Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-919/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun vahid daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrindən bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3289/2020 saylı, 23.11.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbəyov küçəsindəki 4 saylı yaşayış binası ilə üzbəüz olan sahədə yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3289/2020 saylı, 23.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3289/2020 saylı, 23.11.2020-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Binəqədi RİH başçısının 763 saylı 05.10.2001-ci il tarixli torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncamı qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Torpaq islahatı haqqında” AR Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bundan əlavə, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bundan başqa, İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi JN-11342 saylı şəhadətnamə ilə üst-üstə düşür və yerləşmə cizgisində uyğunsuzluq və konfiqurasiya fərqi aşkar olunmuşdur. Həmçinin, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında fərq mövcuddur və ayrılmış torpaq sahəsi sənəd üzrə 600 kv.m. olsa da, faktiki olaraq 485 kv.m-dir və müvafiq torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və ona qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. ünvan 1 2 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. İddiaçı qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1899/2021 nömrəli, 17.11.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, ünvan 1 2 iyul 2021-ci il tarixli qərarı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin (6 iyun 2012-ci il tarixli, 648 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir) 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək rayon icra hakimiyyətinin başçılarının səlahiyyətinə aid olmuşdur. Torpaq sahəsinin birinci dəfə rayon icra hakimiyyəti başçısının 13 iyun 2000ci il tarixli sərəncamı ilə ayrılması və icra hakimiyyəti başçısının bu zaman səlahiyyətli olması mübahisə doğurmur. O da mübahisə doğurmur ki, rayon İcra Hakimiyyəti başçısı tərəfindən ikinci dəfə 5 oktyabr 2001-ci il tarixli sərəncam verilərkən sərəncam hər hansı başqa (yeni) torpaq sahəsi ilə bağlı olmamışdır. 5 oktyabr 2001-ci il tarixli sərəncam 13 iyun 2000-ci il tarixli sərəncamla ayrılmış torpaq sahəsi ilə bağlı olmuş və Ş.X.Cəfərovun razılığı əsasında iddiaçının adına keçirilməsi nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarları fiziki şəxslərin torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsas olmuşdur. “Torpaq islahatı haqqında” Qanunun müvafiq olaraq 10 və 25-ci maddələrinin tələbinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evi üçün qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri geri qaytarıla bilməz və həmin sahələr vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə götürdüyü ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, iddiaçının istinad etdiyi rayon icra hakimiyyəti başçısının 13 iyun 2000-ci il tarixli və 5 oktyabr 2001-ci il tarixli sərəncamları iddia tələbində nəzərdə tutulan torpaq sahəsinə hüququn qeydə alınması üçün əsas olmuşdur. Cavabdeh apelyasiya şikayətində kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşməsi və qaz kəmərinin mühafizə zolağında yerləşdiyini bildirmiş, birinci instansiya məhkəməsi həmin dəlillərin təsdiq edilmədiyini qərarında əsaslandırmış, lakin apelyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələblərinə əməl etməyərək qərarında apelyasiya şikayətinin dəlillərinə (birinci instansiya məhkəməsinin əsaslandırmasına) münasibət bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsi yaşayış evinin eskiz layihəsinə münasibət bildirməmiş, yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2013-cü ilə qədər, yoxsa ondan sonra inşa edilməsini müəyyən etməmiş, yaşayış evinin tikildiyi ildən asılı olaraq onun hüquqi qeydiyyatının aparılması üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tələblərinin təmin edilməsi üçün əsas olan halları müəyyən etməmişdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.metr ölçüdə olan Rayon İcra Hakimiyyəti başçısının 795 saylı, 13.06.2000-ci il tarixli sərəncamı ilə Ş.X.Cəfərova fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin İddiaçı adına keçirilməsi qərara alınmışdır. Sərəncama İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahənin cizgisi əlavə edilmişdir. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 08.01.2020-ci il tarixli, **********55 nömrəli cavab məktubunda göstərilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Həmçinin, bildirilmişdir ki, Binəqədi rayon İHB-nın 763 saylı, 05.10.2001ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı təqdim edilmişdir. Belə ki, 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliylə müəyyən edilmiş qaydada satılır. Bununla yanaşı torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi JN-11342 saylı şəhadətnamə ilə üst-üstə düşür və yerləşmə cizgisində uyğunsuzluq, konfiqurasiya aşkar olunmuşdur. Həmçinin, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında fərq mövcuddur, ayrılmış torpaq sahəsi sənəd üzrə 600,0 kv.m, faktiki olaraq 485,0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qardada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməsi məqsədəmüvafiqdir və qaz kəmərinin mühafizə zolağında yerləşir. Bununla yanaşı Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-1168/2015 saylı 10.08.2015-ci il tarixli qərardadı idarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minməsi barədə məlumat daxil olmamışdır. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 97 saylı, 10 noyabr 2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində mütəxəssis qarşısında qoyulmuş suallar üzrə aparılmış araşdırmanın nəticəsi olaraq aşağıdakılar qeyd edilmişdir: - 1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə İddiaçı adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla faktiki ölçüsü 485 kv.metr təşkil edir; - 2. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə İddiaçı adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhəddi) yerləşən torpaq sahəsinin ərazisi JN-11342D seriyalı, kod 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,6 ha torpaq sahəsinin ərazisi ilə üst-üstə düşmür, 2835 metr kənarda yerləşir; - 3. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə İddiaçı adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşmir. - “Azəriqaz” İB-nin 25.08.2020-ci il tarixli, SOCAR**********30560046X04268 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbəyov küçəsində yerləşən 4 saylı yaşayış binası ilə üzbəüz sahədə yerləşən torpaq sahəsindən (koordinatlar 40.**********86) qaz xətti keçmir. 1-ci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin (6 iyun 2012-ci il tarixli, 648 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir) 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1, 8.0.9, 9.1.3, 12.1, 13.7, 15.1-ci maddəsini, «Torpaq islahatı haqqında» Qanunun 9, 25, 55-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6cı mikrorayonun sərhədində) yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin (6 iyun 2012ci il tarixli, 648 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir) 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək rayon icra hakimiyyətinin başçılarının səlahiyyətinə aid olmuşdur. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarları fiziki şəxslərin torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsas olmuşdur. Torpaq sahəsinin birinci dəfə rayon icra hakimiyyəti başçısının 13 iyun 2000ci il tarixli sərəncamı ilə ayrılması və icra hakimiyyəti başçısının bu zaman səlahiyyətli olması baxılan iş üzrə mübahisə olunmayan haldır. Rayon İcra Hakimiyyəti başçısının 5 oktyabr 2001-ci il tarixli sərəncam 13 iyun 2000ci il tarixli sərəncamı ilə iddiaçıya başqa torpaq sahəsi ayrılmamışdır. Məhz həmin torpaq sahəsi Ş.X.Cəfərovun razılığı əsasında iddiaçının adına keçirilmişdir. Beləliklə, rayon icra hakimiyyəti başçısı səlahiyyətli olduğu məsələ ilə bağlı sərəncam vermişdir. Apellyasiya şikayətinin kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instasiya icraatı zamanı məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın nəticəsi olaraq "xxxx" MMC tərəfindən 97 saylı, 10 noyabr 2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə İddiaçı adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhəddi) yerləşən torpaq sahəsinin ərazisi JN-11342D seriyalı, kod 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,6 ha torpaq sahəsinin ərazisi ilə üst-üstə düşmür, 2.835 metr kənarda yerləşir. Eyni zamanda, apellyasiya şikayətinin torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağında yerləşməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 97 saylı, 10 noyabr 2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 05.10.2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşmir. Həmçinin, “Azəriqaz” İB-nin 25.08.2020-ci il tarixli, SOCAR**********30560046X04268 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbəyov küçəsində yerləşən 4 saylı yaşayış binası ilə üzbəüz sahədə yerləşən torpaq sahəsindən (koordinatlar 40.**********86) qaz xətti keçmir. Apellyasiya şikayətinin ayrılmış torpaq sahəsinin sənəd üzrə 600 kv.m olsa da, faktiki olaraq 485 kv.m olması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instasiya məhkəməsində aparılan icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin üzərinədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir. Mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi tələbinə münasibətdə kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Baxılan iş üzrə torpaq sahəsinin ayrılması barədə sərəncama əsasən eskiz layihəsinin təsdiq olunması məsələsi təsərrüfat şöbəsinə (memara) həvalə olunmuşdur. Qanunun tələbinə və sərəncamda müəyyən edilmiş qaydada tikilinin layihəsi Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi tərəfindən razılaşdırıldığından iddia tələbi həmin hissədə də əsaslıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3289/2020 saylı, 23.11.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-919/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-919/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver