Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-925/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı1 (və eyni zamanda İddiaçı2 etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (iddia ərizəsinə əsasən ünvan- ünvan 1əhəri Cavabdehnə qarşı “adın dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8229/2021 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 06.07.2021-ci il tarixində cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 aprel 2020-ci il təvəllüdlü X1 adının dəyişdirilərək “Muhəmmədmustafa” kimi yazılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar 29 iyul 2019-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Bu nikahdan onların 30 aprel 2020-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Oğullarının adının dəyişdirilərək, “Muhəmmədmustafa” kimi yazılması üçün onlar cavabdehə müraciət etmişlər. Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 11 iyun 2021-ci il tarixli, İ-101-164 saylı məktubunda onlara bildirilmişdir ki, irəli sürdükləri “Muhəmmədmustafa” adı Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olmadığından adın dəyişdirilməsi mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8229/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8229/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, o, iddiada sadəcə bir hərfi “ə” hərfi ilə “u” hərfinin yerinin dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq digər iddiaçının məhkəmə iclası barədə məlumatı olduğunu bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8229/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1983-cü il tarixdə doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1987-ci il tarixdə doğulmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. - 5 saylı Bakı “ASAN Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 351480 №-li, 29.07.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə X5 arasında 29.07.2019-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 395555 №li, 13.05.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı1, anası İddiaçı2 olan X2 30.04.2020-ci ildə Bakı şəhərində doğulmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış İ-101-164 №-li, 11.06.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinin 54.1ci bəndinə əsasən, “Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.” Onun irəli sürdüyü “Muhəmmədmustafa” adı Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olmadığından müraciətinin təmin edilməsi imkan xaricindədir. Qərara etiraz etdiyi halda onun Bakı İnzibati Məhkəməsinə müraciət etməyi tövsiyə olunur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində “qərar” əvəzinə “qətnamə” göstərməsi və eyni zamanda Azərbaycan Respublikası MPM-ə istinad etməsi məhkəmə tərəfindən texniki yazı xətası kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamənin 2.1.10.-cu və 2.1.11-ci bəndlərinə əsasən müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tariximənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mentzen Latviyaya qarşı” iş üzrə qərarındakı hüquqi mövqeyinə görə, "Mentzen" soyadının "Mencena" olaraq köçürülməsi zamanı Latviya orqanları bir tərəfdən soyadın yazılı formasını uyğunlaşdırmaq, digər tərəfdən isə adın tələffüzünü Latviya qrammatikasının xüsusiyyətlərinə uyğunlaşdırmaq məqsədi daşıyan xarici mənşəli soyadların və adların istifadəsini tənzimləyən qanuni və tənzimləyici müddəaları tətbiq etdilər. Nəticə etibarilə, Məhkəmə, iddianın adın məcburi dəyişdirilməsi deyil, adın istifadəsinin tənzimlənməsinə aid olduğunu düşünür. Məhkəmə qərarda qeyd etmişdir ki, ərizəçinin soyadını pasportuna daxil edərkən Latviya səlahiyyətliləri “tz” affrikativ samitini “c” kimi köçürmüş və adı fleksional sonluqla vermişlər. Məhkəmə bu iki dəyişikliyin ayrı-ayrılıqda araşdırılmasını vacib hesab etməmiş, sadəcə qeyd etmişdir ki, uyğunlaşdırılmış yazılı forma (“Mencena”) ilə orijinal yazılı forma (“Mentzen”) arasındakı görmə fərqi adi müşahidəçiyə həmin soyadların eyni soyad olubolmadığını şübhə altına almağa imkan verir. Ərizəçi izah etdi ki, onunla əlaqəli bəzi rəsmi sənədlərdə, xüsusən də Alman qurumları tərəfindən verilmiş olan sənədlərdə onun soyadının orijinal versiyası var, buna görə bəzən həm Latviyada, həm də xaricdə olduğu zaman şəxsiyyəti və iki yazılı formanın mövcudluğu onun sosial və peşə həyatında problemlərə və narahatçılığa səbəb ola bilər. Bununla əlaqədar olaraq, Konvensiyanın 8-ci maddəsi mənasında şəxsi həyata hörmət etmək hüququnun digər insanlarla münasibətlərdən istifadə etmək və normal bir ictimai həyat sürmək hüququnu da əhatə etdiyini təkrarlayır (bax: yuxarıda göstərilən Burghartz, s. 28 , § 24, və NiemietzAlmaniyaya qarşı, 16 dekabr 1992-ci il tarixli qərar, Seri A No. 251-B, s. 33-34, § 29). Yuxarıda qeyd edildiyi kimi, “Mentzen” və “Mencena” arasındakı yazılı formalar arasındakı fərq, iki versiyanın bərabərliyinə şübhə doğuracaq qədər böyükdür. Nəticə etibarilə, ərizəçi və əri soyadlarının fərqli yazılı formalarını ehtiva edən müvafiq pasportlarından istifadə etdikdə, bir ailə vahidləri kimi müəyyənləşdirilməsi müəyyən vəziyyətlərdə çətinləşə bilər. Oxşar işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən də görünür ki, ad və soyadın seçilməsi hər bir dövlətin özünəməxsus orfoqrafik qaydalarından asılı olduğundan, bu sahədə dövlət orqanlarına müvafiq ad və soyadın qoyulmasına razılıq verilib-verilməməsi istiqamətində geniş səlahiyyətlər verilmişdir. Bununla bağlı AİHM-nin qeyd etdiyi və hazırkı işin hallarına da uyğun olan əsas mövqeyi ondan ibarətdir ki, soyadların və adların verilməsi, tanınması və istifadəsi prosesi, milli xüsusiyyətlərin ən güclü olduğu və Razılığa gələn Dövlətlərin daxili qaydaları arasında praktik olaraq heç bir yaxınlaşma nöqtəsinin olmadığı bir sahədir. Bu sahə, Avropa Şurasına üzv dövlətlər arasındakı böyük müxtəlifliyi əks etdirir. Bu ölkələrin hər birində adların istifadəsi tarixi, dil, dini və mədəni mahiyyətli bir çox amildən təsirlənir ki, ortaq məxrəc tapmaq son dərəcə çətindir, hətta mümkün deyil. Nəticə etibarilə, dövlət orqanlarının bu sahədə istifadə etdikləri səlahiyyətlər həddi xüsusilə genişdir. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı1 və İddiaçı2 birgə nikahından 30.04.2020-ci ildə X2 anadan olmuşdur. İddiaçılar “Məhəmmədmustafa” adının dəyişdirilərək “Muhəmmədmustafa” kimi yazılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh “Muhəmmədmustafa” adının Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olmadığından müraciətin təmin edilməsinin imkan xaricində olmasını əsas gətirərək müraciəti təmin etməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının 23.04.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, “Məhəmməd” adının onomastik adlar sistemində iki forması – “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış formasıdır. Digər formalarda “Muhammed”, “Mühəmməd”, “Mohammad” formaları Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmir. 2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (səh. 825) orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” və “Məmməd” formaları düzgün yazılış forması kimi göstərilmişdir. Bununla da orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” formasında yazılışı düzgün hesab edilir. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, şəxslərin seçdiyi xarici mənşəli adın və ya soyadın Azərbaycan dilinin lüğət tərkibindəki forması həmin adın orijinal variantından hədsiz fərqlənmirsə, dövlət orqanları tərəfindən həmin adın və ya soyadın Azərbaycan dilindəki formasının qoyulması məqsədəuyğun hesab edilir. Göründüyü kimi “Muhəmməd” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Məhəmməd” və “Məmməd” adları arasında əhəmiyyətli fərq yoxdur. İddiaçılarının övladlarının adının “Muhəmmədmustafa” yox, məhz “Məhəmmədmustafa” olması Azərbaycan dilinin milli köklərinin və dilin orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır Məhkəmə kollegiyası eyni zamanda iddiaçı tərəfindən apellyasiya şikayətinin dəlili kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1828/2019 saylı, 15.11.2019-cu il tarixli qərarına (hakim R.Kərimli) istinad edilməsinə münasibətdə qeyd edir ki, qeyd edilən qərar üzrə işin halları və iddia tələbinin təmin edilmə əsasları hazırkı məhkəmə araşdırmasının predmetinə aidiyyəti olmadığından iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8229/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8229/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-925/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-925/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver