Məhkəmə qərarları › İş №2-1(103)-925/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-925/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-925/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4589/2020 saylı 03 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 15.12.1959-cu il təvəllüdlüdür. O, NZ seriyalı ******* saylı hərbi biletininə əsasən noyabr 1977-ci il tarixdən 11 dekabr 1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 19 avqust 1977-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, 23.08.1977-ci il tarixdən 20.10.1977-ci il tarixədək 84 nömrəli Tikinti İdarəsində 3-cü dərəcəli rəngsaz, 17.01.1980-ci il tarixdən 24.03.1980-ci il tarixədək 84 nömrəli Tikinti İdarəsində fəhlə, 21.04.1980-ci il tarixdən 22.08.1981-ci il tarixədək Əli-Bayramlı DRES-də 3-cü dərəcəli rəngsaz, 14.09.1981-ci il tarixdən N.Nərimanov adına NQÇİ-nin Tikinti quraşdırma sahəsində 4-cü dərəcəli quraşdırıcıçilingər, 01.04.1988-ci il tarixdən texnoloji boruların 4-cü dərəcəli quraşdırıcısı, 18.11.2003-cü il tarixdən tikinti quraşdırma sexinə 5-ci dərəcəli texnoloji boru xəttlərinin quraşdırıcısı peşəsinə keçirilmiş, 01.05.2008-ci il tarixdək həmin peşə üzrə işləmişdir. 01.05.2008-ci il tarixdən “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli texnoloji avadanlıq və onunla bağlı konstruksiyaların quraşdırıcısı peşəsinə qəbul edilmiş, 01.07.2010-cu il tarixdən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçirilmiş və hal-hazıradək həmin peşə üzrə işləyir. Dövlət Neft Şirkəti “Neftqaztikinti” trestinin SOCAR**********80020123X00036 saylı 11 fevral 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.05.2008-ci il tarixdən (əmr № 46-k, 01.05.2008-ci il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində texnoloji avadanlıq və onunla bağlı konstruksiyaların quraşdırıcısı peşəsi üzrə əmək fəaliyyətinə başlamış, 01.07.2010-cu il tarixdə (əmr №124-k, 01.07.2010-cu il) polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçirilmiş, 27.11.2014-cü il tarixdə (əmr № 344-k, 27.11.2014-cü il) əmək müqaviləsinə xitam verilmiş, əmək stajı 4 il 4 ay 27 gün təşkil etmişdir. 28.11.2014-cü il tarixdə (əmr № 952-k, 28.11,2014-cü il) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 31.08.2015-ci il tarixdə (əmr № 388-k, 31.08.2015-ci il) əmək müqaviləsinə xitam verilmiş, əmək stajı 9 ay 4 gün təşkil etmişdir. 01.09.2015-ci il tarixdə (əmr № SOCAR/15-2500/03- 10-000403, 01.09.2015- ci il) “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və hal-hazıradək bu peşədə işləyir. Onun əmək stajı 4 il 5 ay 11 gün təşkil edir. İddiaçı polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə iş stajı 9 il 7 ay 12 gün təşkil edir. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 01 saylı 10.03.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 14.09.1981-ci ildən 01.05.2008-ci il il tarixədək N.Nərimanov adına NQÇİ-nin Tikinti quraşdırma sahəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində işləmiş, 01.05.2008-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 “a” maddəsinə əsasən (öz təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onun işlədiyi peşələrin zərərli sahəyə aid olduğuna istinad edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********1saylı 10 aprel 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona 57 yaşdan, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, onun 57 yaşının tamam olduğu 30 iyun 2016-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 06 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal- hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənişlə ödənilməsi xahişi ilə cavabdehə rəsmi müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, orta təhsilini başa vurduqdan sonra 01.09.1976-cı il tarixdən 21.07.1977-ci il tarixədək Bakı şəhər 10 nömrəli Texniki Peşə Məktəbində təhsil almış, 23.08.1977-ci il tarixdən 20.10.1977-ci il tarixədək 84 nömrəli Tikinti İdarəsində rəngsaz işlədikdən sonra 12 noyabr 1977-ci il tarixdən 11 dekabr 1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 17.01.1980-cı il tarixdən 24.03.1980-cı il tarixədək 84 nömrəli Tikinti İdarəsində fəhlə, 21.04.1980-ci ildən 22.08.1981-ci il tarixədək Əli-Bayramlı DRES-nin Tikinti Quraşdırma İdarəsində rəngsaz, 01.09.1981-ci il tarixdən 01.04.1988-ci il tarixədək N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma quraşdırıcısı vəzifəsinə keçirilmiş və 01.05.2008-ci il tarixə kimi həmin peşədə işləmişdir. Eyni iş yerində çalışmaqla 01.05.2008-ci ildə Neftqaztikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin tabeçiliyində texnoloji avadanlıqların və onunla bağlı konstruksiyaların quraşdırıcısı vəzifəsində əmək fəaliyyətini 27.11.2014-cü il tarixə kimi həmin vəzifədə çalışmışdır. Eyni Trestin 4 saylı Tikinti Quraşdırma İdarəsində 28.11.2014-cü ildən 31.08.2015-ci il tarixə kimi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində, Neftqaztikinti Trestinin 7 saylı Tikinti Quraşdırma sahəsində 01.09.2015-ci il tarixindən halhazıra kimi polad və dəmir-beton konstruksiyalann quraşdırılması üzrə quraşdıncı peşəsində çalışır. Əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu 30 iyun 2016-cı il tarixinə qədər onun 38 ildən çox ümumi, 36 ilə yaxın güzəştli iş stajı toplamışdır ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğundur. O, cavabdehə pensiya təyinatı üçün sənədləri təqdim edərkən güzəştli staj barədə arayışı təqdim etməyi lazım bilməmiş, çünki hüququnun yarandığı dövrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılması üçün tələb edilən sənədlərin siyahısında güzəştli arayışın təqdim edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh də bu məsələyə öz imtina məktubunda irad tutmadığı üçün bu məsələnin hazırki iddia işində mübahisələndirilməyən hal kimi qəbul edilməli olmasını hesab edir. Cavabdeh orqanın onun 38 illik güzəştli iş stajını nəzərə almayaraq, onun 12 il 6 aylıq güzəştli iş stajının olmamasını qeyd etməsi absurddur. O, 01.09.1981-01.04.1988-ci illər ərzində 6 il 7 ay olmaqla N.Nərimanov adına NQÇl-nin Tikinti Quraşdırma İdarəsində quraşdırıcı-çilingər, 01.04.1988-01.05.2008-ci illər ərzində 20 il 1 ay olmaqla N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı, 01.05.2008-27.11.2014-cü illər əzində 6 il 6 ay 26 gün olmaqla Neftqaztikinti Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində 01.05.2008- 27.11.2014-cü il tarixlərində texnoloji avadanlıqların və onunla bağlı konstruksiyaların quraşdırıcısı vəzifəsində çalışmışdır. 1-ci bənddə adından da göründüyü kimi, Tikinti Quraşdırma İdarəsində 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri-bölməsində “inşası” və “qurulması” kimi müəyyənedici ifadələr bu peşənin güzəştli staj hüququ verən peşə olmasını sübut edir. 2- ci bənddə texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi cavabdeh tərəfindən “polad konstruksiyalann quraşdırıcısı” kimi qəbul edilməyib. Siyahının adında “göstəricilərin Siyahısı” ifadəsi də var və bu nəinki peşənin adını, həmçinin ümumiləşdirici bir addır. Ola bilər ki, bir idarədə yalnız polad konstruksiyalarla işlər həyata keçirilsin. Cavabdeh texnoloji boruları polad konstruksiya kimi hansı səbəblə qəbul etmədiyini izah etməlidir. 3-cü bənddəki staj dövrü ilə də məsələ eynidir. Bütün hallarda texnoloji avadanlıqları quraşdırmaq üçün polad və dəmir-beton konstruksiyalar quraşdırılmalıdır, çünki adı çəkilən idarələr dəniz şəraitində neft hasilatı obyektlərində inşaat və quraşdırma işləri həyata keçirirlər, bu da öz növbəsində stasionar polad və dəmir-beton konstruksiyaların kombinasoyasından ibarət olan dəniz özüllərinin, polad boru xətlərinin (həmin avadanlıqlarla bağlı olan, çünki dəniz şəraitində bütün qurğular hasil edilmiş neftin sahilə nəql edilməsi məqsədini güdür və bu prosesdə müəyyən prosesləri həyata keçirirlər). Hazırda onunla birgə çalışan X2 da Xəzərdənizneftqaztikinti Trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında 04 avqust 2006-08 avqust 2012-ci il tarixlərində texnoloji boru kəməri quraşdırıcısı vəzifəsində çalışmışdır. Həmçinin onun NeftqazTikinti Trestində polad və beton konstruksiyaların quraşdırıcısı peşəsindəki iş stajı güzəştli iş stajı kimi nəzərə alınmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2019-cu il, 2-1(102)-2643/19 nömrəli qərarı ilə həmin peşələr də daxil olmaqla onun 57 yaşdan güzəştli pensiya hüququ tanınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 51 saylı 12.03.2007-ci il tarixli əmrinə əsasən Xəzərdənizneftqaztikinti Trestinin adı Neftqaztikinti Trestinə dəyişdirilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə ondan qanunla tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Belə ki, iddiaçı 23.08.1977- 20.10.1977, 21.04.1980-22.08.1981 -ci il tarixlərində işləmiş olduğu rəngsaz peşəsini güzəştli hesab etsə də, həmin peşənin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı peşə ilə uyğunluq təşkil etməsi üçün, iddiaçı sadəcə rəngsaz deyil, “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işləmiş olmalı idi. İddiaçı 01.09.1981-1988-ci illərdə işləmiş olduğu quraşdırıcı-çilingər peşəsini güzəştli hesab etmişdir. Halbuki istinad etdiyi koda uyğun gəlməsi üçün iddiaçının məhz polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləmiş olmalı idi. Qalan dövrlərdəki peşələri ilə əlaqədar iddiaçı “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə istinad etsə də, peşəsinin həmin koda uyğun gəldiyini sübut edən hər hansı sənəd təqdim etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehə güzəştli arayışın təqdim edilməsini lazım bilməmişdir. Halbuki belə bir arayış olmadan yalnız əmək kitabçası ilə baxıldıqda iddiaçının işləmiş olduğu heç bir peşə güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrlə uyğunluq təşkil etmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4589/2020 saylı 03 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında onun 01.04.1988-01.05.2008-ci illərdə işlədiyi texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində topladığı güzəştli iş stajını güzəştli kateqoriyaya aid etməyərək, onun 57 yaşı tamam olan tarixə 12 il 6 aylıq güzəştli iş stajının olmadığını əsas kimi göstərmişdir. Məhkəmə işi hərtərəfli araşdırmamış, həqiqi hallar aydınlaşdırılmamış, onun istər ümumi, istərsə də xüsusi əmək stajı təhlil edilib müəyyənləşdirməmiş, tətbiq edilməli olan maddi hüquq normasını da diqqətdən kənarda qalmışdır. Ən başlıca kobud səhv ondan ibarətdir ki, birinci instansiya məhkəməsi ARDNŞ- nin arxivinə ünvanladığı sorğuda (oradan sonradan aidiyyatı üzrə N.Nərimanov adına NQÇİ-nə göndərilmişdir) onun 01.04.1988-01.05.2008-ci illərdə N.Nərimanov NQÇİdə texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsinin Siyahıda qeyd edilib-edilmədiyini sorğulayaraq aydınlaşdırmaq istəməmişdir. Burada vacib məqam ondan ibarətdir ki, həmin məhkəmə onun həmin müəssisədə 01.09.1981-01.04.1988-ci il tarixində N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində quraşdırıcı-çilingər vəzifəsinin Siyahıda qeyd edilib-edilmədiyini sorğulamamış və deməli, həmin staj dövrünü güzəştli staj kimi qəbul etmişdir. N.Nərimanov adına NQÇİ- dən həmin sorğuya verilmiş cavabda yalnız texnoloji boru kəmərləri quraşdırıcısı vəzifəsinin Siyahıda olmaması göstərilmiş və 01.09.1981-01.04.1988-ci il tarixində N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində işlədiyi quraşdıncı- çilingər peşəsi ilə əlaqədar heç bir məqam vurğulanmamışdır. Əslində birinci instansiya məhkəməsinin sorğunu düzgün tərtib etmədiyi göz qabağındadır. Birinci məsələ odur ki, əgər məhkəmə sadəcə „texnoloji borukəmərlərinin quraşdırıcısı” ifadəsinin identik olaraq Siyahıda olub-olmamasını özü də həmin Siyahını nəzərdən keçirərək müəyyən edə bilərdi. İkinci məsələ odur ki, həmin məhkəmə Siyahıda „polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” kriteriyasında həm peşə, həm də göstərici hissədən ibarətdir. Həmin kriteriyada „quraşdırıcı” ifadəsi peşəni (vəzifəni), „polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə “ ifadəsi isə göstəricidir və „ göstəricilərin Siyahısı” ifadəsi həmin Siyahının tam adının bir hissəsidir. Göstəricilər peşələr üzrə istiqamətverici rolunu oynayır. Yəni işçi ola bilsin ki, işlədiyi təşkilatın profilinə görə yalnız polad, digərləri isə yalnız dəmir -beton konstruksiyaların quraşdırılması işlərində çalışa bilər. Burada „ konstruksiyalar” sözü də çoxmənalı ümumiləşdirici bir ifadədir. N.Nərimanov adına NQÇİ-nin rəhbərliyi məhkəmənin göndərdiyi sorğuya onun soruşduğu sualı cavablandırmışdır. Birinci instansiya məhkəməsinin „məntiqinə” görə, işçinin vəzifəsi məhz „ polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı yazılarsa, onun həmin əmək stajı güzəştli sayıla bilər. Lakin burada da paradoksal yanaşma meydana çıxır. Belə ki, birinci instansiya məhkəməsi onun 01.09.1981-01.04.1988-ci il tarixində N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində quraşdırıcı-çilingər mübahisələndirməsə də, həmin dövrü güzəştli iş stajına daxil etməmişdir. Digər tərəfdən, N.Nərimanov adına NQÇİ-nə göndərilən sorğuda həmin məhkəmə Siyahıda hansısa vəzifə adının qeyd edilibedilməməsini deyil, „texnoloji boru kəmərləri dedikdə” polad boru kəmərlərinin (texnoloji boru kəmərlərinin polad konstruksiya olub-olmamasını) nəzərdə tutulub- tutulmadığını aydınlaşdırmalı idi. O, məhkəmə iclasında yazılı vəsatət verərək, 01.04.1988- 01.05.2008ci il tarixində N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində (cavabdehin mübahisələndirdiyi əmək stajı dövrü) texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsinin „polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə çilingərlər” peşəsinə uyğun gəlib-gəlmədiyini, həmin peşədə işlədiyi dövrdə ağır iş şəraitinə görə ona əmək haqqına əlavələrin ödənilib-ödənilmədiyini, illik ödənişli əmək məzuniyyəti günlərinə əlavə məzuniyyət günləri təqdim edilib-edilmədiyini sorğulaması barədə vəsatət versə də, onunla bağlı heç bir məlumat verilməmişdir. Məhkəmə tərəfindən onun quraşdırdığı texnoloji boru kəmərlərinin polad konstruksiya olub-olmaması aydınlaşdırılmalı idi, peşənin adının Siyahıda birbaşa qeyd edilib-edilməməsi deyil. Həmçinin 01.04.1988-01.05.2008-ci il tarixində N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi onun güzəştli iş stajına daxil edilməsə də, 16 ildən çox güzəştli iş stajı toplandığı üçün əslində, həmin məhkəmə bu araşdırmanı aparmaya da bilərdi. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında sahələrdə uygunsuzluq olduğunu, peşənin adlarının fərqli olduğunu bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 57 yaşdan, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” barədədir. İddiaçı onun 25 ildən artıq sosial sığorta stajına malik olduğunu, bu dövrün 12 il 6 ayından çoxunun güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 57 yaşı tamam olan 30 iyun 2016-cı il tarixədək, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixədək edilən dəyişikliyə qədər güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 25 il ümumi iş stajını toplasa da, həmin stajın 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olmadığına, eyni zamanda cavabdeh tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsinin əsaslı olmasına istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Kollegiya hesab edir ki, 01.07.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə edilmiş dəyişikliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 60 yaş həddinə çatma tələb olunsa da, həmin Qanunun 9.8-ci maddəsi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı (ümumi və güzəştli iş stajı) həmin dəyişiklik qüvvəyə minənədək tamam olan şəxslərə dəyişiklik qüvvəyə minənədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və iş yerindən arayışlar, həmçinin arxiv arayışlarını təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasına əsasən (işlədiyi dövrdən bu qərarın “İşin halları” adlanan təsviri hissəsində sadalanmışdır) onun 01.01.2006-cı il tarixə ümumi iş stajı 20 ildən artıq, yəni 20 il 3 ay 04 gün təşkil edir. İddiaçının 01.01.2006-cı il tarixə tələb olunan 12 il 6 ay xüsusi stajı ilə bağlı cavabdeh inzibati orqan həmin stajın toplandığına etiraz edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının zərərli iş sahəsində çalışdığı peşələrlə bağlı onun iş yerindən təfərrüatlı arayış alınmadığı üçün iddiaçının iddia etdiyi ona güzəştli şərtlə pensiya hüququ verən peşələrdə həqiqətən çalışdığını və bu peşənin yuxarıda adı çəkilən Siyahılarda nəzərdə tutulan məhz hansı koda uyğun gəldiyini müəyyən etmək mümkün deyildi. Bu barədə iddiaçı tərəfindən verilmiş vəsatətə də birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməmiş, belə ki, məhkəmə iclas protokolunda həmin vəsatətin verildiyi və ona münasibət öz əksini tapmamışdır. Həmçinin qeyd olunan əsaslı vəsatətin təmin olunmamasını məhkəmə öz qərarında da əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Bu məqsədlə apellyasiya baxışı zamanı SOCAR “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇ İdarəsinə müvafiq sorğu verilmiş, həmin sorğuya cavab olaraq bildirilmişdi ki, Müseyibov Zakir Müseyib oğlu 01.09.1981-ci il tarixdə Tikinti-Quraşdırma İdarəsinə quraşdırıcı-çilingər vəzifəsinə işə qəbul edilmiş, 01.04.1988-ci il tarixdə texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı çilngər vəzifəsinə keçirilmiş və 01 may 2008-ci il tarixdə işdən azad edilmişdir. Texnoloji boru kəmərləri polad konstruksiyalardır. Bu vəzifədə çalışanların əmək funksiyaları polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı çilingərlərin əmək funksiyaları və şəraiti ilə eynidir. Sadəcə Tikinti- Quraşdırma İdarəsi daxilində həyata keçirilən əmək bölgüsü səbəbilə işçilərin bir qrupu yalnız polad konstruksiyalar olan texnoloji boru kəmərlərinin quraşdırılması ilə məşğul olur ki, bu da həmin istiqamətdə iş həcminin böyük olmasından irəli gəlir. Texnoloji boru kəmərləri dedikdə, neft hasilatı texnologiyasının tərkib hissələri olan hasil edilmiş neftin dəniz platformalarında sahilə nəql edilməsi, laylara suvurma boru kəmərləri, rezervuarlar ilə bağlı olan polad kəmərlər nəzərdə tutulur. Həmin kəmərlər adətən dəniz dibinə döşənməklə çəkilir və yüksək təzyiq altında istismar edilirlər. Vəzifə öhdəliklərinin icrası dəniz şəraitində həyata keçirilir. Həmin vəzifədə çalışarkən İddiaçı əmək şəraitinin ağır və zərərli olması səbəbilə aylıq əmək haqqına 4% əlavə hesablanaraq ödənilmişdir. Eyni səbəblə onun illik ödənişli əmək məzuniyyətinə 6 təqdim günü əlavə ödənişli məzuniyyət günü təqdim edilmişdir. Həmin vəzifədə çalışan işçilər ağır və zərərli iş şəraitinə görə idarə hesabına süd məhsulları ilə təmin olunurlar. Odur ki, İddiaçı vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti də nəzərə alınaraq onun N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində çalışdığı quraşdırıcı çilingər və texnoloji boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işərdə çalışanlara yaşa, qocalığa görə güzəşrli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2290000a-14612 şifrəsi ilə qeyd edilmiş polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar peşəsinə uyğundur. Qeyd edilən peşədə “polad və dəmir-beton konstruksiyalar” ifadəsi göstərici, “quraşdırıcı” ifadəsi isə peşənin adıdır. Göstərici ümumi anlamda olub, istehsalat sahələrinə görə fərqli polad və dəmir-beton konstruksiyaları özündə ehtiva edir. Neft hasilatı sənayesində “polad və dəmir-beton konstruksiyalar” göstəricisi, stasionar dəniz özüllərini, estakadaları, qüllələri, neft və su rezervuarlarını, texnoloji boru kəmərlərini (yüksək təzyiq altında neft, qaz və su nəql edən) və bu qəbildən olan digər konstruksiyaları nəzərdə tutur. İddiaçı 01.09.1981-ci il tarixdən 01.05.2008-ci il tarixlər arasında dövrdə topladığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən is stajı cəmi 26 il 8 ay təşkil edir. İddiaçı 01.09.1981-ci il tarixdən 01.05.2008-ci il tarixə yuxarıda göstərilən səbəblərlə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı çilingər və texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində topladığı staja görə ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, iddiaçının iş stajının cavabdeh tərəfindən mübahisələndirilən 1981-2006cı illər arasında olan dövrlərinə aydınlıq gətirilmiş və müəyyən olunmuşdu ki, 01.01.2006ci il tarixə kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxması üçün tələb olunan 12 il 6 ay xüsusi stajla bağlı qanunun şərti tam olaraq ödənilir. İşəgötürən tərəfindən verilmiş sorğuya cavab məktubu ilə bağlı məhkəmə kollegiyası tərəfindən araşdırma aparılarkən müəyyən olundu ki, iddiaçının 01.09.1981-ci il tarixdən 01.05.2008-ci il tarixədək olan dövrdə N.Nərimanov adına NQÇİ-nin Tikinti Quraşdırma İdarəsində işlədiyi quraşdırıcı çilingər və texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işərdə çalışanlara yaşa, qocalığa görə güzəşli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlanan 2290000a-14612 şifrəsi altında qeyd olunan “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona 57 yaşının tamam olduğu, yəni 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı məhkəməyə müraciət eməkdə haqlı olmuş və onun bu iddiası yuxarıda göstərilənlərə görə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası iddiaçının 01.01.2006-cı il tarixədək qanunla tələb olunan 12 il 6 aydan çox xüsusi stajının onun yuxarıda göstərilən müəssisədə və peşədə işlədiyi 01.09.1981-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan iş stajı ilə tam əhatə olunduğunu nəzərə alaraq onun 23.08.1977-ci ildən 20.10.1977-ci ilədək və 21.04.1980-ci ildən 22.08.1981-ci ilədək işlədiyi “rəngsaz” peşəsinin də güzəştli iş stajı hesab olunubolunmaması ilə bağlı araşdırma aparılmasını zəruri hesab etmir. İddiaçının “ona pensiyanın təyin olunduğu 30.06.2016-cı il tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin birdəfəlik qaydada ödənilməsinin cavabdehə həvalə olunması” barədə dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə ilə bağlı iddiaçının ikinci tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə uyğun olaraq qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun 30.06.2016-cı il tarixdən yarandığını, əmək pensiyasının təyin olunması üçün inzibati orqana isə həmin tarixdən sonra, yəni 02.04.2020-ci ildə müraciət etdiyini (bu tarix cavabdehin imtina məktubunda qeyd olunmuşdur), “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə verilməmiş pensiya iddiaçıya onun inzibati orqana müraciət etdiyi 02.04.2020-ci il tarixdən əvvəlki üç il üzrə, yəni 02.04.2017-ci il tarixdən başlayaraq nəzərə alınmaqla hesablanaraq ödənilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4589/2020 saylı 03 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, iddiaçıya 57 yaşının tamam olduğu 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasını təyin etmək və 02.04.2017-cı il tarixdən 02.04.2020-ci il tarixədək olan dövr üzrə almadığı pensiya məbləğini hesablayaraq ödəmək vəzifəsi cavabdehin üzərinə qoyulmalı, qalan hissədə iddia rədd olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4589/2020 saylı 03 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı 57 yaşının tamam olduğu 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasını təyin etmək və 02.04.2017-cı il tarixdən 02.04.2020-ci il tarixədək olan dövr üzrə almadığı pensiya məbləğini hesablayaraq ödəmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar