Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-923/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (qanuni təmsilçi) X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3225/2021 saylı 21.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı mübahisələndirmə haqqında (İPM m.32.1.) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 noyabr 2020-ci il tarixli, **********205300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdeh idarənin həmin qərara əsəsən kameral vergi yoxlaması nəticəsində müəssisəyə iyul 2019 hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləği əsassız olaraq hesablanmışdır. Belə ki, müəssisənin fəaliyyəti ilə bağlı hesabatlar vaxtında tərtib edilərək vergilər dövlət büdcəsinə ödənilmişdir. 2018-ci ilin sentyabr ayından müəssisənin heç bir fəaliyyəti olmamış, mal qalığı yoxdur. 18.11.2020-ci il tarixində iyul 2019-cu il üçün vergi hesabatı dövrü üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği müəyyən edərək kameral qaydada əlavə vergi məbləği hesablamış və bu barədə 18.11.2020-ci il tarixli qərar qəbul etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, 2019-cu ilin iyul ayı üçün əlavə dəyər vergisi bəyannaməsinin Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə 03.09.2019-cu il tarixli “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə” xəbərdarlıq göndərilmişdir. Yaranmış uyğunsuzluqlar əsasında Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu ilin iyul ayı üçün əlavə dəyər vergisi üzrə 42 337,70 manat vergi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17.12.2019-cu il tarixli **********825000 nömrəli qərar qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3225/2021 saylı 21.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən "xxxx" MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 noyabr 2020-ci il tarixli **********205300 nömrəli qərar ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Məhkəmənin qərarında vergi orqanı tərəfindən hesablamanı təsdiq edən sənədlər, eləcə də, vergi ödəyicisinin dövriyyəsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmadığından qərar qanunsuz və əsassız hesabedilmişdir. Araşdırma zamanı cəmiyyət tərəfindən 01.01.2017-31.12.2017-ci il tarixə kimi kimi ƏDV məbləği 426.932,53 manat dəyərində elektron qaimə faktura verilməsinə baxmayaraq. Həmin dövr üçün təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV məbləği 396.207,59 manat göstərildiyi müəyən edilmişdir. Eyni zamanda, 21.04.2020-ci il tarixli məktubla məlumatların təqdim edilməsi ilə bağlı göndərilmiş cəmiyyətin 2017-2018-ci illər üzrə ƏDV dövriyyələri barədə məlumatlarda 2017-ci ilin avqust ayının ƏDV bəyannaməsi üzrə dövriyyə 1.313,0 manat (ƏDV 236,34) olmasına baxmayaraq, 05.12.2017-ci il tarixdə 2017-ci ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində 24.988,59 manat (ƏDV 4.497,95) dövriyyə məbləği göstərilmişdir. Həmçinin, cəmiyyət tərəfindən 2017-ci il ərzində 106.441,25 manat, 2018-ci il ərzində 784,89 manat ödəniş edilməsinə baxmayaraq, 19.02.2018-ci il tarixdən sonra dövlət büdcəsinə heç bir ödəniş edilməmişdir. Araşdırma zamanı 2019-cu ilin iyul ayı üçün əlavə dəyər vergisi bəyannəməsinin Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə təqdim edilməməsi vergidən yayınma halı kimi, qiymətləndirilərək, vergi ödəyicisinə 03.09.2019-cu il tarixli hesablanaraq vergilərin hesablanması barədə 17.12.2019-cu il tarixli qərar qəbul olunmuşdur. Məhkəmə prosessual hüquq normaları ilə üzərinə düşən vəzifəni icra etməmiş, işdə olan sübutları qiymətləndirməmiş, işin tam və ətraflı araşdırılması üçün əlavə sübut və sənədlər tələb etməmiş, qərarda göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Həsənova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) R.Rəsulzadə apellyasiya şikayətinə etirazını bildirərək, göstərmişdir ki, mübahisələndirilən qərarın qəbul olunduğu dövrdə müəssisənin fəaliyyəti olmamış, boş bəyannamələr təqdim etmiş, sadəcə olaraq 2019-cu ilin iyul ayı üçün ədv bəyannaməsini gecikdirmiş, lakin sonradan dəqiqləşdirilmiş bəyannamə tərəfindən təqdim edilmişdir. Cavabdeh isə ona hesabatın vatında verilmədiyinə görə əsassız olaraq mübahisələndirilən qərarı ilə müəssisəyə 42525,78 manat məbləğində əlavə vergi hesablamışdır. Hesab edir ki, qərar əsassızdır birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmalıdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (”İPM) 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdehin iş materiallarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 noyabr 2020-ci il tarixli, **********205300 №-li qərarından görünür ki, kameral yoxlama ilə iddiaçıya 2019-cu ilin iyul ayı üçün əlavə dəyər vergisi bəannaməsi üzrə 42.337,70 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Həmin vergi məbləğinin hesablanmasına əsas kimi isə göstərilir ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmışdır. Aşağıdakılara görə məhkəmə kollegiyası cavabdeh vergi orqanının qeyd olunan qərarı ilə razılaşmır. Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Həmin Məcəllənin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinin 5-ci hissəsinə əsasən vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmin Məcədlənin 57.1-ci maddəsi nəzərdə tutur ki, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. İş materiallarına (şəxsi hesab vərəqinə, NKA çeklərinə və s.) əsasən müəyyən olunur ki, əslində, iddiaçı 2019-cu ilin mübahisələndiriləniyul ayında, həm də bundan əvvəl və sonrakı aylarda faktiki olaraq fəaliyyətdə olmamış, 18.11.2020-ci il tarixində isə onun tərəfindən verilmiş 2019-cu ilin iyul üçün dəqiqləşmiş ƏDV bəyannaməsi vergi orqanına təqdim edilmiş, lakin sonuncu tərəfindən qəbul olunmamış, hesabatın (arayışın) müəyyən edilən müddətdə təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq edilməsi lüzum görülməmiş, əsaslandırma olmadan iddiaçıya əlavə dəyər vergisi hesablanmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həm iddia ərizəsinə etirazında, həm də apellyasiya şikayətində cavabdehin Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə və 2017-2018-ci illər üzrə ƏDV dövriyyələrinə istinad etməsindən belə anlaşılır ki, həmin illərin dövriyyə göstəricilər nəzərə alınmaqla, 2019-cu ilin iyul ayı üçün iddiaçıya əlavə vergi hesablanmışdır. Lakin bu halda da hansı meyar və üsullardan istifadə etməklə v hansı əsaslardan çıxış edərək 42.337,70 manat məbləğində verginin hesablanmasına aydınlıq gətirilməmişdir. Yəni, qərarda əlaqəli məlumatın konkret nədən ibarət olması və hansı hesablama metodunun tətbiq edildiyi və həmin vergi öhdəliyinin haradan və necə yarandığı bəlli deyil. Faktiki olaraq, iddiaçının şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən də məhz müəyyən olunur ki, 2018-ci ilin sentyabr ayından etibarən (2020-ci və bundan sonra da) demək olar ki, müəssisənin fəaliyyəti mövcud olmamışdır. Məhz, bunun məntiqi nəticəsidir ki, vergi orqanı tərəfindən müəssisəyə 2019-cu ilin iyul ayı üçün 42.337,70 manat məbləğində əlavə dəyər vergisinin hesablanması vergi qanunvericiliyinin tələblərinə uyğun olduğu və həqiqəti əks etdirdiyi sübuta yetirilmir. Vergi Məcəlləsinin 53.3-ci maddəsinin 2-ci hissəsindən isə görünür ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.3-cü maddəsinin 3-cü hissəsinə əsasən isə vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin 18 noyabr 2020-ci il tarixli, **********205300 №-li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarıın qanunsuz və iddiaçının hüquqlarını pozan inzibati akt kimi qiymətləndirir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilmiş və iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlinmişdlir Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə üzərinə düşən vəzifəni icra etmədiyini, işdə olan sübutları düzgün qiymətləndirmədiyini, qanunsuz və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3225/2021 saylı 21.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3225/2021 saylı 21.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-923/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-923/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver