Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-928/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-1836/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinə (qısaldılmış halda Nərimanov RPİ) qarşı cavabdehin Ə60Ş/h-078-20 saylı xx.xx.2020-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi və iddiaçının xidmətə bərpa edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (qısaldılmış halda DİN) ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin Ə559Ş/h-039-16 saylı xx.xx.2016-cı il trixli əmri ilə işə qəbul olunmuş və xidməti fəaliyyətə isə Bakı şəhəri Nərimanov rayon ərazində həyata keçirmişdir. Polis orqanlarında işlədiy müddətdə heç bir intizamsızlığ etməmiş və qanun pozuntusuna yol verməmişdir. Lakin Nərimanov RPİ-nin Ə60Ş/-078-20 saylı xx.xx.2020-ci il tarixli əmri ilə xidmətdən azad olunmuşdur. Onun işdən xaric edilməsi barədə əsas ondan ibarət olmuşdur ki, guya DİN əməkdaşlarına xidmət edən Poliklinikada onun müayinəsi zamanı psixotrop tərkibli ekstaz qəbul etdiyi barədə məlumat verilmişdir. Qeyd edir ki, onun barəsində həkim rəyi saxtadır və Nərimanov RPİ-nin rəhbərliyi tərəfindən qərəzli olaraq yazdırılmışdır. Belə ki, onun polis orqanında xidmət keçməsi Polis İdarəsinin rəhbərliyi tərəfindən birmənalı qarşılanmamışdır. Ona görə onun xidmətdən xaric edilməsi təşkil edilmişdir. O zaman həkimin onun barəsində yazdığı əsassız həkim mülahizəsinə etiraz etmiş və ona görə Polis İdarəsinin göndərişi ilə X1 Komissiyasına göndərilmişdir. Tibbi Ekspertiza Komissiyasında onun ətraflı müayinəsi aparılmış və nəticə olaraq rəy tərtib etmişdir. Həmin rəydə bir mənalı olaraq qeyd olunmuşdur ki, o, narkotik istifadəçisi deyil və onun qanında heç bir narkotik maddələrinin əlamətləri yoxdur. Lakin buna baxmayaraq Nərimanov RPİ “Polis haqqında” qanunun 34-cü maddəsinin İ hissəsinin 9-cu bəndinə və “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin”nin 135-ci maddəsinin 9-cu bəndinə görə daxili işlər orqanlarının əməkdaşının polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etməyini əsas gətirilməklə xidmətdən xaric edilmişdir. İddiaçı işdən çıxarılması üçün əsas olmuş halların və əmrin surətini tələb etsə də, Polis İdarəsi onun xahişinə cavab verməmişdir. Vəkil sorğusu ilə qeyd olunan sənədlərin tələb olunmasına baxmayaraq, sənədləri bu vaxta kimi təqdim edilməmişdir. Hesab edir ki, onun barəsində “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinin tətbiq edilməsi ilə işdən azad olunması düzgün deyildir və hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-1836/2021 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdə olan Nərimanov rayon Polis İdarəsinin Ə60Ş/h-078-20 saylı xx.xx.2020ci il tarixli əmrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, polis serjantı İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci naddəsinin 9 (daxili işlər orqanları əməkdaşı adına xələl gətirən hərəkət etdikdə) və 10-cu (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) bəndlərinə əsasən daxili işər orqanlarından xidmətdən xaric edilmişdir. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin xx.xx.2020-ci il tarixli, Ə706-001-20 nömrəli əmri olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli Ə706-001-20 saylı əmrinin təsdiqlənmiş surətindən görünür ki, “Polis haqqında” Qanunun 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 11, 17 və 22-ci maddələrinin tələblərini pozub qanunsuz olaraq psixotrop maddə əldə edib ondan istifadə etdiyinə, xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Nərimanov RPİ PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı RPİ-nin xx.xx.2020-ci il tarixli Ə224-078-20 nömrəli əmri ilə elan olunmuş “töhmət” intizam tənbehinin qüvvədə olması nəzərə alınaraq, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Göründüyü kimi, Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli, Ə60ş/h-078-20 saylı əmri DİN-in xx.xx.2020-ci il tarixli Ə706-001-20 saylı əmri əsasında verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixli əmrə münasibət bildirilmədən, həmin əmr üzrə əhəmiyyətli sayda və geniş həcmdə sübutlar araşdırılmadığından inzibati məhkəmə tərəfindən qəbul edilmiş qərar mahiyyəti üzrə qəbul edilmiş hesab edilə bilməz. İşin bu halı apellyasiya instansiyası məhkəməsi üçün əsas verir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (qısaldılmış halda İPM) 87.7-ci maddəsini rəhbər tutaraq, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərsin. Bundan başqa, xx.xx.2020-ci il tarixli əmri DİN deyil, Nərimanov RPİ qəbul etdiyi halda, iddianın DİN-ə qarşı yönəlməsinin əsasları qeyd edilməmişdir. Belə ki, Nərimanov RPİ-nin məhkəmələrdə cavabdeh kimi iştirak etməsinin mümkün olub-olmaması istiqamətində araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5.1-ci bəndində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri qeyd edilmişdir. İPM-in 1.2-ci maddəsinə istinadən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (qısaldılmış halda MPM) 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırkı işdə iddia tələbinin natamam olması, iddianın dəqiqləşdirilməsi təklifinin edilməməsi, mübahisələndirilən inzibati aktın qəbul edilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli əmrə münasibət bildirilməməsi, DİN ilə Nərimanov RPİ-nin birgə cavabdeh qismində işə cəlb edilməsi imkanının araşdırılmaması müstəsna hal olmaqla işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən mahiyyəti üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən İPM-in 13-cü maddəsinin tələbi rəhbər tutularaq, iddiaçının əsl məqsədinə çatması üçün hər iki əmrin mübahisələndirilməli olduğu izah edilməklə iddianın dəqiqləşdirilməsi iddiaçıya təklif edilməli, xx.xx.2020-ci il tarixli əmrin verilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli əmrə münasibət bildirilməli, Nərimanov RPİnin cavabdeh kimi iştirakının mümkün olub-olmaması araşdırılmalı, mümkün olduğu müəyyən edildikdə İPM-in 30-cu və MPM-in 50.3-cü maddələrində nəzərdə tutulan prosessual hərəkətlər edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 87.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)- 1836/2021 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-1836/2021 saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-928/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-928/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver