Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-919/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, X7 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli, **********899800 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı qərara əsasən kameral vergi yoxlaması nəticəsində yanvar 2020 hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləği əsassızdır. Bu səbəbdən həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, tərəfindən xx.xx.2020-ci il tarixində yanvar 2020-ci il hesabat dövrü üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********297500 saylı məktub göndərilmiş və kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmiş, müvafiq sənədlər tələb olunmuşdur. Qeyd olunan sənədlərin təqdim edilməsinə baxmayaraq, əvəzləşdirmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar (e-VHF) nəzərə alınmamış və əvəzləşdirmələr aparılmamışdır. Vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği çıxarılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın "Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 105665,45 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yarandığı göstərilmişdir. Halbuki təqdim olunmuş bəyannamə üzrə bütün məlumatlar sənədlərə əsaslanır və zəruri sənədlər də vergi orqanına təqdim edilmişdir. xx.xx.2020-ci il tarixində cavabdehə məktubla müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə onun tərəfindən 2020-ci ilin yanvar ayı üçün ƏDV vergi bəyannaməsi təqdim edilmişdir. Sistemdə xəta mövcud olduğundan vergi bəyannaməsi üzrə hesablanmalı olan vergi məbləği artıq yaranmışdır. Həmin gün dəqiqləşmiş vergi bəyannaməsini göndərmək mümkün olmadığından xx.xx.2020-ci il tarixdə ƏDV vergi bəyannaməsinə dəqiqləşmə verilmişdir. Buna baxmayaraq, 66.894,82 manat məbləğ təsdiqlənməmiş azalmada qalmışdır. Bununla əlaqədar vergi orqanına müraciət olunmuşdur. Ona cavab olaraq vergi qanunvericiliyinə əsasən 30 gün müddətində təsdiqlənməmiş azalmanın azaldılacağının nəzərdə tutulduğu bildirilmişdir. Lakin bu günə qədər təsdiqlənməmiş məbləğ hələ də onun şəxsi hesab vərəqəsində mövcuddur. xx.xx.2020-ci ildə **********002000 nömrəli kameral hesablama barədə qərara əsasən 5.378,08 manat vergi məbləği hesablanmışdır. Sonra tərəflərindən xx.xx.2020-ci il tarixində dəqiqləşmiş bəyannamə vergi orqanına təqdim edilmişdir. Lakin yenə də vergi orqanı təqdim edilmiş sənədləri nəzərə almamış və vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı qərar çıxarmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləği azaldılmamışdır. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsində (etirazında) göstərilmişdir ki, Vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 105.665,45 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamədə əldə edilmiş elektron qaimə-fakturalar (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********924100 nömrəli kameral uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahatı, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 16655,62 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********748000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ilə əlavə dəyər vergisinə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar 1535402,57 manat, müvafiq olaraq əlavə dəyər vergisi 276372,46 manat, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 105665,45 manat, müvafiq olaraq əvəzləşdirilən əlavə dəyər vergisi məbləği 19019,78 manat bəyan edilmişdir. Qeyd olunan bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması nəticəsinə iddiaçı tərəfindən bəyan edilmiş Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş 105665.45 manat, müvafiq olaraq əvəzləşdirilən əlavə dəyər vergisi məbləği 19019.78 manat məbləğ öz təsdiqini tapmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya həmin məbləğlə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi barədə müraciət edilsə də, onun tərəfindən əvəzləşdirməyə əsas verən təsdiqedici hər hansı sənəd cavabdeh orqana təqdim edilməmişdir. Həmçinin iddia ərizəsi cavabdeh orqana daxil olduğu vaxtdan vergi ödəyicisinin bank hesablarına sorğular göndərilmiş, ancaq banklar tərəfindən vergi ödəyicisinin bank məlumatları barədə çıxarışlar vergi orqanına təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qoşmaların siyahısına diqqət yetirdikdə məlum olur ki, iddiaçı mübahisələndirdiyi qərarın qanunsuz və əsassız olması ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. İşin hallarının hərtərəfli və obyektiv araşdırılması məqsədilə iddiaçı tərəfindən qeyd olunan məbləği əvəzləşdirməyə əsas olan sənədlər mütləq məhkəməyə təqdim edilməlidir. Əvəzləşdirməyə əsas verən təsdiqedici sənədlər təqdim edilmədiyi təqdirdə, iddianın araşdırılması və mübahisələndirilən qərarın qanunsuz hesab edilməsi mümkün deyildir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Daha sonra cavabdeh tərəfindən iddia tələbinə dair məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, **********52700 saylı yazılı etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********748000 saylı qərarın ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarının ləğv olunmasını xahiş etmişdir. İddia əsassız olduğundan rədd edilməlidir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu ilin yanvar ayı və 2020-ci ilin yanvar ayı üzrə ƏDV bəyannamələrində elektron qaimə-fakturalar (e-VHF) üzrə əvvəlki ödənişlərlə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olduğu müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********908100 nömrəli və xx.xx.2021-ci il tarixli **********396400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığından 2019-cu ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 52344.52 manat və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 4928.27 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112)-395/2022 nömrəli qərarı (hakim N.Abıyev) ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul olunmuş 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarlar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Cavabdehin 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarları maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2019-cu ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində elektron qaimə-fakturalar (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olduğu müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********908100 nömrəli və xx.xx.2021-ci il tarixli **********396400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığından 2019-cu ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi 52344.52 manat və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 4928.27 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Məhkəmə qərarını yalnız bir dəlillə əsaslandırmış və qeyd etmişdir ki, cavabdeh vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədləri nəzərə almadan əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlmişdir. Görünür ki, məhkəmə işin hallarını araşdırmadan belə bir qənaətə gəlmişdir. Belə ki, iddiaçıya uyğunsuzluqlarla bağlı göndərilmiş məktublar cavabsız qalmışdır. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri sənədlərin təqdim edilməsi haqqında” 2019-cu il yanvar ayı ƏDV-si üzrə xx.xx.2021-ci il tarixli **********908100 saylı və 2020-ci il yanvar ayı ƏDV üzrə xx.xx.2021-ci il tarixli **********396400 saylı məktublar göndərilmiş və bəyannamədə iddiaçı tərəfindən açıqlamaların təqdim olunması tələb edilən uyğunsuzluqlar barədə məlumatlar əks etdirilmişdir. Lakin hər iki uyğunsuzluq məktubu iddiaçı tərəfindən cavablandırılmamışdır. Göründüyü kimi, yalnız düzgün məhkəmə araşdırması qeyd olunan halları müəyyən edə bilərdi. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin cavabdeh tərəfindən təqdim edilən dəlillərə əsaslandırılmış münasibət bildirilmədən həmin sənədlər qeyri-mötəbər mötəbər sübut hesab edilmişdir. Hesab edirlər ki, sübutların qiymətləndirilməsi üzrə qanunvericiliyin tələbləri pozulmuş, məhkəmənin təqdim edilmiş hər bir sübut üzrə araşdırma öhdəliyi olduğu halda belə araşdırma aparmadan və ziddiyyətli dəlillər əsasında vahid qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-2371/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn (sədrlik edən və məruzəçi), S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112)-395/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarların qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannaməsində əksini tapmış dövriyyədən hesablanan ƏDV məbləği ilə əvəzləşdirilən ƏDV məbləğinin hansı səbəbdən düzgün bəyan edilməməsini və mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 may 2023 cü il tarixli 2-1(102)- 511/2023 nömrəli, qərarı ilə (hakimlər: S.Kərimov (sədrlik edən), Z.Quliyev və R.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2371/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi: Cavabdeh iddiaçı tərəfindən 2019-cu və 2020-ci illərin yanvar ayı üzrə əvəzləşdirməyə təqdim edilmiş e-VHF-lar barədə məlumatları əks etdirən cədvəli vaxtında məhkəməyə təqdim etməmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə aparılan hesablamaların əsaslarına dair təsdiqedici sənədləri cavabdehdən tələb etməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh kassasiya şikayətinə əlavə etdiyi təsdiqedici sənədləri vaxtında məhkəməyə təqdim etməsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün həmin sənədlərin araşdırılması zəruridir. Belə ki, qeyd olunan cədvəl üzrə məlumatların həqiqiliyi tərəflərin təqdim edəcəyi digər sənədlər əsasında (iddiaçının bəyannamə məlumatları, əldə etdiyi e-VHF-lar, ödəniş sənədləri) yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh tərəfindən 2019-cu ilin yanvar ayı üzrə ƏDV məbləği hesablanarkən 2018ci ilin 22-24 dekabr tarixlərində keçirilən xronometraj metodu ilə müşahidənin nəticələrinə istinad olunmuş və iddiaçının yanvar ayı üzrə təqdim etdiyi ƏDV dövriyyəsi ilə xronometraj qaydasında müəyyən olunan orta günlük satış dövriyyəsi arasındakı fərqə vergi hesablanmışdır. Məhkəmə kollegiyası bildirir ki, eynilə təkrar əvəzləşdirilməsi qeyd olunan e-VHF-lar barədə məlumat kimi, xronometraj metodu ilə müşahidə aparılmasına dair təsdiqedici sənədlər də kassasiya şikayətinə əlavə olunaraq məhkəməyə təqdim edilmişdir. Obyektiv araşdırma prinsipinin tələbləri baxımından nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi hesablamanın əsasını təşkil edən həmin sənədləri cavabdehdən vaxtında tələb etməmiş və araşdırmamışdır. Bu səbəbdən təkrar apellyasiya baxışı zamanı təqdim olunan xronometraj metodu ilə müşahidəyə dair sənədlər araşdırılmalı, həmin tədbirin iddiaçının fəaliyyətinə uyğun müddətdə və vergi hesablanmasına əsas ola biləcək ağlabatan müddət ərzində aparılıb-aparılmadığı, iddiaçının fəaliyyətinin digər vaxtlara nəzərən aktivləşdiyi dövrə təsadüf edib-etmədiyi (bayram, qeyri-iş günləri, digər mövsümi xarakterli adətlər və sairə), tədbir 2018-ci ilin dekabr ayına təsadüf etdiyi üçün 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 2019-cu ilin əvvəlinə iddiaçının mal qalığının, eləcə də iddiaçının fəaliyyətinin 2019-cu ilin yanvar ayında aktiv olub-olmaması müəyyən edilməli və məcmu şəklində qiymətləndirilməli, yalnız bundan sonra qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2- 1(103)-248/2024 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov (sədrlik edən və məruzəçi), C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112)-395/2022 saylı qərarı ləğv edilərək iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı tərəfindən təkrar əvəzləşdirilmiş e-VHF-in siyahısından da görünür ki, iddiaçı tərəfindən 2018-2019-cu illərin müvafiq aylarında əvəzləşdirilmiş elektron qaimə-fakturalar (e-VHF) 2019-2020-ci illərin yanvar ayında təkrar olaraq əvəzləşdirilmişdir. Qeyd olunanlarla əlaqədar Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarda müvafiq siyahılar öz əksini tapmışdır. Həmin siyahılarda təkrar olaraq əvəzləşdirilmiş elektron qaimə-fakturalar göstərilmişdir. Cavabdeh tərəfindən “Xronometraj metodu ilə müşahidənin aparılması” haqqında xx.xx.2018-ci il tarixli **********2959 nömrəli qərara əsasən iddiaçıya məxsus olan mağazada xx.xx.2018-ci il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmış, 22-24 dekabr 2018-ci ildə xronometraj metodu ilə müşahidə aparılmışdır. Bu zaman iddiaçı da iştirak etmiş, tərtib edilmiş gündəlik aktları imzası ilə təsdiq etmiş, hər hansı irad və narazılığı olmamışdır. Habelə xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra iddiaçı xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etməmişdir. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 15.1, 23.1, 24.1, 36.1, 36.2, 37.1, 37.3, 37.4, 37.5, 37.6, 50-1.1, 50-1.2, 50-1.3, 50-1.4, 50-1.5, 50-1.6-cı maddələrinə istinad etmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(102)- 2244/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(103)-248/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2244/2024 nömrəli 22 fevral 2025-ci il tarixli qərarındakı göstərişlər: - təkrar apellyasiya icraatında iddiaçının 2018-2019 və 2019-2020-ci illərdə əvəzləşdirdiyi hesab fakturaların siyahısının müqayisəli təhlili aparılmalı, zərurət olduğu halda mütəxəssisin yardımından istifadə edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: ...12.1.2. vergitutma bazası;... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışlabağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1 vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3 vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6 vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8 vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9 vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı kameral yoxlama nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********521200 nömrəli qərara əsasən 2019cu ilin yanvar ayı üzrə 52.344,52 manat əlavə dəyər vergisi, həmçinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********899800 nömrəli qərara əsasən 2020-ci ilin yanvar ayı üzrə 4.928,27 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı hazırki tələbində cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarını mübahisələndirir. Kollegiya iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki : - Bakı şəhəri X8 Departamenti tərəfindən verigi ödəyicisi kimi qeydə alınma barədə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2021-ci il tarixli **********521200 №li qərarına əsasən: İddiaçı barəsində yanvar 2019- cu il əlavə dəyər vergisi üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – -30209,87 manat kimi qeyd olunmuş; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 22.134.65 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində 52.344,52 manat vergi borcu (vergi borcu və ya sığorta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlki **********827000, 20200316 №li qərar ləğv olunmuşdur. Qərarda bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat kimi aşağıdakılar qeyd olunmuşdur: - Sair: Təqdim edilmiş bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 306985,40 manat məbləğ rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (498249,57 manat) məbləğdən 191264,17 manat azdır. Elektron qaimə fakturalar əvvəlki ödəniş məbləğləri faktura məbləğlərindən böyükdür. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 avqust 2021-ci il tarixli **********899800 №li qərarına əsasən: İddiaçı barəsində yanvar 2020-ci il əlavə dəyər vergisi üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 260.159,02 manat kimi qeyd olunmuş; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 265.087.29 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində 4.928.27 manat əlavə vergi borcu (və ya sığorta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlki **********748000, 20200911 №li qərar ləğv olunmuşdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, inizbati işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı barəsində dekabr ayının son həftəsində keçirilmiş xronometrajın nəticələri əsasında 2019-cu ilin yanvar ayı üzrə ƏDV üzrə əlavə vergi məbləğləri hesablanmışdır. Göründüyü kimi yoxlama dövrü 2019-cu ilin yanvar ayı ilə bağlı olduğundan, vergi orqanı xronometrajın nəticələrini 67.1.8-ci maddəyə əsasən əlaqəli məlumat kimi götürməsi üçün, 67.1-ci maddənin dizpozisiya şərtləri mövcud olmalı, həmçinin şərtlər mövcud olduğu halda ardıcıllığa riayət edilməli idi. Belə ki, VM-nin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2244/2024 nömrəli 22 fevral 2025-ci il tarixli qərarında da qeyd etmişdir ki, iddiaçı apardığı əməliyyatlara uyğun ƏDV dövriyyəsi bəyan etdiyindən, cavabdehin iddiaçı tərəfindən mühasibatlığı düzgün aparmaması və ya dövriyyəsini gizlətməsinə dair əsaslı sübutları və dəlilləri olmadığından, xronometrajın əlaqəli məlumat kimi istifadə edilməsi 67ci maddənin tələblərinə uyğun deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, vergi ödəyicilərinin də xronometrajı mübahisələndirmək və dövriyyə dəyişdiyi halda təkrar xronometrajın keçirilməsini tələb etmək hüququ vardır. Lakin hazırkı işdə iddiaçının yeni xronometrajın keçirilməsini tələb etməklə bağlı hüquqi imkanı olmamışdır. Belə ki, yeni xronometrajın tələb edilməsi üçün qanunvericiliyə əsasən əvvəlki xronometrajdan azı 1 ay keçməlidir. Və hazırkı işdə bu müddət keçməmişdi. Bununla belə, hər bir halda, xronometrajın tətbiqi qeyd-şərtsiz deyildir və 67-ci maddənin tələbləri gözlənilməklə həyata keçirilməlidir. Beləliklə, işin araşdırılmış hallarından və kassasiya instansiya məhkəməsinin qərarındakı mövqedən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, VM-nin 67.1-ci maddənin dizposiziya şərtlərinin ödənildiyi öz təsdiqini tapmır və hətta ödənilsə belə cavabdeh xronometrajı tətbiq etməmişdən öncə 67-ci maddənin ardıcıllığına uyğun olaraq digər metodlardan istifadə etməli olduğu halda etməmişdir. Belə olan halda, qeyd edilməlidir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarlar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Həmçinin, inzibati iş üzrə mübahisəli məqam iddiaçıya əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuş təkrar əvəzləşdirmə ilə bağlıdır. Hansı ki, cavabdeh iddia edir ki, 2018-2019-cu illərin müvafiq aylarında əvəzləşdirilmiş elektron qaimə-fakturalar 2019- 2020-ci illərdə yanvar ayında təkrar əvəzləşdirilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlər ondan ibarət olmuşdur ki, hazırkı işə ilk dəfə baxan kassasiya instansiya məhkəməsinin mövqeyində də bu halın ətraflı araşdırılması ilə bağlı mövqe sərgilənsə də, iş təkrar apelyasiya baxışında olarkən, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş bir sıra cədvəl məlumatlara istinad etməklə kifayətlənərək iddianı rədd etmişdir. Başqa sözlə, bu məsələnin araşdırılması üçün iddiaçının 2018-2019 və 2019- 2020-ci illərdə əvəzləşdirdiyi hesab fakturaların siyahısının müqayisəli təhlili aparılmalı, zərurət olduğu halda mütəxəssisin yardımından istifadə edilməli idi. Belə ki, hər bir hesab fakturanı identifikasiya edən nömrə var. Həmçinin ƏDV əvəzləşdirilməsi aparılarkən həmin nömrələr məlumat bazasına daxil edilir. Odur ki, bu məlumatın əldə edilməsi və dəqiqləşdirilməsi rahat prosesdir. Sadəcə müqayisəli təhlil aparılmalıdır. Lakin apellyaisya instansiya məhkəməsi belə bir müqayisəli təhlil aparmamış, sadəcə vergi orqanının dəlillərinə istinad etmişdir. Sonuncu apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında 2019-cu və 2020-ci ilin yanvar ayları üzrə təqdim edilmiş elektron qaiməfakturalar üzrə ƏDV əvəzləşdirilmələrinin mövcud qanunvericiliyə uyğun şəkildə aparılması, 2019-cu və 2020-ci ilin yanvar ayı üzrə alınmış mal, iş və xidmətlər üzrə elektron qaimə-fakturalar və YGB-ləri əsasında ƏDV-nin əvəzləşdirilməsinin qanunvericiliyə uyğun olub-olmamasınin müvafiq vergi bəyannamələrində öz əksini tapması, 2019-cu ilin yanvar və 2020-ci ilin yanvar aylarına dair əvəzləşdirilməli olan ƏDV məbləğinin nə qədər təşkil etməsi, 2019-cu və 2020-ci illərin yanvar ayları üzrə ƏDV bəyannamələrində əvəzləşdirilmiş elektron qaimə-fakturaların iki və ya daha artıq dəfə əvəzləşdirilməsi hallarının mövcud olması, əgər ƏDV-nin əvəzləşdirilməsi düzgün aparılmayıbsa, bu zaman hansı elektron qaimə-fakturalar üzrə və hansı məbləğlərdə əvəzləşdirmənin düzgün həyata keçirilmədiyi kimi suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 9/2451 nömrəli 27 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan təqdim edilmiş elektron qaimə-fakturalar, bəyannamə məlumatları, bank çıxarışları, ƏDV depozit hesabından çıxarış məlumatlarına əsasən vergi ödəyici tərəfindən 2019-cu il yanvar ayı üzrə ƏDV-siz 428 075,37 manat məbləğ əvəzləşdirilmiş və əvəzləşdirilən ƏDV məbləği 77 053,55 manat olmuşdur. Ödənişlər ƏDV Depozit hesabı, bank hesabı vasitəsi ilə ödənilmiş və Vergi Məcəlləsinin 175, 176-cı maddələrinə əsasən əvəzləşmə aparılmışdır. Eyni zamanda 2020-ci yanvar ayı üzrə ƏDVsiz 103 208.87 manat məbləğ əvəzləşdirilmiş və əvəzləşdirilən ƏDV məbləği 18 577.67 manat olmuşdur. Ödənişlər ƏDV Depozit hesabı, bank hesabı vasitəsi ilə ödənilmiş və Vergi Məcəlləsinin 175, 176-cı maddələrinə əsasən əvəzləşmə aparılmışdır. Yəni hazırki tədqiqatla qeyd olunanlar nəzərə alınmaqla vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019cu ilin yanvar və 2020-ci ilin yanvar ayları üzrə bəyannamə məlumatları ilə uyğunsuzluq müəyyən olunmadı. Qeyd olunan əvəzləşdirilmiş elektron qaimə-fakturalar üzrə cədvəllər rəyə əlavə olunur, (qoşma 8 vərəq) Üçüncü, dördüncü və beşinci suallar üzrə: Təqdim edilmiş elektron qaimə-fakturalar, bəyannamə məlumatları, bank çıxarışları, ƏDV depozit hesabından çıxarış məlumatlarına əsasən 2019-cu ilin yanvar ayı üzrə əvəzləşdirilməli olan ƏDV məbləği 77.053,55 manat və 2020-ci ilin yanvar ayı üzrə əvəzləşdirilməli olan ƏDV məbləği 18.577,67 manat təşkil edir. Qeyd edilir ki, 2019-cu və 2020-ci illərin yanvar ayları (eyni zamanda 2018-ci il) üzrə ƏDV bəyannamələrində əvəzləşdirilmiş elektron qaimə-fakturalar müqayisə edilərkən iki və ya daha artıq dəfə əvəzləşdirilməsi halları tədqiqatla müəyyən olunmadı. Cavabdeh inzibati orqan apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi ilə razılaşmayaraq ekspert rəyinə dair məhkəməyə təqdim edilmiş mülahizədə qeyd etmişdir ki, ekspert tərəfindən tərtib olunmuş 27 may 2025-ci il tarixli, 9/2451 nömrəli rəydə 2019-cu və 2020-ci illərin yanvar ayları (eyni zamanda 2018-ci il) üzrə ƏDV bəyannamələrində əvəzləşdirilmiş elektron qaimə-fakturalar müqayisə edilərkən iki və ya daha artıq dəfə əvəzləşdirilməsi hallarının tədqiqatla müəyyən olunmadığı qeyd edilsə də, 2018-ci il üzrə ƏDV bəyannamələrində əvəzləşdirilmiş elektron qaimə-fakturalar barədə məlumat rəydə öz əksini tapmamış, belə ki, yalnız 2019-cu ilin və 2020-ci ilin yanvar ayı üzrə ƏDV bəyannamələrində əvəzləşdirilmiş elektron qaimə-fakturalar üzrə cədvəlləri rəyə əlavə etməklə kifayətlənmişdir. Belə olduğu təqdirdə isə həyata keçirilmiş müqayisə rəydə aydın şəkildə əsaslandırılmamışdır. Həmçinin bildirirmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin yanvar ayı üzrə təqdim edilmiş bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 306985,40 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (498249,57 manat) məbləğdən 191264,17 manat az göstərilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HR seriyalı 250234 nömrəli elektron qaiməfaktura 12060,00 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HX seriyalı 004566 nömrəli elektron qaimə-faktura 2592,00 manat, Babək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HX seriyalı 097156 nömrəli elektron qaimə-faktura 26,93 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HR seriyalı 679757 nömrəli elektron qaimə-faktura 9152,46 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HX seriyalı 278259 nömrəli 46,36 manat və HX seriyalı 278260 nömrəli 134,74 manat dəyərində əvəzləşdirilmiş elektron qaiməfakturalar əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olduğundan kənarlaşmaların yarandığı aşkar edilmişdir. xx.xx.2021-ci il tarixdə 2020-cu ilin yanvar ayı üzrə təqdim edilmiş bəyannamə üzrə "Nemes Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HY seriyalı 221643 nömrəli 79.97 manat, HX seriyalı 000239 nömrəli 162.06 manat, İD seriyalı 702898 nömrəli 31.49 manat, HX seriyalı 804317 nömrəli 171.45 manat, İB seriyalı 648684 nömrəli 29.06, HX seriyalı 295650 nömrəli 12,55 manat, İE seriyalı 140016 nömrəli 14,32 manat, HY seriyalı 823115 nömrəli 171,82 manat, HZ seriyalı 472658 nömrəli 156,44 manat, İA seriyalı 889590 nömrəli 34,65 manat, İE seriyalı 672974 nömrəli 41,58 manat, İA seriyalı 357090 nömrəli 211,02 manat, HY seriyalı 515134 nömrəli 31,41 manat, HZ seriyalı 772303 nömrəli 174,68 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HX seriyalı 028062 nömrəli 190,36 manat, HY seriyalı 371994 nömrəli 132,68 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HY seriyalı 790781 nömrəli 18.73 manat, X3 (VÖEN: **********) tərəfindən təqdim olunmuş İA seriyalı 603397 nömrəli 1067,80 manat, İA seriyalı 961609 nömrəli 1220,34 manat, İA seriyalı 603398 nömrəli 396,61 manat, "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HX seriyalı 535315 nömrəli 84,62 manat, HW seriyalı 697340 nömrəli 63,00 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HX seriyalı 096578 nömrəli 152,54 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş İD seriyalı 260171 nömrəli 21,91 manat, X2 (VÖEN: **********) tərəfindən təqdim olunmuş İA seriyalı 177379 nömrəli 45,76 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş HX seriyalı 594554 nömrəli 68,66 manat, HX seriyalı 027770 nömrəli 45,77 manat əvəzləşdirilmiş elektron qaimə-fakturalar (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğləri, faktura məbləğlərindən böyük olduğu üçün kənarlaşmalar aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2018-2019-cu illərin müvafiq aylarında əvəzləşdirmiş elektron qaimə-fakturalar (e-VHF) 2019-2020-ci illərin yanvar ayında təkrar olaraq əvəzləşdirilmişdir. Araşdırma zamanı müvafiq elektron qaiməfakturalar (e-VHF) üzrə cəmi əvəzləşdirilməli məbləğin 33151,79 manat (ƏDV məbləği) olması və 32232,85 manatının (ƏDV məbləği) vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirildiyi müəyyən edilmişdir. Aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********908100 nömrəli və xx.xx.2021ci il tarixli **********396400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2019-cu ilin dekabr üzrə təqdim edilmiş ƏDV bəyannamə üçün 52344.52 manat və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üçün 4928.27 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləğləri barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Göstərilənlər nəzərə alınaraq, hesab edirlər ki, ekspert rəyi əsaslı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar məhkəmə araşdırması zamanı da ətraflı tədqiq edilmiş, verilmiş sübutlar müqayisəli şəkildə təhlil edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən təkrar apellyasiya baxışı zamanı da təqdim edilmiş sübutlar əvvəlki məhkəmə araşdırmaları zamanı təqdim edilmiş sübutlarla (cədvəllərlə) eynilik təşkil etmiş, mübahisəli dövrlə bağlı iki dəfə əvəzləşdirilməsi iddia olunan eqf-larla bağlı əvvəlki dövrlərə dair bəyannamələr təqdim edilməmişdir. Halbuki cavabdehin qeyd etdiyi kimi 2018-ci ildə əvəzləşdirilmiş 2019, 2020-ci ildə təkrar əvəzləşdirilməsi iddia olunan eqf-larla bağlı 2018-ci il üzrə bəyannamələrə əlavələr təqdim edilməmişdir. Halbuki iş üzrə təqdim edilmiş ekspert rəyində ekspert qarşısında qoyulmuş suallarla ətraflı cavab verilmiş və 2019-cu və 2020-ci illərin yanvar ayları (eyni zamanda 2018-ci il) üzrə ƏDV bəyannamələrində əvəzləşdirilmiş elektron qaimə-fakturalar müqayisə edilərkən iki və ya daha artıq dəfə əvəzləşdirilməsi halları tədqiqatla müəyyən olunmamışdır. Həmçinin, əvəzləşdirilmiş elektron qaimə-fakturalar üzrə cədvəllər də rəyə əlavə olunmuşdur. Məhkəmə baxış iclasında həmin cədvəllər bir daha təhlil edilmişdir. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyinədən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Məhkəmə araşdırmaları zamanı və eyni zamanda ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabddehin 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarları maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir Digər tərəfdən nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla əlavə vergilərin hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 100 manat təşkil etmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 100 manat cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2-1(112)-395/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-919/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-919/2025
19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver