel 2003-cü il tarixədək DİO-da xidmət etmişdir. İddiaçı DİO-da xidmətdən xaric edilərkən onun xidmət müddəti hərbi xidmətlə (01 il 11 ay 03 gün) birlikdə təqvimi hesablama ilə 12 il, 07 ay, 14 gün təşkil etmişdir. AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarına və DİO-nun 24 may 1994-cü il tarixli 257 nömrəli əmrinə uyğun olaraq İddiaçı DİO-da 12 avqust 1992-ci il tarixdən 1 may 1997-ci il tarixədək xidmət müddətinin (Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunması dövründə daxili işlər orqanılarında xidmətinə görə) bir ayı iki ay kimi hesablanmış və xidmət müddətinə – 04 il, 08 ay, 16 gün əlavə olunmuşdur. Həmçinin Bakı ŞBPİ-nin 31 yanvar 1994-cü il tarixli 33 nömrəli əmrinə əsasən 24 yanvar 1994-cü il tarixdən 4 fevral 1994-cü il tarixədək olan müddətdə (10 gün) döyüş əməliyyatlarında iştirak etdiyinə görə həmin müddətin bir ayı üç ay kimi hesablanmış və İddiaçı xidmət müddətinə bir daha – 10 gün əlavə olunmuşdur. İddiaçı arxiv şəxsi işində xidmət müddətinə aid başqa imtiyaz müəyyən edilməmişdir. Beləliklə, yenidən hesablama zamanı İddiaçı DİO-da xidmət müddətinin təqvimi hesablama ilə 12 il, 07 ay, 14 gün, imtiyazlı hesablama ilə 17 il, 04 ay, 10 gün təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı DİO-dan xaric olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. İddiaçı DİO-da imtiyazlı xidmət müddəti cəmi 17 il, 04 ay, 10 gün təşkil etdiyindən onun əmək pensiyası hüququ yaranmamışdır. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququ yaranan şəxlər barəsində tərtib olunur. Göstərilənlərə əsasən İddiaçı barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamalıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə» preambulasında göstərilmişdir ki, bu Əsasnamə polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə daxil olan digər orqan və hissələrdə xidmət keçmənin qaydalarını və şərtlərini, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə dəyişiklik edilmişdir, sözügedən maddə həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (əvvəlki redaksiyada) Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). - (hazırkı redaksiyada) Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bındinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 may 2020-ci il tarixdə xüsusi konstitusiya icraatı üzrə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” müvafiq sorğu əsasında konstitusiya işinə baxaraq qərara almışdır: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqın, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nınm 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetonin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olan təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdən artımları nəzərdə tutur; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (əvvəllər qüvvədə olmuş) preambulasında göstərilmişdir ki, Bu Qanun Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemini müəyyən edir. Qanun dolanacaq xərcləri dəyişdikcə pensiya məbləğlərinin də müntəzəm surətdə dəyişdirilməsi yolu ilə pensiyaçıların sosial müdafiəsinə təminat verir. Həmin Qanunun 12-ci maddəsinin Azərbaycan Respublikasının 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan tələblərinə görə xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; xidmət illərinə görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 12-ci maddəsinin Azərbaycan Respublikasının 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli Qanunu ilə dəyişiklik ediləndən sonra qüvvədə olan tələblərinə görə xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; xidmət illərinə görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Prezidentinin “«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 27 oktyabr 1997-ci il tarixli 639 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının” səlahiyyətlərini AR Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi, həmin preambulada nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanlarının» səlahiyyətlərini isə, AR Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, AR NK yanında Dövlət Feldyeger Xidməti və AR Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi həyata keçirirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflərin mübahisələndirdiyi hal DİO-nun sabiq əməkdaşı kimi iddiaçının adına “məlumat vərəqəsi”nin verilməsi üçün müvafiq həddə xidmət illərinin toplanmasıdır. İddiaçı tərəf onun xidmət illərinin imtiyazlı hesablama ilə nəzərə alınmaqla müvafiq həddə olmasını əsas gətirərək əvvəllər qüvvədə olmuş «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin müvafiq döpvrdə qüvvədə olan redaksiyadakı tələblərinə istinadən pensiya hüququnun yarandığını və pensiya təyinatı ilə əlaqdar DSMF orqanına “məlumat vərəqəsi”nin göndərilməsini iddia edir. Cavabdeh tərəf isə, iddiaçının «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli və 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarlarının müddəalarına əsaslanaraq onun imtiyazlı hesablama ilə 25 il xidmət ilinin toplanmadığnı əsas gətirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçı 2003-cü ilin aprel ayınadək DİO-da xidmət etdiyindən mövcud qanunvericilik onun pensiya hüququnun yaranmasını xidmət illərinin 20 təqvim ili və ya imtiyazlı hesablama ilə 25 il olması ilə şərtləndirir. Halbuki, iddiaçı 12 avqust 1992-ci il tarixdən 23 aprel 2003-cü il tarixədək DİO-da işləməklə 20 təqvim ili və imtiyazlı hesablama ilə 25 il stajı toplamamışdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən ona münasibətdə Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsi tətbiq olunmalı və iddiaçı həmin normanın istər əvvəlki, istərsə də dəyişiklik olunduqdan sonrakı tələbləri üzrə müvafiq xidmət illərini toplamış sayıla bilməz. Odur ki, iddiaçının DİO-da xidmət etmiş şəxs kimi pensiya hüququ yaranmadığından, aidiyyəti DSMF orqanına onun barəsində “məlumat verəqəsi” də göndərilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinion Vİİ hissəsinin tələblərinə zidd sayılmamalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-4297/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar