Məhkəmə qərarları › İş №2-1(103)-924/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-924/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-924/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 ("Xəzər Konsaltinq" Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1985-ci il tarixində Rusiya Federasiyasının Qorki şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi ) “əmlakın Dövlət reyestrində düzəliş edilməklə yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1628/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 06.09.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilə dair onun daimi əsaslarla istifadə hüquqları hissəsinin dəyişdirilərək, Daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyətçi kimi hüquqlarının qeydiyyata alınması və xüsusi mülkiyyətçi kimi mülkiyyətdən çıxarışın, texniki pasportun onun adına verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 noyabr 2016-cı il tarixində X3 (mülki etibarnamə əsasında) alqı-satqı müqaviləsi yolu ilə (N»3M-195) ünvan 3 ünvanında yerləşən mənzili adına rəsmiləşdirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında 30.12.2016-cı il tarixində DƏDRX-də hüquqları qeydiyyata alınmış, N°0973454 saylı mülkiyyətdən çıxarış verilmişdir. Mülkiyyətdən çıxarışda göründüyü kimi həmin mənzil əvvələr eyni şərtlərlə X4 mülkiyyətində olmuşdur. Sözügedən mülkiyyətdən çıxarışda onun hüququları, “xüsusi mülkiyyətçi” kimi deyil mənzildən daimi əsaslarla istifadə hüququ olan şəxs kimi qeyd edilmişdir. Sözügedən məsələyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə hüquqlarını xüsusi mülkiyyətçi olaraq DƏDRX-də qeydiyyatdan keçirilməsinə dair müraciəti idarə tərəfindən 21.08.2019-cu il tarixində imtina ilə cavablandırılmışdır. İmtinanın əsası kimi konkret olaraq heç bir fakt və qanun norması göstərilməmiş, qanunsuz olaraq imtina verilmişdir. Bu səbəbdən inzibati orqan tərəfindən qanunsuz şəkildə verilmiş imtinanı əsas gətirib məhkəmə qaydasında inzibati aktın qəbul edilməsinə dair inzibati orqanın üzərinə öhdəlik qoyulması mütləqdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2-1(81)-3866/2019 saylı qərardadı ilə (hakim R.Rzayev) İnzibati iş ərazi aidiyyəti üzrə baxılması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1628/2020 saylı, 12 mart 2020-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1628/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. 18.01.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1628/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1628/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan SSP Nazirlər Sovetinin 02.03.1984-cü il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Nümunəvi Müqavilə”nin və Bakı şəhər Xəzər rayon İcra hakimiyyəti başçısının 09.03.2016-cı il tarixli 132 saylı sərəncamının surətlərindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 2, ünvanında yerləşən 8 saylı mənzil vətəndaş X4 ailə tərkibi ilə daimi yaşayış yeri kimi rəsmiləşdirilərək, o, mənzilin icarədarı hesab edilmiş və onunla 29.03.2016-cı ildə nümunəvi müqavilə bağlanmışdır - 16.11.2016-cı il tarixli mənzil üzərində daimi istifadə hüquqlarının alqı-satqısı haqqında müqaviləsinin təsdiq olunmuş surətindən müəyyən edilir ki, X9 daimi istifadə hüquqları ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 07.04.2016-cı il tarixli Çıxarış əsasında ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən əldə edilmiş 16.11.2016-cı il tarixli qeydiyyat nömrəsi 11/1647 olan arayışa əsasən özünə məxsus ünvan 2-i 16.11.2016-cı ildən başlayaraq daimi istifadə hüquqlarını İddiaçı daimi istifadəyə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX ******* №-li çıxarışı ilə İddiaçı ünvan 4 ünvanına dair daimi istifadə hüququ 30.12.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2465 nömrəli reyestr kitabının 229514 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********66- 05101-091001 reyestr nömrəli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanının hüquq subyekti dövlət qeyd edilmişdir.(evin tikildiyi il 1953-cü il) - Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 29.08.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 12.06.2018-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Həmin ünvanda iş üzrə üçüncü şəxslər X9 və X7 qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 14.11.2019-cu il tarixli 887 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 01 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********52 saylı 30.04.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 2 ünvanında yerləşən mənzillər ayrı-ayrı tarixlərdə müxtəlif vətəndaşların adlarına qeydə alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisəli mənzilin iddiaçının mülkiyyətinə verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan 16.11.2016-cı il tarixli mənzil üzərində daimi istifadə hüquqlarının alqı-satqısı haqqında müqaviləsinin təsdiq olunmuş surətinə əsasən X9 daimi istifadə hüquqları ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 07.04.2016-cı il tarixli Çıxarış əsasında ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən əldə edilmiş 16.11.2016-cı il tarixli qeydiyyat nömrəsi 11/1647 olan arayışa əsasən özünə məxsus ünvan 2-i 16.11.2016-cı ildən başlayaraq daimi istifadə hüquqlarını İddiaçı daimi istifadəyə vermişdir. Eyni zamanda X5 da həmin mənzil Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin sərəncamı ilə daimi yaşamaq üçün istifadəyə verilmişdir. Göründüyü kimi iddiaçıya qeyd edilən mənzil üzərində yalnız istifadə hüququ verilmiş, onun həmin mənzil üzərində tam mülkiyyət hüququnun olmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1628/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1628/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar