Məhkəmə qərarları › İş №2-1(103)-919/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-919/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-919/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Yusifov Cahangir Afər oğlunda ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı X5, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 25.09.2020ci il tarixli, 2-1(112)-4309/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2-1(112)-4309/2020 saylı qərardadı ilə iddia aktın etibarsız sayılması və tələbnamənin ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2-1(112)-4309/2020 saylı qərarı ilə iddia tələbi cavabdehin 6 mart 2020-ci il tarixli **********5782 nömrəli qərarının ləğv edilməsi hissəsində təmin təmin edilməməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı X15 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərnin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Fiziki şəxs X13 (VÖEN: **********) barəsində tərtib olunmuş 02.03.2020-ci il tarixli VN seriyalı 026189 saylı Aktın etibarsız hesab edilməsi, həmin akta əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərnin İbtidai Araşdırılması Baş idarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********5782 saylı 06.03.2020-ci il tarixli qərarının və həmin qərar əsasında verilmiş «Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə» 06.03.2020-ci il tarixli **********5783 nömrəli tələbnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən fiziki şəxs X15 barəsində 2 mart 2020-ci il tarixli VN seriyalı 026189 saylı Akt tərtib olunmuş, həmin Akta əsasən «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 6 mart 2020-ci il tarixli **********5782 saylı qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən «Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə» 6 mart 2020-ci il tarixli **********5783 nömrəli Tələbnamə verilmişdir. Həmin qərar qanunsuz və əsassız hesab edilir. Ən əvvəl işin faktiki halları ilə qeyd olunur ki, o (iddiaçı), ********** nömrəli VÖEN ilə vergi orqanında qeydiyyatdan keçərək, 2019-cu ilin oktyabr ayına qədər Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzinin (“Talkuçka” adlanan obyektin) arxasında yerləşən avtomobil təmiri sexini (avtoprofilaktoriyada) icarəyə götürərək, tikiş sexinə rəhbərlik edir. İş olmadığından, 2019-cu ilin oktyabr ayında ərizə ilə vergi orqanına məlumat verərək, fəaliyyətini müvəqqəti dayandırmışdır. Havaların qızması ilə əlaqədar olaraq 2020-ci ilin fevral ayının axırlarında o, qərar vermişdir ki, sexi işə hazırlasın və mart ayının əvvəlləri sexin fəaliyyətini qanunauyğun formada bərpa etmişdir. Məlum olduğu kimi, işə başlamamışdan əvvəl VÖEN-in aktivləşdirilməli, işləyəcəyinə qərar verilən şəxslərlə əmək müqaviləsi bağlanılmalıdır. Bu məqsədlə cari ilin fevralın 26-da tanıdığı iki qadın ilə əlaqə saxlayıb, niyyətini bildirmiş və onları dəvət edib sexdə təmizlik işlərini gördükdən sonra 1 mart 2020-ci il tarixdə tanıdığı dərzi qadınlarla əlaqə saxlayıb 2 mart tarixinə sexə dəvət etmişdir ki, onlarla iclas keçirib, kimlərlə, hansı şərtlərlə və necə iş görüləcəyini müzakirə edələr. Bu məqsədlə 2 mart 2020-cü il tarixdə sexdə toplaşıb iclası keçirilmişdir. O (iddiaçı), iclasa toplaşan qadınlara demişdir kii, gözləsinlər avtoprofilaktoriyanın rəhbərliyindən işə başlamaqdan ötrü icazə alınsın və digər müsbət cavab verilərsə, qanunla müəyyən olunmuş qaydada fəaliyyətə başlanılsın. Bundan sonra o (iddiaçı), avtoprofilaktoriyanın rəhbərliyinin yanına getmiş və onun yerində olmadığın görüb geri qayıtmışdır. Bu zaman sexin qapısında təqribən 10 nəfərdən artıq bir dəstə kişinin sexin qapısını qırmaq istədiklərini görmüş və bərk qorxmuşdur. Nə baş verdiyini anlaya bilməmişdir. Həmin şəxslərin vergi işçiləri olduğunu biləndən sonra, gəlib sexin qapısını açmış və içəri daxil olmuşdur. 11 nəfərlik kişilərdən ibarət bir qrup insan qeyri-etik formada, subordinasiya qaydalarını kəskin şəkildə pozaraq, səs-küy salaraq və psixoloji təzyiq göstərərək, sexə daxil olub, onun məşvərətə dəvət etdiyi və kəsim otağında iclas keçirtdiyi qadınlarla şəkillərini çəkib, daha sonra isə bir-bir onları yüksək səs tonu ilə tikiş otağına qeyri-iradi olaraq aparıb, hədə-qorxu altında diktə edərək, onlara yazdırdıqları izahatları və sənədləri imzalatdırıb onları buraxdılar. Martın 14-də vergi orqanından ona gələn məktubdan 14.000 manat cərimə tətbiq edildiyini öyrənmişdir. Qeyri-qanuni iş ilə məşqul olmadığından, belə bir cərimə onun kimi insanlar üçün çox çətinlik yaratmış olur. Qeyd olunmalıdır ki, yeddi tikiş maşını (texniki vəziyyətlərinə görə eyni vaxta 3 – 4 maşın işlək vəziyyətdə olur) olan sexdə əsasən 1 – 3 nəfər çalışa bilir və işlədiyi müddətdə maddi durum çətin olmuşdur. Onun və sexdə ayrı-ayrı vaxtlarda çalışan qadınların heç birinin özünə məxsus yaşayış evi, mənzili belə yoxdur. İşdən göründüyü kimi, «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********5782 saylı 6 mart 2020-ci il tarixli qərarda göstərilir ki, Məlahət Əliyeva AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilsin. Həmin qərarda vergi orqanının istinad etdiyi AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda oian sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin maddənin dispoizsiyasından göründüyü kimi, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin qərarda isə işçilərin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığı ilə bağlı heç bir müddəa yoxdur. Çünki belə bir hal olmamışdır. İkincisi, həmin qərarda vergi orqanının adlarını qeyd etdiyi fiziki şəxslərin heç biri AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) həqiqətən bağlanmamışdır. Çünki hələ sex işə başlamamışdır (zərurət olarsa, bu halı müəyyən etmək üçün yaxınlıqdakı videomüşahidə kameralarından onların 2 mart 2020-ci il tarixli aktın tərtib edilməsindən əvvəl həmin sexə giriş-çıxışı çıxarıla bilər). Əvvəla ona görə ki, 2 mart 2020-ci il tarixli VN seriyalı 026189 saylı aktın tərtib edilərkən o (Məlahət Əliyeva), sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Həmin ərəfədə tikiş sexi sahibkarlıq fəaliyyətinə başlamaq üçün həmin şəxslər sexə dəvət edilmiş və işəgötürənlə onlar arasında əmək müqaviləsinin şərtləri, həmçinin sahibkarlıq fəaliyyətini bərpa etmək üçün görüləcək işlər müzakirə olunmuşdur. Bu faktı həm də o hal təsdiq edir ki, 2 mart 2020-ci il tarixdə 11 nəfər vergi əməkdaşları tikiş sexinə gələrkən həmin 7 nəfər şəxsin hamısı palto (üst) geyimində olmuş, yəni iş paltarında olmamışlar. Bu faktı təkcə bir fakt, yəni 11 nəfər vergi əməkdaşı tikiş sexinə gələrkən çəkdiyi fotoşəkillər tam təsdiq edir.Bundan başqa, həmin 11 nəfər vergi əməkdaşı tikiş sexinə gələrkən həmin şəxslərə müxtəlif formalarda təzyiq etmiş və bundan sonra özlərinin tərtib etdiyi akta imza atmağa məcbur etmiş, həmçinin vergi əməkdaşlarının diktəsi və vergi əməkdaşlarının istədikləri kimi həmin şəxslərdən izahatlar alınmışdır. Halbuki, həmin izahatlar əsl həqiqəti əks etdirmir və vergi orqanının müvafiq vəzifəli şəxslərinin qanunsuz və əsassız hərəkətləri nəticəsində alınmışdır. Odur ki, hesab edilir ki, vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş 2 mart 2020-ci il tarixli VN seriyalı 026189 saylı aktın etibarsız hesab edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Beləliklə göründüyü kimi, akt, qərar və tələbnamə tamamilə qanunsuz və əsassızdır. 6 mart 2020-ci il tarixli **********5782 saylı qərarın və 6 mart 2020-ci il tarixli **********5783 nömrəli tələbnamənin nüsxəsi ona (iddiaçıya) 14 mart 2020-ci il tarixdə Vergi Cinayətlərnin ibtidai Araşdırılması Baş İdarəsinin 6 mart 2020-ci il tarixli məktubu ilə poçt vasitəsilə təqdim olunmuşdur. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçının irəli sürdüyü hallara düzgün hüquqi qiymət verməmişdir. Ən əvvəl işin faktiki halları ilə bağlı bildirmişdir ki, X15 ********** nömrəli VÖEN ilə vergidə qeydiyyatdan keçərək, 2019-cu ilin oktyabr ayına qədər Bakıxanov qəsəbəsində yerləşən "Talkuçka”nın arxasında yerləşən profilaktoriyada yerləşən sahənin bir hissəsini götürərək, orada özünə məxsus tikiş maşınlarını yerləşdirərək, tikiş sexini işlədirdi. İş olmadığından 2019-cu ilin okıyabr ayında ərizə ilə vergi orqanlarına məlumat verərək, müvəqqəti fəaliyyətini dayandırmışdı. Havaların qızması ilə əlaqədar olaraq 2020-ci ilin fevral ayının axırlarında qərar verdi ki, sexi işə hazırlayıb və mart ayının əvvəlləri sexin fəaliyyətini qanunauyğun formada bərpa etsin. İşə başlamazdan əvvəl VÖEN-ın aktivləşdirilməli işləyəcəyinə qərar verilən şəxslərlə əmək müqaviləsi bağlanılmalıdır. Bu məqsədlə fevralın 26-sı tanıdığı iki qadın ilə əlaqə yaradıb, niyyətini bildirmiş və onları dəvət edib sexdə təmizlik işlərini gördükdən sonra 01.03.2020-ci il tarixdə tanıdığı dərzi qadınlarla əlaqə saxlayıb martın 2-si sexə dəvət etdi ki, onlarla iclas keçirib, kimlərlə, hansı şərtlər ilə və necə iş görəcəyini müzakirə etsinlər. Bu məqsədlə 02.03.2020-cü il tarixdə sexdə toplaşıb iclası keçirtmişlər. İddiaçı iclasa toplaşan qadınlara demişdir ki, gözləyin gedim profilaktoriyanın rəhbərliyindən işə başlamaqdan ötrü icazə alsın və əgər müsbət cavab verilərsə, qanunla müəyyən olunmuş qaydada fəaliyyətə başlayaq. Bundan sonra iddiaçı profilaktoriyanın rəhbərliyinin yanına getmişdir və onun yerində olmadığın görüb geri qayıtmışdır. Bu zaman sexin qapısında təqribən 10 nəfərdən artıq bir dəstə kişinin sexin qapısını qırmaq istədiklərini görmüş və bərk qorxmuşdur. Nə baş verdiyini anlaya bilməmişdir. Həmin şəxslərin vergi işçiləri olduğunu biləndən sonra, gəlib sexin qapısını açmışdır və içəri daxil olmuşlar. 11 nəfərlik kişilərdən ibarət bir qrup insan qeyri-etik formada, subordinasiya qaydalarını kəskin şəkildə pozaraq, səs-küy salaraq və psixoloji təzyiq göstərərək, sexə daxil olub, iddiaçının məşvərətə dəvət etdiyi və kəsim otağında iclas keçirtdiyi qadınlarla şəklini çəkib, daha sonra isə bir-bir onları təhqiredici formada, səs tonunu yüksəldərək tikiş otağına qeyri-iradi olaraq aparıb, hədə-qorxu altında diktə edərək, onlara yazdırdıqları izahatları və sənədləri imzalatdırıb buraxdılar. Martın 14-də Vergi Departamentindən gələn məktubdan 14000 manat cərimə tətbiq edildiyini öyrənmişdir. Vəkil qeyd etmişdir ki, yeddi tikiş maşını (texniki vəziyyətlərinə görə eyni vaxta 3-4 maşın işlək vəziyyətdə olur) olan sexdə əsasən 1-3 nəfər çalışa bilir və işlədiyi müddətdə iddiaçı dolanışığı zorluqla əldə olunduğından çox vaxt vergiləri ödəməkdən ötrü qohum-əqrəbadan borc alır. İddiaçı da daxil olmaqla, sexdə ayrı-ayrı vaxtlarda çalışan qadınların heç birinin özünə məxsus yaşayış evi, mənzili belə yoxdur. Qərarda Vergi Departamentinin adlarını qeyd etdiyi fiziki şəxslərin heç biri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) həqiqətən bağlanmamışdır. Çünki hələ iddiaçı işə başlamamışdı. 02.03.2020-ci il tarixli VN seriyalı 026189 saylı aktın tərtib edilərkən Məlahət Əliyeva sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Həmin ərəfədə tikiş sexi sahibkarlıq fəaliyyətinə başlamaq üçün həmin şəxslər sexə dəvət edilmiş və işəgötürənlə onlar arasında əmək müqaviləsinin şərtləri, həmçinin sahibkarlıq fəaliyyətini bərpa etmək üçün görüləcək işlər müzakirə olunmuşdur. Bu faktı həm də o hal təsdiq edir ki, 02.03.2020-ci il tarixdə 11 nəfər vergi əməkdaşları tikiş sexinə gələrkən həmin 7 nəfər şəxsin hamısı palto (üst) geyimində olmuş, yəni iş paltarında olmamışlar. Bu faktı təkcə bır fakt, yəni 11 nəfər vergi əməkdaşı tikiş sexinə gələrkən çəkdiyi fotoşəkillər tam təsdiq edir. Bundan başqa, həmin 11 nəfər vergi əməkdaşı tikiş sexinə gələrkən həmin şəxslərə təzyiq edərək, onları tutaraq məsuliyyətə cəlb edəcəkləri ilə hədələyərək, onları qorxutmuş və bundan sonra özlərinin tərtib etdiyi akta imza atmağa məcbur etmiş, həmçinin vergi əməkdaşlarının diktəsi və vergi əməkdaşlarının istədikləri kimi həmin şəxslərdən izahatlar alınmışdır. Halbuki, həmin izahatlar əsl həqiqəti əks etdirmir və Vergi Departamentinin müvafiq vəzifəli şəxslərinin qanunsuz və əsassız hərəkətləri nəticəsində alınmışdır. Şahid qismində dindirilmiş Vergi Departamentinin müvafiq vəzifəli şəxslərinin ifadələrində də ciddi ziddiyyətlər olmuşdur. Birinci instansiya məhkəməsinin qərarında həmin ziddiyyətlərin nədən ibarət olmasını sadalamamış və müvafiq hüquqi qiymət verməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə şahid qismində dindirilmiş digər şəxslərin ifadələrini təhrif edərək iddianı rədd etmək üçün “hüquqi zəmin” yaratmışdır. Halbuki həmin şahidlər qismində dindirilmiş həmin şəxslər ifadələrində orada işlədiklərini deyil, sexə iş axtarmaq üçün gəldiklərini, həmçinin Vergi Departamentinin müvafiq vəzifəli şəxsləri sexə gələrkən izahatı özləri yazmadıqlarını, yalnız imzaladıqlarını bildirmişlər. Başqa sözlə, həmin şəxslər işəgötürən Məlahət Əliyevanın işçisi olmadığını bildirmişlər. Beləliklə, işdən göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi sənəd və dəlillər birinci instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçının irəli sürdüyü hallara düzgün hüquqi qiymət verilməmişdir. Vəkill apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X15 apellyasiya şikayətini müdafiə edərək, vəkillə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, ona dair yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 02.03.2020-ci il tarixli **********5047 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən X5 fəaliyyəti üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. 02.03.2020-ci il tarixdə keçirilən operativ vergi nəzarəti zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ramiz Qəmbərov küçəsi, “Həyat yolu” şadlıq evi ilə üzbəüz yerləşən tikiş sexində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış, yoxlama zamanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 7 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanmadığı aşkar olunmuşdur. 02.03.2020-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə VN seriyalı 026189 nömrəli akt tərtib edilmiş, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.03.2020-ci il tarixli **********5782 nömrəli qərar qəbul edilmiş və təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyi nəzərə alınaraq hər bir şəxs üzrə 2000 manat olmaqla ümumilikdə vergi ödəyicisinə 14.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının dəlillərinə münasibətdə nəzərinizə çatdırırıq ki, iddiaçının törətdiyi pozuntu (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi) iddiaçının özünün və işçilərin izahatları, vergi nəzarətinə dair tərtib-edilərək iddiaçı tərəfindən heç bir etiraz bildirilmədən imzalanmış akt ilə öz təsdiqini tapır. Başqa sözlə, operativ vergi nəzarəti qanunvericiliyə dair heç bir tələb pozulmadan aparılmış, nəzarət tədbirinin nəticəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq rəsmiləşdirilmişdir. İddiaçı yoxlamanın təyin edilməsi, həyata keçirilməsi və rəsmiləşdirilməsi zamanı yol verilmiş hər hansı pozuntuya dair sübut təqdim etmədən və əsaslı dəlil gətirmədən öz mülahizələrinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.03.2020-ci il tarixli qərarını əsassız hesab etmişdir. İddiaçının mülahizələrindən biri vergi orqanı əməkdaşlarının hədə-qorxu altında diktə edərək izahatları və sənədləri özünə və işçilərinə imzalatmaları ilə bağlı olmuşdur. Nümayəndə bildirdi ki, izahatlar işçilərin və iddiaçının özü tərəfindən şəxsən yazılaraq imzalanmış, izahatlarda işçilərin hansı tarixdən işə başladığı konkret olaraq göstərilmiş, hətta onların vəzifələri və ış rejimləri (həftəlik və günlük) barədə məlumatlar belə qeyd edilmişdir (izahatlar və operativ vergi nəzarəti tədbirinə dair digər materiallar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir). İddiaçının digər bir əsassız mülahizəsi isə tikiş sexində olan yeddi tikiş maşınından eyni vaxtda yalnız 3-4-nün işlək vəziyyətdə olması, sexdə 1-3 nəfərin çalışa bilməsi və operativ vergi nəzarəti tədbiri zamanı izahat vermiş yeddi nəfərin hamısının üst geyimində olması ilə bağlıdır. Bununla bağlı nümayəndə bildirdi ki, operativ vergi nəzarəti zamanı aşkar edilmiş əmək müqaviləsi hüquqi qüvvəyə minməyən işçilərin sayı yeddi nəfər olmuşdur ki, bu da yeddi tikiş maşını olan sexdə işləməsi mümkün olan real işçi qüvvəsinə uyğun olmuşdur. Üstəlik işçilərdən ikisi (X4 və X6) izahatlarında dərzi vəzifəsində deyil, ütüçü vəzifəsində işlədiklərini qeyd etmişlər. Göründüyü kimi, iddiaçının bu mülahizəsi də tamamilə əsassızdır. İddiaçının operativ vergi nəzarəti zamanı aşkar edilmiş işçiləri ilk dəfə nəzarət tədbirinin keçirildiyi gün iş yerinə “işi necə görəcəklərini” müzakirə etmək üçün çağırması barədə mülahizəsi işçilərin verdiyi izahatlarla təkzib olunur. Həmçinin iddiaçı öz izahatında da işçiləri artıq işə götürdüyünü bildirmişdir. İddiaçının heç bir sübutla təsdiqini tapmayan, qış ayında keçirilmiş vergi nəzarəti tədbirin olmasının isə isin mahiyyəti baxımından heç bir əhəmiyyəti yoxdur. Vergi ödəyicisinin digər bir anlaşılmayan mülahizəsi isə mübahisələndirilən məsuliyyət qərarında işçilərin gəlirlərinin gizlədilməsi (azaldılması) ilə bağlı hər hansı müddəanın olmaması ilə bağlıdır. İddiaçı bu mülahizəsini Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçının məsuliyyətə cəlb edildiyi Vergi Məcəlləsinin 58.10-cu maddənin dispozisiyası “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması” kimi ifadə olunmuşdur. Dispozisiyadan göründüyü kimi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi maddədə təsbit olunmuş pozuntunun törədilmə üsulunu əks etdirir. Dispozisiyaya nəzər salsaq, pozuntu (gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması) formal tərkiblidir. Yəni gəlirlərin faktiki olaraq gizlədilib-gizlədilməməsindən asılı olmayaraq, əmək müqaviləsi elektron bazaya daxil edilərək hüquqi qüvvəyə minmədən işçilərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əməl başa çatmış sayılır. Beləliklə, gəlirlərin faktiki olaraq gizlədilib-gizlədilməməsi pozuntu halının mövcud olub-olmaması baxımından heç bir əhəmiyyət daşımır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.7) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qanunun 50.4-cü maddısinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçının mübahisələndirdiyi 6 mart 2020-ci il tarixli **********5782 nömrəli qərar vergi orqanı tərəfindən 2 mart 2020-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri üzrə tərtib olunmuş akta əsasən qəbul olunmuşdur. Həmin aktla vergi orqanı əməkdaşları iddiaçının müvafiq ünvandakı fəaliyyəti üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilə bağlaman işəgötürən kimi hazırkı iddiaçı tərəfindən 7 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsi faktının aşkar olunduğu rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, o, vergi orqanının əməkdaşı kimi 2 mart 2020-ci il tarixdə hazırkı iddiaçı X7 məxsus sexə operativ vergi yoxlamasını həyata keçirmək məqsədilə gəlmişdir, əvvəlcə qapı bağlı olsa da, sonradan açılmış, bu zaman 7 nəfər şəxsin əmək müqaviləsi olmadan sexdə müvafiq geyim forması olmasa da, tikiş və ütüləmə ilə məşğul olduqlarını görmüşlər, bu barədə həmin şəxslərdən izahatlar alınmış, akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində iştirak edən X8 və X16 digər şahidin (X1) ifadəsi ilə eyni məzmunda ifadə verdilər. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, məhkəmənin hazırkı iş üzrə 11 sentyabr 2020-ci il tarixli iclasında şahid qismində iştirak etmiş X19 ifadəsində bildirmişdir ki, 2 mart 2020-ci il tarixdə hazırkı iddiaçı X7 məxsus sexə iş axtarmaq üçün gəlmişdir, qəfildən vergi işçiləri oraya gəlmişlər, onlardan məcburən izahat almışlar, izahatı imzalasa da, özü yazmamışdır. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, məhkəmənin hazırkı iş üzrə 11 sentyabr 2020-ci il tarixli iclasında şahid qismində iştirak etmiş X9 və X2 digər şahidin (X12) ifadəsi ilə eyni məzmunda ifadə vermişdilər. Birinci instansiya məhkəməsinin icraatında şahid kimi həmin 7 fiziki şəxsin 3-nün ifadələri ilə 3 nəfər vergi orqanı əməkdaşının ifadələri ziddiyyət təşkil etsələr də, həmin 7 nəfər şəxsin operativ vergi nəzarəti həyata keçirilən zaman verdiyi izahatlarda müvafiq işə (xidmətə) cəlb olunmalarını inkar etmədiyindən, məhkəmə İPM-in 58.7 və 68.1-ci maddələrinin tələblərini də rəhbər titaraq, belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın 6 mart 2020-ci il tarixli **********5782 nömrəli qərarının qəbulunda qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, birinci instansiya məhkəməsi iddianı əsaslı saymamışdır. Məhkəmə kollegiyası appelyasiya şikayətinin dəlillərini qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2-1(112)-4309/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: İlham Kərimli Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar