Məhkəmə qərarları › İş №2-1(103)-918/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-918/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-918/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil qızının (Bakı şəhəri 20 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiаçı İddiaçı (xx.xx.1976-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cаvаbdеh Təhsildə X2rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “xarici dövlətin ali təhsil sahəsində bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 2090/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 06.12.2019-cu il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) və müvafiq şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2000-ci il tarixdə Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və X4 və psixologiya fakültəsinin qiyabi şöbəsinə ödənişli əsaslarla qəbul olunmuşdur. 2006-cı il tarixdə həmin institutu bitirmişdir. Təhsil aldığı müddətdə hər il təhsil haqqını ödəmişdir. Diplom almadan öncə əmək fəaliyyətinə başlamışdır. Bu səbəbdən də diplomla əlaqədar zərurət olmadığından onun Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunması barədə məlumatı olmamışdır. Bu hal iddiaçıya yalnız 2013-cü ildə tutduğu vəzifəni dəyişmək istəyərkən məlum olmuşdur. Təhsil aldığı beş il ərzində imtahanlarını müvəffəqiyyətlə vermişdir. Təhsil haqqı ödəmişdir. Dəfələrlə instituta Təhsil Nazirliyi tərəfindən nümayəndələr gəlib, yoxlamalar aparılıb, tədbirlər həyata keçirilib və nəhayət dövlət imtahanı vermişdir. Bundan əlavə olaraq təhsil aldığı dövrlərdə institundan başqa universitetlərə və eləcə də başqa universitetlərdən başqa instituta Təhsil Nazirliyinin əmri ilə tələblər köçürülmüşdür. 03.07.2015-ci il tarixdə iddiaçıya imtina məktubu verilmişdir. Lakin çoxsaylı şikayəti əsasında nəhayət ki, üzərindən 3 il yaxın bir müddət keçənə yaxın məlum olmuşdur ki, iddiaçıya imtina verilməsi qanunsuz olmuşdur. Halbuki, iddiaçı bütün sənədləri toplayaraq Təhsil Nazirliyinə müraciət etmişdir. İddiaçı hesab edir k, şifahi müsahibədən uğurla keçmişdir. Belə ki, imtahan zamanı iddiaçıya verilən suallara tam və dəqiq cavab verilmiş, lakin sentyabrda müsahibədən keçməyinə baxmayaraq, cavabı sistemə yaxın vaxtlarda yerləşdirilir. Həmin cavabda isə iddiaçının tamam başqa imtina cavabı verildi ki, həmin institut ölkədə qanunsuz fəaliyyət göstərdiyindən diplomunun tanınması mümkün olmamışdır. İnstitutun fəaliyyəti 2007-ci ilin avqust ayında dayandırılmış, iddiaçı isə 07.02.2006-cı ildə artıq institutu bitirmiş, diplom əldə etmişdir. Həmin vaxtadək isə institut tam qanuni olaraq lisenziya əsasında fəaliyyət göstərmişdir. Buna görə də müsahibədən uğurla keçdiyinə görə Təhsil Nazirliyinin bu əsasla diplomunun tanınmasından imtina etməsi tam qanunsuz və əsassızdır. İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən süni maneələr yaradılaraq, 2013-cü ildən diplomunun ekvivalentliyinin müəyyən edilməsi bu günə kimi mümkün olmamışdır. Halbuki, iddiaçı ilə təhsil almış, hazırlıq səviyyələri iddiaçıdan qat-qat aşağıda olan digər vətəndaşların öz diplomlarının ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) məsələsi öz həllini çoxdan tapmışdır. İddiaçı qeyd edir ki, rus dilini mükəmməl, ixtisasını qənaətbəxş bilmiş olsa da, diplomunun tanınmasından qanunsuz şəkildə imtina edilir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2090/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin eyni tarixli qərardadı ilə AR Təhsil Nazirliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 21.08.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2090/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı cаvаbdеh Təhsildə X2rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “xarici dövlətin ali təhsil sahəsində bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 13.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2090/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən 23.03.2006-cı ildə verilmiş BCB № ******* saylı diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin Universitetinin “Pedaqogika və Psixologiya” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını uğurla keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə “Pedaqogika və X6” ixtisas dərəcəsi verilmişdir. Sözügedən bakalavr diplomu Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun rektoru Klimov S.M və Moskva şəhəri təhsil Departamentinin Q.T.Alimov apostili ilə 25.05.2012-ci il tarixdə təsdiq olunmuşdur. - Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən 23.03.2006-cı ildə verilmiş BCB № ******* saylı diploma olan № 7544 saylı, 23.03.2006-cı il tarixli əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin Universitetinin “Pedaqogika və Psixologiya” istiqaməti üzrə bakalavr təhsili aldığı zaman 50 fənndən qənaətbəxş, məqbul, yaxşı və kafi qiymət almış, 3 kurs işi yazmış və ixtisası üzrə dövlət imtahanlarını vermişdir. Həmin əlavədə iddiaçının təhsil müddəti olaraq 5 il olduğu göstərilmişdir. - İddiaçının müraciəti əsasında verilmiş elektron cavab məktubundan müəyyən olunur ki, İddiaçı xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə 24.12.2018-ci il tarixli müraciətinə baxılmış, Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutuna Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-cı bəndinə əsasən, A784F7F72757942 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - Azərbaycan Respublikası X9nin 10.03.2020-ci il tarixli, 09/04-09/0810 nömrəli məktubuna (şöbə müdiri Vüqar Əkbərov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, 11 avqust 1976-cı il təvəllüdlü İddiaçı 2000-ci ildə ali, tam və ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak etmək üçün müraciət etmiş abituriyentlər sırasında aşkar edilməmiş, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X9 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-1-ci maddəsinə əsasən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (İB Diploma Programme (X7 Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 217 nömrəli Qərarı (hazırda qüvvədən düşmüşdür) ilə təsdiq edilmiş «Çoxpilləli ali təhsil sistemində “bakalavr” hazırlığı haqqında Əsasnamə»nin 1.3-cü bəndinə əsasən “bakalavr” hazırlığının təhsil müddəti gündüz şöbəsində istiqamət və ya ixtisasdan aslılı olaraq 3,5 – 4 ildir. Təhsil müddəti tədris planı əsasında müəyyənləşdirilir və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Təhsil əyani (gündüz), axşam, qiyabi, həmin formaların birləşdirilməsi və eksternat yolu ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanununun («Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il tarixli Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş) 12-ci maddəsinə görə hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilərlər. Həmin Qanunun 22-ci maddəsinə görə bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar. «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Prezidenti 04 oktyabr 1997-ci il tarixdə 637 nömrəli Fərman imzalamışdır. Həmin Fərmana görə Təhsil Nazirliyi ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti üzrə lisenziya verən orqan kimi müəyyən edilmişdir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş (Qərar qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın 1.4-cü bəndinə görə xarici hüquqi şəxslərin filialları öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 1.5-ci bəndinə görə xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir. Təhsil haqqında Azərbaycan Respublikası Qanunun 16.2-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə» nin 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: • təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; • təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; • Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: • xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; • təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); • xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materiallarına əsasən müəyyən edilir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 27 fevral 2007-ci il tarixli 2393/5-497 saylı qətnaməsi ilə (hakim Ü.Mayılov) iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı Filialına qarşı iddiası təmin edilərək, filialın fəaliyyətinin dayandırılması və cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçının Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı Filialı lisenziyasız fəaliyyət göstərmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmədən, xüsusi lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyindən, iddiaçının hazırkı tələbi əsassız olmuş və birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apellyasiya şikayətində üçüncü şəxs qismində Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu göstərsə də, Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu iddia ərizəsində üçüncü şəxs qismində qeyd edilməmiş və iş materiallarında üçüncü şəxs qismində işə cəlb olunması barədə hər hansı bir məhkəmə qərardadı mövcud deyildir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan iddiaçıya aid diplomun surətindən müəyyən olunur ki, iddiaçı 2006-cı ildə diplom almışdır, diplomda iddiaçının soyadı “Əliyeva” qeyd edilmişdir, lakin iş materiallarında olan iddiaçıya məxsus 17.12.2005-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçının soyadı “Məmmədova” qeyd olunmuşdur. Yəni, diplom iddiaçının şəxsiyyət vəsiqəsində qeyd edilmiş soyadına uyğun tərtib edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2090/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2090/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar