Məhkəmə qərarları › İş №2-1(103)-924/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-924/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-924/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X7 qızının katibliyi ilə, 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbi barədə mübahisəyə dair iş üzrə "xxxx" ASC, X6 tərəfindən verilmiş ərizələr üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-1864/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İş üzrə aparılan icraatlar : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 17 mart 2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 nömrəli binanın 2-ci korpusu 2-ci girişi 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahəsinin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, buna dair çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq icraatında iddiaçı şifahi vəsatətlə müraciət edərək, onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m. qeyri yaşayış sahəsinin və Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 nömrəli binanın 2-ci korpusu 2-ci girişi 1-ci mərtəbədə yerləşən 100 kv.m. qeyri-yaşayış sahələrinin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı iddia tələbinin eyni cavabdehə qarşı yönəldiyini nəzərə alaraq bir icraatda baxılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 may 2017-ci il tarixli qərardadı ilə vəsatət təmin olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmişdir. Həmin qərar cavabdeh orqan tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən icra edilmiş və İddiaçı mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində 186 nömrəli reyestr kitabının 17456 nömrəli vərəqində qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra Səfərova Günel Şakur qızı iş üzrə maraqlarına toxunan şəxs qismində apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1864/2017 saylı, 18 may 2017-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə Səfərova Günel Şakur qızının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq birinci instansiya məhkəməsinin müvafiq qərarının Səfərova Günel Şakur qızının maraqlarına toxunduğuna görə onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 saylı, 31 may 2018- ci il tarixli qərardadı ilə (hakim X.İmanov) Səfərova Günel Şakur qızının üçüncü şəxs qismində cəlb olunması ilə bağlı ərizəsi təmin olunmamışdır. Səfərova Günel Şakur qızı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2018 saylı, 16 avqust 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 saylı iş üzrə 31 may 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Səfərova Günel Şakur qızı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2084/2018 saylı, 16 avqust 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin müvafiq iş üzrə qəbul edilmiş qərardadının ləğv edilməsini və onun üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2244/2018 saylı iş üzrə, 04 dekabr 2018-ci il tarixli qərarı ilə Səfərova Günel Şakur qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin X2 2- 1(103)-2084/2018 saylı iş üzrə 16 avqust 2018-ci il tarxili qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-512/2019 saylı iş üzrə 07 fevral 2019-cu il tarixli qərardadı ilə Səfərova Günel Şakur qızı hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-232020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə üçüncü şəxs Səfərova Günel Şakur qızının apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2-1(82)-1864/2017 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sonradan "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə üçüncü şəxs qismində cəlb edilərək icraatın təzələnməsini xahiş etmişdir. X1 məhkəməyə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə üçüncü şəxs qismində cəlb edilərək icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1864/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizələr təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “çıxarışın və texniki pasportun verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata "xxxx" ASC, X6 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı isə ləğv edilərək, hazırki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın qanunsuz və əsassız olduğunu və ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İnzibati Prosessual Məcəllənin 28.2-ci maddəsinin tətbiqi zamanı səhvə yol vermişdir. Belə ki, ilk öncə "xxxx" ASC-nin təqdim etdiyi ərizədə də qeyd olunduğu kimi “X10 ” MMC-nin Bakı şəhəri. Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talibi küçəsində inşa etdiyi 1 saylı binada olan bir sıra mənzillər, qarajlar və qeyri-yaşayış sahələri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1 (103)-345/2010 saylı qərardadı ilə "xxxx" ASC-nin istifadəsinə və sərəncamına verilmişdir. Lakin, həmin qeyri-yaşayış sahəsi artıq 2009-cu ilin 28 fevral tarixində İddiaçı ilə “X10" MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə 28 ferval 2009-cu il tarixli maliyyə arayışı əsasında İddiaçı mülkiyyətində idi. Buna görə də, qeyd olunan yaşayış sahəsinin 2-l(103)- 345/2010 saylı qərardadı ilə "xxxx" ASC-yə verilməsi qeyri-mümkün idi və bu İddiaçı mülkiyyət hüququnun pozulmasına gətirib çıxarırdı. Buna görə də, həmin qərardad ilə qeyri-yaşayış sahəsinin “Rabitə bank" ASC-yə verilməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1 (82)-1864/2017 nömrəli qərarının ləğv edilməsi üçün əsas hesab oluna bilməzdi. Çünki həmin qərardad 3-cü şəxsin maraqlarına toxunur. Bu halda barışıq sazişi də təsdiqlənə bilməzdi. X3 iş üzrə üçüncü şəxs qismində cəlb olunmasına gəldikdə isə məhkəmə nəzərə almalıdır ki, hazırda X6 ilə “X11 ” MMC, İddiaçı arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatında mülki mübahisə mövcuddur. Həmin iş iş üzrə məhkəmə mübahisəsinə baxılıb bitmədən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1864/2017 nömrəli qərarı ləğv oluna bilməzdi. Lakin məhkəmə həmin hissəyə diqqət yetirməmişdir və birbaşa Talıbov Elmar tərəfindən verilmiş ərizəni qərarın ləğv edilməsi üçün əsas kimi qəbul etmişdir. Bu isə formal yanaşmadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X3 vəkili və nümayəndəsi Vəkil2 apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Hazırkı iş üzrə Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin : 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. ... qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. ... İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz.” “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Yuxarda qeyd edilənlərdən də göründüyü kimi, zəruri cəlb etmə o halda mövcud olur ki, məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olmuş olsun. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/2010 saylı, 13 avqust 2010-cu il tarixli qərardadı ilə "xxxx" ASC ilə “X11” MMC arasında barışıq sazişi təsdiq edilmiş, “X11” MMC tərəfindən qərardadda göstərilən şəxslərə satılmış mənzillər üzrə xx.xx.2010-cu il tarixə həmin şəxslərin borc qalıq məbləğlərinin borc bağlanadək yığılması, həmin məbləğlərə istənilən sərəncam verilməsi hüququ "xxxx" ASCyə verilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsinin müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əsədov, 1 ünvanında yerləşən (ümumi sahəsi 267,6 kv.m) qeyriyaşayış sahəsi “X11” MMC-yə məxsus 28/02/09 saylı xx.xx.2009-cu il tarixli müqaviləyə, Maliyyə arayışına, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1864/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, Rabitəbank” ASC-nin məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında cəlb edilməsi üçün zəruri hallar (hüquqi maraqlarına toxunan) mövcuddur. Həmçinin birinci instansiya məhkəməsi X4 da haqlı olaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir. Belə ki, ərizəçi tərəfindən əlavə edilən sənədlərdən görünür ki, İddiaçı ilə “X11” MMC arasında 300 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə dair 28 fevral 2009-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda X6 ilə “X11” MMC arasında xx.xx.2008-ci il tarixli bağlanmış olan müqavilə əsasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 (bir) saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 47 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi MMC tərəfindən ona verilmiş və onun istifadəsində olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi aşağıda qeyd edilənləri öz qərardadında vurğulamışdır : “X6 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülki məhkəmə mübahisəsi zamanı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 (bir) saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 47 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin X5 təhvil verilməklə, həmin mənzillə bağlı şəxsə münasibətdə maneələrin törədilməsi “X11” MMC-yə qadağan edilmişdir.” Göründüyü kimi, hər iki üçüncü şəxsin zəruri qaydada cəlb edilməsi üçün əsaslar mövcud olmuş və məhkəmə tərəfindən lazımı qaydada əsaslandırılmışdır. İddiaçının apelyasiya şikayətinə münasibətdə isə Kollegiya bildirir ki, məhkəmə qərarının ləğv edilərək, icraatın təzələnməsi hər hansı şəxsin hüquqlarının pozulması demək deyil, əksinə iş üzrə maraqlarına toxunulan şəxslərin hüquqi maraqlarının təmin edilməsi və işin hər tərəfli, obyektiv araşdırılması məqsədi ilə işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi deməkdir. Konstitusiya Məhkəməsinin yuxarda qeyd edilən mövqeyindən də aydın olduğu kimi, hazırki iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktının ləğvi və iş üzrə icraatın təzələnməsi, üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsi zərurətindən irəli gələn prosessual qaydadır. Zəruri cəlb etmənin mövcudluğu üçün də kifayət qədər əsas olduğundan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının qanuni və əsaslı olmasını əsas götürərək, ləğv edilmədən qüvvədə saxlanılmalı olduğunu hesab edir. AR İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1864/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər; Kamran Əkbərov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar