Məhkəmə qərarları › İş №2-1(103)-929/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-929/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-929/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1977-ci il tarixində Cəbrayıl rayonunun B.Mərcanlı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6265/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən, inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 04.09.2020-ci il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməklə, həmin qeyriyaşayış sahəsi üzərində onun faktiki vəziyyətinə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini,ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməklə, həmin qeyriyaşayış sahəsi üzərində onun faktiki vəziyyətinə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzil 02.05.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsusdur İddiaçıdan əvvəl həmin daşınmaz əmlak 14.08.2014-cü il tarixli ******* nömrəli çıxarışa əsasən X2 məxsus olmuşdur. Əvvəlki mülkiyyətçi tərəfindən qeyd edilən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi məqsədi ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə müxtəlif yazışmalar həyata keçirildikdən sonra sözügedən mənzilin Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14.04.2017-ci il tarixində təsdiq edilmiş layihə və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 18.04.2017-ci il tarixli 95 nömrəli sərəncamı əsasında qeyri-yaşayış sahəsinə keçirilməsi üçün ona icazə verilmişdir. Bundan sonra mülkiyyətçi tərəfindən xeyli maddi vəsait xərclənməklə həmin mənzilin daxilində və xaricində onun qeyri-yaşayış kimi istifadəsinə imkan verəcək formada yenidənqurma işləri aparılmışdır. Layihədə göstərildiyi kimi mənzilin küçəyə baxan hissəsindəki pəncərə qapı ilə əvəz olunmuş və hündürlüyü 1.60 sm olan pilləkən qoyulmuşdur. Hazırkı vaxtadək həmin daşınmaz əmlak qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qanuni vergiləri vaxtında ödənilir. Həmin daşınmaz əmlakın hazırkı mülkiyyətçisi olan iddiaçı daşınmaz əmlaka dair qeyri-yaşayış sahəsi kimi çıxarış almaq məqsədi ilə 30.01.2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəyə 02.05.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 12.05.2017-ci il tarixli texniki pasport, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Yasamal rayon icra Hakimiyyətinə göndərdiyi 14.04.2017-ci il tarixli 18/03-8/944 nömrəli məktubu, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14.04.2017-ci il tarixində təsdiq edilmiş layihəni, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 18.04.2017-ci il tarixli 95 nömrəli sərəncamı əlavə edilmişdir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi 03.03.2020-ci il tarixli, **********93 nömrəli məktubunda ərizəyə əlavə olunan sənədlər hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilməmişdir. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 03.03.2020-ci il tarixli, **********93 nömrəli məktubu qanunsuz və əsassızdır. Belə ki, ərizəyə əlavə edilmiş 02.05.2017-ci il tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan aydın olur ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 522-ci məhəllə, ev E ünvanında yerləşən 1 saylı mənzil iddiaçıya məxsusdur. Ərizəyə əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə göndərdiyi 14.04.2017-ci il tarixli, 18/03- 8/944 nömrəli məktubundan görünür ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin mənzildən küçə tərəfə çıxan pəncərənin qapı ilə əvəz edilməsinin eskiz layihəsini razılaşdırır. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 18.04.2017-ci il tarixli 95 nömrəli sərəncamında qeyd olunur ki, mənzilin bir pəncərəsinin qapı ilə əvəz edilməsinə və küçədən girişin təşkil edilməsinə icazə verilmişdir. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd olunan sənədlər hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilməmiş, həmçinin şifahi qaydada iddiaçıya həmin sənədlərdə qeyri-yaşayış sözünün yazılmadığı bildirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 29.10.2020-ci il tarixdə iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməklə, həmin qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6265/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) İddia təmin edilmiş, iddiaçı ünvan 5 ünvanında yerləşən 1 saylı mənzilə (61.2 kv.m) qeyri yaşayış sahəsi kimi İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh 05.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və müvafiq mənzilin qeyriyaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi), qeyri yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy İdarəyə təqdim edilməmişdir. Bundan əlavə, müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir ki, sözügedən mənzil faktiki olaraq gözəllik salonu kimi istifadə olunur və həmin mənzilə bitişik əlavə qeyri-yaşayış sahəsi inşa edilmişdir və həmin əlavə tikili ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus torpaq sahəsində yerləşir. ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzil ümumi sahəsi 61,2 kv.m olmaqla mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı, 02.05.2017-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 522-ci məhəllə, ev E ünvanında yerləşən 61.2 kv.m olan 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2182 nömrəli reyestr kitabının 202160 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 14.04.2017-ci il tarixli, 18/03-8/944 saylı məktubundan görünür ki, vətəndaş X2 məxsus Yasamal rayonu, 522-ci məhəllə, H.Cavid prospekti, ev E, 1 saylı mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsi ilə əlaqədar təqdim olunmuş memarlıq-planlaşdırması həlli layihəsi ("xxxx" MMM-nin işi memar O.O.Məmmədov) aparılacaq işlərin mümkünlüyünə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşklatının müsbət rəyinin alınması şərti ilə razılaşdırılır. - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 18.04.2017-ci il tarixli, 95 saylı sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 ünvanında vətəndaş X2 məxsus 1 saylı mənzildə bir pəncərənin qapı ilə əvəz olunmasına və küçədən giriş təşkil edilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikası "xxxx" MMM tərəfindən tərtib olunmuş eskiz layihədən görünür ki, ünvan 7 ünvanında pəncərə oyuğunun qapı ilə əvəz olunmasına dair eskiz layihəsi tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 12.05.2017-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 522-ci məhəllə,ev E ünvanında yerləşən 1 saylı mənzilin ümumi sahəsi, 61.2 kv.m, yaşayış sahəsi isə 47 kv.m təşkil edir. Mənzil evin 1-ci mərtəbəsində yerləşməklə 3 otaqdan ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Vəkil ünvanlanmış 03 mart 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, mənzilin qeyriyaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyanın aktı (istismara icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Bundan əlavə sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqana təqdim edilmiş, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 18.04.2017-ci il tarixli, 95 saylı sərəncamı və Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış qeyri-yaşayış sahəsinə dair eskiz layihəsi və mənzilin iddiaçının mülkiyyətində olmasını təsdiq edən 02.05.2017-ci il tarixli çıxarış, o cümlədən də, mövcud olan razılaşmalar və aktlar iddiaçının mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməklə, üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edildiyindən, cavabdeh tərəfindən mübahisələndirilən daşınmaz əmlakla bağlı əlavə sənədlərin tələb edilməsi qanunvericiliyin tələblərinə zidd hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.9-cu maddəsinə əsasən Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməklə, həmin qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etsə də, qanunvericiliklə müəyyən edilmiş sənədləri cavabdeh inzibati orqana, işin məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim etməmişdir. Belə ki, qanunvericilik normalarının tələblərindən göründüyü kimi müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qərarı və istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6265/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı “ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməklə, həmin qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar