Məhkəmə qərarları › İş №2-1(103)-927/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-927/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-927/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qanuni təmsilçisi və direktoru olmasına xitam verilməsinə dair və həmin dəyişikliyin dövlət reyestrinə daxil edilməsindən imtinası kimi hərəkətlərinin qanunsuz hesab edilməsi, müvafiq olaraq “Raşh İnternational Limited L.L.C” firnmasının təsisçiləri, qanuni təmsilçisi və direktoru olmalarına xitam verilməsi və həmin dəyişikliyin dövlət reyestrinə daxil edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10629/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qanuni təmsilçisi və direktoru olmasına xitam verilməsinə dair və həmin dəyişikliyin dövlət reyestrinə daxil edilməsindən imtinası kimi hərəkətlərinin qanunsuz hesab edilməsinə, müvafiq olaraq “Raşh İnternational Limited L.L.C” firnmasının təsisşiləri, qanuni təmsilçisi və direktoru olmalarına xitam verilməsinə və həmin dəyişikliyin dövlət reyestrinə daxil edilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2008-ci il tarixə qədər rəsmi və faktiki olaraq "Raşh İnternational Limited L.L.C." firmasının (VÖEN **********) təsisçilərindən biri və direktoru olmuş, xx.xx.2008-ci il tarixdə firma bütün əmlakı ilə birlikdə bir əməliyyat (alqı-satqı müqaviləsi) nəticəsində X1 verilmişdir. Həmin əməliyyatın rəsmiləşdirilməsi "Raşh İnternational Limited L.L.C." firmasının, təsisçilik hüququnun, həmin firmanın kapital payını və ödənişlərin 3-cü şəxsə verilməsi barədə müqavilə əsasında xx.xx.2008-ci il tarixdə Bakı şəhər 11 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilib. Həmin gündən etibarən onun "Raşh İnternational Limited L.L.C." firması ilə heç bir əlaqəsi və fəaliyyəti haqqında məlumatı olmayıb. Firmanın yeni təsisçisi Rafiq İbrahimovla onun arasında firmaya rəhbərlik və təmsilçilik barədə heç bir müqavilə bağlanmayıb və onu ilk və son dəfə, xx.xx.2008-ci il tarixdə notariat kontorunda görmüşdür. Firmanın xx.xx.2008-ci il tarixdən bu günə qədər olan fəaliyyəti haqqında məlumatsızdırlar . Həmin dövr ərzində bu firmanın maliyyə-təsərrüfat fəaliyyətinə aid heç bir sənədə imza atmamış, bu haqda heç bir məlumatı olmayıb və yoxdur (bank, alqı-satqı, kassa sənədləri, müqavilə, orada keçirilən səyyar vergi yoxlamaları sənədləri və sairə). "Raşh İnternational Limited L.L.C." firmasının yeni təsisçisi X2 baş vermiş dəyişikliklər haqqında firmanın qeydiyyat sənədlərində məlumatların yenilənməsi üçün Vergilər Nazirliyinə vaxtında məlumat verməli idi, lakin o bunu etməyib və əqddən irəli gələn hüquqi dövlət qeydiyyatından boyun qaçırıb. R.İbrahimov tərəfindən xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən baş vermiş dəyişikliklərin qeydiyyata alınmaq üçün müvafiq orqana təqdim etməyərək, onun adının hələ də "Raşh İnternational Limited L.L.C." firmasında kağız üzərində direktor kimi saxlanılmasını ilk dəfə xx.xx.2019-cu il tarixdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları telefon əlaqəsi saxlayaraq "Raşh İnternational Limited L.L.C." firmasının 3557.24 manat vergi borcunun ödənilməsini tələb etdikdə bilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-(81)- 966/2014 saylı dа оnа vergi orqanı tərəfindən təqdim edilmişdir. Оnun məhkəmənin keçirilməsindən xəbəri olmayıb, оnа bildiriş verilməyib. Təsisçi R.İbrahimov tərəfindən dəyişikliklərin edilməməsi barədə о, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Departamentinə yuxarıda göstərdiklərini qeyd etməklə yazılı şəkildə müraciət etmış, lakin cavabdeh **********939100 saylı xx.xx.2019-cu il tarixli məktubla müraciətinə cavab olaraq bildirmişdir ki, ...аparılan araşdırmalara əsasən müraciətinizin nəzərə alınması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. "Raşh İnternational Limited L.L.C." firmasında VN yanında Vergi Auditi Departamenti tərəfindən aparılmış xx.xx.2009cu il tarixdən xx.xx.2010-cu il tarixli dövrü əhatə edən səyyar vergi yoxlaması nəticəsində firmaya 2009-cu ilə görə 6693,76 manat mənfəət vergisi və 3346,88 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin məbləğlər 2010-cu ilin dekabr ayında firmanın şəxsi hesabında qeyd olunmuşdur. xx.xx.2011-ci ildə firma tərəfindən 6693,76 manat büdcəyə ödənilmişdir. Firmanın əmlakının 10 ədəd beynəlxalq yükdaşımalarda istifadə edilən “Reno” markalı qoşqulu yük avtomobili olmasına baxmayaraq 3346,88 manat malıyyə sanksiyasının firmadan alınması üçün vergi orqanının əməkdaşları heç bir tədbir görməmişdir (əmlakını siyahıya almamış, əmlakı üzərinə həbs bank hesablarına sərəncam qoymamışdır), əksinə Rafiq İbrahimova vergi ödəməkdən və şəxsi məsuliyyətdən yayınmağa şərait yaratmışlar. Səyyar vergi yoxlaması zamanı xx.xx.2010-cu il tarixdə yazılmış izahatda Rafiq İbrahimov göstərir ki, notariat qaydada verilmiş etibarnaməyə əsasən həmin firmada direktorun səlahiyyətlərini icra edən şəxs kimi göstərilmiş, lakin menecer vəzifəsində çalışmışdır. Cavabdeh iddiaya dair yazılı еtiraz təqdim edərək bildirmişdir ki, müəssisənin təsisçilərinin dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün alqı-satqı müqaviləsinin əsli və ya əsli ilə düzgünlüyü notarial qaydada təsdiq edilmiş surəti, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə), yeni təsisçi hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti Kommersiya huquqı şəxsin dövlət qeydiyyatı haqqında ərizəsinə əlavə edilməklə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Belə ki, Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alıması 'Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinəəsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyəəlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12-ci maddəsinə əsasən müvafiq icra orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.Bundan başqa, Qanunun 5.4.6-cı maddəsinəəsasən qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir.Qanunun 14.1.7-ci maddəsinəəsasən qurumun qanuni təmsilçisi barədə məlumat dövlət reyestrinə daxil edilən məlumatdır. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir.Qanunvericiliyin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun təyinatı barədə təsisçilərin ümumi yığıncağının qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10629/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadı (hakim M.Hacıbəyova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi, iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk növbədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin iddiaçılara ünvanladığı cavab məktubunun məzmununa diqqət yetirməmişdir. Həmin məktubda cavabdeh qeydiyyat məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyi tövsiyyə edilib. Belə ki, həmin normaya əsasən: “Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.” Məhkəmə nəzərə almamışdır ki, qanunvericiliyin tələbinə əsasən "Raşh İnternational Limited L.L.C." firmasının yeni təsisçisi X2 baş vermiş dəyişikliklər haqqında firmanın qeydiyyat sənədlərində məlumatların yenilənməsi üçün Vergilər Nazirliyinə vaxtında məlumat verməli olduğu halda, bunu etməyib və xx.xx.2008-ci il tarixdə Bakı şəhər 11 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq etdiyi əqddən irəli gələn hüququn dövlət qeydiyyatından boyun qaçırmışdır. "Raşh international Limited L.L.C." firmasında həmin tarixdən sonra İddiaçı1 adının kağız üzərində direktor kimi saxlasalar da, faktiki olaraq firma yeni təsisçi Rafiq İbrahimov və onun işçiləri tərəfindən idarə edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçılar 30 may 2008-ci il tarixli "Raşh İnternational Limited L.L.C." firmasının təsisçilik hüququnun, həmin firmanın kapital payını və ödənişlərin 3-cü şəxsə verilməsi barədə müqavilə”yə istinad edərək, onların "Raşh İnternational Limited L.L.C." firmasının təsisçiləri, qanuni təmsilçiləri və direktoru olmasına xitam verilməsinə və müvafiq dəyişikliyin edilməsinin cavabdehə həvalə edilməsini tələb edirlər. İş materiallarından müəyyən edilir ki, "Raşh İnternational Limited L.L.C." firmasının təsisçilərinin dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün alqı-satqı müqaviləsinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti, təsisçinin dəyişikliyi ilə əlaqədar "Raşh İnternational Limited L.L.C." firmasının nizamnaməsinə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnamənin yeni redaksiyası(və yə nizamnaməyə edilmiş dəyişiklik layihəsi) dövlət qeydiyyatı aparan inzibati orqana təqdim edilməmişdir. Həmçinin? iddiaçılar cavabdeh tərəfindən onların hüquqlarının pozulması, yəni "Raşh İnternational Limited L.L.C." firmasının nizamnaməsinə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnamənin yeni redaksiyası(və yə nizamnaməyə edilmiş dəyişiklik layihəsi) firmanın təsisçisi X4 tərəfindən cavabdehə təqdim edilməsi barədə məlumatı məhkəməyə təqdim etməmişdirlər. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Məhkəmə kollegiyası qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçılarının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Eyni zamanda, qanunvericilikdə cavabdeh inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrındəki məlumatları dəyişdirmək səlahiyyəti nəzərdə tutulmamışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa əsasən: - 9.1.Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. - 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. - 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. - 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. - 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: -49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. -49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəfə hüquqi yardım göstərərək izah etmişdir ki, iddiaçılar xx.xx.2008-ci il tarixli müqavilə ilə bağlı olan mübahisənin həlli üçün müqavilə üzrə tərəf olan şəxsə qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilərlər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10629/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar