Məhkəmə qərarları › İş №2-1(103)-924/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-924/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-924/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi barədə qərarın qeyd hissəsinin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11225/2023 saylı, 29 sentyabr 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan ümumilikdə 407.217,60 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab etməklə həmin borc məbləğinin silinməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdehlikdən çıxarılması barədə ərizə verərək iddia tələbini yalnız cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı irəli sürərək həmin Mərkəzi filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-55343/2023 №-li “əmək pensiyasının təyin edilməsi haqqında” qərarın “qeyd” hissəsinin ləğv edilməsi və iddiaçıya artıq ödənilmiş pensiya məbləği qismində müəyyən edilmiş 407.217,69 manat artıq ödəmə borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdehlikdən çıxarılması barədə ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibati icraat aparılan zaman aparılmış araşdırma barədə məlumat verilmiş və həmin inzibati icraatın nəticəsindən razı olduqlarını bildirərək iddiaçıya 65 yaşı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hazırda digər cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Hər iki cavabdehdən narazı olduqları hal ondan ibarətdir ki, hər iki cavabdeh tərəfindən artıq ödəmə şəklində iddiaçıya ödənilmiş pul geri tələb edilməkdədir. Hesab edir ki, bu hərəkət qanunvericiliyə ziddir. Belə ki, iddiaçıya 2007-ci ildə pensiya təyin olunan zaman DSMFnin vəzifəli şəxsləri tərəfindən tələb olunan sənədlər tərəflərindən təqdim olunmuş, eləcə də DSMF orqanı tərəfindən aparılmış araşdırmalar zamanı əldə edilmiş sənədlər əsasında iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. Hazırkı araşdırma zamanı müəyyən edilmiş hallar (pozuntular) barədə iddiaçıda məlumat olmamışdır. Dolayısı ilə iddiaçının təyinatın düzgün aparılmamasında heç bir təqsiri mövcud olmamışdır. Bu əsasdan “İnzibati icraat haqqında” qanunvericilikdə nəzərdə tutulmuş etimad hüququnun qorunması prinsipinə əsasən artıq ödəmə kimi hesablanmış pul məbləğinin iddiaçıdan tutulması əsassızdır Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçıya əsassız olaraq xx.xx.2007-ci il tarixdən pensiya təyinatı aparılmış, nəticədə 407.217,69 manat artıq ödəmə yaranmışdır. Bu hal vətəndaşa izah edilmiş və onun tərəfindən qəbul edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-55343/2023 nömrəli qərarda müvafiq qeydin olmasına baxmayaraq, iddiaçının əmək pensiyasından hər hansı tutulma aparılmır. Ona görə də, iddia mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11225/2023 saylı, 29 sentyabr 2023-cü il il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 55343/2023 №-li “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarının “Qeyd” hissəsinin ləğv edilməsi və İddiaçı artıq ödənilmiş pensiya məbləği qismində müəyyən edilmiş 407.217,69 manat artıq ödəmə borcunun silinməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Lakin iş materiallarından göründüyü kimi iddiaçıya əsassız halda xx.xx.2007-ci il tarixdən pensiya təyinatı aparılmış, nəticədə 407.217,69 manat artıq ödəmə yaranmışdır. Bu hal vətəndaşa izah edilmiş və onun tərəfindən qəbul edilmişdir. Həmçinin, xx.xx.2023-ci il tarixli 3-171/3-1-55343/2023 nömrəli qərarda müvafiq qeydin olmasına baxmayaraq, İddiaçı əmək pensiyasından hər hansı tutulma aparılmır. İş materiallarından göründüyü kimi İddiaçı yanlış pensiya təyinatı nəticəsində 407.217,69 manat artıq ödəmə məbləğinin yaranmasını təkzib etmir. Beləliklə, məhkəmə müvafiq qərarla inzibati orqanın inzibati icraat aparmaq, o cümlədən məhkəməyə müraciət hüququnu məhdudlaşdırır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2007-ci il tarixdən DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2023-cü ildə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatının səhv aparılması barədə araşdırma başlanılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3-8671/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçıya əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi, iddiaçıya bu barədə məlumat verilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3-8680/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/3-1- 55343/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərarda “XŞTMF-dən güzəştli şərtlərlə pensiya alıb, pensiya ödənişi xx.xx.2023-cü ildə dayandırılıb, Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ olmadığından 407217,69 manat artıq alma aşkarlanmışdır” məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir. İddiaçı hazırda cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia irəli sürərək həmin Mərkəzi filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-55343/2023 №-li “əmək pensiyasının təyin edilməsi haqqında” qərarın “qeyd” hissəsinin ləğv edilməsi və iddiaçıya artıq ödənilmiş pensiya məbləği qismində müəyyən edilmiş 407.217,69 manat artıq ödəmə borcunun silinməsini tələb edir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti də iddiaçının tələbinin təmin edilməsindən imtina və iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmiş və xx.xx.2023-cü ilədək ödənilmişdir. 2023-cü ildə iddiaçıya pensiya təyinatının düzgün aparılmaması ilə əlaqədar araşdırma aparılmış, iddiaçı bu məqsədlə Filiala dəvət edilmiş və yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçı bununla razılaşmışdır. Hazırda iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərarın “Qeyd” hissəsini mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması (1 yanvar 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 30 dekabr 2022-ci il tarixli 793-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (1 yanvar 2023-cü ildən qüvvəyə minmişdir) ilə 39.1-ci maddənin mətni ikinci cümlə hesab edilmişdir və aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.” “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-cü maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunubqorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənilib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh inzibati orqan apellyasiya şikayətində İddiaçı yanlış pensiya təyinatı nəticəsində 407.217,69 manat artıq ödəmə məbləğinin yaranmasını təkzib etməməsinə istinad etsə də, bu hal heç də birinci instansiya məhkəməsini qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların tələblərinə əsasən iddiaçıya ilk dəfə güzəştli şərtlərlə pensiya təyinatı aparılarkən onun etimad hüququnu istisna edən Qanunun 67.6-cı maddəsində sadalanan hallardan hər hansı birinin olması müəyyən edilmir. Normada göstərilən etimad hüququnu istisna edən hallar, cavabdeh inzibati orqanlar tərəfindən iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiyanın dayandırılması, ləğv olunması, yaşa görə əmək pensiyasının təyin edilməsi və bu qərarların qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraat zamanı da müəyyən edilməmişdir. Ona görə də, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə məktub göndərməsi barədə hərəkəti, eyni zamanda cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarının “Qeyd” hissəsində artıq ödənilmiş pensiya məbləğinin göstərilməsi məzmunda qeydi, iddiaçının hüquqlarına toxunur və gələcəkdə ona ödənilməli olan pensiya məbləğindən tutulmaların, əvəzləşdirmələrin aparılmasına səbəb olacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11225/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11225/2023 saylı, 29 sentyabr 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar