Məhkəmə qərarları › İş №2-1(103)-924/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-924/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-924/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), X7 və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4050/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 42 kv.m.-dən ibarət mənzilin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4050/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 42 kv.m.- dən ibarət mənzilin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları onun adına qeydiyyata alınmışdır. İddiaçı həmin mənzilin yaşayış fondundan qeyriyaşayış fonduna keçirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə İdarəyə müraciət etmişdir. aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və əsilləri təqdim edilməmişdir. Bundan başqa,mənzilin qeyriyaşayış sahəsinə keçirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı (istismara icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahənin razılaşdırılmış eskizi, bildiriş məktubu və texniki rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Nümayəndə həmçinin bildirdi ki, müvafiq daşınmaz əmlak mənzil kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Göründüyü kimi, müvafiq daşınmaz əmlaka dair iddiaçı tərəfindən İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, həmçinin bununla bağlı inzibati orqanın hər hansı hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********54 saylı imtina məktubunda qeyd olunmuşdur ki, mənzillərin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı, qeyri-yaşayış sahəsinə keçirilmiş sahənin razılaşdırılmış eskizi, bildiriş məktubu və texniki rəyi sənədlər toplusuna əlavə edilməmişdir. İşdə olan Bakı şəhəri icra hakimiyyəti başçısının aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Nəsimi küçəsi, 50 saylı yaşayış evi 32 saylı mənzili üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. İşdən göründüyü kimi ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin memarlıq planlaşdırma bölməsi tərtib edilmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək aşağıdakı kimi əsaslandırmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmənin qərarında qeyd edilmişdir ki, iş materiallarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər mövcuddur və sadalanan sənədlər cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh inzibati orqan həmin halları nəzərə almamış, qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş və iddiaçının tələbinə qarşı hərəkətsizlik göstərərək onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddia məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkəsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarı ilə inzibati aktın qəbulindan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək haqlı olmamışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak mənzil kimi İddiaçı Ənvır oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanın hər hansı hüquqmüəyyənedici sənədlərini (müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi barədə qəbul komissiyasının aktı (istismarına icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahənin razılaşdırılmış eskizi, bildiriş məktubu və texniki rəy) təqdim etməmişdir. İnzibati orqan iddiaçının müraciəti ilə bağlı ona ünvanlandığı xx.xx.2019-ci il tarixli, **********54 saylı məktubda qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayaraq ərizəyə əlavə olunmuş sənədlərin surətlər olduğu, mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq sənədlər toplusuna əlavə edilmədiyi barədə bildirilmişdir. Həmin məktubla inzibati orqan tərəfindən iddiaçıya hüquqların dövlət qeydiyyatından imtina edilmədiyi müəyyən olunur. İddiaçı məktubda qeyd edilən nöqsanları aradan qaldırmamış və iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. AR Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyinin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) digər işərin bitməsini (son çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçiriləsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüqular arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatındn imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Lakin yuxarıda qeyd edilənləri birinci instansiya məhkəməsi nəzərə almamış və iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyin icrası haqqında iddia ilə məhkəmə qaydasında inzibati orqandan müəyyən hərəkətin edilməsi və ya hərəkətdən çəkilmə tələb olunur. Bu növ iddia əsasında normativ hüquqi aktın və ya inzibati aktın qəbul edilməsindən başqa istənilən növ hərəkətin edilməsi tələb oluna bilər. İddianın predmeti iddiaçı tərəfindən tələb olunan hərəkətin edilməsi və ya hərəkətdən çəkinmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydaİİsında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsi hüququn pozulması ilə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və hüquqi nəticənin baş verməsi şərtini iddianın mümkünlüyü şərti kimi müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan qanunla üzərinə düşən ohdəliyi yerinə yetirmiş, iddiaçının tələbinə qarşı hərəkəsizlik göstərməmiş, iddiaçı tərəfindən inzibati orqana hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsi inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün fiziki və ya hüquqi şəxsin ərizəsi olmalıdır. Qanunun 30.2.7-ci maddəsinə əsasən ərizəyə əlavə edilmiş sənədlərin siyahısı göstərilməlidir. Qanunun 30.3-cü maddəsinə əsasən təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə olunur. Qanunun 30.4-cü maddəsinə əsasən ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddianın mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4050/2019 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4050/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar