Məhkəmə qərarları › İş №2-1(103)-924/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-924/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-924/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X17, X3, X4, X13, X14, X15, X18, X19) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X11 ibarət tərkibdə, X26 oğlunun katibliyi, İddiaçı iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9865/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, 72518379 nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2020-ci il təvəllüdlü X18, xx.xx.1988-ci il təvəllüdlü X4, xx.xx.1984-cü il təvəllüdlü X13, xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.2013-cü il təvəllüdlü X19, xx.xx.1956-cı il təvəllüdlü X17, xx.xx.1959-cu il təvəllüdlü X14, xx.xx.1982-ci il təvəllüdlü X3, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 88.29 kv.m olan 14 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı oğlunun adına xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 58.29 kv.m olan 4 otaqlı 14 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X8 adına xx.xx.2007-ci il tarixdə ********* nömrəsi ilə qeydiyyata alınmışdır.

4. X5 notarial qaydada təsdiqlənmiş xx.xx.2022- ci il tarixli ərizəsində qeyd etmişdir ki, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilin satılmasına etiraz etmir, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

5. -X1 notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilin satılmasına etiraz etmir, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

6. X2 notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilin satılmasına etiraz etmir, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

7. X6 notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilin satılmasına etiraz etmir, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X16 X3, X4, X13, X14, X15, X18, X9 ünvan 3 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı bildirir ki, ünvan 3 ünvanda yerləşən mənzili 29 avqust 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X7 almışdır və mənzil onun adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçirilərək xx.xx.2022-ci il tarixdə çıxarış verilmişdir. Bu ünvanda qeydiyyatda olanlar X17, X3, X4, X13, X14, X15, xx.xx.2020-ci il təvəllüdlü X18 və xx.xx.2013-cü il təvəllüdlü X19 bu ünvanda yaşamırlar, mənzil ona satdıldıqdan sonra tərk edərək getmişlər və harada yaşamaları məlum deyildir. Bu şəxslərin onun mülkiyyətində olan mənzildə qeydiyyata qalması səbəbindən bir mülkiyyətçi kimi onun hüquqları kobud şəkildə pozulmuşdur. Onların pasport qeydiyyatında qalması onun bir mülkiyyətçi kimi mənzillə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, hüquqlarını məhdudlaşdırır.

10. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9865/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X17, X3, X4, X13, X14, X15, X18, X19 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9865/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

13. Üçüncü şəxs X13 apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ev satılarkən tərəflər arasında baş vermiş razılığa əsasən üçüncü şəxslər qeydiyyatda olduqları ünvandan 2026-cı ildə çıxmalı idilər. Həmin evdə qeydiyyatda qalmalarının digər səbəbi isə iddiaçının üçüncü şəxslərə verməli olduğu pul məbləğinin müəyyən hissəsini verməməsi ilə bağlıdır. Eyni zamanda, başqa yerdə qeydiyyata düşməklə bağlı müəyyən çətinliklər yarandığından hazırda qeydiyyatda olduqları ünvandan çıxa bilmirlər.

15. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin rədd edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılımasını məhkəmədən xahiş etdi.

18. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştrak etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ 22.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

26. Belə ki, hazırkı işin hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 14 saylı mənzil xx.xx.2022-ci il tarixdən İddiaçı oğlunun mülkiyyətindədir. İddiaçının qeydiyyatdan çıxarılmasını xahiş etdiyi üçüncü şəxs X17 mənzilin keçmiş mülkiyyətçisi, digər üçüncü şəxslər isə onun qohumlarıdır.

27. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X17 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 88.29 kv.m olan 14 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə verir və müqavilə tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də ünvandan qeydiyyatdan çıxmamışdır.

28. Bakı İnzibati Məhkəməsini xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti vermiş X13 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsində qeyd etmişdir ki, alqı-satqı müqaviləsində qeyd olunmuş müddətdə, yəni xx.xx.2023-cü ilədək mənzili tərk etməyi və mənzildən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi apellyant olan Şahlar Ramazanov üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçıraraq, iddiaçı ilə şifahi razılaşma əsasında 2026-cı ilə kimi qeyd olunan mənzildə pasport qeydiyyatında qalmasına dair razılıq əldə edilməsinə istinad etsə də buna dair hər hansı bir dəlili məhkəməyə təqdim edə bilmir.

29. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********75 nömrəli məktubuna əsasən sorğuda üçüncü şəxslərin ünvan 3 ünvanı üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

30. Göründüyü kimi üçüncü şəxslər həmin ünvanda qeydiyyatda olsa da, onlar hazırkı mülkiyyətçinin ailə üzvü deyillər, həmin ünvanda faktiki olaraq yaşamırlar.

31. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”

32. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduqlarından mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.

33. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

34. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

35. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə yaşamadıqları halda, onların mübahisəli həmin mnzildə pasport qeydiyyatının qalmaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə olan halda, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyi baxımından, cavabdeh orqan tərəfindən iddiaçının üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları barədə ərizəsinin təmin olunmasından imtina edilməsi, onun qanunla qorunan mülkiyyət hüquqlarının birbaşa pozur.

36. İPM-in 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9865/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9865/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar