Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-929/2019 16.05.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi haqqında» iddia tələbinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1990/2018 saylı 22 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müharibə veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 25 mart 1992-ci ildən 01 mart 1993-cü ilədək müddətdən artıq hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, Müdafiə Nazirliyin ərizə ilə müraciət edərək veteran adı verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli məktubu ilə əsassız olaraq imtina cavabı vermişdir. Lakin onun döyüşlərdə iştirakı hərbi biletində öz əksini tapmışdır. Bunun Arxivdə aşkar olunmaması onun günahı deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1990/2018 saylı 22 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sərəncamını icra edilməsi üçün Müdafiə Nazirliyinə göndərmiş, lakin həmin sərəncama yalnız iddia ərizəsini əlavə etmiş, ona əlavə olunmuş sənədləri göndərməmişdir. Bu barədə məhkəməyə müvafiq vəsatət verilmiş, əvəzində isə məhkəmə qəbul etdiyi qərarı göndərmişdir. Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döüş əməliyyətları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi müvafiq sənədlərlə əks edilməlidir. Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı» «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi Qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndinə əsasən «Müharibə seteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Daha sonra cavabdeh qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 saylı Qərarına əsasən müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər iddia ərizəsinə əlavə edilməlidir. AR Konstitusiya Məhkəməsi Plenumu «X2 şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında qeyd etmişdir ki, müharibə veteranı adının verilməsi ilə əlaqədar işlərə baxılarkən şəxsin Azərbaycan Respublikasıı ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Müdafiə Nazirliyi hesab edir ki, fərariliyə görə məhkum edilməməsi və ya barəsində başqa əsaslara görə cinayət məsuliyyətindən azad edilməsi hallarının olmaması ona müharibə veteranı adının verilməsini təsdiq edən hal deyildir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Digər tərəfdən iddiaçının AR Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli 433 №-li Fərmanından 3 il əvvəl, yəni, 1993-cü ilin mart ayında hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmamışdır. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi C.Mirzəliyeva izahatında göstərmişdir ki, cavabdehin apellyasiya şikaytinin dəlilləri ilə razı deyil. İddiçının hərbi xidmətdən qanuni əsaslara buraxılması arxiv arayışı ilə təsdiq olunmur. Ona görə də iddiaçının fərariliyə görə məhkumluğunun olubolmamasından asılı olmayaraq, veteran adının verilməsi istisna olunur. Bu səbəbdən, iddiaçıya veteran adı verilməsinə imtina cavabı verilmişdir. Odur ki, birinci istansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun işirakı olmadan işə baxıdacağı barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir). İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikaytinin dəlillərindən göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlərdə onun döyüş əməliyyatlarında iştirakının və qanuni əsaslarla ehtiyata buraxılmasının arxiv arayışı ilə təsdiq olunmadığını mübahisələndirilir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri razılaşır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddianın qeyd olunan əsaslarından göründüyü kimi, iddiaçı ona müharibə veteranı adının verilməsi üçün onu əsas tutur ki, 25 mart 1992-ci ildən 01 mart 1993-cü ilədək müddətdən artıq hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və onun döyüşlərdə iştirakı hərbi biletində öz əksini tapmış,bunun isə arxivdə aşkar olunmaması onun günahı deyildir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndindən birmənalı olaraq göründüyü kimi, hərbi biletlər müharibə veteranı adının verilməsi üçün o halda əsas ola bilər ki, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilsin. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı» «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi Qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən «Müharibə seteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, birincisi, iddiaçının iş materiallarında olan hərbi biletində (surətində) onun döyüşlərdə iştirakı barədə qeyd olsa da, həmin döyüşlərdə birbaşa iştirakı arxiv arayışının məlumatları ilə öz təsdiqini tapmır. İkincisi, hərbi biletində (surətində) mübahisələndirilən dövrdə onun N və N №-li hərbi hissələrdə şəxsi heyət tərkibində qeydiyyatı görünsə də məhkəməyə təqdim edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-2061 saylı arxiv arayışında aşığıdakı məlumatlar təsbit olunur: «N №-li hərbi hissə komandirinin N oktyabr 1992-ci il tarixli 50 №-li əmrində starşina Namiq Ypqubovun ailə üzvləri ilə əlaqədar olaraq 3 gün müddətinə məzuniyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin hərbi hissə komandirinin N dekabr 1992-ci il tarixli 67 №-li əmrində starşina X4 rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin iyul 1992-ci il və 783№-li hərbi hissə komandirinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Şakaim oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır.» Göründüyü kimi, iddiaçının ilkin olaraq 1992-ci ildə N və N №-li hərbi hissələrin şəxsi heyət tərkibində olması barədə əmrlər mövcud olsa da, həmin hərbi hissə komandirlərinin 1993-cü il üzrə sonrakı əmrlərində onun xidməti barəsində heç bir məlumat (o cümlədən onun hansı əsaslarla hərbi xidmətdən buraxılması barədə) mövcud deyil. Beləliklə də, tədqiq olunan Arxiv arayışı ilə iddiaçının qeyd olunan hərbi hissələrin tərkibində döyüşlərdə iştirakını və onun qanuni əsaslarla ehtiyata buraxıldığını (o cümlədən, xəstələnərək hərbi hospitala göndərildiyini və döyüş şəraitində tərxis olunduğunı) təsdiq edilmir. Halbuki, iddiaçı 25 mart 1992-ci ildən 01 mart 1993-cü il tarixə qədər döyüşlərdə iştirak etdiyini iddia edir. Ən azından 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütüövlüyü uğrunda erməni birləşmələrinə qarşı döyüşlərin qızğın bir dövrü olduğu və bundan sonrakı ildə də öz davamını tapdığı halda, iddiaçının hansı şəraitdə və əsaslarla xidmət etdiyi nizami hərbi hissədən ehtiyata buraxılması qeyri-müəyyəndir. Başqa sözlə, onun qanuni əsaslarla hərbi xidmətdən getməsi arxiv məlumatları ilə təsdiq olunmur. İddiaçı barəsində cinayət işi və araşıdırma materialının mövcud olub-olmamsına gəldikdə isə, məhkəmə kollegiyası onu qeyd edir ki, onun barəsində hər hansı cinayət işinin istintaq olunmaması, yaxud hərbi hissəni və qulluq yerini özbaşına tərk edibetməmədiyi tam və birmənalı şəkildə, həqiqətən onun döyüşən nizami hərbi hissədə xidmətinin və döyüşlərdə iştirakının təsdiqi və qanuni əsaslarla hərbi xidmətdən buraxulmasının əsası kimi qəbul oluna bilməz. Beləliklə də qeyd olunanlar onu göstərir ki, cavadeh tərəfindən iddiaçıya veteran statusunun verilməsindən imtina olunması qanuni və əsaslıdır. Ona görə də bu cür imtinanın onun hüquqlarının pozuntusu kimi qiymətləndirilməsi istisna edilir. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pzmuş olsun. Birinci instansiya məhkəməsi tərəfindən isə sübutlara qaununvericiliyin qeyd olunan tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, iddianın təmin olunması barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın maddi və prosessaal hüquq normalarının pozulması ilə çıxarıldığını, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1990/2018 saylı 22 oktyabr 2018-ci iltarixli qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1990/2018 saylı 22 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-929/2019
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-929/2019
16.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver