Məhkəmə qərarları › İş №2-1(103)-920/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-920/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-920/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 1576/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci ildə Füzuli rayonunda anadan olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər xx.xx.2020-ci ilə qədər həyata keçirilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır. İddiaçı tərəfindən həmin halın aydınlaşdırılması üçün cavabdehə müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq cavabdeh pensiyanın yenidən bərpa edilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 1576/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1576/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi qanunvercilik normaları və mübahisəyə dair hüquqi mövqeyi düzgün olmamışdır. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun müddəaları tətbiq edilmişdir. Həmin qanununun 68-ci maddəsinə əsasən pensiya almaq hüququ verən iş stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti güzəştli şərtlə ikiqat ölçüdə daxil edilir. Beləliklə, həmin maddədə qeyd olunan güzəştlər iddiaçının həm ümumi iş stajına, həm də güzəştli iş stajına şamil edilməli idi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1842/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1576/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1798/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1842/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmş, Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi və əmək pensiyasının dayandırılması haqqında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********4 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Əlavə olaraq, iddiaçının vəkili Bakı Apellyasiya Məhkəməsində işin araşdırılması zamanı cavabdeh dövlət orqanı tərəfindən iddiaçıya aid pensiya işinin təqdim edildiyini və həmin pensiya işinin tədqiqi zamanı iddiaçıya ödənilməli olan pensiyanın dayandırılması barədə inzibati orqan tərəfindən qərar qəbul edilməsindən məlumatin olmadığını bildirdi və inzibati icraatın aparılmaması səbəbindən qeyd edilən qərarın da ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 1576/2021 saylı qərarı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “əmək pensiyasının dayandırılması haqqında” cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********4 saylı qərar ləğv edilməli, xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1959-cu ildə Füzuli rayonunda anadan olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Füzuli rayonu Lenin adına üzümçülük sovxozunun 6 nömrəli briqadasında fəhlə vəzifəsində işləmişdir. 1978-ci ilin sentyabr axından 1983-cü ilin iyun ayına qədər ali təhsil müəssisəsində təhsil almışdır. Ali təhsilini başa vurduqdan sonra xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilə qədər Hadrut rayonunda Taun əleyhinə şöbədə zooloq vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər İmişli rayonda Taun əleyhinə şöbədə zooloq vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər Füzuli rayon Sanitariya-Epidemiologiya Stansiyasında entemoloq vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə qədər Füzuli rayon profilaktik dezinfeksiya şöbəsinin müdiri, xx.xx.1993-cü ildən xx.xx.2017-ci il tarixə qədər Füzuli rayon Gigiyena və epidemiologiya mərkəzində entemoloq vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2016- cı il tarixində 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin xx.xx.2020-ci il tarixdən iddiaçının əmək pensiyasının ödənilməsi dayandırılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiyanın bərpa eddilməsini xahiş etmiş, cavabdeh məsələnin həllindən imtina etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edərkən iş üzrə müəyyən etdiyi faktiki hallara ƏPH Qanunun 24.0.3-cü maddəsinin normalarının tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlmişdir ki, qanunvericilikdə cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin yalnız əmək pensiyası hüququ verən sığorta stajına (əmək fəaliyyəti dövrlərinin ümumi müddətinə) güzəştli şərtlərlə daxil edildiyindən, iddiaçının güzəştli iş stajının təqvim üzrə 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkət edilmədiyinə görə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıda göstərilən hüquq normalarina istinad edərək hesab edir ki, iddiaçının pensiyası “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmaqla dayandırıldığından bərpa edilməlidir.. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: 37.8.1.əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2.əmək pensiyaçısının dul arvadı(əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Bu Qanunun 41.1-ci maddəsinin tələbinə görə isə əlilliyi olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. Ali Məhkəmənin hazırkı iş üzrə göstərişləri ondan ibarətdir ki, hazırkı iş üzrə məhkəmə araşdırmasının istiqamətini ilk növbədə iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar, əmək pensiyasının təyini əsaslarını öyrənilməsi təşkil etməlidir. Belə ki, iş materiallarında iddiaçının pensiya işi olmadığından iddiaçıya ümumiyyətlə nə vaxtsa pensiya təyin edilib-edilməməsi, pensiyanın hansı əsaslarla, nə vaxt və hansı hüquq normalarının tələblərinə əsasən təyin edilməsi müəyyən edilmir. Bu halları araşdırmadan isə tərəflərin dəlillərinə qiymət verilməsi (pensiyanın dayandırılmasının qanuniliyi ilə bağlı) həm mümkün deyil, həm də işin obyektiv araşdırılması prinsipini pozur. Bundan əlavə, tərəflərin dəlillərindən və cavabdehin xx.xx.2020-ci il tarixli (iş v.5) məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır və buna səbəb kimi, aparılan araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Lakin iş materiallarına pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qəbul edilmiş qərar, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən etməyə imkan verən sənədlər əlavə edilməmişdir. Həmçinin, aparılan inzibati icraatın nəticəsində inzibati aktın qəbul edilib-edilməməsi (konkret olaraq pensiyanın dayandırılması barədə qərarın qəbul edilməsi) məhkəmə tərəfindən araşdırılmamışdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin müvafiq göstərişi nəzərə alınaraq, cavabdeh inzibati orqandan iddiaçının pensiya tələb edilmiş, pensiya işinin təqdim edilməsi təmin edilmişdir. Pensiya işindən görünür ki, İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 46 №-li arayışda qeyd edilmişdir ki, İddiaçı, həqiqətən Respublika Taun Əleyhinə X3 Əleyhinə şöbəsində zooloq vəzifəsində xx.xx.1983-cü il tarixində işləmişdir. xx.xx.1990-cı il tarixində X5 şöbəsinə keçirilmişdir və xx.xx.1990-cı il tarixinə kimi həmin şöbədə işləmişdir. X4 Stansiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına salınmışdır. Həmin qərara əlavə edilmiş 2 saylı siyahının XXİV bölməsinin (Səhiyyə və Sosial Təminat idarələri) 22600000-1754 şifrinə əsasən tauna qarşı idarələrdə məşğul olan bütün işçilər güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Pensiya işində olan Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsi tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı Füzuli rayon Gigiyena və Epidemiologiya Mərkəzində işləməsi faktı yerində yoxlanılaraq, müəyyən edilmişdir ki, Füzuli rayon Gigiyena və X1 Şükür Salman oğlu 17 yanvar 1990-cı ildə 3 nömrəli əmrlə öz ərizəsinə əsasən işə qəbul olmuş, 26 dekabr 2017-ci il tarixdə 44 nömrəli əmrlə işdən azad edilmişdir. İş stajını yerində yoxlayan zaman heç bir uyğunsuzluq müəyyən olunmamış, doğruluğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 05 №-li, xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək 181,27 manat, xx.xx.2017-ci ildən ömürlük 190,43 mmanat pensiya təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********4№-li qərarı ilə İddiaçı təyin edilmiş pensiya məbləği dayandırılmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında həmçinin qeyd edilmişdir ki, “təkrar apellyasiya baxışının gedişində iddiaçı barəsində pensiyanın dayandırılması barədə qərar qəbul edildiyi müəyyən olunarsa, iddiaçı həmin qərarın ləğvinə dair iddia qaldırmalıdır. Başqa sözlə, qaldırılacaq iddia inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, yəni iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması barədə qərarın ləğvinə dair olmalıdır. İddiaçı həmçinin, bu zaman dayandırma nəticəsində alınmamış pensiya məbləğinin ödənilməsinə dair əlavə qərar qəbul edilməsini də tələb edə bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçı barəsində pensiyanın dayandırılması barədə qərar qəbul edildiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməsi təklif edilmiş və iddiaçı tələbini dəqiqləşdirərək, xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi tələbi ilə bərabər əmək pensiyasının dayandırılması haqqında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********4 saylı qərarın da ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işindən də göründüyü kimi iddiaçının əmək pensiyasının dayandırılması barədə qərar qəbul edilərkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərədə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.. Lakin konkret halda işin mübahisələndirən hallarından göründüyü kimi, cavabdehin özü tərəfindən tam qanuni əsaslarla əvvəl təyin etdiyi həmin pensiya ödənişini, inzibati icraat qaydalarına riayət etmədən, yəni, inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən və pensiyanın dayandırılması barədə müvfaiq qərar da qəbul etmədən, əsassız olaraq qanunsuz hərəkətləri ilə dayandırmışdır. Göründüyü kimi, cavabdeh inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 1576/2021 saylı qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 1576/2021 saylı qərarı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “İddiaçı əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020ci il tarixli, **********4 saylı qərar ləğv edilsin . İddiaçı xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar