Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-925/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar – X4 və X3 Cavabdeh - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı 3-cü şəxs - Azərbaycan Respublikası Maliyyə Nazirliyi “kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, X10 və X11 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, X1 və X3 iştirakı ilə, X1 və X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2519/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ X1 və X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə qarşı Bakı şəhəri Nərimanov rayon X12 Şöbəsinin qanunsuz qərarı və məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onlara dəymiş 10000 ABŞ dolları və 6000 manat məbləğində zərərlə bağlı kompensasiyanın verilməsinin üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2519/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddia ərizəsi Bakı şəhəri Nərimanov rayon X13 Şöbəsi tərəfindən məhkəmə qərarının icra edilməməsi ilə bağlı hərəkətsizliyə görə kompensasiya verilməsi barədə olsa da, məhkəmə qəsdən qərardadda Nərimanov RPİnin Təhqiqat Şöbəsini göstərmişdir. Bundan başqa iddia ərizəsində İPM-nin 2.2.7-ci maddəsinə istinad olunsa da, məhkəmə iddia tələbinin İPM-nin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidiyyatın müəyyən olunmamasını göstərmişdir. Həmçinin məhkəmə bu iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdırsa, qəbul etdiyi qərardadda iddianın mümkün sayılmaması ilə yanaşı iddiaçıya aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnu da izah etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə cavabdeh və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçılar məhkəməyə müraciət edərkən Bakı şəhər Nərimanov RPİ tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarın Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv edildiyinə, toplanmış material üzrə araşdırmanın davam etdirilməsinin qərara alındığına, məhkəmə nəzarəti qaydasında işə baxılarkən iddiaçıların şikayəti əsasında toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlamanın aparılmadığının, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki hallarının araşdırılmadığının, xx.xx.2019-cu il tarixli qərarın “qərar verdim” hissəsində şikayətçilərə münasibətdə konkret mövqenin bildirilmədiyinin müəyyən olunduğuna, müstəntiqin məhkəmənin ləğv qərarına əhəmiyyət verməyərək araşdırmanı təkrar davam etdirməkdə maraqlı olmadığına istinad etmiş və buna görə də məhkəmə qərarını bilərəkdən icra etməyən Nərimanov RPİ-nin İŞ-nin rəisinin bu qanunsuz hərəkətlərinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi ilə bağlı cavabdehdən kompensasiya tutulmasını xahiş etmişlər və bu tələblərini də İPM-nin 2.2.7-ci maddəsi ilə əsaslandırmışlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. İddiaçıların iddia ərizəsindən göründüyü kimi, onların iddia tələbi cinayət təqibinin həyata keçirilməsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçılar ona istinad etmişlər ki, Bakı şəhər Nərimanov RPİ tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərar Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv edilmiş və həmin qərarla toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmış, eyni zamanda məhkəmə nəzarəti qaydasında işə baxılarkən müəyyən olunmuşdu ki, iddiaçıların şikayəti əsasında toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmamış, xx.xx.2019-cu il tarixli qərarın “qərar verdim” hissəsində şikayətçilərə münasibətdə konkret mövqe bildirilməmişdir. Buna baxmayaraq müstəntiq məhkəmənin ləğv qərarına əhəmiyyət verməyərək araşdırmanı təkrar davam etdirməkdə maraqlı olmamış və buna görə də məhkəmə qərarını bilərəkdən icra etməyən Nərimanov RPİ-nin İŞ-nin rəisinin bu qanunsuz hərəkətlərinə görə onlara dəymiş ziyanın əvəzi ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 451-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Qeyd olunan normaların məzmunundan da görünür ki, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması cinayət prosessual qanunvericiliyin tələbləri ilə məhkəmə nəzarəti qaydasında həyata keçirilir. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçılar tərəfindən tələb olunan ziyan “istinad etdikləri Nərimanov RPİ İŞ-nin rəisinin qanunsuz hərəkətləri ilə bağlı onlara vurulmuş ziyan” olmaqla yanaşı, cinayət təqibinin həyata keçirilməsi ilə bağlı olmuşdur. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. Hazırki iş üzrə iddiaçıların tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan məsələlər sırasına aid deyildir. Buna görə də belə mübahisəyə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddiaçıların iddiasının qeyri-mümkün hesab olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya şikayətinin “səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun iddiaçılara izah olunmaması” barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, yuxarıda da göstərildiyi kimi, iddiaçıların cinayət təqibini həyata keçirən orqanın hərəkətlərindən narazı qaldıqları təqdirdə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə nəzarəti qaydasında şikayət etmək hüquqları vardır. Beləliklə, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla yanaşı, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2519/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2519/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-925/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-925/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver