Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-920/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədov Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı 17 yanvar 1962-ci il tarixdən, yəni 61 ildən çoxdur ki. qanuni əsaslarla qeydiyyata düşdüyü ünvan 1 ünvanında olan 2 otaqlı mənzildə yaşayır. 2013-ci ildə ona məlum olmuşdur ki, indiyədək qanuni əsaslarla 61 ildən çox yaşadığı mənzilinə dair onun məlumatı olmadan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 29 yanvar 2001-ci il tarixdə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Həmin qətnaməyə əsasən yaşadığı mənzil barəsində X3 adına qeydiyyat vəsiqəsi verilmişdir. 61 il qabaq həmin mənzili ona pul ilə X3 atası həmin dövrün qanunlarının tələblərinə əsasən satmışdır. Sonuncu sonradan mənzillərin qiymətinin bahalaşmasını nəzərə alaraq, sözügedən mənzili başqasına satmaq istəmişdir. Həmin qətnamə iddiaçının şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv olunmuşdur. Çünki mənzili ona satan şəxsin oğlu X7 məhkəmə aidiyyəti prinsiplərinin kobud surətdə pozaraq qanunsuz şəkildə 23 yanvar 2001-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və 6 gün müddətində, yəni 29 yanvar 2001-ci il tarixdə verilən qanunsuz məhkəmə qətnaməsinə əsasən iddiaçının yaşadığı mənzilin də daxil olduğu 49 saylı evin özəlləşdirilməsi barəsində məhkəmə qətnaməsinin verilməsinə nail olmuşdur. Qanunsuz verilən qətnamədən sonra onun da yaşadığı mənzilin daxil olduğu 49 saylı ev "А". "В", "V" və "Q" tikilili adlı ünvanlara bölünmüşdür. 10 yanvar 2002-ci il tarixdə X2 ləğv olunan həmin qanunsuz məhkəmə qətnaməsinə əsasən adına keçirməklə özəlləşdirdiyi mənzili oğlu X4 adına rəsmiləşdirmişdir. Halbuki, o (hazırkı iddiaçı), Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 10 yanvar 2002-ci il tarixində verilən FM seriyalı 013552 saylı qeydiyyat vəsiqəsinə əsasən X4 adında olan 2 mənzildən biridə, yəni "A" tiklisi olan 2 otaqlı mənzilə 17 yanvar 1962-ci ildən qeydiyyata düşmüş, hazırda da ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Bütün bunlarla sübut olunur ki, 61 ildən çox yaşadığı "A" tiklisində olan 2 otaq barəsində onun məlumatı olmadan X4 adına qanunsuz qeydiyyat vəsiqəsi verilmişdir. Göstərilənlərlə təsdiq olunur ki, onun 1962-ci ilin əvvəllərindən başlayraq qeydiyyata düşərək yaşadığı və qanuni əsaslarla isitfadə hüququna malik olduğu mənzillə bağlı istifadə hüququnun yaranmasından 40 ilə yaxın vaxt keçdikdən sonra, yəni xəbəri olmadan 2002-ci ildə mənzilinə dair başqasının adına qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas 29 yanvar 2001-ci ii tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilən məhkəmə qətnaməsi olmuşdur. Məhkəmə qətnaməsi ilə də real vəziyyət saxlalaşdırılaraq göstərilmişdir ki, guya həmin iş üzrə iddiaçı 40 ildir ki, həmin mənzildə qeydiyyatda olmaqla birgə yaşamışdır. Halbuki, işin faktiki halları ilə və iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, 2001-ci ildə özünü Sabunçu Rayon Məhkəməsində iddiaçı kimi təqdim edən həmin şəxs nəinki həmin mənzilə, heç mənzilin də daxil olduğu həyətdə belə həmin vaxtadək olan 40 il müddətində heç bir gün də yaşamamışdır. Sonra da həmin şəxs guya yaşadığı mənzili oğluna bağışlamışdır. Oğlu da heç vaxt bu həyətdə olmamışdır. 2013-cü ildə iddiaçıya məlum olmuşdur ki, 61 il qanuni əsaslarla qeydiyyatda olaraq yaşadığı mənzil barəsində X4 adından 2013-cü ildə mənzildən çıxarılm barəsində Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi daxil olmuşdur. Lakin Nəsimi Rayon Məhkəməsi qarşı tərəfin iddiasını təmin etməmiş və hazırkı iddiaçının qarşılıqlı iddia tələbini qismən təmin edərək 61 ildən çox yaşadığı mənzillə bağlı istifadə hüququnun tanınması barəsində məhkəmə qətnaməsi vermişdir. Qarşılıqlı iddia ərizəsində həmin vaxt mənzilin adına özəlləşdirilməsi ilə bağlı tələblə bağlı bildirilmişdir ki, yaşadığı mənzilə dair qanunsuz da olsa başqasının adına qeydiyyat vəsiqəsi olduğu halda, həmin mənzilə dair onun adına qeydiyyat vəsiqəsinin verilməsi mümkün deyildir. Bu, mənzil barəsində qeydiyyat vəsiqəsinin ləğvindən sonra tələb oluna bilər. Bundan sonra iddiaçının apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi 20 sentyabr 2017-ci il tarixdə qərardad qəbul etmişdir. Qərardadla Sabinçu Rayon Məhkəmsinin 29 yanvar 2001-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış və izah edilmişdir ki, xüsusi icraat qaydasında işin baxılmamış saxlanılması maraqlı şəxslərin ümumi əsaslarla iddia vermək hüquqlarını istisna etmir. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və həmin qərardad dəyşdirilmədən saxlanılmışdır. Belə olan halda, Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2001-ci il tarixli 2- 229/2001 saylı qətnaməsi ləğv olunduğundan, Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 10 yanvar 2002-ci il tarixdə X4 adına verilən FM 013552 saylı qeydiyyat vəsiqəsi ünvan 2 evin "A" tikilisində olan 2 otaqlı mənzilinə aid hissədə ləğv olunmalıdır. Bundan sonra iddiaçı müvafiq tələblə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 18 mart 2021-ci il tarixli 2-1(112)-2223/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edllməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1779/2021 saylı iş üzrə 24 sentyabr 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 18 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək, Sabunçu Rayon Məhkəməsinin 29 yanvar 2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın İddiaçı aid olan hissədə ləğv olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin 2-1(102)-177/2022 saylı iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, cavabdehin məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1779/2021 saylı iş üzrə 24 sentyabr 2021-ci il tarixli qərarı 30 noyabr 2022ci il tarixdə icra edilərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin "A" tikilisində 2 otağa dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. İddiaçının 61 ildən çox yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi. 49 saylı evin "A" tiklisində olan 2 otaqlı mənzil barəsində qanunsuz olaraq başqasının adına verilən qeydiyyat vəsiqəsi (çıxarış) ləğv olunmuşdur. Bütün bunlardan belə bir nəticə çıxır ki, 61 ildən çox pasport qeydiyyatında olmaqla yaşadığı mənzil barəsində qeydiyyat vəsiqəsi, yəni reyestrdən çıxarış iddiaçının adına verilməlidir. Göstərilənlərə əsaslanaraq, iddiaçının qanuni əsaslarla 1962-ci ildən qeydiyyatda olmaqla istifadə hüququna malik olduğu, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4308/2013 saylı iş üzrə 29 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən təkrarən istifadə hüququm tanınan, 61 ildən çox yaşadığı ünvan 3 ünvanında olan 2 otaqlı mənzilim üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 1962-ci ildən ünvan 2 evin “A” tikilisində qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 229/2001 saylı iş üzrə 29 yanvar 2001-ci il tarixli qətnaməsi ilə həmin evə dair 10 yanvar 2002-ci il tarixdə X4 adına FM 013552 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir, lakin sonradan hazırkı iddiaçının apellyasiya şikayəti əsasında sözügedən qətnamə ləğv olunmuşdur. Bundan sonra İddiaçı həmin evə dair qeydiyyat vəsiqəsinin ləğv olunması və yaşayış sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmənin 2-1(112)-2223/2021 saylı iş üzrə 18 mart 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-229/2001 saylı iş üzrə 29 yanvar 2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (hazırkı cavabdeh həmin qurumun bazasında yaranmışdır) üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərar alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1779/2021 saylı iş üzrə 24 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 229/2001 saylı iş üzrə 29 yanvar 2001-ci il tarixli qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın İddiaçı aid hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli həmin qərarı Ali Məhkəmənin 2- 1(102)- 177/2022 saylı iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı müvafiq ünvandakı evin ona aid hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçı tərəfindən evə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və evə hüquqlarının qeydiyyata alınmasını tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “hazırkı işin hallarına görə iddiaçı qanunla daşınmaz əmlaka, yəni iddia etdiyi tikiliyə münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə rutulmuş hüquqmüəyyınedici sənədlərdən hər hansı birini, o cümılədən notarial-qaydada təsdiqləmiş müvafiq (evin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququnu təsdiq edən sənədi əsasında bağlanmış) müqavilə təqdim etməmişdir. Onun təsdiq etdiyi sadə yazılı sənədin surəti isə, müvafiq razılaşma və ya müqavilə kimi qəbul oluna bilməz.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 8.0.3 daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 8.0.5 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 8.0.8 bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; - 8.0.12 . 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsini də müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla daşınmaz əmlaka, yəni iddia etdiyi tikiliyə münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə rutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı birini, o cümılədən notarial-qaydada təsdiqləmiş müvafiq (evin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququnu təsdiq edən sənədi əsasında bağlanmış) müqavilə təqdim etməmişdir. Onun təsdiq etdiyi sadə yazılı sənədin surəti isə, müvafiq razılaşma və ya müqavilə kimi qəbul oluna bilməz. Eyni zamanda hazırkı İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş (iddiaçı X4 iddiası üzrə) mülki işdə “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə” qarşlıqlı iddiası həmin məhkəmənin 29 noyabr 2013-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-920/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-920/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver