Məhkəmə qərarları › İş №2-1(103)-917/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-917/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-917/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinin təkrar hərraca çıxarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10887/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 28,6 kv.m, qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satışının həyata keçirilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10887/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi şikayətin təmin edilmədən, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanan 07.08.2019-cu il tarixli, **********44 №-li bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən 28.6 kv.m qeyriyaşayış sahəsini 16 aprel 2019-cu il tarixində keçirilmiş hərracda 10 300 (on min üç yüz) manata satın almışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qanunvericiliklə müəyyən edilmiş müddətdə tərəfindən obyektin dəyərinin ödənilməsi və alqı-satqı müqaviləsinin imzalanması təmin edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, keçirilmiş hərracın nəticələri 23 iyul 2019-cu il tarixində ləğv edilmiş və obyektin yenidən hərraca çıxarılması nəzərdə tutulmuşdur. Eyni zamanda bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək üçün tərəfindən ödənilmiş beh geri qaytarılmır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan 30.03.2021-ci il tarixli, **********07 №-li məktubdan görünür ki, 16 aprel 2019-cu il tarixində hərrac vasitəsi ilə aldığı, lakin sonradan qanunvericiliklə müəyyən edilmiş müddətdə tərəfindən alqı-satqı müqaviləsinin imzalanması və obyektin dəyərinin ödənilməsi təmin edilmədiyindən hərracın nəticələrinin ləğv olunduğu ünvan 2 ünvanında yerləşən 28.6 kv.m qeyri-yaşayış sahəsinin hərraca çıxarılmasına köməklik göstərilməsi barədə 5 fevral 2021-ci il tarixli ərizəsinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, hərraca çıxarılan dövlət əmlakları barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “özəlləşdirmə portalı” (privatization.az) və emlak.gov.az saytında yerləşdirilir. Odur ki, “Özəlləşdirmə portalı” (privatization.az) və emlak.gov.az saytında hərraca çıxanlan əmlaklarla bağlı zəruri məlumatlarla tanış ola bilər. - “İcarəyəverən” adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov ilə “İcarəçi” X3 arasında bağlanmış 603 №-li, 25.01.2021-ci il tarixli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25.01.2021-ci il tarixli, 07 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 22 “A” (regestr №***-*******- 004) ünvanında yerləşən, ümümi sahəsi 57,6 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyriyaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”-nin müddəti istifadəsinə vermişdir. İcarə müqaviləsinin müddəti 25.01.2021-ci il tarixdən 25.01.2022-ci il tarixədək müəyyən edilmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 28.6 kv.m qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən hərraca çıxarılmış və 16 aprel 2019-cu il tarixində hərrac vasitəsi ilə iddiaçı tərəfindən alınmışdır. İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə obyektin dəyəri ödənilmədiyindən alqı-satqı müqaviləsinin imzalanması mümkün olmamış, hərracın nəticələri 23 iyul 2019-cu il tarixində ləğv edilmişdir. Hazırda iddiaçının təkrarən hərraca çıxarılmasını tələb etdiyi qeyri-yaşayış sahəsi qanuna uyğun qaydada bağlanmış və tərəflərin imzaları ilə təsdiq edilmiş, 25.01.2021-ci il tarixli, 603 nömrəli icarə müqaviləsinə əsasən X1 istifadəsinə verilmişdir. Həmin icarə müqaviləsi hər hansı qaydada mübahisələndirilməmiş, hazırda qüvvədədir. İşin hallarından cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hər hansı qanunsuzluğa yol verilmədiyi müəyyən edilir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, inzibati orqan tərəfindən İddiaçı hüquq və maraqlarının pozulması halı iş materialları ilə təsdiqini tapmadığından iddiaçının apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10887/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar