Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-917/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2615/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddətlərin, təhsil və peşə müddətinin və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1960-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilən 1976-cı il tarixli əmək kitabçasından da göründüyü kimi o, 1975-ci il tarixdən 1976-cı il tarixə qədər Sumqayıt şəhəri 44 nömrəli peşə məktəbində elektrik qaynaqçısı üzrə peşə təhsili almış, 10 dekabr 1976-cı il tarixdən 25 dekabr 2003-cü il tarixə qədər Bakı Şüşə Quraşdırma İdarəsində elektrik qaynaqçısı işləmişdir. Hərbi biletinin surətindən də göründüyü kimi 29 oktyabr 1979-cu il tarixdən 24 noyabr 1981-ci il tarixədək hərbi xidmətdə olmuş, 1981-ci il tarixdən 1985-ci il tarixədək Sumqayıt Politexnik texnikumunda “Qaynar istehsalın texnologiyası”nda təhsili almışdır. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci fəslinə əsasən avadanlıqların təmirini təmin edən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçının güzəştli pensiya üçün stajı 25 ildən çox bir müddət təşkil edir, işlədiyi yerləri, iş stajını əmək kitabçası sübut edir Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi, hazırki iş üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsllərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağı bildirilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmamışdır. Bu arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. İş materiallarında belə bir arayış mövcud deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2615/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, İddiaçı tərəfindən güzəştli arayış təqdim olunmamışdır. Bu arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. Birinci instansiyası məhkəməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu ünvanlanmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunan məktubda göstərilmişdir ki, İddiaçı keçmiş "xxxx" ASC-də tutduğu vəzifə güzəştli şərtərlə pensiya hüququ verən işlərə aiddir. Qulu- zadə Çingiz Süleyman oğlunun tutduğu “elektrik qaynaqçısı” vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda 1010300а— 19906 nömrəli koda, 2 nömrəli siyahıda isə 23200000—19906 nömrəli koda uyğun gəlir. "xxxx" MMC tərəfindən verilmiş sözügedən arayış mötəbər hesab edilə bilməz. Çünki arayışda lazımi qaydada əsaslandırma aparılmamış, iddiaçının işlədiyi sahə, peşə və vəzifənin siyahıdakı konkret koda uyğunluğu göstərilmək əvəzinə, iddiaçının tutduğu “elektrik qaynaqçısı” vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş həm 1, həm də 2 nömrəli siyahıda nəzərdə tutulmuş müvafiq nömrəli fərqli 2 koda uyğun gəlməsi göstərilmişdir ki, bu da mümkün ola bilməz. Hansı ki, birinci instansiya məhkəməsi özü arayışda qeyd olunmuş 1010300а—19906 nömrəli kodun iddiaçıya aid edilə bilməsini mümkün hesab etməmişdir. Göründüyü kimi, məhkəmə məzmununda ziddiyyət olan bu arayışa düzgün hüquqi qiymət verməmiş, zərurət yaranmağına baxmayaraq, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb etməmiş və ya digər müvafiq araşdırma aparmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyini mötəbər qaydada müəyyən etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək və apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 23 avqust 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu almışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin əsaslılığına qiymət vermək üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci tarixədək Azərbaycan SSR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı “Soyuzsteklomontaj (Soyuz şüşəquraşdırılması) trestinin Bakı ixtisaslaşmış quraşdırma idarəsinə qəbul olmadan öncə xx.xx.1975-xx.xx.1976-cı illərdə Sumqayıt şəhəri 44 saylı ŞPTM-də təhsil almışdır. İddiaçı xx.xx.1976-cı ildə 1 saylı quraşdırma sahəsinə 2-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə ona elektrik qaynaqçısı peşəsi üzrə 3-cü dərəcə verilmiş, xx.xx.1978-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə 4-cü dərəcə verilmiş, xx.xx.1978-ci ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Bundan sonra 12 avqust 1978-ci il tarixli işdən azad edilmə haqqında 4 saylı qeyd etibarsız sayılaraq, iddiaçı həmin tarixdən işdə saxlanılmış, xx.xx.1979-cu ildə Sovet Ordusu sıralarına çağrılması ilə əlaqədar olaraq işdən azad edilmişdir. İddiaçı xx.xx.1982ci ildə 4-cü dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə 5-ci dərəcə verilmiş, xx.xx.1985-ci ildə usta vəzifəsinə, xx.xx.1987-ci ildə 5-ci dərəcə ilə yenidən elektrik qaynaqçısı vəzifəsinə köçürülmüşdür. xx.xx.1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 641 saylı Qətnaməsinə əsasən “Şüşəquraşdırma” SC Bakı filialının adı "xxxx" Səhmdar firması Bakı “Şüşəqurma” İdarəsinə dəyişdirilmişdir. xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 dekabr 1997-ci il tarixli 1201 qeydiyyat saylı Sərəncamına əsasən "xxxx" Səhmdar firmasının Bakı “Şüşəquraşdırma” idarəsi 1 yanvar 1998-ci il tarixdən “Şüşəquraşdırma və Xüsusitikintiquraşdırma” X4 Cəmiyyəti adlandırılmışdır. xx.xx.1998-ci ildə “Şüşə və XTQ” Səhmdar Cəmiyyətinin nəzdində xx.xx.1998-ci il tarixdən “Bakıtikintiquraşdırma” müəsissəsi yaradılması ilə əlaqədar olaraq xx.xx.1998-ci il tarixdən “Bakıtikintiquraşdırma” müəsissəsinə keçirilmişdir. İddiaçı xx.xx.1999-cu ildə Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinə əsasən işdən azad edilmiş və xx.xx.2000-ci il “Şüşə və Xüsusitikintiquraşdırma” ATSC-ə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 38-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. İşin mübahisəli halı iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi ilə bağlıdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində Bakı Şüşə Quraşdırma İdarəsinin xx.xx.1995- ci il tarixdə 20423 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, idarədə olan reyestrdə Bakı Şüşə Quraşdırma idarəsi adlı kommersiya qurumu aşkar edilməmiş, lakin bənzər adda xx.xx.1995-ci ildə 20423 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış AZQUR Firmasının Bakı Şüşə Quraşdırma idarəsi adlı kommersiya qurumunun olması barədə məlumat müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1201 nömrəli sərəncamı ilə "xxxx" Səhmdar Firmasının Bakı “Şüşəquraşdırma” İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1998-ci il tarixində 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1998-ci il tarixdə 5 nömrə ilə dövlət qeydiyyatından keçmiş və xx.xx.2012-ci il tarixdən adını "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəyişdirmişdir. Həmçinin dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) çevrilməsi və hüquqi ünvanının AZ1029, ünvan 1 mövcuddur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə “Soyuzsteklomontaj" tresti olmuş, 1991ci ildə adı “Şüşəquraşdırma” SC Bakı filialına dəyişdirilmiş, daha sonra "xxxx" Səhmdar Firmasının Bakı “Şüşəquraşdırma” İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2012-ci il tarixdən adı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilmiş, xx.xx.2014-cü il tarixdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Məhkəmənin müvafiq sorğusu əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunan məktubda göstərilmişdir ki, İddiaçı keçmiş "xxxx" ASC də tutduğu vəzifə güzəştli şərtərlə pensiya hüququ verən işlərə aiddir. İddiaçı tutduğu “elektrik qaynaqçısı” vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda 1010300a—19906 nömrəli koda, 2 nömrəli siyahıda isə 23200000—19906 nömrəli koda uyğun gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, arayışda istinad olunan 23200000—19906 nömrəli kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərədə tutulan 23200000 XXXİİİ. Ümumi peşələr üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçılarına uyğun gəlir, müəssisənin istinad etdiyi həmin kod əsaslıdır. Belə ki, iddiaçının işlədiyi “Şüşəquraşdırma” İdarəsi zavod, iri istehsal müəssisəsi və s. olmadığından aydındır ki, həmin müəssisədə elektrik qaynağı hər hansı avtomat və yarımavtomat maşınlarla deyil, məhz əl ilə aparılacaqdır. Bu hal müvafiq arayışla təsdiq olunduğundan və cavabdeh iddiaçının işlədiyi həmin dövrün güzəştli iş stajına hesablanmasını istisna edən hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının elektrik qaynaqçısı işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 27 il 8 ay 21 gün ümumi iş stajının, o cümlədən 23 il 2 ay 21 gün güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2615/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2615/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-917/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-917/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver