Məhkəmə qərarları › İş №2-1(103)-928/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-928/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-928/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Murğuzova Nərminə Sahib qızının katibliyi ilə, İddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı2 nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə hüquqların qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 5685/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 269 saylı, 25.08.2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ½ hissədə paylarının müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 269 saylı, 25.08.2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 794,4 kv.m torpaq sahəsinin ½ hissədə payları müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən 21.04.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçıların hər birinin 1/2 hissədə payı müəyyən olunmaqla Xətai rayonu, H.Aslanov qəsəbəsi, 7-ci Dairəvi küçəsi, ev 24 ünvanında yerləşən mənzilə onların hüquqları qeydiyyata alınmışdır. Sonradan həmin mənzil köhnə tikili olduğundan, onun yenidən qurulmasına zərurət yaranmışdır. İddiaçılar təqdim olunmuş layihə üzrə tikinti işlərinin aparılmasına dair Bakı şəhəri Xətai RİH-ə müraciət etmişlər, RİH-in 269 saylı 25.08.2016-cı il tarixli sərəncamı ilə onlara müvafiq layihə üzrə tikinti üçün icazə verilmişdir. Həmin sərəncam əsasında tikintisinə icazə verilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5685/2020 saylı qərarı ilə iddia təmin edilərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin 1/2 hissə payı müəyyən edilməklə Bakı şəhəri Xətai RİH-in 269 nömrəli 25 avqust 2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və onun altındakı 794,4 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2-1(112)-5685/2020 nömrəli qərarının ləğv edilərək, iddiaçıların iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən müvafiq daşınmaz əmlak paylı mülkiyyətdə olmaqla ½ hissəsi İddiaçı2, ½ hissəsi isə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Lakin müvafiq mənzilin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi və mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq torpaq sahəsinin qanuni əsaslarla ayrılması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, müvafiq ünvanda yoxlama-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Ərizəyə əlavə edilmiş sənədlər surətdir və həmin sənədlərin əslləri idarəyə təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası idarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. İşin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmayıb. 2001-ci ildən torpaqların ayrılması səlahiyyəti bələdiyyələrə ayrılıb. İcra hakimiyyətinin belə bir səlahiyyəti olmayıb. Torpağın ayrılmasına dair sənəd yoxdur. Həyətyanı sahəyə verə bilmirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qiymətləndirmə cədvəlində torpaq sahəsi göstərilib, onlar ona istinad edirlər. 8 sotdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçıların atası X3 mülkiyyətində olmuşdur. Bu barədə Nəsib Səmədova Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən şəxsi mülkiyyətdə olan mənzilə dair texniki pasport verilmişdir. Həmin texniki pasporta əsasən Nəsib Səmədova məxsus mənzilin ümumi sahəsi 52 kv.m., o cümlədən yaşayış sahəsi 34 kv.m. müəyyən edilmişdir. Daha sonra qeyd edilən (34 kv.m.) mənzilə mülkiyyət hüququ hər birinə ½ pay müəyyən edilməklə paylı mülkiyyət hüququ ilə iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılara verilmiş RX seriyalı, ******* nömrəli, 21.04.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmış hüquqların dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən mənzil 3 otaqdan ibarətdir və yaşayış sahəsi 34 kv.m-dir. Yəni iddiaçıların istinad etdikləri “Fiziki şəxslərin mülkiyyətində olan tikililərin qiymət cədvəli”ndə göstərilə tikililər dövlət reyestrində qeydiyyata alınmamış, yalnız iddiaçıların atasına 1996-cı il tarixdə verilmiş texniki pasportda göstərilmiş mənzil sahəsinə dair dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar 794,4 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınmasına əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29.09.2000-ci il tarixdə verilmiş “Fiziki şəxslərin mülkiyyətində olan tikililərin qiymət cədvəli”ndə qeyd edilən 794,4 kv.m (mənzilin əsas yaşayış sahəsi 92,2 kv.m, ayaq yolu 3 kv.m., qrunt 699,7 kv.m.) ümumi sahəyə istinad etmişlər. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2016-cı il tarixli 269 nömrəli Sərəncamından çıxarışdan görünür ki, vətəndaş İddiaçı2 xüsusi mülkiyyətində olan dairəvi-7 küçəsi ev 24 ünvanında köhnə tikilinin sökülüb yerində təqdim edilmiş layihəyə uyğun olaraq yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsi, yaşayış evinin tikintisinin layihə sənədlərinin tərtib edilməsinin vətəndaşın hesabına yerinə yetirilməsi, evin layihə sənədlərinin rayon memarı ilə razılaşdırılması, tikintisi başa çatdırılmış yaşayış evinin istismara qəbul edilməsi məsələsinə baxılmasının “X5 alınması komissiyasına” həvalə edilməsi qərara alınmışdır. İddiaçıların cavabdeh inzibati orqana müraciətinə cavab olaraq göndərilmiş 11.06.2020-ci il tarixli **********62 nömrəli məktubda qeyd edilir ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmiş və həmin mənzil sökülmüşdür. Yeni inşa edilmiş fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçıların adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Həmçinin, istifadədə olan torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. İş materiallarından da müəyyən edilir ki, iddiaçıların adına dövlət reyestrində paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmış daşınmaz əmlak 3 otaqdan ibarət 34 kv.m. yaşayış sahəsi olmuşdur. İddiaçılar tərəfindən torpaq sahəsinin onların qanuni istifadəsində olmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə heç bir hüquqi əsası olmayan “Fiziki şəxslərin mülkiyyətində olan tikililərin qiymət cədvəli”nə istinad edilərək 794,4 kv.m. torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə uyğun olaraq tikilmiş fərdi yaşayış evi və onun altındakı torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqlarının qeydə alınması üçün əsaslar mövcuddur və həmin hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5686/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin ½ hissədə payı müəyyən edilməklə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 269 nömrəli 25 avqust 2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəricə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5686/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin ½ hissədə payı müəyyən edilməklə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 269 nömrəli 25 avqust 2016-cı il tarixli sərəncamına əsasən yeni layihə üzrə tikintisinə icazə verilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar