Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-918/2024 19.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X3 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialına qarşı “xx.xx.2023-cü il tarixli 3-17-1/1-P-111201/2023 №-li “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarının “Qeyd” hissəsinin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair qəbul edilmiş qərarın ləğv edilməsi və iddiaçıdan ümumilikdə 89560.49 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab etməklə həmin borc məbləğinin silinməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-P-111201/2023 №-li “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarının “Qeyd” hissəsinin ləğv edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin X4 Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1- P111201/2023 №-li “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarının “Qeyd” hissəsinin ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş dalğıc və qəza-xilasetmə işləri idarəsinin 22 yanvar 2010-cu il tarixli HP03 nömrəli arayışında həmin müəssisədə xx.xx.1980xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində dalğıc işləri ustası, xx.xx.1990-xx.xx.1991ci il, xx.xx.1993-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində 1 saylı dalğıc və qəza xilasetmə işləri sahəsinin rəisi və xx.xx.2008-ci il tarixindən bugünədək dalğıc işləri ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahı üzrə nəzərdə tutulan sualtı işlərdə məşğul olan dalğıclar vəzifəsinə uyğun deyil. Həmçinin, sözügedən arayışda su altında iş müddətinə dair hər hansı məlumat qeyd edilməyib. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (5 il 19 gün (xx.xx.1986-xx.xx.1990-cı il və xx.xx.1991 -xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2006-cı il tarixindən Fondun Nəsimi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2006-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 258075,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “X2” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq azaldılmış və artıq ödənilmiş 90915,14 manat pul vəsaiti müəyyən edilib. Fondun Sosial Ödənişlərin X4 Filialı xx.xx.2023-ci il tarixli 3-17-11- P- 111201/2023 nömrəli qərar ilə iddiaçıya xx.xx.2020-ci il tarixdən ümumi şərtlərlə yaşa görə pensiya təyin edilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixədək Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialından ümumilikdə 90915,14 manat məbləğindən artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixə qədər güzəştli şərtlərlə pensiya ödənildiyindən, eyni dövr üçün iki pensiya növünün ödənilməsi nəzərdə tutulmadığından artıq ödəmə ötən dövr məbləği (27969,29) ilə əvəzləşdirilmişdir. Sonrakı dövr ərzində iddiaçının pensiya məbləğindən hər hansı tutulma edilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyanın iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək iddianın əsassız olduğunu və qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Hazırki mübahisə üzrə iş materiallarından müəyyən edilir ki, iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2023-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatının səhv aparılması barədə araşdırma başlanılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- 17-1/3-3- 8795/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçıya əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi, iddiaçıya bu barədə məlumat verilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- 17-1/3-3-8794/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, “...sizə xx.xx.2006-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 258075,61 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “X2” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən sizə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq azaldılmış və sizə artıq ödənilmiş 89560,49 manat pul vəsaiti müəyyən edilib. Bununla əlaqədar olaraq, artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir”. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialının 3-17-1/1-P-111201/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərarda ”X2” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən iddiaçının pensiya ödənişinin dayandırılması və xx.xx.2023-cü il tarixədək XŞTMF-dan ümumilikdə 90915,14 manat məbləğində pul vəsaiti ödənilməsi, artıq ödəmənin ötən dövr məbləği ilə əvəzləşdirilməsi” məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir. Birinci instansiya məhkəməsi haqli olaraq qeyd etmişdir ki,”.....“X2 Qanunun Qanunun” 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki variantı qeyd edilmişdir: pensiyaçının razılığı, məhkəmə qərarı ilə. İddiaçı hazırkı məzmunda iddianı qaldırdığına görə ondan artıq ödənilmiş pensiyanın tutulmasına razı olmaması barədə iradəsini ifadə etmişdir. İddiaçının hazırkı tələbi artıq ödənilmiş pensiyanın tutulmasına dair cavabdehin məhkəmədə iddia verməsinə yönəlmiş preventiv iddia kimi qəbul edilməlidir. Çünki həm qərarın qeyd hissəsində artıq ödəmənin əvəzləşdirilməsi barədə birbaşa göstəriş vardır. Həmçinin məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından, cavabdeh inzbati orqanın iddiaçının razılığı olmadan, həmçinin məhkəməyə müraciət etmədən pensiya məbləğindən tutulmalar apardığı müəyyən edilir. Bu isə çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına səbəb olur.” Cavabdeh məhkəmənin mövqeyi ilə razılaşmayaraq apellyasiya şikayətində qeyd etmişdir ki, Fondun Sosial Ödənişlərin X4 Filialı xx.xx.2023-ci il tarixli 3-17-11-P- 111201/2023 nömrəli qərar ilə iddiaçıya xx.xx.2020-ci il tarixdən ümumi şərtlərlə yaşa görə pensiya təyin edilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixədək Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialından ümumilikdə 90915,14 manat məbləğindən artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixə qədər güzəştli şərtlərlə pensiya ödənildiyindən, eyni dövr üçün iki pensiya növünün ödənilməsi nəzərdə tutulmadığından artıq ödəmə ötən dövr məbləği (27969,29) ilə əvəzləşdirilmişdir. Sonrakı dövr ərzində iddiaçının pensiya məbləğindən hər hansı tutulma edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd etdikləri ilə razılaşmayaraq bildirir ki, cavahdehin əvəzləşdirdiyi məbləğ iddiaçıya ödənilməli olan məbləğ olduğundan, bu halda əvəzləşmənin aparılması tutulma ilə eyni nəticələrə səbəb olur. Başqa sözlə desək, elə əvəzləşmənin aparılması tutulmaya bərabər hesab olunur. Belə olan halda isə, tutulmanın aparılması üçün birinci instansiya məhkəməsinində qeyd etdiyi kimi, ya pensiyaçının razılığı alınmalı, yada məhkəmə qərarı olmalıdır. Yəni, cavabdeh əzələşdirmənin aparılmasında haqlı olsa belə, bunu Qanunun tələblərinə riayət etmədən etmişdir. “X2” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması (1 yanvar 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 30 dekabr 2022-ci il tarixli 793-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (1 yanvar 2023-cü ildən qüvvəyə minmişdir) ilə 39.1-ci maddənin mətni ikinci cümlə hesab edilmişdir və aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.” “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların tələblərinə əsasən iddiaçıya ilk dəfə güzəştli şərtlərlə pensiya təyinatı aparılarkən onun etimad hüququnu istisna edən Qanunun 67.6-cı maddəsində sadalanan hallardan hər hansı birinin olması müəyyən edilmir. Normada göstərilən etimad hüququnu istisna edən hallar, cavabdeh inzibati orqanlar tərəfindən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiyanın dayandırılması, ləğv olunması, yaşa görə əmək pensiyasının təyin edilməsi və bu qərarların qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraat zamanı da müəyyən edilməmişdir Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-918/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-918/2024
19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver