Məhkəmə qərarları › İş №2-1(103)-918/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-918/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-918/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-918/2023 (Açar sözlər: “gömrük ödənişinin geri qaytarılması”) Bakı şəhəri 02 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının vəkili (nümayəndəsi Vəkil ) oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən xx.xx.2022 tarixdə Türkiyə Respublikasından gətirilən malların gömrük ödənişləri həyata keçirilərək bəyannamə və sənədlər Bakı Baş Gömrük İdarəsinə təqdim edilsə də gömrük rəsmiləşdirilməsindən imtina olunmuşdur ki, hazırki yüklərin real invoys dəyəri 7460 ABŞ dolları qaldırılaraq ödəniş etməlidir.

2. **********3600 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair **********20 saylı Bildiriş iddiaçıya xx.xx.2021-ci il tarixdə elektron qaydada göndərilmiş və həmin bəyannamə müvafiq düzəlişin aparılması üçün bəyannaməçiyə geri qaytarılmışdır.

3. Bundan sonra iddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunaraq **-UY-***/99- ZH-174 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklə birlikdə buraxılaraq malların şirkətin icarəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə 3A ünvanda yerləşən anbara gömrük orqanının plombu altında müvəqqəti saxlanca verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuş, Bakı İnzibati Məhkəməsinin İş № MXMT(112)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilərək **-UY-***/**-ZH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklə birlikdə buraxılaraq malların şirkətin icarəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə 3A ünvanda yerləşən anbara gömrük orqanının plombu altında müvəqqəti saxlanca verilməsi vəzifəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur.

4. Daha sonra iddiaçı cavabdehə malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün xx.xx.2022-ci il tarixli, **********7401 sorğu nömrəli gömrük bəyannaməsi təqdim etmiş və mallar müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmişdir. 25 fevral 2022-ci il tarixli, **********5156 sorğu nömrəli gömrük bəyannaməsi ilə iddiaçı ondan tələb olunan düzəlişləri etmiş, gömrük ödənişlərini ödəmiş və idxal olunan mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraatİ

5. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək malların invoys dəyəri ilə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət tərəfindən xx.xx.2022 tarixdə Türkiyə Respublikasından gətirilən malların gömrük ödənişləri həyata keçirilərək bəyannamə və sənədlər Bakı Baş Gömrük İdarəsinə təqdim edilsə də gömrük rəsmiləşdirilməsindən imtina olunmuşdur ki, hazırki yüklərin real invoys dəyərini 7460 ABŞ dolları qaldıraraq ödəniş etməlisiniz. Real invoys dəyərinin dəyişdirilməsinin mümkün olmaması inzibati orqanın nəzərinə çatdırılsa da, gömrük rəsmiləşdirilməsi qəbul edilməyərək yük avtomobili BBGİ-nin dayanacağından buraxılmamış, 1 aydan artıq müddət heç bir əsas olmadan Bakı Baş Gömrük İdarəsinin dayanacağında saxlanılmışdır.Nəzərə alsaq ki, yüklərin daşınmasını təşkil edən "xxxx" MMC-yə məxsus yük avtomobili Azərbaycan Respublikasına daxil olduqdan 72 saat sonra iddiaçı tərəfindən boşdayanmaya görə hər gün üçün 100 ABŞ dolları məbləğində pul ödəməlidir ki, bu da Şirkətə maddi ziyanın dəyməsi ilə nəticələnmişdir. Bundan sonra iddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunaraq **-UY-***/99- ZH-174 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklə birlikdə buraxılaraq malların şirkətin icarəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə 3A ünvanda yerləşən anbara gömrük orqanının plombu altında müvəqqəti saxlanca verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuş, Bakı İnzibati Məhkəməsinin İş № MXMT(112)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilərək **-UY-***/**-ZH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklə birlikdə buraxılaraq malların şirkətin icarəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə 3A ünvanda yerləşən anbara gömrük orqanının plombu altında müvəqqəti saxlanca verilməsi vəzifəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Lakin inzibati orqanın tələbi qanunsuz olduğundan iddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsi aparılmamışdır. Hazırda mallar satışa çıxarılmadan saxlancda saxlanılır ki, bu da şirkətə boşdayanmaya görə dəymiş maddi ziyandan əlavə maddi ziyan dəyməsi ilə nəticələnir.

7. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, **********03600 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı gömrük inspektorunda şübhə yaranmış və müvafiq araşdırma aparılmışdır. “Tog Petrol Sanayi ve Ticaret Limited Şirketi"-nin Azərbaycan Respublikasındakı Filialının təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində ölkə ərazisinə digər xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən idxal olunan eyni malların sövdələşmə qiymətinin daha yüksək olduğu müəyyən edilmişdir. Aşkar olunan risklərin minimallaşdırılması üçün həmin malların gömrük dəyərləndirilməsi zamanı "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələbləri əsas götürülmüşdür. Həmin Qanunun 14-cü maddəsinə əsasən, malların gömrük dəyərini bu Qanunun 13cü maddəsində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti qəbul edilir. Malların gömrük dəyəri bu maddəyə əsasən müəyyən edilərkən, dəyərləndirilən mallarla eyni kommersiya səviyyəsində və eyni və ya təqribən eyni miqdarda satılan eyni malların sövdələşmə qiymətindən istifadə olunur.**********3600 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair **********20 saylı Bildiriş iddiaçıya xx.xx.2021-ci il tarixdə elektron qaydada göndərilmiş və həmin bəyannamə müvafiq düzəlişin aparılması üçün bəyannaməçiyə geri qaytarılmışdır. Daha sonra iddiaçı cavabdehə malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün xx.xx.2022-ci il tarixli, **********7401 sorğu nömrəli gömrük bəyannaməsi təqdim etmiş və mallar müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmişdir. 25 fevral 2022-ci il tarixli, **********5156 sorğu nömrəli gömrük bəyannaməsi ilə iddiaçı ondan tələb olunan düzəlişləri etmiş, gömrük ödənişlərini ödəmiş və idxal olunan mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Bununla da idxal olunan malların gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir.

8. Sonradan iddiaçının vəkili və nümayəndəsi “malların invoys dəyərindən artıq məcburən ödənilmiş 7460 ABŞ dolları (12.682 manat) pul vəsaitinin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, iddia tələbinin “malların invoys dəyərindən artıq məcburən ödənilmiş 7460 ABŞ dolları (12.682 manat) pul vəsaitinin iddiaçıya geri qaytarılmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır.

10. Bundan sonra cavabdeh iddia tələbinə münasibətdə etiraz əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsaslandırımamış, eyni zamanda ərizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən şəkildə tərtib edilməmiş, cavabdehə təqdim edilməmişdir. İddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmişdir.

11. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən 4.881,75 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması barədə rəy tərtib edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası “377,60 manat pulun qaytarılması” hissəsində mümkün sayılmaması qərara alınmışdır.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

16. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən artıq ödənilmiş 4.504,15 manat pul vəsaitinin qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsulunun sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir.

18. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir.

19. Cavabdehin əsas dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən şəkildə tərtib edilmiş ərizə formasında müraciət etməmişdir.

20. Məhkəmə bununla bağlı qeyd edir ki, gömrük ödənişinin geri qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçı tərəfindən ərizənin düzgün tərtib olunmaması, ərizənin əsaslandırılmaması imtina əsası qismində çıxış edə bilməz. Əksinə bu hal, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının iddia tələbinin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz

21. İddiaçının tərəfindən ödənilən gömrük ödənişlərinin geri qaytarılması ilə bağlı rəy cavabdeh tərəfindən tərtib olunmalıdır. Lakin, nəzərə alınmalıdır ki, geri qaytarılması tələb olunan məbləğin dəqiq müəyyən edilməsinə zərurət olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı ümumilikdə 4.881,75 manat gömrük ödənişinin geri qaytarılmasını arzulayır. Halbuki, əslində iddiaçı tərəfindən cavabdeh inzibati orqana ödənilən məbləğ 4.504,15 manat təşkil edir. Belə ki, hər iki gömrük bəyənnaməsindən görünür ki, iddiaçı ilkin olaraq gömrük ödənişinin 11.699,05 manat olduğunu bəyan etmiş, sonradan cavabdehin müraciətindən sonra gömrük ödənişinin 16.203,20 manat olduğu göstərmişdir. Göstərilən məbləğlərin fərqi də məhz artıq ödənilən gömrük ödənişi (16.203,20 – 11.699,05 = 4.504,15 manat) hesab olunur.

22. Nəzərə alınmalıdır ki, yerdə qalan 377,60 manat (4.881,75 - 4.504,15) isə iddiaçı tərəfindən malların saxlanca görə müəssisəyə ödənilən məbləğdir ki, bu hal məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən olunmuşdur. Məhkəmə bu hissədə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir.

23. Birinci instansiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 23.2, 24.1, 24.2-ci maddələrinə, Gömrük Məcəlləsinin 40.4-cü maddəsinə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

24. Qərardan iddiaçı cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı Baş Gömrük idarəsi aşağıda qeyd olunan səbəblərə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə razı deyil və hesab edir kı, qərar maddı və prosessual huquq normaları pozulmaqla qəbul olunduğu üçün ləğv olunmalıdır.Məhkəmə hesab etmişdir ki, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verildiyindən və malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu olduğundan artıq ödənilmiş “4504.15 manat pul vəsaitinin qaytarılması ' barədə rəyin tərtib edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.Bununla bağlı bildirirlər ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104,1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır.Həmin Məcəllənin 104 2-cı maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişlər ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.İddiaçı xx.xx.2022-ci il tarixli **********5156 sorğu nömrəli gömrük bəyannaməsinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Xüsusilə qeyd edirlər ki, həmin bəyannamənin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir.Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3- cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır.Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir.Məhkəmə eyni malın eyni dövr ərzində eyni istehsalçıdan başqa xarici ticarət iştirakçısı tərəfindən daha baha qiymətə idxal edildiyinə və gömrük orqanının iddiaçıya gömrük dəyəri barədə bildiriş verdiyinə də qərarında münasibət bildirməmişdir.Məhkəmə cavabdehin yardım etmə vəzifəsi ilə bağlı inzibati icraat haqqında’ Qanunun 24.1-ci və 23.2-ci maddələrinə və Gömrük Məcəlləsinin 40 4-cü maddəsinə istinad etmişdir. Bununla bağlı olaraq bildirirlər ki, gömrük rəsmiləşdirilməsi prosesi “İnzibati icraat haqqında “Qanunun müddəaları ilə tənzimlənmir. inzibati orqana ərizə şikayət və vəsatətlərin verilməsi gömrük bəyannaməsinin təqdim edilməsi ilə eyniləşdirilməməlidir Həmçinin, Gömrük Məcəlləsinin 40.4-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxslərinin gömrük bəyannaməsinin tərtib edilməsində yardım göstərmək vəzifəsi olsa da həmin Məcəllənin 153.4-cü maddəsınə əsasən gömrük orqanlarının səlahiyyətinə aid oian məlumatların gömrük bəyannaməsinə daxıl edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil.Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydalarının 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır:

26. 2.1.1. mallar qüsurlu olduqda;

27. 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə

28. 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda

29. İddiaçı ərizəsində bu hallardan hansının baş verdiyini əsaslandıra bilməmiş məhkəmə yuxarıda qeyd edilən Qaydaların 2.1 2-ci bəndinə əsaslanaraq qərar qəbul etmiş, lakin gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildiyini əsaslandırmamışdır.Eyni zamanda həmin Qaydaların 1.2-ci bəndində göstərilir ki, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir İddiaçı artıq ödənildiyini iddia etdiyi məbləğin tərkibinin X3 yaxud gömrük rüsumu olduğunu da iddia ərizəsində dəqiqləşdirməmiş, məhkəmə də artıq ödənilmiş vəsaitin təsnifatının nə olduğunu qərarında göstərməmişdir.Cavabdeh Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, 88-ci maddəsinə, İnzibati Prosessual Məcəlləsinin 58 7-ci maddəsinə, 64.1-ci maddəsinə və 12-ci maddəsinə istinad etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək şikayətin təmin olunmasını xahiş etmişdir.

33. Məhkəmə Kollegiyasının sonuncu iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: Maddə 150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. 160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrıayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. 224.1-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. X3 ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 266.1-ci maddəsinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 266.2-ci maddəsinə əsasən, gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 266.3-cü maddəsinə əsasən, şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər; 267.1-ci maddəsinə əsasən, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır; 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.

35. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir.

36. “İnzibati icraat haqqında” Qanunun 24.1-cimaddəsinin tələbindən göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

39. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

41. Məhkəmə Kollegiyası hazırkı işin faktiki hallarına tətbiq edilən hüquq normalarına istinad edərək birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı mövqeyi ilə razılaşır.

42. Məhkəmə Kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı əslində mala çəkilən xərcin 31.712,74 manat olduğunu, gömrük orqanına təqdim edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. 43.Cavabdeh isə invoysda nəzərdə tutulan qiymətin əsas olmadığını iddiaçı tərəfindən gömrük bəyannaməsində sərbəst iradə ilə qeyd edilən gömrük dəyəri kimi 44.395,52 manat məbləğin əsas götürülməli olduğunu qeyd edir.Bundan başqa, cavabdeh iddia edir ki, iddiaçı gömrük bəyannaməsində idxal etdiyi malların gömrük və statistik dəyəri ilə yanaşı, invoys dəyərini da ayrıca qeyd etmiş, başqa sözlə malların gömrük dəyərinin məbləğindən məlumatlı olmuş, gömrük ödənişlərini ödəyərək nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılmasına etiraz etməmişdir.Həmçinin, cavabdehin apellyasiya şikayətinin dəlilləri olaraq da qeyd edir ki, gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli **********5156 sorğu nömrəli gömrük bəyannaməsinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Xüsusilə qeyd edirlər ki, həmin bəyannamənin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir.Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır.Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir.

44. Məhkəmə Kollegiyası iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlili olaraq cavabdehin yuxarıda qeyd edilən mövqeyinə münasibətdə bildirir ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında malın gömrük rəsmiləşdirilməsi zamanı da mübahisə yaranmış, belə ki, Şirkət tərəfindən xx.xx.2022 tarixdə Türkiyə Respublikasından gətirilən malların gömrük ödənişləri həyata keçirilərək bəyannamə və sənədlər Bakı Baş Gömrük İdarəsinə təqdim edilsə də gömrük rəsmiləşdirilməsindən imtina olunmuşdur ki, hazırki yüklərin real invoys dəyərini 7460 ABŞ dolları qaldıraraq ödəniş etməlidir. Malların invoys dəyərinin dəyişdirilməməsi səbəbindən gömrük rəsmiləşdirilməsi qəbul edilməyərək yük avtomobili BBGİ-nin dayanacağından buraxılmamış, 1 aydan artıq müddət Bakı Baş Gömrük İdarəsinin dayanacağında saxlanılmışdır. Bundan sonra iddiaçı tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunaraq **-UY-***/99- ZH-174 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklə birlikdə buraxılaraq malların şirkətin icarəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə 3A ünvanda yerləşən anbara gömrük orqanının plombu altında müvəqqəti saxlanca verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuş, Bakı İnzibati Məhkəməsinin İş № MXMT(112)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilərək **-UY-***/**-ZH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yüklə birlikdə buraxılaraq malların şirkətin icarəsində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 10-cu küçə 3A ünvanda yerləşən anbara gömrük orqanının plombu altında müvəqqəti saxlanca verilməsi vəzifəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur.

45. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin eyni malın eyni dövr ərzində eyni istehsalçıdan başqa xarici ticarət iştirakçısı tərəfindən daha baha qiymətə idxal edildiyinə və gömrük orqanının iddiaçıya gömrük dəyəri barədə bildiriş verdiyinə də qərarında münasibət bildirməməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, cavabdeh Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu olduğu halda və bunun üçün lazım olan sənədlər (invoys və.sair) təqdim edildiyi halda eyni malın eyni dövr ərzində eyni istehsalçıdan başqa xarici ticarət iştirakçısı tərəfindən daha baha qiymətə idxal edildiyinə və gömrük orqanının iddiaçıya gömrük dəyəri barədə bildiriş verdiyinə dair tələbinin əsaslı və tətbiq edilmiş qanunvericiliyin tələbinə uyğun olduğunu sübut edə bilməmişdir.

46. Halbuki, İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

47. Məhkəmə Kollegiyası cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə daha sonra bildirir ki, gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur.

48. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir.

49. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.

50. Buna baxmayaraq cavabdeh “0/6- ehtiyat üsulu”nu seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcılığa riayət etməmiş, ehtiyat üsusulundan əvəllki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olunmasını açıqlamış, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir.

51. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin cavabdehin yardım etmə vəzifəsi ilə bağlı “İnzibati icraat haqqında’ Qanunun 24.1-ci və 23.2-ci maddələrinə birinci instansiya məhkəməsinin istinad etməklə maddi hüquq normasının düzgün tətbiq edilmədiyi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin yardım etmək vəzifəsi yalnız “İnzibati icraat haqqında’ Qanunda deyil, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində də əksini tapmışdır.

52. Yəni, cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur.

53. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.

54. Məhkəmə Kollegiyası qeyd edir ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsulunun sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir.

55. Cavabdehin əsas dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən şəkildə tərtib edilmiş ərizə formasında müraciət etməmişdir.

56. Məhkəmə bununla bağlı qeyd edir ki, gömrük ödənişinin geri qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçı tərəfindən ərizənin düzgün tərtib olunmaması, ərizənin əsaslandırılmaması imtina əsası qismində çıxış edə bilməz. Əksinə bu hal, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir.

57. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının iddia tələbinin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz

58. Apellyasiya şikayətinin “iddiaçı artıq ödənildiyini iddia etdiyi məbləğin tərkibinin X3 yaxud gömrük rüsumu olduğunu da iddia ərizəsində dəqiqləşdirməmiş, məhkəmə də artıq ödənilmiş vəsaitin təsnifatının nə olduğunu qərarında göstərməmişdir.” kimi dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, hazırkı mübahisə Malların sövdələşmə qiyməti ilə gömrük dəyərinin müəyyən edilməsinə baxmayaraq, əsassız olaraq eyni malın eyni dövr ərzində eyni istehsalçıdan başqa xarici ticarət iştirakçısı tərəfindən daha baha qiymətə idxal edildiyi əsası ilə gömrük orqanının iddiaçıya gömrük dəyəri barədə bildiriş verdiyinə görə iddiaçının artıq ödədiyi pulun qaytarılması ilə bağlıdır.

59. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının tərəfindən ödənilən gömrük ödənişlərinin geri qaytarılması ilə bağlı rəy cavabdeh tərəfindən tərtib olunmalıdır. Lakin, nəzərə alınmalıdır ki, geir qaytarılması tələb olunan məbləğin dəqiq müəyyən edilməsinə zərurət olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı ümumilikdə 4.881,75 manat gömrük ödənişinin geri qaytarılmasını arzulayır. Halbuki, əslində iddiaçı tərəfindən cavabdeh inzibati orqana ödənilən məbləğ 4.504,15 manat təşkil edir. Belə ki, hər iki gömrük bəyənnaməsindən görünür ki, iddiaçı ilkin olaraq gömrük ödənişinin 11.699,05 manat olduğunu bəyan etmiş, sonradan cavabdehin müraciətindən sonra gömrük ödənişinin 16.203,20 manat olduğu göstərmişdir. Göstərilən məbləğlərin fərqi də məhz artıq ödənilən gömrük ödənişi (16.203,20 – 11.699,05 = 4.504,15 manat) hesab olunur. Nəzərə alınmalıdır ki, yerdə qalan 377,60 manat (4.881,75 - 4.504,15) isə iddiaçı tərəfindən malların saxlanca görə müəssisəyə ödənilən məbləğdir ki, bu hal məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən olunmuşdur. Məhkəmə bu hissədə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir.

60. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verildiyindən və malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu olduğundan artıq ödənilmiş “4504.15 manat pul vəsaitinin qaytarılması ' barədə rəyin tərtib edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

61. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir.Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 63.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar