Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-925/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə “Sərəncamlara dəyişiklik edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11269/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı ddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli, 200 nömrəli və xx.xx.2020-ci il tarixli 77 nömrəli Sərəncamlarının İ bəndinə “icarə əsasında” sözünün “daimi” sözü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında” xx.xx.2019-cu il tarixli 200 nömrəli Sərəncamın mətnindən göründüyü kimi Yasamal rayonu, Yeni Yasamal-2 yaşayış sahəsində, “Yeni Yasamal istirahət parkı”nın bilavasitə yanındakı, 270 qaçqın ailəsinin məskunlaşdığı yarımçıq məktəb binasının yerləşdiyi 1,2657 ha torpaq sahəsinin bəzi tikinti təşkilatları tərəfindən mənzillərin eyni zamanda bir neçə nəfərə satılması nəticəsində zərəçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqəsədilə, yaşayış binalarının tikintisi üçün torpaq sahəsi İddiaçınə icarə əsasında istifadəsinə verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş digər xx.xx.2020-ci il tarixli 77 nömrəli Sərəncamın mətnindən göründüyü kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, Lökbatan-Qobu avtomobil yolunun sağ hissəsində, “Qobu-Park” yaşayış kompleksinin yaxınlığında, yerquluşu planlarında göstərilmiş koordinatlar daxilində yerləşən 4,0 ha torpaq sahəsi ayrı-ayrı mənzil tikinti kooperativlərinin vəzifəli şəxslərinin satılmış və dəyəri ödənilmiş mənzillərin ilkin alıcılarının məlumatı olmadan yenidən dələduzluq yolu ilə başqa şəxslərə satılması nəticəsində zərəçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqəsədilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinə icarə əsasında istifadəyə verilmişdir. Hər iki Sərəncamdan açıq aşkar göründüyü kimi zərəçəkmiş şəxslərin mənzil ehtiyacının ödənilməsi üçün dövlət tərəfindən torpaq sahələri kooperativə ayrılmışdır. Sərəncamlardan göründüyü kimi zərərçəkmiş şəxslərin mənzillə təmin edilməsini həyata keçirmək üçün dövlət qurumlarının birgə razılığı və icazəsi ilə torpaq sahəsi Torpaq Məcəlləsinin müvafiq normalarına əsasən ayrılmışdır. Torpaq sahəsinin koopreativin kommersiya fəaliyyəti üçün ayrılmadığı həmin sərəncamlarda bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi əvvəlcədən müddəti müəyyən edilmədən ümumi dövlət və ictimai maraqların təmin olunması məqsədi ilə ayrılmış torpaq sahəsi yaşayış binalarının altında və istifadəsində olacaq və həmin torpaq sahələrinin adıçəkilən Sərəncamlar əsasında müddətli icarəyə verilməsi həm qanun pozuntusu, həm də kooperativin iqtisadi maraqlarına uyğun olmayan inzibati akt olaraq ictimai və ya dövlət maraqlarına ziyan vura biləcəyindən dəyişilməyə məhkumdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11269/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə “Sərəncamlara dəyişiklik edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin Sərəncamlarında dəyişiklik edilməsini xahiş etdiyindən hazırkı iddianın növü mübahisələdirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının müahisələndirdiyi Sərəncamlar 2019 və 2020-ci il tarixli olmaqla, hər iki Sərəncam iddiaçıya torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlıdır və həmin Sərəncamlar əsasında iddiaçı MTK, istifadəsinə verilmiş torpaq sahələrində tikinti fəaliyyəti məşğul olmuşdur. Həmin Sərəncamlardan sonra iddiaçı ilə “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” müqavilələr bağlanmışdır. Mübahisələndirilən Sərəncamlardan 3-4 ilə yaxın müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməyərək həmin Sərəncamları mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hüquqi şəxs olduğundan və mübahisələndirilən Sərəncamların qəbul edilməsindən uzun müddət keçdiyindən müddətin üzrlü hesab edilməsi barədə iddiaçının həmin Sərəncamlardan məlumatlı olmaması ağlabatan olmamaqla müddətin üzrlü hesab edilməsi barədə əsasalar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11269/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-925/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-925/2024
26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver