Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-926/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “mənzillə təmin olunma, təqaüdün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “mənzillə təmin olunma, təqaüdün verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6806/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhid ailəsi kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində şəhid ailələri üçün nəzərdə tutulan evlə təmin olunmağı və aylıq 300 (üç yüz) manat təqaüdün şəhid ailəsi kimi ona ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 09 yanvar 1971-ci il təvəllüdlü qardaşı X10 12 oktyabr 1992-ci ildə hərbi tapşırığı yerinə yetirərkən Ağdam rayonunun Əlmədət kəndi ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğrunda qəhrəmancasına həlak olmuşdur. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 oktyabr 1992-ci il tarixli 203 saylı qeyd aparılması barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Bildirir ki, qardaşı X10 şəhid olan günədək rəsmi nikah münasibətində olmamış və Xaçmaz rayon Qeydiyyat şöbəsində nikah haqqında akt qeydi aşkar olunmaması barədə 25 dekabr 2018-ci il tarixli çıxarış verilmişdir. X1 20.12.2003-cü il tarixdə, anası X5 isə 19.05.2008-ci ildə vəfat etmişdir. Bacısı X2 Rayon Məhkəməsinin 2(067)-2757/2015 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, iddiaçı isə qəyyumu təyin edilmişdir. Qeyd etdiklərindən göründüyü kimi, ata və anaları vəfat etdiyinə, bacısı isə fəaliyyət qabiliyyətsiz hesab olunduğuna görə şəhid olan qardaşının yeganə ailə üzvü qismində o çıxış edir. Qeyd edilənlərə əsasən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhid ailəsi kimi mənzil-məişət şəraitimin yaxşılaşdırılması istiqamətində şəhid ailələri üçün nəzərdə tutulan evlə təmin olunmağı və aylıq 300 (üç yüz) manat təqaüdün şəhid ailəsi kimi ona ödənilməsini tələb etmək onun qanunla nəzərdə tutulan hüququdur. Bununla bağlı cavabdeh orqana yazılı formada ərizə ilə müraciət etsə də, 17 avqust 2020ci il tarixli **********1 saylı imtina məktubu verilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş imtina məktubu yetərincə əsaslandırılmamış, bir cümlə ilə şəhid ailəsi hesab olunmayan şəxslərə qeyd edilən güzəştlərin tətbiq edilməsinin mümkün olmaması qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiası təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6806/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6806/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları 07.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunan İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi X6 işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək və apellyasiya şikayətinə dair yazılı etirazı təqdim edərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 nömrəli 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının 2.1-ci bəndinə əsasən şəhidin bacı və qardaşlarının şəhidin ailə üzvü hesab edilməsi üçün iki şərt müəyyənləşdirilmişdir: 1) həmin şəxslərin 18 yaşa çatmamış olması (istisna hallarda 23 yaş) və 2) uşaq evlərində tərbiyə olunmaları. Hazırki iş üzrə iddiaçının vəziyyəti yuxarıda qeyd edilmiş şərtlərin hər ikisinə uyğun olmadığı üçün o, şəhid ailə üzvü sayıla bilməz, belə ki, şəhidin ailə üzvü üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilməz. Eyni mövqe “Şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 1-ci maddəsində də əks edilmişdir. Buna görə də cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin 24.11.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbi “mənzillə təmin olunma, təqaüdün verilməsi” ilə bağlıdır. İddiaçı ona istinad edir ki, şəhid olan qardaşının yeganə ailə üzvü qismində o çıxış etdiyi üçün ona Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhid ailəsi kimi mənzil-məişət şəraitimin yaxşılaşdırılması istiqamətində şəhid ailələri üçün nəzərdə tutulan evlə təmin olunmalı və aylıq 300 (üç yüz) manat təqaüd şəhid ailəsi kimi ona ödənilməlidir. Cavabdeh tərəf iddiaçının tələbinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci və 3-cü bəndlərinə istinadən iddiaçının şəhid ailəsi üzvü hesab olunmadığını və buna görə onun tələbinin əsassız olduğunu bildirmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki tələblə bağlı subyektiv hüququnun olmadığına əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 nömrəli 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları- uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 3.2.16-cı bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Həmin Qaydaların 3.2.17-ci bəndinə əsasən şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə(kooperativə) qəbul zamanı üstünlük verilir. Göründüyü kimi, adı çəkilən Qaydaların tələbinə əsasən şəhid ailəsi üzvlərinin konkret dairəsi müəyyən edilmiş və hansı hallarda onlara güzəştli ssuda, torpaq sahəsi və s. üstünlüklərin verildiyi müəyyən edilmişdir. Hazırkı halda məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı sözügedən “Şəhid ailəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının tələblərinə müvafiq olaraq şəhid ailəsi hesab edilən kateqoriyalı şəxslərin sırasina aid edilmədiyi üçün (Qaydalara əsasən yalnız uşaq evlərində tərbiyə olunan qardaş və bacılar belə şəxslər sırasına daxil edilmişdir) onun hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdə iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə öz (subyektiv) hüquqlarının pozulduğu halını təsdiq edə biləcək sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız hesab edir. Bununla bağlı İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6806/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6806/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-926/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-926/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver