Məhkəmə qərarları › İş №2-1(103)-929/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-929/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-929/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8280/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “AGİL LTD CO” firmasında və xx.xx.1996-cı il tarixdən hazırkı vaxtadək “SKANER” Elmi İstehsalat firmasında direktor vəzifəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması və hazırkı dövrə qədər yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 278,97 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının pensiyasının məbləği müvafiq indeksasiyalar aparılmaqla xx.xx.2022-ci il tarixdə 286,18 manat müəyyən edilmişdir. Lakin pensiyanın təyin edilməsi və yenidən hesablanması zamanı iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər hazırlıq şöbəsində dinləyici kimi təhsil aldığı dövr, eləcə də xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək və xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilədək direktor vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “AGİL LTD CO” firmasında işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması və hazırkı dövrə qədər yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, ddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək kitabçasındakı qeydlərdə işdən çıxma qeydinin kiril qrafikası ilə yazılması və kiril qrafikalı möhürdən istifadə edilməsi həmin müəssisədəki əmək fəaliyyəti dövrünün həqiqiliyinə əsaslı şübhələr yaradır. Buna görə də, qeyd edilən illərin iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8280/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “AGİL LTD CO” firmasında işlədiyi dövr sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023- cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktik sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; İşin faktiki hallarından görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 7 və 22- 1-ci maddələrinə əsasən, xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “AGİL LTD CO” firmasında işlədiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının müraciət etdiyi zaman qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi “AGİL LTD CO” firmasının faktiki və arxiv sənədlərinin saxlanılmaması iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Nəzərə alınmalıdır ki, arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri ilə əlaqədar olan hal hesab edilə bilməz. Qeyd edilənlər iddiaçının əmək kitabçasında qeydin kiril qrafikası ilə yazılması və kiril qrafikalı möhürdən istifadə halına da aiddir. Həmçinin, iş materiallarında olan sənədlərlə müəssisənin mövcudluğu öz təsdiqini tapmışdır. Digər tərəfdən iddiaçının işlədiyi “AGİL LTD CO” firmasında işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərar qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006- cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: ... İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. 3.4. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin:

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8280/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8280/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar