Məhkəmə qərarları › İş №2-1(103)-920/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-920/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-920/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4290/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4290/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya ünvan 1 ünvanda yerləşən 408 kv.m torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin mərhum əri X7 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Zirə qəsəbəsi, 2203-cü keçid, 8 saylı (hazırki Nadir Hüseynov küçəsi, döngə 3, ev 9) ünvanda yerləşən 408 kv.m torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin mərhum əri X7 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə fərdi yaşayış evi və onun altındakı torpaq sahəsinin məhruma məxsus olmasına dair arayışın və həmin əmlakların üzərində mərhumun hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın, texniki sənədlərin verilməsi ilə əlaqədar müraciət ünvanlamışlar. Lakin bu günədək müraciətə cavab verilməmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz sayılır. Belə ki, Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nın xx xxxx 1962-ci il tarixli 35 nömrəli qərarına əsasən mərhum (iddiaçılardan birinin atası, digərinin əri) X7 fərdi yaşayış evinin tikintisi üşün Bakı şəhəri, Zirə qəsəbəsi, 2203- cü keçid, ümumi sahəsi 408 kv.m olan 8 saylı torpaq sahəsi ayrılmışdır. Əmlakın hazırkı ünvanı Zirə qəsəbəsi, Nadir Hüseynov küçəsi, döngə 3, ev 9-dur. xx xxxxxx 1963-cü il tarixdə 68 saylı icazə əsasında isə, fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmiş və həmin il orada təsdiqlənmiş layihə üzrə fərdi yaşayış evi inşa edilmişdir. Əlavə olunmuş layihəyə əsasən evin və torpaq sahəsinin sxemi dəqiq təqdim olunmuşdur. Torpaq sahəsinin öölçüləri “21,5 m x 19 m” kimidir. Bu ölçüçlər də torpaq sahəsinin faktiki göstəriciləri ilə üstüstə düşür. x xxxxxxxx 1966-cı il tarixdə Dadaş Qafarov iddiaçı ilə rəsmi nikaha daxil olmuşdur. O, xx xxxxxxxx 1987-ci il tarixdə vəfat etmişdir. Ona məxsus torpaq sahəsi və evə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Bu isə, hazırkı iddiaçıların öz hüquqlarını həyata keçirməsində məhdudiyyətlər yaradır. İddiaçılar ailələri iıə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Ailə 5 nəfərdən ibarət olmuşdur: ata, ana, iki qız və bir oğlan övladları. Dadaş Qafarovun vəfatından sonra müvafiq ərizə əsasında Bakı şəhəri 33 saylı X9 vərəsələrin dairəsi müəyyən olunmaqla vərəsəlik işi açılmışdır. İddiaçı qanuni vərəsə kimi tanınmışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, keçid 2203, 8-ci sahə (indiki N.Hüseynov küçəsi, döngə 9, ev 3), ünvanında yerləşən torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mərhum X5 adına texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdə, Ağayeva (Qafarova) Zemfira Dadaş qızı N.Hüseynov küçəsi, döngə 9, ev 3 ünvanında yerləşən torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair çıxarışın verilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdə İdarəyə müraciət etmişlər. İddiaçı1 müraciəti ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi yaşayış evinə dair sənədlər toplusu, mərhuma məxsus daşınmaz əmlaka dair vərəsəlik işinin açılması barədə müvafiq notariat kontorunun məktubu, torpaq sahəsinin yerləşmə cizgisi, qərarın əsli və ya onun arxiv arayışı təqdim edilməmişdir. Bundan başqa xx.xx.1962-ci il tarixli Əzizbəyov rayon ZDS İK-nin 35 nömrəli qərarında torpaq sahəsi 408.0 kv.m göstərilmiş, faktiki olaraq isə hasar daxilinə olan torpaq sahəsi 900.0 kv.m təşkil edir və ümumi torpaq sahəsində inşa edilmiş əlavə tikililərlə bağlı heç bir hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edilməmişdir. İdarənin elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə Zirə sovxozunun ərazisidir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Daşınmaz əmlaka dair sənədlər mərhum adına olduqda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlak əvvəlcə mərhumun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmalı və yalnız bundan sonra vərəsəlik qaydasında vərəsələrin adına keçməlidir. Yuxanda qeyd olunanlara və müvafiq işin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: - (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon ZDS İK-nın xx xxxx 1962-ci il tarixli 35 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Zirə qəsəbəssi, ünvan 2 ünvanındfa yaşayan X6 Bakı Şəhər Sovetinin qərarı ilə ayrılmış /massiv/ 2203 № keçid 8-ci nömrəli 408 kv.m torpaq sahəsi təhkim edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsi İnşaat və Memarlıq işləri şöbəsi tərəfindən X7 ona Bakı şəhəri Əzizbəyov Rayon ZDS İK-nın xx xxxx 1962-ci il tarixli 35 nömrəli qərarı ilə Zirə qəsəbəsində 2203 keçiddə ayrılmış 8 nömrəli torpaq sahəsində fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına icazə veilmişdir. İş materiallarında olan Bakı şəhəri 33 saylı X10 DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubunda aşağıdakılar bildirilmişdir: - X1 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 33 saylı DNKya müraciət daxil olmuşdur. X5 xx xxxxxxxx 1987-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx xxxxx 2017-ci il tarixli ərizəsi əsasında mərhumun arvadı İddiaçı1 vərəsə olması barədə Sizə məlumat verilir. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair reyestrdən çıxarışın verilməsi xahiş olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərlə Bakı şəhəri, Zirə qəsəbəsi, 2203 keçiddə 408 kv.m ölçüdə 8 nömrəli torpaq sahəsinin mərhum X7 məxsus olması, eləcə də həmin sahədə fərdi yaşayış evinin tikintisi üçün ona icazə verilməsi öz təsdiqini tapır və bu sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübur təqdim olunmaadığından, onlar mötəbər sayılır. Digər tərəfdən İddiaçı1 da mərhumun vərəsəsi olması həm işdə olan sənədlərlə müəyyən edilir, həm də işin mübahisə olunmayan hallarına daxildir. Nəzərə alınmalıdır ki, iddiaçının əri X12 1987-ci ildə vəfat etsə də, həmin vaxtdan sonra qüvvəyə minmiş müvafiq qanunvericilik norması fərdi yaşayılş evinin tikintisi üçün ayrılmış qanuni istifadədə olan torpaq sahəsini, eləcə də həmin torpaq sahəsində 2013-cü ilədək inşa olunmuş müvafiq tikililəri mülkiyyət kimi qəbul edir. Birinci instansiya məhkəməsi cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, iddiaçı mərhuma məxsus 900 kv.m torpaq sahəsinə yox, 408 kv.m ölçüdə torpaq sahəsinə dair arayışı istəyir və onun təqdim etdiyi sənədlər (icazə və qərar) elə torpaq sahəsi üzərində tikili ilə bağlıdır. Odur ki, cavabdehin imtina ilə əlaqədar dəlilləri formal xarakterli qiymətləndirilir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iddia “öhdəliyinin icrası haqqında” iddiaya aid olduğundan, işdə iddia müddətinin tətbiqi yolverilən deyil. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və vərəsə kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinsi instansiya məhkəməsinin qərarında gəldiyi nəticəsi ilə razılaşır, cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4290/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Rəşad Həsənov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar