Məhkəmə qərarları › İş №2-1(103)-921/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-921/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-921/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı2 və cavabdehin nümayəndəsi-vəkil X2 iştirakı ilə. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına tələbinə dair» inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5831/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından buraxılmış şikayət vermə müddətinin bərpası barədə cavabdeh tərəfindən verilmiş ərizəyə və apellyasiya şikayəti üzrə mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki yaşayış yeri üzrə, yəni ünvan 1 ünvanında yerləşən fərdi evə qeydiyyata alınması vəzifəsinin Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, birgə iddiaçılar iddia tələbini İddiaçı2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasından yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdan çəkinmək vəzifəsinin, İddiaçı1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınma vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması kimi dəyişdirmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5831/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və birgə iddiaçıların iddia tələbi təmin edilsin. İddiaçı2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin ünvanından (inzibati binasından) yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdan çəkinmək vəzifəsi; İddiaçı1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Polis İdarəsinin ünvanı (inzibati binası) üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh, xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə (apellyasiya şikayəti əlavə ediliməklə) məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinə daxil olsa da, iş yükünün çoxluğu ilə əlaqədar vaxtında apellyasiya şikayəti vermək hüququnu yerinə yetirə bilməmişlər. Hazırkı halda apellyasiya şikayəti vermək hüququndan faktiki olaraq mərhum ola bilərlər. Odur ki, apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil O.Babayev ərizədə göstərilənlərə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmiş, İddiaçı2 isə cavabdehin onu narazı salan hərəkətlərini mübahisələndirərək qeydiyyata düşə bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin müddətin bərpası barədə ərizəsi təmin edilməməli, müddətin bərpa olunmasından imtina olunmalıdır. Belə ki, İPM-in 85.1-ci maddəsinin tələbinə görə Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarına əlavə olunmuş xəbərnaməli poçt qəbzinə əsasən müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, cavabdeh idarəyə xx.xx.2022-ci il tarixində rəsmi qaydada çatdırılmışdır (Həmin qərarın icra edilməsi barədə cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu isə sonuncuya xx.xx.2022-ci il tarixdə çatdırılmışdır). Cavabdeh isə konkret halda, həmin qərardan apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə xx.xx.2022-ci il tarixində, yəni, qərarı aldıqdan 4 ay 8 gün sonra müraciət etmişdir. Yəni, qərar ona çatdırıldıqdan sonra 30 gün ərzində apellyasiya şikayəti verməli olduğu halda, həmin müddəti 3 ay 8 gün ötürməklə məhkəməyə müraciət etmişdir. Ərizəsində cavabdeh şikayət vermə müddətinin buraxılmasının iş yükünün çoxluğu ilə əlaqədar olduğunu bildirsə də, hansı həcmdə iş yükündən söhbət getdiyi və bu iş yükünün hansı formada şikayətin tərtib olunmasına əngəllik yaratdığı əsaslandırılmamış, bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında təsbit olunan mövqeyi baxımından, konkret halda, cavabdeh idarə tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından vaxtında apellyasiya şikayəti verməsinə maneçilik törədən inkarolunmaz səbəblərin mövcudluğu, yəni müddətin buraxılmasında təqsiri olmadığının sübuta yetirilmədiyi halda, həmin qərardan 30 günlük şikayət vermə müddütinin buraxılmasının üzrlü hesab edilməsi istisna olunur. İPM-in 24.1-ci maddəsinin təlbindən də görünür ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Belə olan təqdirdə cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məgəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin buraxımış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5831/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından buraxılmış müddətin bərpa edilməsindən imtina olunması, apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 24, 80, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5831/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunsun. Cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar