Məhkəmə qərarları › İş №2-1(103)-918/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-918/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-918/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti) « çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2021 saylı, 04.11.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Prezidentinin 439 saylı 2015-ci 13 yanvar tarixli Fərmanını əsas tutaraq İddiaçı irsən vərəsəlik hüququ əsasında mənsub olduğum şəxsi mülkiyyətin 0.02309 (ha) torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.02309 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi və torpaq sahəsi söküntü zonası kimi AR Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli Qərarının təsiri dairəsinə düşür. Bundan əlavə, Yasamal rayon İcra Hakimiyyətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 40/01 saylı, 15.02.2021-ci il tarixli məktubunda ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhərinin baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, parkların salınması məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması nəzərdə tutulan ərazidə yerləşdiyindən həmin ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınması məqsədəmüvafiq hesab edilmir. Eyni zamanda üçüncü şəxs apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur. Belə ki, magistral boru kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, nəqliyyat infrastrukturu obyektləri və suların mühafizə zonaları, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektləri dövlət əhəmiyyətli obyektlər və kommunikasiya xətləri hesab olunur. Dövlət əhəmiyyətli obyektlərin tikintisi və kommunikasiya xətlərinin çəkilməsi ölkənin sosial-iqtisadi inkişafı sahəsində qəbul olunan dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərdir. Dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi və beləliklə də, dövlət proqramının həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 16 fevral 2018-ci il tarixli 51 nömrəli və 29 dekabr 2018-ci il tarixli 572 nömrəli Qərarları qəbul edilmişdir. Həmin qərarlarla ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınmasını zəruri edən dövlət ehtiyacı (dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi) müəyyən edilmişdir. Bu səbəbdən hesab edirik ki, yuxarıda qeyd etdiyimiz fərmanın tələbinə əsasən mübahisə predmeti olan daşınmaz əmlakın nəqliyyat infrastrukturu obyektlərinin torpaq sahələrində yerləşdiyi səbəbindən torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Göründüyü kimi, məhkəmə iddiaçının tələbini təmin etməklə sözügedən fərmanın tələblərini pozmuşdur. Mübahisə predmeti olan torpaqda yerləşən tikiliyə dair iddiaçının mülkiyyət hüquqları olsa da, həmin daşınmaz əmlak nəqliyyat infrastrukturu obyektlərinin torpaq sahələrində yerləşdiyi səbəbindən dövlət ehtiyacları üçün alınmalı olduğu səbəbindən 13 yanvar 2015ci il tarixli 439 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanının tələblərinə əsasən torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmir. Nəticə etibarı ilə Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 3, 4 saylı ev dövlət ehtiyacları üçün satın alındığı zaman həmin ünvanda yerləşən torpaq sahəsi dövlətin mülkiyyətində olduğu üçün dövlətə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab məktubu 17.12.2019-cu il tarixində iddiaçıya təqdim edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə prosessual müddətlərə riayət etmədən iddia tələbi ilə məhkəməyə 31.01.2020-ci il tarixində müraciət etmişdir. Məhkəmə qərar qəbul edərkən iddiaçının prosessual qaydalara riayət etmədən məhkəməyə müraciət edilməsinə hüquqi qiymət vermədiyi üçün İPM-nin 38.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə inzibati iş üzrə qərar qəbul edərkən ünvan 5in Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli və 29 dekabr 2018-ci il tarixli 572 nömrəli Qərarlarının təsirinə düşüb-düşmədiyi barədə araşdırma aparmamışdır. Belə ki, daşınmaz əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə daşınmaz əmlaka hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün istisna edən hal kimi müəyyən edilmişdir. Magistral boru kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, nəqliyyat infrastrukturu obyektləri və suların mühafizə zonaları, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektləri dövlət əhəmiyyətli obyektlər və kommunikasiya xətləri hesab olunur. Dövlət əhəmiyyətli obyektlərin tikintisi və kommunikasiya xətlərinin çəkilməsi ölkənin sosial- iqtisadi inkişafı sahəsində qəbul olunan dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərdir. Dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi və beləliklə də, dövlət proqramının həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 16 fevral 2018-ci il tarixli 51 nömrəli və 29 dekabr 2018-ci il tarixli 572 nömrəli Qərarlar qəbul edilmişdir. Həmin qərarlarla ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın alınmasını zəruri edən dövlət ehtiyacı (dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi) müəyyən edilmişdir. Beləliklə, məhkəmə mübahisə predmeti olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı siyahıya alınıb-alınmaması barədə yetərli qədər araşdırma aparmış olsa idi həmin ünvanda yerləşən torpaq sahəsinə görə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasının hüquqi əsasının olmaması nəticəsinə gəlmiş olardı. Bakı İnzibati Məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 3 ünvanda yerləşən 4 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olduğundan, həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcud olduğundan, həmçinin üzərində mülkiyyət hüquqları 19.08.1992-ci il tarixində qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport da mövcud olduğundan cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Lakin, məhkəmə iddiaçının tələbini təmin etməklə alan orqan kimi Yasamal Rayon İcra Hakimiyyətinin hüquqlarını açıq şəkildə pozmuşdur. İddiaçının məhkəməyə təqdim etmiş sözügədən evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu olsa da həmin ev dövlət ehtiyacıları üçün alınması ilə bağlı siyahıya alındığı üçün iddiaçının mülkiyyətinin dövlət qeydiyyatına alınmasını istisna hal hesab edilir. Qeyd olunanlara əsasən iddiaçının torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının yaranması və bu hüququn dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar dəlilləri sübuta yetirilmir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu mötəbər sübut hesab etməklə hüquq pozuntusuna yol vermişdir. Çünki, qərar qəbul edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2-ci bəndini nəzərə almamışdır. Beləliklə, məhkəmə sözügedən fərmanla mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istisna edən halları nəzərə almamaqla qərar qəbul etməklə hüquq pozuntusuna yol vermişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izagat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh və üçüncü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina emişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 3 ünvanda yerləşən 4 saylı fərdi yaşayış evinə dair müvafiq sənədlərinin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan: - 8.11.2005-ci il tarixli Qanun üzrə Vərəsəlik haqqında Şəhadətnaməyə əsasən Həsənbala Qədir oğlunun vərəsələri arvadı - X1 və oğlu - İddiaçıdur. Miras əmlak ünvan 1 ünvanda 230.90 kv.m torpaq sahəsində yerləşən evdən ibarətdir. - Fərdi yaşayış evin Bağışlanma müqaviləsindən görünür ki, X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evdə ona məxsus olan hissəsini oğlu İddiaçı bağışlamışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.03.2007-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 3 ünvanda yerləşən 4 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1965-ci ildə ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə dair Həsənbala Qədir oğlunun adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. Həmin pasportda torpaq sahəsinin ümumi sahəsi qeyd edilmişdir (230.9 kv.m). Həmçinin, iş materiallarında olan 18.11.2005-ci il tarixli Qanun üzrə Vərəsəlik haqqında Şəhadətnaməsində miras əmakın şəxsə Bakı ş. Tİ və HQİ-nin kit. 168, səh. 7058, 19.08.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən məxsus olması göstərilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1, 88-ci maddələrini, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrini, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.7, 12.1, 15-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1,2-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0.02309 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər: 1.11.Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar) göstərilmişdir. Həmin Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)... Baxılan iş üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisəli torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün müəyyən edilmiş əsaslardan ikisi, yəni səlahiyyətli orqan tərəfindən 1965-ci ildə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport, həmçinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mövcuddur. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 3 ünvanda yerləşən 4 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olduğundan, həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcud olduğundan, həmçinin üzərində mülkiyyət hüquqları 19.08.1992-ci il tarixində qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport da mövcud olduğundan cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi barədə dövlət proqramının həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş16 fevral 2018-ci il tarixli 51 nömrəli və 29 dekabr 2018-ci il tarixli 572 nömrəli Qərarına əsasən ünvan 1 ünvanında yerləşən mübahisəli torpaq sahəsinin alınmasını zəruri edən dövlət ehtiyacı (dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi) müəyyən edilməsi səbəbindən torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməməsi dəlili tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sadəsində yerləşən yaşayış evi dövlət ehtiyacları üçün alınmamış, həmçinin, sökülməmişdir. Belə olan halda, qeyd olunan dəlil mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün maneə ola bilməz. Apellyasiya şikayətinin cavabdeh tərəfindən iddiaçıya imtina məktubunun 17.12.2019-cu il tarixində təqdim edilməsinə baxmayaraq, iddiaçının iddia tələbi ilə məhkəməyə 31.01.2020-ci il tarixində müraciət etməsi dəlilinə münasibət məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan məktubun 17.12.2019-cu ildə iddiaçıya çatdırılmasını dübut edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, iddianın mümkün sayılmaması üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi isə haqlı olaraq iddianı təmin etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar