Məhkəmə qərarları › İş №2-1(103)-928/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-928/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-928/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-4251/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 0,12 ha torpaq sahəsinin onun adına mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 0.10 ha olan “297”, “298” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 20/396 saylı 27 oktyabr 1987-ci il tarixli qərarı ilə “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı 05 aprel 1999-cu il tarixli çıxarışa əsasən “Avtomobilçi” Bağ massivində hazırda istifadəsiz qalmış Əzizbəyov rayonu Dübəndi bağ massivində yerləşən 12.05 ha torpaq sahəsi göstərilmiş və həmin siyahıya əsasən iddiaçıya 1/2 cənub küçəsində 297 və 298 saylı bağ sahələri ayrılmışdır. Həmin bağ sahəsi qanuni əsaslarla iddiaçının sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar iddiaçı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya “Avtomobilçi” Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmadığı, təqdim edilən protokoldan çıxarışın düzgün tərtib edilmədiyi, idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsə “Avtomobilçi” Bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumatın mövcud olduğu, idarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman bağ sahəsində mərzçəkmə və hasarlanma işlərinin aparılmadığının müəyyən olunduğu, göstərilən bağ sahəsinin ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşdiyi bildirilmişdir. Cavabdehin imtinası əsassızdır. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş və göstərilmişdir ki, cavabdehə təqdim edilmiş “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İddiaçı tərəfindən təqdim edilən protokoldan çıxarış düzgün tərtib edilməmişdir. Həmçinin, idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsə “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumat mövcuddur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı iddiaçı tərəfindən təxmini göstərilən bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmadığı məlum olmuşdur. Həmçinin, elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ sahəsi “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-4251/2022 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 0.10 ha olan “297”, “298” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəməyə sonradan təqdim edilmiş 31 saylı, xx.xx.1999-cu il tarixli protokoldan çıxarışda X1 adı qeyd edilmişdir. Sözügedən protokoldan çıxarış “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyəti deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş və Açıq Səhmdar Cəmiyyəti kommersiya təşkilatı hesab olunduğundan onun səlahiyyətləri xaricindədir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı iddiaçı tərəfindən təxmini göstərilən bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmadığı məlum olmuşdur. Həmçinin, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi ona Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən ümumi sahəsi 0.10 ha olan “297”, “298” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən cavabdehə təqdim edilmiş “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, iddiaçı tərəfindən təqdim edilən protokoldan çıxarışın düzgün tərtib edilməməsi, həmçinin idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsə “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumat mövcud olması, bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı iddiaçı tərəfindən təxmini göstərilən bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmaması, həmçinin, elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı 05 aprel 1999-cu il tarixli protokolundan çıxarışa əsasən “Avtomobilçi” Bağçılıq cəmiyyətində hal-hazırda istifadəsiz qalmış 1/2 Cənub küçəsi 297, 298 saylı bağ sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir. 318 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, iddiaçı Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999cu il tarixli, 31 nömrəli protokoluna əsasən Əzizbəyov rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən “Avtomobilçi” bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Bağçılıq cəmiyyəti bağından sahəsi 1.000 kv.m olan 297, 298 nömrəli bağ sahəsi 05 aprel 1999-cu il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün iddiaçıya verilmiş, eyni zamanda həmin bağ sahəsinin planı tərtib edilmişdir. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtina məktubunda bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumatın mövcud olduğunu, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşdiyini qeyd etsə də, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə qeyd olunan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən, 297, 298 saylı bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsi, həmin bağ sahəsinin ərazisinin “Avtomobilçi” bağçılıq-bostançılıq (yoldaşlıq təsərrüfatı) cəmiyyətinə ayrılan torpaq sahəsinin ayrıc aktının ərazisinə düşməsi müəyyən edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin imtinasında göstərilən yuxarıda qeyd edilən əsasların formal əsaslara söykənərək, iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmasına, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan bağ sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə, həmin bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsinə dair sübutların məhkəməyə təqdim edilməməsinə, həmçinin cavabdeh tərəfindən qeyd olunan protokol, üzvlük kitabçası və digər sənədlərin həqiqətə uyğun olmadığının sübuta yetirilməməsinə, həmin sənədlərin ləğv edilməməsinə və ya etibarsız hesab edilməməsinə, hazırda qüvvədə olmasına, həmin sənədlərin isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinasının əsası cavabdehə təqdim edilmiş “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, iddiaçı tərəfindən təqdim edilən protokoldan çıxarışın düzgün tərtib edilməməsi, həmçinin idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsə “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumatın mövcud olması, bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı iddiaçı tərəfindən təxmini göstərilən bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmaması, həmçinin, elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşməsi olmuşdur. Halbuki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişdə qeyd edilir: Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən “297”, “298” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar olunmamışdır. Tərəfinizdən təqdim edilən protokoldan çıxarış düzgün tərtib edilməmişdir. Həmçinin, idarədə mövcud arxiv məlumatlarına əsasən protokoldan çıxarışda adı qeyd edilən fiziki şəxsin “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilən bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi haqqında məlumat mövcuddur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı bağ sahəsində mərzçəkmə və hasarlama işlərinin aparılmadığı məlum olmuşdur. Həmçinin, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən bağ sahəsi “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin İdarə Heyətinin 31 saylı 05 aprel 1999-cu il tarixli protokolundan çıxarışdan görünür ki, X4 verilmiş 1/2 Cənub küçəsi 297, 298 saylı bağ sahəsinə verilmiş üzvlük kitabçası və bütün sənədlərin ləğv olunması, “Avtomobilçi” Bağçılıq cəmiyyətində hal-hazırda istifadəsiz qalmış 1/2 Cənub küçəsi 297, 298 saylı bağ sahəsinin İddiaçı daimi istifadədən ötəri verilməsi qərara alınmışdır. İş materiallarında olan 318 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli, 31 nömrəli protokoluna əsasən Əzizbəyov rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən “Avtomobilçi” bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyəti bağından sahəsi 1.000 kv.m olan 297, 298 nömrəli bağ sahəsi 05 aprel 1999-cu il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. İş materiallarında olan torpaq sahəsinin planından görünür ki, İddiaçı ayrılmış (üzvlük kitabçası 318) Əzizbəyov rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 297, 298 nömrəli bağ sahəsinin planı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3322 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla və o cümlədən mülki iş materiallarında olan məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş torpaq GPS aləti vasitəsi ilə koordinatları qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmişdir (Həmin koordinatlar ekspert rəyində göstərilmişdir). Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən, 297, 298 saylı bağ sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən, 297, 298 saylı bağ sahəsinin ərazisi “Avtomobilçi” bağçılıq-bostançılıq (yoldaşlıq təsərrüfatı) cəmiyyətinə ayrılan torpaq sahəsinin ayrıc aktı ərazisinə düşür. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibədə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallara əsasən həmin dəlillər əsassızdır. Apellyasiya şikayətinin digər bir dəlili isə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilməsi, habelə prosessual hüquq normaları kobud surətdə pozulması barədədir ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan dəlillərin heç bir əsası yoxdur, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qanuni və əsaslı qərar qəbul edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Cavabdeh inzibati orqanın “iddia olunan torpağın sxematik xəritəyə uyğun olmaması” barədə dəlili qəbul edilmir, ona görə ki, bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Odur ki, iddiaçının həmin uyğunsuzluqla bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoymaq və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə haqlı sayıla bilməz. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-4251/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar