Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-920/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiqi ilə bağlı birdəfəlik ödəmələrin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı iddiaçıya ödənilməli olan, lakin may və aprel ayları üzrə ödənilməmiş birdəfəlik ödəmələrin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6558/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı iddiaçıya ödənilməli olan, lakin may və aprel ayları üzrə ödənilməmiş birdəfəlik ödəmələrin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, müxtəlif vaxtlarda işsiz qaldığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə işsizlik statusunun və müavinətinin verilməsi məqsədilə müraciət etmişdir. Müxətlif vaxtlarda məhkəmə qətnamələri ilə müavinət verilmişdir. 2018-ci ildən etibarən həmin müavinət dayandırılmışdır. Qeyd edir ki, hazırda işləmir və ağır maddi sıxıntılar, dözülməz həyat şəraitində yaşayır. COVİD-19 pandemiyası dövründə isə bu hal daha da ağırlaşmışdır. Bununla bağlı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə Nazirlər Kabinetinin 2020-ci il 8 aprel tarixli 127 nömrəli qərarı ilə bağlı (“Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri qaydası") müraciət etmiş, müraciətə X1 1 saylı Ərazi Məşğulluq filialında baxılmışdır. 17 noyabr 2020-ci il arixli, **********1 saylı məktubu ilə iddiaçıya aprel, may, iyun, avqust ayları üzrə 190 manat birdəfəlik ödəmə təyin edildiyi, xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubla isə aprel, may, iyun, avqust, dekabr ayları üzrə 190 manat birdəfəlik ödəmə təyin edildiyi bildirilmiş, MEİS-in “Məşğulluq” altsistemində mövcud olan vakansiyaları mütəmadi izləməyi tövsiyə edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6558/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı iddiaçıya (2020-ci il) may və aprel ayları üzrə ödənilməmiş birdəfəlik ödəmələrin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin maddi normaların tələblərini pozmaqla qəbul etdiyi qərar əsassız və qanunsuz olduğundan ləğv edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD- 19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X5 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdi ki, iddiaçıya aprel və may ayları üzrə də ödənişlər edilmişdir. Qeyd olunan ödənişləri özündə əks etdirən sistemdən çıxarışı təqdim edərək nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkün sayılmamasını xahiş etmişdi. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı iddiaçıya ödənilməli olan, lakin may və aprel ayları üzrə ödənilməmiş birdəfəlik ödəmələrin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 1 saylı X8 Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər 27 aprel 2020-ci il tarixində dayandırılmışdır. Vətəndaşın müraciəti zamanı aprel, may, iyun, avqust, dekabr ayları üzrə ona 190 manat birdəfəlik ödəmə təyin olunmuşdur. Həmçinin, sosial rifahın və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə “e-sosial.az” internet portalı vasitəsilə MElS-in “Məşğulluq” altsistemində mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunur. Həmin imtina məktubundan narazı qalan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh tərəfindən əsassız olaraq iddiaçının müraciətindən imtina edilməsinə, nəticədə iddiaçının COVİD-19 pandemiyası ilə bağlı ölkədə elan edilmiş sərt karantin rejimində vətəndaşların sosial təminatı üçün dövlət tərəfindən ödənilən birdəfəlik ödəmədən məhrum olmasına, bununla da iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququ pozulmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən iş materiallarında olan (i.v.23) xx.xx.2020-xx.xx.2022-ci il dövrləri əhatə edən bank hesabından çıxarışa istinad etmişdir. Həmin çıxarışa əsasən iddiaçıya iyun, avqust və dekabr ayları üzrə ödənişlərin edildiyi müəyyən olunur. Lakin iddiaçının iddia tələbindən görünür ki, o, 2020-ci ilin məhz aprel və may ayları üzrə birdəfəlik ödənişlərin ona ödənilməsini tələb edir. Bu barədə apellyasiya baxışı zamanı araşdırma aparılarkən müəyyən olundu ki, iddiaçı xx.xx.2019-cu il tarixdən işsiz kimi qeydiyyata alınmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birdəfəlik ödəmələrin verilməsi ilə bağlı iddiaçı barəsində olan sistemdən çıxarışına əsasən iddiaçıya nəinki 2020-ci ilin iyun, avqust və dekabr ayları üzrə, həm də həmin ilin aprel və may ayları üzrə də həmin ödənişlər aparılmışdır. Lakin işin bu halı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, iddiaçının hazırki tələbi üzrə yəni, ona aprel və may ayları üzrə birdəfəlik ödəmənin verilməsi ilə bağlı tələbinin cavabdeh inzbati oqan tərəfindən hələ məhkəməyədək olan dövrdə təmin edildiyi müəyyən olunur. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılıb iddia tələbinin mümkünlük şərtlərinə cavab verib-vermədiyi məsələsi tam yoxlanılmamış və nəticədə işə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Hazırki işdə iddiaçının tələbi məhkəməyə müraciət edənədək cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən onun bu iddianı qaldırmaqda subyektiv hüququnun olmadığı müəyyən olunur. Ona görə də iddiaçı cavabdehin təqsiri üzündən öz (subyektiv) hüquqlarının pozulduğu halını təsdiq edə biləcək sübutu təqdim etmədiyindən onun iddiası qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6558/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6558/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-920/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-920/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver