Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-921/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “əmək pensiyasının yenidən təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5478/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı ona əmək pensiyasının 63 yaşdan təyin edilməsi və həmin tarixdən yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəf məhkəməyə “iddia ərizəsinə əlavə” təqdim etmiş və aşağıdakıları bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən pensiya məbləği hesablanarkən, nəinki ona (iddiaçıya) münasibətdə düzgün tətbiq edilməmiş, hətta 2017-ci ilin aprel ayından 2020-ci ilin aprel ayınadək sosial sığorta nömrəsinə ödənilən məcburi dövlət sosial sığorta haqları mövcud qaydaların əksinə olaraq hesablanmış pensiya məbləğinə əlavə edilməmişdir. Əlavə olunan məbləğ 3 ildə cəmi 1.176,11 x 1,8 = 2.116,9 manat, 3 il müddətində aylıq isə 2.116,9 manat : 36 = 58,8 manat təşkil edir. 3 il müddətində aylıq pensiya məbləğinə əlavə edilməmiş həmin 58,8 manatın aylıq pensiya məbləğinə hesablanaraq əlavə olunması məsələsinə xüsusi diqqət yetirilməsi xahiş olunur. Məhkəmə iddiaçının həmin ərizəsini iddianın dəyişdirilməsi (həcminin artırılması) kimi icraata qəbul etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 13 mart 2020-ci il tarixdən DSMF 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı aparılan zaman DSMF Bakı Ərazi Şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32-1-1-ci maddəsinə əsasən müraciət edilən tarixdən əvvəlki son 3 ilin pensiyası məbləği, yəni 1 aprel 2017-ci il tarixdən yaranmış pensiya məbləğinin hissə-hissə ödənilməsi qərara alınmışdır. Hesab olunur ki, cavabdeh tərəfindən onun yaşa görə əmək pensiyası hüququnun əmələ gəlmə müddətinin və pensiyanın ödənilməsi qaydasının təyini zamanı bir sıra aşkar qanunsuzluqlara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən bu Qanun 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq, 2012-ci ilin yanvarın 1-dək, hər il altı ay artırılır. Deməli, onun (iddiaçının) 63 yaşı tamam olanda (1 iyul 1948-ci il tarixdə doğulmuşdur), yəni 1 iyul 2011-ci il tarixdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Sözügedən maddəyə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, 2017-ci ildə Qanuna edilmiş dəyişikliklərlə əlaqədar yeni qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1.1 və 37.7-ci maddələrinin ona (iddiaçıya) münasibətində tətbiq edilməsi, onun hüquqi vəziyyətini pisləşdirmişdir. Nəticədə hesablanmalı olan pensiya məbləğinin qanunsuz olaraq dəfələrlə azaldılması və birdəfəlik şəkildə ödənilməməsi, nəinki onun vəziyyətini aşkar pisləşdirmək, hətta hazırkı xəstə durumunda yaşamaq hüququndan məhrum etmək deməkdir. 17 aprel 2019-cu il tarixdə 21 gün Türkiyə Respublikasının İstanbul şəhərində stasionar şəraitdə xəstəxanada ağır əməliyyat keçirən, bundan sonra 4 aydan artıq ambulator müalicə olunan və hazırda digər ağır əməliyyatın xərclərini ödəmək üçün hüquqi dövlətin qanunlarına güvənərək, illərlə ehtiyat üçün topladığı qanuni pensiya məbləğini əldə etmək istəyən 72 yaşlı xəstə bir şəxsin əlindən həmin vəsaitin çox hissəsini qeyri-qanuni olaraq almaqla müalicə olunmaq imkanından məhrum edilməsinə başqa nə ad vermək olar? Əksinə, pensiya təyinatına görə gecikən müraciətlər DSMF üçün əlavə imkan deyilmi ki, əmanət bankına müvafiq məbləq depozit qoymaqla gəlir əldə etsin? 1 iyul 2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1.1 və 37.7-ci maddələri hüquqi vəziyyətini pisləşdirdiyindən, ona münasibətdə tətbiq oluna bilməz. Buna baxmayaraq icra orqanı olan DSMF Azərbaycan Respublikası Konstitusiyasının 147, 149-cu maddələrinin tələblərinə zidd olaraq onun (iddiaçının) hüquqlarını kobudcasına pozmuşdur. Ona, yaşa görə əmək pensiyası hüququnun yarandığı 2011-ci il tarixdən deyil, 1 aprel 2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməməsi və yaranmış fərq məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsinə, qanunsuz olaraq ona münasibətdə 32.1.1-ci maddəsinin tətbiq edilməsi barədə dəfələrlə 1 saylı DOST Mərkəzi vasitəsilə DSMF-yə müraciət etmişdir. Ancaq, DSMF-nun vəzifəli şəxsləri tərəfindən «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 12.3.1, 12.3.3 və s. maddələrində qeyd olunan tələbləri pozaraq onun (iddiaçının) müraciətlərinə, şikayətinin mahiyyətinə uyğun və əsaslandırılmış cavab verilməmişdir. Belə ki, 17 aprel 2020-ci il tarixdə pensiya təyinatından verdiyi şikayət nömrə alma tarixi 25 mart 2020-ci il tarixli göstərilmiş bildirişlə, yəni elə şikayət etdiyi pensiya təyinatının məzmunu təkrarlanaraq 28 aprel 2020-ci il tarixdə möhürsüz, 4 may 2020-ci il tarixli yazılı elektron müraciətdən sonra isə, 7 may 2020-ci il tarixdə yenə də həmin bildirişin möhürlənmiş forması ilə cavablandırılmışdır. Daha sonra müraciətin mahiyyəti üzrə cavablandırılmadığını əsas gətirərək, 22 may 2020ci il tarixdə yenidən DSMF-yə 3 səhifəlik hərtərəfli şikayət ərizəsi ilə müraciət etsə də, 28 aprel 2020-ci il, 7 may 2020-ci il tarixlərdə verilmiş cavabların oxşarı, yəni sadəcə şikayət olunan təyinat zamanı tətbiq edilən Qanun və onun 32.1.1-ci maddəsi göstərilməklə şikayətin mahiyyətindən kənar əsaslandırılmamış, nömrə alma tarixi 31 may 2020-ci il tarixli bildirişlə – 9 iyun 2020-ci il tarixdə cavab verilmişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyqun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Vətəndaşın ola bilər ki, hüququ 2011-ci ildə yaranmışdır. Lakin o, öz hüququndan vaxtında istifadə etməmişdir. Belə ki, vətəndaş (iddiaçı) 2011-ci ildə müraciət etməli olduğu halda, 13 mart 2020-ci il tarixdə yaşa görə pensiya üçün müraciət etmişdir. Müraciət etdiyi vaxtdan, yəni 2020-ci ildən artıq hüquqi nəticə yaranır. Bu hüquqi nəticənin yarandığı zaman qüvvədə olan qanunvericilik tətbiq olunur. Qüvvədə olan qanunvericiliyə əsasən də şəxsə müraciət etdiyi tarixdən ən çox 3 il üçün yaşa görə pensiya təyin edilmiş və hal-hazırda da ödənilir. Göründüyü kimi, DSMF üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Azərbaycan Respublikasının qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun müddəalarına nəzər yetirildikdə oxşar məsələlərin həmin Qanunda da təsbit edildiyi müşahidə olunur. Həmin Qanunun 106-cı maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Bir hal da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadında da bu məsələ ətraflı səkildə tənzimlənir. Həmin qərardada əsasən reallaşdırılmamış hüquqlar üzrə ödəmələrin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların qanuna daxil edilməsinin məqsədi ilə bağlı olaraq belə əsaslandırma təqdim olunmuşdur ki, bu islahat tədbirinin əsas məqsədi sığorta olunanların pensiya təyinatı üçün gec müraciət etmə hallarını azaltmaq, habelə pensiya sisteminin konkret maliyyə büdcədə nəzərdə tutulmamış əlavə xərc öhdəliklərinin qarşısını almaqdır. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birinin pensiya təminatı sisteminin cari, ortamüddətli, və uzun müddətli dövr üzrə maliyyə dayanaqlığınıa nail olunması və xərclərin poqnozlaşdırıla bilən olmasının təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Qeyd edilir ki, sözügedən tənzimləmələr şəxsləri əmək pensiyalarından ümumiyyətlə məhrum etməmiş, yalnız keçmiş dövrlə bağlı alacagları məbləğləri üç illə məhdudlaşdırmışdır. Məhkəmə sonda belə qərara gəlmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı iddiasının təmin edilməməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5478/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5478/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı 13 mart 2020-ci il tarixdə yaşa görə pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçıya müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün-01.04.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödənilməsi həyata keçirilir. Hazırda iddiaçı 13 mart 2020-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyası məbləğinin bu pensiya hüququnun yarandığı 1 iyul 2011-ci il tarixdən 13 mart 2017-ci il tarixədək ödənilməmiş məbləğinin verilməsini və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən onun 2017 – 2020-ci illərdə işlədiyi vəzifə üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli № 3/2020 qərardadı ilə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmə hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyrimütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. Həmçinin, qərardadda qeyd edilmişdir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir. Beləliklə, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı onun yaşa görə əmək pensiyası hüququ 2011-ci il tarixdə yaranmasına baxmayaraq, müraciət etdiyi 13 mart 2020-ci il tarixdən əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissədə ödənilməsini təmin etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Cavabdehin bu hərəkəti (imtinası), «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliyin edilməsinin məqsədi baxımından “ödəmələrdə məhdudiyyət” adekvat qiymətləndirilir və digər şəxslərə münasibətdə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi” ilə uzlaşır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 2017-ci il 01 iyul tarixədək - 2011-ci il tarixdən yarandığından, əmək pensiyasının təyin edilməsi üçün isə inzibati orqana 13 mart 2020-ci il tarixdə müraciət etdiyindən istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçı həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyindən tələbin birinci hissəsinin təmin edilməməsi ilə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının ikinci tələbinə münasibətdə qeyd etmişdir ki, həmin dövr 6 ildən artıq olsa da, iddiaçının 2011-ci ildən sonrakı dövr üzrə müvafiq ödəmələrinin nəzərə alınmaması hazırkı inzibati məhkəmə icraatında müəyyən edilmədiyindən, bu tələb əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5478/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-921/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-921/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver