Məhkəmə qərarları › İş №2-1(103)-922/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-922/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-922/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin tərtib edilməsi və müvafiq orqana göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə X2-Yusiflinin katibliyi ilə, 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5672/2020 saylı 10 dekabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. MV seriyalı 1356 saylı vəsiqədən görünür ki, o, müharibə veteranıdır. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində əməliyyat işində 26 il işlədikdən sonra 1996-cı ildən təqaüdə çıxmışdır. 000324 saylı pensiyaçının uçot vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın Qərarına əsasən İddiaçı 1996-cı il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş MTN seriaylı 002730 saylı 14.02.2007-ci il tarixli Məlumat Vərəqəsinə əsasən İddiaçı 25.11.1996-cı il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 18-ci maddəsinin «d» bəndinə (xidməti uyğunsuzluğa) əsasən tərxis olunmuş, onun təqvim xidmət illəri 16 il 11 ay 25 gün, güzəştli xidmət illəri 05 il 10 ay 01 gün, cəmi iş stajı və xidmət illəri 22 il təşkil edir. Pul təminatı (təminat xərcliyi) vəzifə maaşı 306 manat, rütbə maaşı 48 manat, xidmət illərinə görə əlavə 247.80 manat (70%), ərzaq payı əvəzinə kompensasiya 24.75 manat, cəmi 626.55 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli Şəxslərlə İş Departamentinin pensiyanın yenidən hesablanması barədə 14.01.2013-cu il tarixli qərarı ilə ona 01.09.2008-ci il tarixdən ömürlük pensiya təyin edilmiş və pensiyanın məbləği 467.01 manat təşkil etmişdir. Sonradan departementin pensiyanın yenidən hesablanması barədə 04.04.2011ci il tarixli qərarı ilə ona 01.09.2010-cu il tarixdən ömürlük pensiya təyin edilmiş və pensiyanın məbləği 491.42 manat təşkil etmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən 15.02.2017-ci il tarixli qərarla İddiaçı pensiyası yenidən hesablanaraq 01.05.2012-ci il tarixdən 31.08.2013-cü il tarixədək təyin olunmuş pensiyanın məbləği 512.79 manat, 01.09.2013cü il tarixdən 12.01.2016-cı il tarixədək 548.02 manat, 13.01.2016-cı il tarixdən ömürlük olmaqla 549.92 manat müəyyən olunmuşdur. Pul təminatı (təminat xərcliyi) vəzifə maaşı 410 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 378 manat (70%), ərzaq payı əvəzinə kompensasiya 64 manat, cəmi 982.56 manat təşkil edir. İddiaçı məlumat vərəqəsində yazılanlarla razılaşmayaraq yeni məlumat vərəqəsinin tərtib edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 21/M-3440 saylı 02.07.2020-ci il tarixli məktubda qeyd edilir: pensiya-arxiv işi üzrə müvafiq məlumatlar yoxlanılmış və məlum olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 noyabr 2006-cı il tarixli 184-İİİQD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə) 002730 nömrəli 14 fevral 2007-ci il tarixli məlumat vərəqəsi təqdim olunmuşdur. Sizin hərbi xidmətdən buraxıldığınız günə (15.11.1996-cı il) təminat xərcliyiniz-vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən kompensasiyadan ibarət olmuş və həmin məlumatların yuxarıda qeyd olunan “Məlumat vərəqəsi”ndə öz əksini tapmışdır. Ərizədə qeyd olunmuş əlavə ilə bağlı bildirilmişdir ki, həmin əlavəni Siz xidmət dövründə almadığınıza görə təminat xərcliyinə daxil edilməmiş və bu səbəbdən yuxarıda qeyd olunan “Məlumat vərəqəsi”ndə öz əksini tapmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “yeni məlumat vərəqəsinin tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində əməliyyat işində 26 il işlədikdən sonra 1996-cı ildən etibarən təqaüdə çıxmış, hal-hazırda 850 manat təqaüd alır. İşlədiyi zaman əks-kəşfiyyat fəaliyyətinin subyekti və məxfi məlumatların daşıyıcısı kimi məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və digər məlumat daşıyıcıları ilə işləməyə görə aylıq vəzifə maaşına əlavələr hesablanırdı, lakin təqaüdün bir ay əvvəl nazirliyin sərəncamına götürülməsi səbəbindən həm məxfiçiliyə görə əlavələr, həm də digər artımlar və dəyişikliklər təqaüdün hesablanması ilə əlaqədar tərtib edilmiş “Məlumat vərəqəsi”ndə öz əksini tapmamışdır. Ərizədə qeyd edilən əlavə ilə bağlı həmin əlavəni xidmət dövründə almadığına görə əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində verilir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işlədiyi müddət ərzində kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti və məxfi məlumatların daşıyıcısı kimi məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və digər məlumat daşıyıcıları ilə işləməyə görə aylıq vəzifə maaşına işlədiyi dövrdə əlavələr hesablanmış, artımlar olmuşdur. Pensiyaya çıxanadək təminat xərcliyində məxfiçiliyə görə artımın nəzərə alınmalı olması tanınmışdır. Məhrum edildiyi təminat xərcliyində məxfiçiliyə görə əlavə nəzərə alınmamışdır. Peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavənin nəzərə alınmasına dair hüququ təmin edilməmişdir. Yəni, pensiyaya çıxarkən məxfiçiliyə görə əlavədən məhrum edilməsinin qanunsuzluğu müəyyən edilsə də, peşəkarlığa görə əlavədən məhrum edilməsinin hüquqaziddliyi hələ tanınmamışdır. İlkin qanunsuzluğun tanınması sonra əlavədən məhrumetmənin də qanunsuz tanınmasını şərtləndirir. Təminat xərcliyi vəzifə maaşı, hərbi rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, məxfiçiliyə görə əlavə, peşəkarlığa görə əlavə, məharət dərəcəsinə görə əlavə, hərbi qulluqçuların hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət, hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətdən və sair məlumatlardan ibarət olsa da, barəsindəki məlumat vərəqəsində əks etdirilməmişdir. Buna görə də cavabdehin imtinası qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı 11.06.1984- 25.11.1996-cı il tarixlərində keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində (MTN) həqiqi hərbi xidmətdə olmuş, keçmiş MTN-in 1996-cı il 22 oktyabr tarixli 1249şh nömrəli Əmri əsasında “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 1992-ci il 3 noyabr tarixli 362 nömrəli Qanununun (qüvvədən düşüb) 18-ci maddəsinin (“Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma) “d” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şəxsi heyətin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. İddiaçının hərbi xidmətdən buraxıldığı günə təminat xərcliyinə vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə (70 %) və ərzaq payı əvəzinə kompensasiya daxil edilərək məlumat vərəqində öz əksini tapmış, pensiya təyin edilərkən nəzərə alınmışdır. Onun arxiv şəxsi iş materiallarının təhlili zamanı hərbi xidmət dövründə məxfiliyiə, peşəkarlıq, fərqlənmə və mühüm işlərə, eləcə də məharət dərəcəsinə görə əlavələr və vəzifə maaşına digər artımlar alması barədə qeydlər aşkar edilməmişdir. İddiaçı hərbi xidmətdən buraxıldığı günə (25.11.1996-cı il) qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli 109 nömrəli Qanununun (qüvvədən düşüb) 40-cı maddəsinə (“Pensiyanın hesablanması üçün təminat xərcliyi”) əsasən hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanırdı. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınırdı. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 711-İİQ nömrəli Qanununun 20.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır. Həmin Qanunun 20.4-cü maddəsində kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektinin rəhbərinin həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizdən çox olmamaqla əlavələr təyin edilə bilməsi, 20.6-cı maddəsində kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən, iki aylıq pul təminatı məbləğində müavinət verilməsi, 20.7-ci maddəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilməsi, 20.10-cu maddəsində isə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və ks kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunduğu göstərilmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli 54-İİİQ nömrəli Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Qeyd edilən qanunlar iddiaçının pensiya hüququ yarandığı dövrdən sonra qüvvəyə minmiş, həmçinin həmin qanunların müddəalarında əvvəlki dövr üçün şamil edilməsinə dair norma mövcud deyildir. Bu səbəbdən, iddiaçıya münasibətdə müvafiq əlavənin onun pensiyasına yönəldilməsi mümkün hesab edilmir. Həmçinin, iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinad edərək, pensiya hüququ yarandığı dövrdən sonra qəbul edilmiş yuxarıda göstərilən qanunların müddəalarının onun hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmasını tələb etmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 28 yanvar tarixli Qərarında Konstitusiyanın 149-cu maddəsi ilə bağlı hüquq normasının zamana görə qüvvəsi məsələsinə, habelə “hüquqi vəziyyət” anlayışına və “şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” ifadəsinin şəxsin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə aydınlıq gətirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə normativ hüquqi aktın yalnız gələcəyə dair qaydalar müəyyən etdiyini və onun geriyə qüvvəsinin olmadığını nəzərdə tutur. Belə ki, “normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir” ifadəsinin mahiyyəti onunla izah edilir ki, məhkəmə, normativ hüquqi aktı onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur, həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqsız müdaxiləsindən qoruyur. Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Plenumun Qərarına əsasən şəxsin “hüquqi vəziyyəfi onun hüquq və vəzifələrinin məcmusunu xarakterizə edərək qanun nöqteyi-nəzərindən bu subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 1 dekabr tarixli Qərarında formalaşdırılan mövqeyə görə bəzi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Eyni zamanda, qanunverici pensiyaların hesablanmasının, təyin və əldə edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir). Lakin bütün hallarda qeyd olunan fərqləndirmə Konstitusiyada təsbit edilmiş bərabərlik hüququna müvafiq olaraq o halda və tərzdə mümkündür ki, bu şərtlər obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq üçün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun. Beləliklə, iddiaçının pensiya hüququnun yarandığı tarixə qüvvədə olan qanunvericiliynə uyğun olaraq təyin edildiyinə görə iddia tələbi iddiaçının hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədən yalnız onun maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Bu səbəbdən, yeni qanunvericiliyin qəbul olunması onun hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qiymətləndirməməli və bərabərlik hüququnun pozulması kimi qəbul olunmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə və Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə müvafiq olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilərkən müvafiq əlavənin nəzərə alınması ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq, münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5672/2020 saylı 10 dekabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasınn Dövlət Təhlükəsizlik Xidmətində işlədiyi müddət ərzində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti və məxfi məlumatların daşıyıcısı kimi məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və digər məlumat daşıyıcıları ilə işləməyə görə aylıq vəzifə maaşına işlədiyi dövrdə əlavə hesablanmış artımlar olmuşdur. Pensiyaya çıxanadək təminat xərcliyində məxfiçiliyə görə artımın nəzərə alınmalı olması tanınmışdır. AR Nazirlər Kabinetinin “Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyekti əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların ödənilməsi qaydası** barədə məxfi qərarının hərfi təfsirinin yolverilməzliyi, yalnız qanunvericiliyə sistemli yanaşma və konstitusion normaların (bərabərlik hüququ, şəxsin hüquqi vəziyyəti pisləşdirən normativ-hüquqi aktların geriyə təsirinin yolverilməzliyi) nəzərə alınması şərtilə təfsir edilərək həmin qərarının tətbiqinin mümkünlüyü barədə bu növ işlərə baxan məhkəmələrin hüquqi mövqeyindən irəli gəlmişdir. Məhrum edildiyi təminat xərcliyində məxfiçiliyə görə əlavə nəzərə alınmamışdır. O cümlədən, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavənin (peşəkarlığa görə əlavə) nəzərə alınmasına dair hüququ təmin edilməmişdir. Qərardan da görünüyü kimi, məhkəmə prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur, tətbiq etiyi maddi hüquq normaları məhkəmə çəkişməsinin tamlığını təmin etməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı 3-cü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 31.03.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19 may 2021-ci il tarixdə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı tələbi “1996-cı il tarixdən yeni məlumat vərəqəsinin tərtib edilməsi və həmin məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.1.11-ci maddəsinə əsasən bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ olan əmək pensiyaçılarına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara- Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. İş materiallarından görünür ki, iddiaçının tələb etdiyi məxfiçiliyə görə əlavə, peşəkarlığa görə əlavə, məharət dərəcəsinə görə əlavə, hərbi qulluqçuların hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət, hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətdən ibarət olmaqla, onun 25.11.1996-cı il tarixdə ehtiyata buraxıldıqdan sonra qanunvericiliyə əlavə edilmişdir. Belə ki, 29 iyun 2004-cü il tarixdə qəbul edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun 20.10-cu maddəsinə əsasən məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 15.05.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Hazırki iş materiallarından da görünür ki, iddiaçı Dövlət Təhlükəsizlik Xidmətindən 25 noyabr 1996-ci il tarixdə ehtiyyata buraxılmış, buna görə də onun təminat xərcliyi qanunvericiliyə əsasən xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi əlavələr 25.11.1996-cı il tarixdə ehtiyata buraxılana qədər ona ödənilmədiyi üçün həmin əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqəsinin verilməsi barədə tələbi əsassızdır və buna görə də birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5672/2020 saylı 10 dekabr 2020-ci il tarixli qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5672/2020 saylı 10 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar